Bakıda
Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik
yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib
İyulun 6-da Bakıda Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik
yubileyinə həsr olunan “Hüquqi dövlət və
konstitusiya ədalət mühakiməsi: dəyərlər və
prioritetlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi, Avropa Şurasının Venesiya
Komissiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyəti (GİZ) tərəfindən birgə təşkil
olunan konfransda əvvəlcə Azərbaycan
Respublikasının dövlət himni səsləndirilib.
Sonra Konstitusiya Məhkəməsinin 20
illik fəaliyyətindən bəhs edən videoçarx
nümayiş olunub.
Konfransı açıq elan edən Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev Konstitusiya Məhkəməsinin
yaradılmasının 20 illik yubileyinə həsr olunan beynəlxalq
konfransın əhəmiyyətini yüksək qiymətləndirib,
tədbirdə səmərəli müzakirələrin
aparılacağına əminliyini bildirib.
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə
orqanları ilə iş və hərbi məsələlər
üzrə köməkçisi-şöbə müdiri Fuad
Ələsgərov dövlətimizin başçısı
İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
20 illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin
kollektivinə ünvanladığı təbrik məktubunu
oxuyub.
Fərhad Abdullayev təbrik məktubuna
görə Prezident İlham Əliyevə Məhkəmənin
kollektivi adından dərin minnətdarlığını
bildirib. Qeyd edib ki,
Konstitusiya Məhkəməsinin işinə dövlətimizin
başçısının verdiyi bu yüksək qiymət Məhkəmənin
kollektivi üçün çox böyük qiymət və
etimaddır.
Konstitusiya Məhkəməsinin
20 illik fəaliyyətinə dair geniş məruzə ilə
çıxış edən Fərhad Abdullayev bildirib ki, 20 il
əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin
yaradılması ölkəmizdə Konstitusiyanın aliliyinin
təmin olunması, demokratik proseslərin daha əsaslı
gedişatı yolunda mühüm addım olub. Konstitusiya
Məhkəməsi yarandığı ilk gündən ötən
20 il ərzində üzərinə düşən vəzifələrin
öhdəsindən layiqincə gəlməyə, insan
hüquq və azadlıqlarının daha səmərəli təmin
olunmasına imkan verən qərarlarla qısa müddətdə
ictimaiyyətin etimadını qazanmağa
çalışıb.
Diqqətə
çatdırılıb ki, Konstitusiya Məhkəməsi
heç bir miras almadan öz fəaliyyətini ağ vərəqdən
başlayıb. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən
qəbul edilməz 372 qərardan 345-i birbaşa insan hüquq və
azadlıqlarının qorunmasına və müdafiəsinə
yönəlib. Azərbaycanın hüquq
sistemində Konstitusiya şikayəti institutunun
yaradılması ulu öndər Heydər Əliyevin mütərəqqi
və müdrik təşəbbüsü ilə
bağlıdır. 2002-ci ildə keçirilmiş referendum nəticəsində
Əsas Qanuna edilmiş əlavə və dəyişiklərlə
bir sıra demokratik yeniliklərlə yanaşı, insan
hüquqları üzrə müvəkkil (ombudsman), məhkəmələr
və sadə şəxslər, o cümlədən xarici vətəndaşlar,
vətəndaşlığı olmayan şəxslər
Konstitusiya Məhkəməsinə müraciət etmək imkanı
əldə ediblər.
Fərhad Abdullayev bildirib ki, məhkəmə-hüquq
təcrübəsinə, beynəlxalq hüquq normalarına,
habelə insan hüquqları üzrə Avropa Məhkəməsinin
presedent hüququna Konstitusiya Məhkəməsinin hüquqi
mövqelərinin formalaşmasında hər zaman xüsusi önəm
verilib. Bu gün hüquq sistemində
özünəməxsus yer tutan konstitusiya ədalət
mühakiməsi orqanı müasir dünyada cərəyan edən
proseslərin iştirakçısına çevrilərək
digər dövlət orqanlarının üzləşdiyi
çağırışlarla qarşılaşır.
Qloballaşma, regional inteqrasiya prosesləri, beynəlxalq və
milli hüquq qaydaları arasında qarşılıqlı əlaqə
və uyğunsuzluq Konstitusiya ədliyyəsindən də yan
keçməyib.
Diqqətə
çatdırılıb ki, bu gün Konstitusiya məhkəmələrinə
cəmiyyətin inam və etimadını doğrultmağa
çalışan, düşünülmüş və əsaslandırılmış
qərarlar qəbul edən, Konstitusiyanın aliliyi, insan və
dövlətin maraqlarının konstitusion balanslarını təmin
edən əsas qanunun qoruyucusu rolu məxsusdur. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi öz fəaliyyəti
ilə milli konstitusiya ədliyyəsinin təməlini qoyaraq
ölkəmizdə qanunçuluğun təmin edilməsi
işinə töhfə verməkdədir. Konstitusiya
Məhkəməsi dövlət hakimiyyətinin mühüm
orqanına çevrilərək, məhkəmə hakimiyyəti
sistemində öz layiqli yerini tutub, fəaliyyət göstərdiyi
dövrdə hüququn bir çox sahələrində
xüsusi əhəmiyyət daşıyan qərarlar qəbul
edib.
Müasir
dünyanın sürətlə inkişaf etdiyini, cəmiyyətin
həyatına yeni amillərin daxil olduğunu vurğulayan Fərhad
Abdullayev qeyd edib ki, nəticədə hüquq sahəsində
tənzimlənməsi tələb olunan yeni sahələr
yaranır, iqtisadiyyatın, cəmiyyətin və dövlətin idarə
edilməsində ən yeni texnologiyalardan, süni intellektdən
fəal istifadə edilməsi dövrü artıq
başlanıb. Bütün bu yeniliklər digər sahələrdə
olduğu kimi, məhkəmə-hüquq fəaliyyətinə
də təsir edir. Məhkəmə özlüyündə cəmiyyətin
inkişafından kənarda qala bilməz. Konstitusiya nəzarəti
orqanları yaranan çağırışlara cavab verə
bilən səmərəli təsisatlardan biri kimi
çıxış edə bilər.
Konstitusiya Məhkəməsinin
sədri çıxışını yekunlaşdıraraq
deyib: “İnanıram ki, Konstitusiya Məhkəməsi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
demokratik-hüquqi dövlət quruculuğu, vətəndaş
cəmiyyətinin inkişafı, Konstitusiyada təsbit
edilmiş hüquq və azadlıqların səmərəli
müdafiəsi
istiqamətində qarşıya qoyduğu öhdəlikləri
bundan sonra da layiqincə yerinə yetirəcək”.
Milli Məclis sədrinin birinci
müavini Ziyafət Əsgərov Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik
yubileyi münasibətilə təbriklərini
çatdırıb. O, Azərbaycanda Konstitusiya nəzarəti
institutunun yaradılmasının demokratiyanın
inkişafı istiqamətində irəli atılmış
çox mühüm addım olduğunu vurğulayıb.
Müstəqil
Azərbaycan Respublikasının ilk Konstitusiyasının ulu
öndər Heydər Əliyevin rəhbərliyi ilə
yaradılması və qəbulu prosesi barədə məlumat
verən Ziyafət Əsgərov deyib ki, Konstitusiya Məhkəməsinin
yaradılmasına hüquqi dövlət, sosial dövlət və
vətəndaş
cəmiyyəti aspektindən baxılmalıdır.
Çünki Konstitusiya nəzarəti o vaxt daha səmərəli
fəaliyyət göstərir ki, hər üç komponent cəmiyyətdə
mövcud olsun. Azərbaycan Konstitusiyasında hər
üç komponent əksini tapıb. Azərbaycanda hüquqi
dövlət quruculuğu prosesi davam edir, ölkəmiz sosial
dövlətdir və Azərbaycanda vətəndaş cəmiyyəti
bərqərar olub. Belə şəraitdə vətəndaşların
hüquq və azadlıqlarının yüksək səviyyədə
təmin olunması daha çox asanlaşır və bu,
Konstitusiya Məhkəməsinin işini daha da
asanlaşdırır.
Konstitusiyaya əsasən,
Azərbaycan dövlətinin ali məqsədinin insan və vətəndaş
hüquq və azadlıqlarının qorunması və
onların layiqli həyat tərzinin təmin edilməsi
olduğunu vurğulayan Z.Əsgərov bildirib ki, bu prinsiplərin
cəmiyyətdə bərqərar olması hüquqi dövlət
konsepsiyasının özünü doğrultmasını
şərtləndirən amillərdəndir. Bu gün Azərbaycan
bu reallıqlarla yaşayır. Konstitusiyamızda bu
institutların təsbit olunması onu deməyə əsas
verir ki, biz həqiqətən demokratiya yolundayıq. Azərbaycanın bugünkü inkişafı,
ölkəmizdə Avropa yurisdiksiyasının tətbiqi və
insan hüquq və azadlıqlarının təmin olunması
istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın
hüquqi dövlət quruculuğu yolunda qətiyyətli
addımlar atmasının göstəricisidir.
Ötən
20 ildə Konstitusiya Məhkəməsinin üzərinə
düşən öhdəlikləri uğurla yerinə
yetirdiyini və dövlət orqanları sistemində
özünəməxsus layiqli yer tutduğunu vurğulayan
Ziyafət Əsgərov Azərbaycanda Konstitusiya nəzarəti
orqanı ilə Milli Məclis arasında səmərəli əməkdaşlığın
qurulduğunu diqqətə çatdırıb.
Avropa Şurası Venesiya
Komissiyasının sədri Canni Bukikkio yenidən ölkəmizdə
olmaqdan və Konstitusiya Məhkəməsinin 20 illik yubileyinə
həsr edilən konfransda iştirakdan məmnunluğunu
bildirib. Konstitusiya Məhkəməsinin əsas
missiyasının Konstitusiyanın sabitliyini və qanunun
aliliyini təmin etmək olduğunu vurğulayan qonaq Venesiya
Komissiyasının Azərbaycan ilə bağlı qəbul
etdiyi qərarlardan danışıb.
Konfransın aktual mövzuya həsr
olunduğunu diqqətə çatdıran C.Bukikkio bildirib ki,
Konstitusiya Məhkəməsinin bir vəzifəsi də vətəndaşların
hüquqlarının qorunması, onların ədalətsizlik
halları ilə üzləşməsinə yol verməməkdir.
Hüquqi dövlətin əsas prinsiplərindən biri olan
qanunun aliliyi beş əsas komponentdən ibarətdir. Belə
ki, hüquqilik, müəyyənlik, sui-istifadə
hallarının azaldılması, diskriminasiya və qərəzliliyə
qarşı mübarizə və ədliyyəyə
çıxış imkanı komponentlərinin hər biri
hüquqi dövlət quruculuğunda mühüm əhəmiyyət
daşıyır.
Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi
Qafqazda hüquq sahəsində Avropa standartlarına
yaxınlaşma” proqramının rəhbəri Tomas Meyer Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin bir sıra
mühüm tədbirlərə ev sahibliyi etdiyini
vurğulayaraq, yubiley münasibətilə təbriklərini
çatdırıb. T.Meyer bildirib ki, hazırda bəzi ölkələrin,
o cümlədən Almaniyanın hüquq ictimaiyyətində
Konstitusiyanın özünün də bir qanun olub-olmaması
istiqamətində fəal müzakirələr
aparılır.
İnkişaf etmiş ölkələrdə
Konstitusiya Məhkəməsinin vacib rol
oynadığını vurğulayan T.Meyer deyib ki, bu Məhkəmənin
qəbul etdiyi qərarlar bir növ Əsas Qanunun mətninin
ifadəsidir.
Konfransda
“Hüquq bərabərliyini təmin edən səmərəli
institusional mexanizmlər” mövzusunda məruzə ilə
çıxış edən Azərbaycan Respublikasının
insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira
Süleymanova ölkəmiz üçün bir çox
baxımdan əlamətdar olan 2018-ci ildə Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasının 100,
Konstitusiya Məhkəməsinin 20 illik yubileylərinin qeyd
edildiyini vurğulayıb və bu münasibətlə təbriklərini
çatdırıb. O, Cümhuriyyətin demokratik prinsiplərə
sadiq qalaraq bütün vətəndaşlar üçün
təmin etdiyi hüquq bərabərliyi prinsipinin otuz il sonra
BMT-nin insan hüquqları Bəyannaməsində əksini
tapdığını qeyd edib.
Azərbaycanda
ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra müstəqil
respublikamızın ilk Konstitusiyasının ümumxalq
müzakirəsindən sonra qəbul olunduğunu vurğulayan
E.Süleymanova Əsas Qanunun maddələrinin üçdəbirinin
insan hüquq və azadlıqları ilə bağlı
olduğunu qeyd edib.
Elmira
Süleymanova bildirib ki, Konstitusiya Məhkəməsinin
Əsas Qanunun, Konstitusiyanın və qanunların aliliyinin, hər
kəsin hüquq və bərabərliyi prinsiplərinin bərqərar
olunması sahəsində uğurlu fəaliyyəti ölkəmizdə
bu sahələrdə əlverişli şərait yaradıb. Bu prinsiplər Ombudsman təsisatının da əsas
hədəfləri arasındadır. Ölkəmizdə
Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı
arasında formalaşmış konstruktiv əməkdaşlıq
insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində
praqmatik mexanizm yaradıb. Ombudsmanın sorğuları əsasında
Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlar
qanunun aliliyinin, insan hüquq və azadlıqlarının səmərəli
təmin olunmasına xidmət edir.
“Konstitusiya nəzarəti: Avstriya təcrübəsi” mövzusunda məruzə
ilə çıxış edən Avstriya Respublikası
Konstitusiya Məhkəməsinin sədri Bricit Birlayn
çıxışında bildirib ki, müasir Konstitusiya məhkəmələrinin
yaradılması prosesi əsasən İkinci Dünya
müharibəsindən sonra daha geniş vüsət almağa
başlayıb. Ötən müddət göstərib
ki, Konstitusiya Məhkəməsinin normal fəaliyyəti demokratiya
və qanunun aliliyi olmadan mümkün deyil. Konstitusiya Məhkəməsi
həmişə konkret qaydalar üzərində və siyasi
maraqları nəzərə almadan, qanunların
uyğunluğunu təmin edən qərarlar qəbul edir. Məhz
bu prinsip – Konstitusiya Məhkəməsinin siyasi amilləri
deyil, sırf qanunların uyğunluğunu əsas
götürərək qərarlar qəbul etməsi
insanların Konstitusiya Məhkəməsinə daha çox
inanmağa başlamasına səbəb olub.
Slovakiya Respublikası Konstitusiya
Məhkəməsinin sədri xanım İvetta Maseykova
“Konstitusiya ədalət mühakiməsinin bəzi məsələləri”
adlı məruzəsində Azərbaycan ilə Slovakiya
arasındakı dostluq münasibətlərinə toxunub.
Bildirib ki, hər bir ölkədə Konstitusiya məhkəmələri
ilə bağlı müəyyən tənqidlər səslənir
və bu da adi haldır. Çünki Konstitusiya məhkəmələri
hər hansı boşluqda fəaliyyət göstərmirlər.
Lakin bu tənqidlər real faktlara və əsaslandırılmış
hüquqi mövqeyə sahib olmalıdır. Tənqidin qəbul
edilən qərarların diskreditasiyası üçün əsas
yaratmadığını deyən qonaq məhkəmə qərarlarının
tənqid olunmasının həmin qərarların xarakterindən
irəli gəldiyini bildirib.
Konstitusiya Məhkəməsinin
fəaliyyətində balanslaşdırmanın əhəmiyyətindən
danışan Slovakiya Konstitusiya Məhkəməsinin sədri
Əsas Qanunun yaradılması prosesindən, Konstitusiya məhkəmələrinin
normal fəaliyyəti üçün vacib olan tələblərdən
danışıb. Qonaq çıxışının
sonunda yubiley münasibətilə təbriklərini
çatdıraraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə
bundan sonra da düzgün və keyfiyyətli qərarlar qəbul
etməyi arzulayıb.
“Müasir
hüquqi dövlətin inkişaf prosesində konstitusiya ədalət
mühakiməsi” mövzusunda məruzə ilə
çıxış edən Belarus Respublikası Konstitusiya Məhkəməsinin
sədri Pyotr Miklaşeviç ölkəsində Konstitusiya Məhkəməsinin
fəaliyyətindən danışıb, hüquqi dövlətin
Konstitusiyada əksini tapan dəyərlər və
prinsiplər əsasında formalaşdığını
bildirib. Konstitusion dəyərlərin bərabərliyinin
cəmiyyətdə sabitliyə mühüm töhfə
olduğunu diqqətə çatdıran P.Miklaşeviç
Belarusun demokratik, sosial-hüquqi dövlət olduğunu
vurğulayaraq, müasir dövrdə konstitusion dəyərlərin
yeni məna daşıdığını diqqətə
çatdırıb.
Hazırda hüquqi dövlətin
fəaliyyətindən danışan P.Miklaşeviç
qloballaşma dövründə konstitusion prinsip və dəyərlər
baxımından yeni tendensiyaların yaranmasına toxunub. O, həmçinin Konstitusiya məhkəmələrinin
formalaşdırdığı hüquqi mövqelər,
qanunun aliliyi, milli maraqlar nəzərə alınmaqla
Konstitusiya uyğunluğunun qorunub saxlanılmasının
vacibliyi məsələlərinə dair fikirlərini bildirib,
Konstitusiya Məhkəməsini Əsas Qanunun orbiti
adlandırıb.
Monteneqro
Respublikası Konstitusiya Məhkəməsinin sədri Draqolyub
Draşkoviç “Monteneqro Respublikasının Konstitusiya Məhkəməsi
Konstitusiya asayişinin və insan hüquq və
azadlıqlarının müdafiəçisi kimi”
mövzusunda məruzə ilə çıxış edərək
bildirib ki, Konstitusiya və qanunun hökmlərinin yerinə
yetirilməsi baxımından Monteneqro Konstitusiya Məhkəməsi
tam səlahiyyətli ali məhkəmə orqanıdır.
Konstitusiya Məhkəməsinin dövlət hakimiyyətində
mühüm yer tutduğunu vurğulayan D.Draşkoviç
Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə
bağlı ölkəsinin təcrübəsini
bölüşüb.
Konfransda “Nəzəriyyədə
və məhkəmə konstitusionalizmi təcrübəsində
dəyərlər: əsas ölçülər və
prioritetlər” adlı məruzə ilə
çıxış edən Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin
hakimi Nikolay Bondar yubiley münasibətilə Rusiya Konstitusiya Məhkəməsinin
sədri Valeri Zorqinin təbriklərini çatdırıb.
N.Bondar müasir konstitusionalizmin ziddiyyətli
tendensiyalarının olması ilə yanaşı, bu sahədə
ənənələrin də mövcudluğunu qeyd edib. Qonaq
bir çox ölkələri eyni konstitusiya
hüquqlarının birləşdirdiyini deyərək buna
görə qarşıda duran vəzifələrin də eyni
olduğunu vurğulayıb. O, müxtəlif
ölkələrin konstitusion sistemlərində optimal qərarların
fərqliliyi ilə bağlı məsələyə
münasibət bildirərək bərabərliyin əksikliyindən
danışıb, hüquqi sistemdə Konstitusiya Məhkəməsinin
rolunun artmasının əhəmiyyətini qeyd edib.
İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Lətif
Hüseynov “İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında Avropa
Konvensiyasının implementasiyasında Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rolu” adlı məruzəsində
bildirib ki, Avropa Konvensiyasının implementasiyası milli məhkəmələrin
iştirakı olmadan mümkün deyil. Avropa
Konvensiyasının mexanizmi subsidial xarakter daşıyır.
Belə ki, insan hüquq və azadlıqlarının təmin
edilməsi, ilk növbədə, dövlətlərin məsuliyyətidir
və bu hüquqlar milli səviyyədə təmin
olunmalıdır. Bu tələb bütün dövlət
orqanlarına, xüsusilə məhkəmələrə
aiddir.
Qeyd olunub ki,
milli məhkəmələr, o cümlədən Konstitusiya Məhkəməsi
tərəfindən Avropa Konvensiyasının və onun tərkib
hissəsi olan Strasburq Məhkəməsinin presedent
hüququnun tətbiqi Konvensiyanın implementasiyasında vacib
rol oynayır.
Son illər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Avropa Məhkəməsinin qərarlarına tez-tez istinadlar
edir. Konstitusiya Məhkəməsinin öz qərarlarında
Avropa Məhkəməsinin qərarlarına istinad etməsi
Konvensiyanın implementasiyası və Avropa Məhkəməsinin
qərarlarının tətbiqi baxımından mühüm əhəmiyyət
daşıyır.
İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi
Peter Pakzolay “Konstitusiya məhkəmələri və İnsan
Hüquqları üzrə Avropa Məhkəməsi
arasında dialoq” mövzusunda məruzə ilə
çıxış edərək ölkələrin
Konstitusiya məhkəmələri ilə Avropa Məhkəməsi
arasında dialoq prosesində Strasburq Məhkəməsinin
rolunu xüsusi qeyd edib. Məcburi qərarlarının
icrası prosesinin bir neçə mərhələdə həyata
keçirildiyini qeyd edən P.Pakzolay bildirib ki, Avropa Məhkəməsinin
və Strasburq Məhkəməsinin qərarları ölkələr
üçün subsidial xarakter daşıyır. Lakin dövlətlər qanun pozuntularının təkrarlanmaması
üçün öz qanunvericiliklərində müəyyən
düzəlişlər edə bilərlər. Çünki
subsidiallıq dövlətlərə insan
hüquqlarının pozulmasına qarşı səmərəli
hüquq vasitələrinin təmin olunmasını tələb
edir. Bu baxımdan Avropa Məhkəməsi ilə
Konvensiyanı tətbiq edən məhkəmələr arasında
səmərəli dialoq mühüm rol oynayır. Belə ki,
yerli məhkəmələrin ölkə daxilində baş
verən prosesləri daha yaxşı bilmələri bu əməkdaşlığın
rolunu daha da artırır.
Konstitusiya Məhkəməsinin
hakimi Rövşən İsmayılov “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin təcrübəsində
məhkəmə müdafiəsi təminatı və səmərəlilik
prinsipi” mövzusunda məruzə ilə çıxış
edərək bildirib ki, Azərbaycanın Konstitusiyası XX əsrin
ikinci yarısında qəbul edilmiş digər
demokratik dövlətlərin konstitusiyaları kimi insan
hüquqlarının geniş kataloqunun təsbit olunması ilə
səciyyələnir. İnsan hüquqlarına dair bir
çox konstitusion müddəaların qısa və mücərrəd
formada əks olunması həmin hüquqların müdafiə
potensialını zəiflətməyib, əksinə,
Konstitusiya məhkəmələrinin təfsiri nəticəsində
bəzi hallarda onların geniş müdafiə imkanlarına
malik olmasına gətirib çıxarıb.
R.İsmayılov
vurğulayıb ki, Konstitusiya Məhkəməsi səmərəlilik
prinsipini tətbiq etməklə konstitusion müddəalara
maksimal məna verir. Teleoloji təfsirin səmərəlilik
prinsipi ilə birgə tətbiq olunması Konstitusiya Məhkəməsinə
diqqəti “şəxsin real vəziyyəti” üzərində
cəmləşdirməyə imkan verir. Konstitusiya
Məhkəməsinin təcrübəsində səmərəlilik
prinsipinin tətbiqi məhkəmə müdafiəsi
hüququnun məzmununun inkişaf etdirilməsinə, həmin
hüququn həyata keçirilməsi məqsədilə
müvafiq dövlət orqanlarının üzərinə həm
də müəyyən pozitiv öhdəliklərin
qoyulmasına və nəticə etibarilə, insan
hüquqlarının müdafiəsi imkanlarının
genişləndirilməsinə şərait yaradır.
“Ukrayna
Konstitusiya Məhkəməsinin təcrübəsində
hüquqi dövlət prinsipi: inkişafın təkamülü
və konstitusiya şikayəti institutunun tətbiqi ilə
bağlı perspektivlər” mövzusunda məruzə ilə
çıxış edən Ukrayna Konstitusiya Məhkəməsinin
hakimi Viktor Horodovenko Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
20
illik yubileyi münasibətilə təbriklərini
çatdıraraq, bu əlamətdar hadisəyə həsr
olunan konfransda iştirak etməkdən məmnunluğunu
bildirib. O, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə
daim hüququn flaqmanı olmağı arzulayıb.
Hüquq nəzəriyyəsində
qanunun aliliyi prinsipi ilə bağlı müxtəlif
yanaşmaların mövcud olduğunu vurğulayan V.Horodovenko
Ukraynada vətəndaşlara Konstitusiya Məhkəməsinə
fərdi şikayət hüququnun verilməsinin hüquqi
dövlət quruculuğunda mühüm addım olduğunu
bildirib.
Serbiya
Respublikası Konstitusiya Məhkəməsinin hakimi Tomislav
Stoykoviç “Hüququn aliliyi və konstitusiya məhkəmə
nəzarəti” adlı məruzəsində bildirib ki, qanunun
aliliyi hamının hüquq və azadlıqlarının təmin
edilməsi ilə bağlı eyni hüquqlara malik olmasıdır. Konstitusiya Məhkəməsi
bütün tərəflər arasında konstitusion
hüquqlardan istifadə olunmasına nəzarət edən
orqan kimi balans yaradan qurum rolunda çıxış edir. Bu
baxımdan Konstitusiya Məhkəməsi ayrıca bir orqan
rolunu yerinə yetirir. Bu, əslində dövlət hakimiyyətinin
Konstitusiya məhkəməsidir.
Qanunun aliliyindən sui-istifadə
hallarından da danışan T.Stoykoviç bu baxımdan
ölkəsində baxılan bir sıra məhkəmə
işindən bəhs edib.
Makedoniya
Respublikası Konstitusiya Məhkəməsinin sədri Nikola
İvanovski “Əsas hüquq və azadlıqların müdafiəsində
Makedoniya Respublikası Konstitusiya Məhkəməsinin rolu”
mövzusunda məruzə ilə çıxış edərək
ölkəsində Əsas Qanuna nəzarət mexanizminin fəaliyyəti
barədə məlumat verib. Bildirib ki, Makedoniyada Konstitusiya
Məhkəməsi bütün beynəlxalq müqavilələrin
Əsas Qanuna uyğunluğuna nəzarət edir. Makedoniya Konstitusiya Məhkəməsi insan hüquq və
azadlıqlarının qarantı rolunda çıxış
etməklə bir tərəfdən insanların
hüquqlarının qorunmasını təmin edir, digər tərəfdən
isə dini və irqi ayrı-seçkiliyin
qarşısını alır.
Macarıstan Konstitusiya Məhkəməsinin
hakimi İmre Yuhaş “Konstitusiya özünəməxsusluğu
məsələləri” adlı məruzəsində bəşəri
dəyərlər, qanunlar və Konstitusiya Məhkəməsinin
qarşılıqlı təsirindən danışıb.
Macarıstan Konstitusiya Məhkəməsinin fəaliyyəti
barədə məlumat verən İ.Yuhaş diqqətə
çatdırıb ki, 2012-ci il yanvarın 1-dən ölkə
Konstitusiyasında fundamental dəyişikliklər edilib. Avropa
İttifaqının üzvü olan Macarıstan əsas
müqavilələrdən irəli gələn öhdəlikləri
yerinə yetirməlidir. Macarıstan Konstitusiya Məhkəməsi
ehtiyac olduğu təqdirdə bu öhdəliklərə yenidən
baxa bilər. Həmçinin əsas insan hüquq və
azadlıqlarına təhdid təhlükəsi yarandıqda
Konstitusiya Məhkəməsi dərhal məsələyə
müdaxilə edərək prosesə obyektiv şəkildə
baxmaq səlahiyyətinə malikdir.
Bakı
Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin
dekanı Əmir Əliyev “Qloballaşma şəraitində
insan hüquqlarına yeni baxış və onların
müdafiəsi məsələləri” adlı məruzə
ilə çıxış edərək Konstitusiya Məhkəməsinin
yaradılmasının 20 illik yubileyi münasibətilə
BDU-nun hüquq
fakültəsinin tələbələri adından təbriklərini
çatdırıb. BDU-nun hüquq fakültəsi
ilə Konstitusiya Məhkəməsi arasında səmərəli
əməkdaşlıqdan danışan Ə.Əliyev
Konstitusiya Məhkəməsinin ictimaiyyət arasında
çox böyük əhəmiyyət daşıyan aktual məsələlərlə
bağlı mühüm qərarlar qəbul etdiyini diqqətə
çatdırıb. O, Konstitusiya Məhkəməsinin
beynəlxalq hüquq ixtisası üzrə məzun olan şəxslərlə
əlaqədar, eləcə də valideynlərini itirmiş tələbələrin
təhsil haqları ilə bağlı qəbul etdiyi iki qərarın
əhəmiyyətini xüsusi vurğulayıb.
Beynəlxalq standartların məzmununun
insan hüquqlarına baxışın dəyişməsi ilə
əlaqədar bir qədər təsirə məruz
qaldığını qeyd edən BDU-nun dekanı diqqətə
çatdırıb ki, bir sıra yeni nəsil hüquqlar
meydana gəlib və onların hüquqi əsasları
formalaşıb.
“Məhkəmələrin
Qazaxıstan Respublikası Konstitusiya Şurasına müraciəti”
mövzusunda məruzə ilə çıxış edən
Qazaxıstan Respublikası Konstitusiya Şurasının
üzvü Alibek Temerbekov təmsil etdiyi qurumun üzvləri
adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
kollektivini yubiley münasibətilə təbrik edib. Bildirib ki, Qazaxıstan Respublikasının Konstitusiya
Şurası Əsas Qanuna nəzarət edən hüquqi
orqandır. Ötən il Qazaxıstan Konstitusiyasına dəyişikliklər
edildiyini vurğulayan A.Temerbekov diqqətə
çatdırıb ki, Qazaxıstan Respublikasının
Prezidenti insan hüquqlarının müdafiəsi məsələsinə
görə ölkə Konstitusiyasına müraciət edə
bilər. Beləliklə də Prezident qanunun icrasına
bilavasitə nəzarət etmək hüququ qazanır.
Bakı
Dövlət Universitetinin beynəlxalq ümumi hüquq
kafedrasinin dosenti, Vəkillər Kollegiyası Rəyasət Heyətinin
sədri Turqay Hüseynov “Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin icraatında xarici ölkələrin məhkəmə
qərarlarının tanınması problemləri” mövzusunda
məruzəsində bildirib ki, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi öz fəaliyyətində
hüququn müxtəlif sahələrinin inkişafına
töhfə verir. Bu istiqamətlərdən biri də son
zamanlar Konstitusiya Məhkəməsinin icraatında xarici
dövlətlərin məhkəmə qərarlarının
tanınması ilə bağlı bir sıra şikayətlərə
baxılmasıdır.
Qeyd olunub ki, Azərbaycanın
fiziki və hüquqi şəxslərinin beynəlxalq əlaqələrinin
artması nəticəsində son 5-6 ildə xarici məhkəmələrin
qətnamələrinin tanınması məsələsinə
daha çox rast gəlinir. Xarici dövlətlərin məhkəmə
qərarlarının tanınması qaydası Azərbaycanın
Mülki Prosessual Məcəlləsinin müddəaları və
beynəlxalq müqavilələr ilə tənzimlənir.
Məruzələrdən
sonra aparılan müzakirələrdə
çıxış edən Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova,
Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə
əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, Milli
Aviasiya Akademiyasının hüquqşünaslıq
kafedrasının müdiri İbrahim Quliyev 20 il ərzində
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
uğurlu fəaliyyətindən danışıblar.
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə
aktual mövzulara həsr edilən maraqlı məruzələrlə
çıxış etdiklərinə görə
iştirakçılara minnətdarlığını
bildirib. Konfransda hüququn müxtəlif istiqamətlərinə,
xüsusilə hüquqi dövlət və konstitusiya ədalət
mühakiməsinə dair səmərəli müzakirələrin
aparıldığını, rəy və təkliflərin səsləndirildiyini
vurğulayan F.Abdullayev deyib ki, bəzi məsələlərlə
bağlı fikirlərdə müəyyən qədər
fərqliliklər olsa da, hüququn əsas komponentləri barədə
rəylər tamamilə üst-üstə düşür.
Konstitusiya Məhkəməsinin
sədri konfransın təşkilində fəal dəstəyinə
görə Avropa Şurası Venesiya Komissiyasına və
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinə
minnətdarlığını bildirib.
Avropa Şurası Venesiya
Komissiyasının sədri Canni Bukikkio konfransın yüksək
səviyyədə təşkilinə görə minnətdarlığını
bildirib. Azərbaycan ilə Venesiya Komissiyası
arasında münasibətlərin uzun tarixə və səmərəli
əməkdaşlığa söykəndiyini vurğulayan
C.Bukikkio hüquqi dövlət və konstitusiya ədalət
mühakiməsi ilə bağlı təcrübə
mübadiləsinin aparılması baxımından tədbirin
önəmini xüsusi qeyd edib. O, Konstitusiya Məhkəməsinin
yaradılmasının 20 illik yubileyi münasibətilə bir
daha təbriklərini çatdırıb.
Konstitusiya Məhkəməsinin
ölkədə Konstitusiyaya əməl olunmasının,
insan hüquq və azadlıqlarının, qanunun aliliyinin təmin
edilməsinin qarantı olduğunu bildirən Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda
hüquq sahəsində Avropa standartlarına yaxınlaşma”
Proqramının rəhbəri Tomas Meyer bildirib ki,
Konstitusiya Məhkəməsi dinamik fəaliyyət göstərən
çevik qurumdur. Konstitusiya Məhkəməsi
üçün 20 ilin çox da uzun müddət
olmadığını vurğulayan T.Meyer Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin bu dövrdə
uğurla fəaliyyət göstərdiyini bildirərək,
qarşıdakı illərdə də Məhkəməyə
uğurlar arzulayıb.
Bununla da Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin
yaradılmasının 20 illiyinə həsr olunan “Hüquqi
dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər
və prioritetlər” mövzusunda beynəlxalq konfrans işini
başa çatdırıb.
Azərbaycan.- 2018.-7
iyun.- S.3; 5.