Prezident İlham Əliyev: “Bizim gözəl ənənələrimiz, milli dəyərlərimiz var”
Bizim gözəl ənənələrimiz, milli
dəyərlərimiz var. Biz onları qoruyuruq və siz gənclər
onları yaşatmalısınız. Bu, böyük bir mirasdır, böyük
mədəni irsdir, bizim
zənginliyimizdir. Bizim musiqimiz,
xalçaçılıq sənətimiz, incəsənətimiz,
ədəbiyyatımız, ana dilimiz - bütün bunlar bizim ən böyük sərvətlərimizdir. Biz bu sərvətləri bütün dövrlərdə - çar Rusiyası, Sovet
İttifaqı dövrlərində qorumuşuq.
Ona görə bir xalq kimi, biz
bu gün inkişaf edirik. Özümüzü dünyaya
təqdim etmişik. Əlbəttə ki, biz müstəqillik
dövründə bu dəyərləri daha da qorumalıyıq.
Dövlət siyasəti var və mən Prezident kimi bu məsələlərə xüsusi
diqqət göstərirəm. Bütün
dövlət qurumları, eyni zamanda, ictimai təşkilatlar
bu işlərlə məşğul olurlar. Ancaq burada ardıcıllıq təmin edilməlidir.
Bu ardıcıllığı siz gənclər təmin edəcəksiniz.
AZƏRTAC xəbər
verir ki, “İlham Əliyev. İnkişaf
- məqsədimizdir” çoxcildliyinin
64-cü kitabında yer alan
bu fikirləri dövlətimizin
başçısı 2014-cü il avqustun 28-də Beyləqanda yeni
istifadəyə verilən Gənclər Mərkəzində rayon gənclərinin və ictimaiyyətinin
nümayəndələri ilə görüşündə
deyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin
64-cü kitabındakı materiallar
2014-cü ilin iyulundan
sentyabrınadək olan dövrü
əhatə edir.
Nəşrdə
Azərbaycan Prezidentinin İtaliya
Respublikasına rəsmi səfəri çərçivəsində
keçirdiyi görüşlərə, bu ölkənin jurnalistlərinə müsahibəsinə,
Rusiya Federasiyasının Soçi
şəhərinə, NATO Sammitində iştirak
etmək üçün Böyük
Britaniya və Şimali
İrlandiya Birləşmiş
Krallığına işgüzar səfərlərinə, Uelsin Nyuport şəhərində NATO Sammitində
çıxışına, habelə Türkiyə
Respublikası Prezidentinin və Baş nazirinin,
Malayziyanın Baş nazirinin
Azərbaycana rəsmi səfərləri, Bolqarıstan Prezidentinin, Monteneqronun və
Yunanıstanın Baş nazirlərinin
ölkəmizə səfərləri zamanı dövlətimizin
başçısının apardığı
danışıqlara, eləcə də imzalanan
sənədlərə, mətbuata bəyanatlara dair materiallar toplanıb.
Kitabda
Prezident İlham
Əliyevin Böyük Britaniya,
İran, Almaniya, Serbiya, İsrail, Rusiya və başqa
dövlətlərin, Avropa İttifaqı
və digər beynəlxalq təşkilatların ölkəmizə
səfər etmiş yüksəkvəzifəli
şəxslərini, Azərbaycana yeni təyin
olunmuş səfirləri qəbul etməsinə
dair informasiyalar da yer alıb. Azərbaycan Prezidenti bütün görüş
və danışıqlarda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ məsələsinin
həllində prinsipial mövqe
nümayiş etdirib,
diqqəti Ermənistanın işğalçılıq siyasətinə
yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl törədən
Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüququn
norma və prinsipləri çərçivəsində
həllinə dəstək verməyə
çağırıb.
Nəşrdə,
həmçinin dövlətimizin
başçısının “Mədəniyyətlərarası
dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə”
mövzusunda 2014-cü il
mədəniyyətlərarası dialoqun dini ölçüsü
üzrə Avropa Şurasının
mübadilə görüşünün
iştirakçılarına məktubu, Ramazan bayramı münasibətilə Azərbaycan
xalqına təbrikinin mətni və digər məktubları
yer alıb.
Çoxcildliyin
bu kitabında Azərbaycan Prezidentinin
Xızı, Ağdam, Bərdə, Beyləqan
və Füzuli rayonlarına səfərlərinə,
ictimaiyyət nümayəndələri ilə
görüşlərinə, Bakıda və regionlarda
müxtəlif infrastruktur obyektlərinin
açılışlarında iştirakına, əsaslı
təmir və yenidənqurma işlərindən sonra orta məktəblərdə
yaradılan şəraitlə tanışlığına dair informasiyalar da verilib.
Kitaba “Qeydlər”,
“Şəxsi adlar”, “Coğrafi
adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən
buraxılan 64-cü kitabın hazırlanmasında Azərbaycan
Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC) materiallarından istifadə olunub.
Azərbaycan.- 2018.-8 iyul.- S.1.