Milli Məclisin nümayəndə heyətinin
rəhbəri ATƏT PA-nın sessiyasında
çıxış edib
Berlində Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı Parlament
Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyası çərçivəsində
ATƏT PA-nın prezidenti Georgi Tseretelinin məruzəsi ətrafında
müzakirələr aparılıb. Azərbaycanın ATƏT
PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini
Bahar Muradova müzakirələrdə
çıxış edib.
ATƏT
PA-nın və şəxsən onun sədrinin
fəaliyyəti barədə müsbət fikirlər söyləyən
B.Muradova Azərbaycanın ATƏT PA ilə
dialoqa böyük əhəmiyyət
verdiyini, ölkəmizin onun
işində fəal iştirak etməyə
çalışdığını diqqətə
çatdırıb.
Azərbaycan
nümayəndəsi dövlətlərarası regional münaqişələrin faciəli nəticələri
və suveren dövlətlərin ərazilərinin
işğalı ilə bağlı məsələlərin
təşkilatın diqqət mərkəzində
olmasının əhəmiyyətini vurğulayaraq
bildirib ki, ATƏT PA-nın
üzvləri belə münaqişələr nəticəsində
insan haqlarının pozulmasına etirazını
birincilər sırasında bildirməlidirlər.
Bahar Muradova həmkarlarını Avropada
təhlükəsizlik və əməkdaşlıq
konsepsiyasına uyğun olaraq
daha qəti addımlar atmağa
çağırıb.
Azərbaycan
nümayəndəsinin nitqində ATƏT-in və onun parlament forumunun qərarlarının icra
mexanizmlərinin daha da
təkmilləşdirilməsi istəyi ifadə olunub.
B.Muradova
çıxışının sonunda qeyd edib ki,
Azərbaycan multikulturalizm sahəsində
müsbət təcrübəsini bölüşməyə
hazırdır.
ATƏT
PA-nın prezidenti Georgi
Tsereteli başçılıq etdiyi təşkilatın fəaliyyətinin azərbaycanlı
həmkarlar tərəfindən yüksək qiymətləndirilməsinə
görə Azərbaycan nümayəndə heyətinin
başçısına təşəkkür edib və belə bir fikirlə
razılaşıb ki, ATƏT-in qərarlarının həyata
keçirilməsi mexanizmləri həqiqətən təkmilləşdirilməlidir.
AZƏRTAC
Azərbaycan.-
2018.-8 iyul.- S.4.