İlham
Əliyev inkişafın yeni hədəflərini bəyan etdi
Prezident İlham Əliyevin yekun nitqi
- Ötən altı ayın göstəriciləri
deməyə əsas verir ki, biz 2018-ci ilin əvvəlində
qarşımıza qoyduğumuz bütün vəzifələrə
uğurla nail olacağıq. Bundan sonrakı illərdə Azərbaycan
iqtisadiyyatı dinamik şəkildə inkişaf etməlidir.
Bunu təmin etmək üçün, əlbəttə ki,
islahatlar daha da dərinləşməlidir.
Son
illər ərzində apardığımız islahatlar öz
gözəl bəhrəsini vermişdir. Əgər biz bu
islahatları aparmasaydıq, bu qədər böyük iqtisadi
uğurlara çata bilməzdik. Ancaq hesab edirəm ki, indiki
dövrdə biz bu islahatları daha da dərinləşdirməliyik.
Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli,
gələcəkdə dayanıqlı iqtisadiyyat kimi
özünü göstərsin, neftdən, qazdan
asılılıq daha da aşağı düşsün və
qeyri-neft sektorunun inkişafı sürətlə davam
etdirilsin.
İqtisadi
və maliyyə sektorlarında maksimum şəffaflıq təmin
edilməlidir. Bu şəffaflıq imkan verəcək ki, Azərbaycan
iqtisadiyyatı daha inamla inkişaf etsin, qeyri-neft sektorumuza
xarici sərmayə daha böyük həcmlə qoyulsun.
Çünki bu sektora xarici sərmayənin lazımi səviyyədə
olmamasının əsas səbəbi qeyri-şəffaf vəziyyətdir.
Eyni zamanda, qanunvericilikdə də əlavə tədbirlər
görülməlidir, baxmayaraq ki, bizim qanunvericiliyimiz xarici sərmayənin
cəlb edilməsi üçün çox əlverişlidir.
Əgər belə olmasaydı, ölkə iqtisadiyyatına 230
milyard dollardan çox sərmayə qoyulmazdı. Ancaq
müasir dövrün tələbləri diktə edir ki,
islahatlar daha da dərinləşsin və şəffaflıq
tam təmin edilsin.
Deyə
bilərəm ki, son vaxtlar vergi və gömrük sistemlərində
aparılan islahatlar öz bəhrəsini verir. Bu sahələr
bir-birinə bağlı olan sahələrdir və əlbəttə
ki, islahatlar hər iki sahədə paralel olaraq
aparılmalıdır və aparılır. Əminəm ki,
görülmüş işlər nəticəsində
yaxın gələcəkdə biz daha da böyük nəticələri
görəcəyik. Vergi və gömrük orqanları
dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə
qalxmalıdır. Yəni, sadə dillə desək, vəzifə
bundan ibarətdir.
Əlbəttə
ki, kadr dəyişikliyi aparılmalıdır və
aparılır. Əminəm ki, bu, öz bəhrəsini verəcək.
Qabaqcıl ölkələrin təcrübəsi Azərbaycanda
tətbiq edilməlidir. Bütün dövlət qurumları,
eyni zamanda, sahibkarlar da bilməlidirlər ki, vergi və
gömrük sistemlərində tam şəffaflıq təmin
edilir, bərabər şərait yaradılıbdır,
qeyri-sağlam rəqabətə son qoyulur. Sahibkarlar tam
aydın bilməlidirlər ki, işləmə qaydaları nədən
ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək,
vergiləri tam ödəmək,
qaçaqmalçılıqla məşğul olmamaq və
ölkə iqtisadiyyatına ziyan vurmamaq. Əsas şərtlər
bundan ibarətdir.
Sahibkarlar
da öz tərəfindən bu işlərdə məsuliyyətlərini
göstərməlidirlər. Vergidənyayınma hallarına
son qoyulmalıdır. Bu, kiçik və böyük
sahibkarlara aiddir. Hamı qanun qarşısında bərabər
olmalıdır. Vergi və gömrük orqanlarının rəhbərliyi
qarşısında mənim tapşırıqlarım bundan
ibarətdir. Heç kimin heç bir güzəşti yoxdur,
ola da bilməz. Hər bir sahibkar vergisini tam ödəməlidir
və vergidən başqa heç bir başqa ödəniş
olmamalıdır. Mən bunu həm dövlət
orqanlarına, həm də sahibkarlara deyirəm. Əgər
belə hallar olarsa dərhal birbaşa Prezident
Administrasiyasına və aidiyyəti qurumlara məlumat göndərilməlidir.
Çünki biz bu sahədə tam sağlamlaşdırma
siyasətimizi davam etdirib başa çatdırmalıyıq.
Sosial təminat sahəsində də ciddi
islahatlar aparılmalıdır. Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi
qarşısında belə vəzifələr qoyulub. Bu sahədə
buraxılmış səhvlər, pozuntular tam aradan
qaldırılmalıdır. Sosial ədalət tam bərqərar
olmalıdır və şəffaflıq tam təmin edilməlidir.
Dövlət bu sahəyə çox böyük diqqət
göstərir və mən dəfələrlə demişəm
ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
dayanır, xüsusilə sosial cəhətdən az təmin
edilmiş vətəndaş. Məhz buna görə biz
ünvanlı sosial yardım sisteminə keçmişik. Məhz
buna görə yüz minlərlə ailə dövlətdən
bu təminatı alır. Ancaq bir çox hallarda vətəndaşların
hüquqları pozulur, ədalətsizlik hökm sürür,
yardıma ehtiyacı olan yardım almır, yardıma
ehtiyacı olmayan yardımı alır və ondan sonra o vəsaiti
dövlət məmurları ilə bölüşür. Belə
hallar kifayət qədər çoxdur, indi ciddi
araşdırma aparılır. Sosial təminat sahəsində
tam şəffaflıq təmin edilməlidir, sosial ədalət
tam bərqərar olmalıdır.
Bununla bərabər, sosial sahənin şəffaflaşdırılması
və beynəlxalq təcrübə əsasında fəaliyyət
göstərməsi bizim iqtisadi inkişafımıza da
böyük təkan verəcək. Çünki qeyri-formal məşğulluq
Azərbaycanda kütləvi xarakter daşıyır. İndi
hökumət bu məsələ ilə ciddi məşğul
olur, nazirlik də məşğul olur və biz buna son
qoymalıyıq. Buna son qoymaq üçün mexanizmlər
var, işlənilir və hesab edirəm ki, yaxın gələcəkdə
böyük irəliləyiş olacaqdır. Biz qeyri-formal məşğulluqla
bağlı çox ciddi addımlar atırıq və
atacağıq. Əgər biz bu vəziyyətdən
çıxa bilsək, bu, ölkə iqtisadiyyatına da
böyük dəstək olacaq. Onu da qeyd etməliyəm ki,
qeyri-formal məşğulluq, demək olar, bütün
ölkələrdə var və mövcuddur. Baxır ki,
ölkələr, hökumətlər bu vəziyyətlə
necə mübarizə aparırlar. Azərbaycan qeyri-formal məşğulluğa
qarşı çox ciddi tədbirlər görən bir
ölkə olmalıdır. Əlbəttə ki, bunun həm
inzibati, həm də institusional elementləri var və biz hər
ikisindən istifadə etməliyik.
Sosial cəhətdən az təmin
edilmiş vətəndaşlara dövlət həmişə
öz dəstəyini göstərəcək. Bizim siyasətimiz
bundan ibarətdir və vətəndaşlar narahat
olmasınlar. Dövlət həmişə onların
arxasında olacaq. Amma əsas vəzifə ondan ibarətdir ki,
bu yardım ədalətli bölünsün. Doğrudan da bu
yardıma ehtiyacı olan bu yardımı alsın.
İmkanlı adamlar, yaxud da ki, sosial yardıma ehtiyacı
olmayanlar bu yardımdan məhrum edilməlidir. Onlar özləri,
ilk növbədə, bundan imtina etməlidirlər. Bu,
onların sosial məsuliyyətinin yüksək səviyyədə
olmasını göstərə bilər.
Əlbəttə ki, ağır vəziyyətdə
yaşayan, hələ də işsiz olan vətəndaşlar
üçün biz yeni şərait yaratmalıyıq. Azərbaycanda
iş yerlərinin yaradılması prosesi daim
aparılmalıdır. Mən giriş sözümdə dedim
ki, 58 min yeni daimi iş yeri açılmışdır.
Ancaq, eyni zamanda, 20 mindən çox iş yeri
bağlanmışdır. Əgər bu rəqəmlərə
baxsaq görərik ki, yenə də dinamika müsbətdir.
Ancaq bağlanmış iş yerlərinin təhlili
aparılmalıdır. Hansı səbəblərə görə
bu iş yerləri bağlanıb və o iş yerlərini
itirən vətəndaşlar hansı işlərlə təmin
olunub və olunubmu, yoxsa yox?
Bizim özünüməşğulluq
proqramına böyük ümidlərimiz var. Bu proqram həm
iqtisadi inkişafımıza təkan verəcək, xüsusilə
regionlarda həm məşğulluq probleminin həllini sürətləndirəcək,
eyni zamanda, bəzi vətəndaşlarımızı ələbaxımlıq
vərdişindən çəkindirəcək.
Özünüməşğulluq proqramını icra etmək
üçün indi kifayət qədər vəsait var. Hesab
edirəm ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir
neçə ildən sonra heç sosial yardıma da ehtiyac
qalmayacaq və insanlar öz halal zəhmətləri ilə
pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə
iqtisadiyyatına töhfələrini verəcəklər.
Korrupsiyaya və rüşvətxorluğa
qarşı mübarizə daha ciddi aparılmalıdır.
Aprel ayında formalaşmış yeni hökumət
qarşısında bu vəzifə çox kəskin
qoyulmuşdur. Bu xoşagəlməz hallara son
qoyulmalıdır. Son illər ərzində böyük
işlər görülüb və beynəlxalq təşkilatlar
da bunu qeyd edir. Bu məsələ ilə məşğul olan
beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan
daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi
qane edə bilməz. Azərbaycanda bu böyük sosial bəlanın
kökü kəsilməlidir. Bunu etmək üçün də
imkanlar var. Həm güclü siyasi iradə, həm də indi
bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr
islahatı aparılır və aparılacaq. Hansı dövlət
məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə
onlar işdən çıxarılacaqlar və bunu
bütün dövlət məmurları bilsinlər.
Korrupsiyaya, rüşvətxorluğa
qarşı bundan sonra da çox ciddi mübarizə
aparılacaq. Biz elə etməliyik ki, korrupsiya
hallarının baş verməməsi üçün
institusional mexanizmlər işə düşsün. Biz bəzi
müsbət meyilləri də görürük. Misal
üçün, ictimai xidmətlər sahəsində “ASAN
xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN xidmət”ə 20
milyondan çox müraciət olunub və vətəndaşların
bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni,
bunu etmək mümkündür. Sadəcə, siyasi iradə
olmalıdır, bu da var və çox ciddi tədbirlər
görülməlidir, o cümlədən cəza tədbirləri
görülür və görüləcək. Ancaq onu da deməliyəm
ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir.
Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq
edilməlidir. Dünyanın aparıcı ölkələrində
bu sahədə hansı yollarla mübarizə
aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə
aparılmalıdır. Əlbəttə ki, dövlət xərclərinə
nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə
göstəriş verilib, indi islahatlar aparılır və
bütün dövlət qurumlarının rəhbərləri
bunu bilsinlər və mənim tapşırıqlarıma əməl
etsinlər.
Narahatlıq doğuran sahələrdən
biri də inşaat sektorudur. Son illərdə bu sahədə
böyük işlər görülüb. Azərbaycanın
demək olar ki, bütün şəhərləri tikinti
meydançasına çevrilibdir. Həm dövlət kapital
qoyuluşu, həm özəl sektor tərəfindən qoyulan
investisiyalar inşaat sektorunun inkişafına böyük təkan
vermişdir. Azərbaycanda inşaat materiallarının
istehsalı ildən-ilə artır. Deyə bilərəm ki,
biz bu gün özümüzü əsas inşaat
materialları ilə təmin edə bilirik. İlk növbədə,
ona görə ki, daxildə buna tələbat var.
Çünki biz çox az miqdarda inşaat
materiallarını xaricə satırıq. Qarşıya vəzifə
qoyulmuşdur ki, idxaldan asılılığımızı
azaldaq və daxili bazarı yerli inşaat materialları ilə
təmin edək. Yəni, inşaat sektorunun inkişafı
ümumi iqtisadi inkişafa təkan verir, məşğulluğu
artırır. İki-üç il ərzində inşaat
sektorunda müəyyən böhran yaranmışdır və
bu, əmək bazarına da dərhal öz mənfi təsirini
göstərmişdir. Bu məsələlər bir-biri ilə
sıx bağlı olan məsələlərdir. Bir daha demək
istəyirəm ki, bu sahədə görülən işlər
müsbətdir. Ancaq, eyni zamanda, biz nəyi görürük?
Bir çox hallarda aparılan tikintilər heç bir meyara
sığmır, nə şəhərsalma meyarlarına, nə
tikinti meyarlarına. Bəzən memarlıq baxımından
çox eybəcər binalar tikilir. Buna son qoymaq
üçün çox ciddi tədbirlər görülməlidir
və qanunsuz tikililərə son qoyulmalıdır.
Qanunsuz tikililərə şərait yaradan
dövlət məmurları çox ciddi cəzalandırılacaqlar.
Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox
hallarda bu işləri bir-birinin üstünə atırlar.
Şəhər icra hakimiyyəti bələdiyyələrin
üstünə, bələdiyyələr şəhər
icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr
şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət
edə bilməz. Ona görə burada vahid bir nəzarət
mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk
növbədə, Bakıda və digər şəhərlərdə
bütün qanunsuz tikililərə son qoyulmalıdır.
Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə
də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal
mənə məlumat verilsin. Həmin o adamları ən ciddi
cəzalar gözləyir. Çünki biz bu qədər səy
göstəririk.
Bakı bu gün dünyanın ən
gözəl şəhərlərindən biridir. Bunu təkcə
biz demirik. Bunu demək olar ki, Bakıya gələn
bütün qərəzsiz xarici qonaqlar deyir. Sözün əsl
mənasında Bakı parlayan bir ulduzdur. Ancaq, eyni zamanda,
Bakı şəhərində elə yerlər var ki, utanc gətirir.
Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında,
ictimai yerlərdə, həyətlərdə tikilir. Bu
binaların tikilməsinə kim icazə verir?! Yerli icra
orqanları. Bu icazəni təmənnasızmı verir?!
Əlbəttə ki, yox.
Biz paytaxtımızı parklar, bağlar,
ictimai zonalar şəhərinə çevirmişik. İndi
yadınıza salın, əvvəlki dövrlərdə
qanunsuz tikilmiş, bir-birinin içinə girmiş binalar həm
orada yaşayanlara, həm də şəhər əhalisinə
nə qədər əziyyət verirdi. İndi biz təmizlənmiş
və sakinləri köçürülmüş yerlərdə
ictimai zonalar yaradırıq, orada binalar tikilmir. Bulvar 3 kilometrdən
16 kilometrə uzadılıb, böyük bir ictimai zonadır.
Böyük parklar salınıb. Heydər Əliyev
Sarayının arxasında gözəl park yaradılıb.
Biz oradan vətəndaşları köçürəndə
bəziləri deyirdilər, köçürürlər ki,
binalar tikilsin. Gözəl bir parkdır. Azərbaycan Dram
Teatrının arxasındakı “Sovetski” adlandırılan ərazidəki
biabırçı mənzərə aradan
götürülür. Yenə də deyirdilər ki, orada
binalar tikilir. İndi orada yol qovşaqları tikilir, yol hərəkətinə
nəfəs verilir, parklar salınır. Onlarla, yüzlərlə
belə işlər indi göz qabağındadır. Vaxtilə
bəzi cinayətkarlar tərəfindən qanunsuz zəbt
edilmiş yerlərdə indi parklar yaradılır. Yusif Səfərov
küçəsi ilə Babək prospektinin kəsişməsində
vaxtilə böyük bir ərazi zəbt edilmişdi, istifadəsiz
qalırdı. İndi orada böyük parklar salırıq
ki, insanlar gəlib dincəlsinlər, istirahət etsinlər.
Heydər Əliyev Mərkəzinin qarşısında
böyük ictimai zona yaradılıb. Vaxtilə orada işləməyən,
dağılmış vəziyyətdə olan zavod yerləşirdi.
Yəni, biz bunu edirik. Ancaq götürüb ictimai yerdə, həyətdə,
yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək
cinayətdir və bunu edən cavab verəcək. Bir daha demək
istəyirəm ki, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin icazəsi olmadan heç bir bina tikilə
bilməz.
Son illərdə şəhər nəqliyyatı
ilə bağlı böyük işlər
görülüb. Yeni, çox komfortlu avtobuslar gətirilib və
yeni avtobusların gətirilməsi nəzərdə tutulur.
Bakı Nəqliyyat Agentliyi yaradılıb və bu sahədə
pərakəndəliyi aradan qaldırmaq üçün
struktur islahatları aparılıbdır. Bu gün Bakı Nəqliyyat
Agentliyi şəhərin nəqliyyat sisteminə cavabdehlik
daşıyan yeganə qurumdur. Bu agentliklə sıx əlaqədə
işləyən bütün digər dövlət
qurumları ona kömək göstərməlidir.
Çünki bu sahədə də bir çox pozuntulara yol
verilmişdir. İndi dövlət vəsaiti hesabına
parkinqlər tikilib, amma bu parkinqlər boşdur. Parkinqlərin
yanında maşınlar qanunsuz dayanıb və heç kim də
onlara demir ki, sən maşını niyə burada - parkinqlə
üzbəüz saxlayırsan? Nədir ki parkinqə gedib
maşını saxlamaq ya əziyyətdir, ya da ki, pul vermək
istəmir. Bəlkə də qanunsuz olaraq az pul verib
maşını burada saxlayır. Belə olan halda biz şəhər
nəqliyyatını necə tənzimləyək?!
Dayanacağın yerində binalar tikirlər. Məndə o
şəkillər var. Mən müşavirə
keçirmişdim, çox ciddi tapşırıq
vermişdim və ciddi iradlar bildirmişdim. Rayon icra hakimiyyətləri
dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır
və demək olar ki, şəhər nəqliyyatını
iflic vəziyyətə salırlar. O səhvləri buraxan məmurlar
işdən qovulub. Ancaq mən deyirəm ki, şəhər nəqliyyatı
hamımız üçün rahat bir nəqliyyat
olmalıdır. Şəhərsalma qaydaları elə
qoyulmalıdır ki, şəhər nəqliyyatına əngəl
törətməsin, əksinə, buna kömək göstərsin.
Azərbaycanın əhalisi artır, Bakı
böyüyür. Qonşu ölkələrdən fərqli
olaraq bizim əhalimiz müstəqillik dövründə 7
milyondan 10 milyona çatıb. Bu artım müqabilində biz
gələcəkdə necə hərəkət edəcəyik?
Biz insanların saatlarla tıxaclarda əziyyət çəkdikləri
böyük meqapolislərin vəziyyətinə düşmək
istəmirik. Biz burada yeni damarlar, yeni yollar açırıq.
Amma hansısa yaramaz bir məmur pul naminə o yeri satır,
orada da qanunsuz bina tikirlər. Sonra da dövlət həmin
binanın sökülməsi üçün böyük vəsait,
kompensasiya verməlidir ki, qanunsuz tikən oradan
çıxsın və yol açılsın. Ona görə
çox ciddi tapşırıq verirəm, dövlət
orqanları nəticə çıxarsınlar.
Əlbəttə ki, iqtisadi islahatları dərinləşdirmək
üçün biz sahibkarlardan böyük fəaliyyət
gözləyirik. Dövlət sahibkarlığın
inkişafına böyük dəstək verir.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər
verilmişdir. Ancaq bu kreditlər hesabına ölkəmizdə
163 min yeni iş yeri yaradılmışdır. Bu il də 170
milyon manat güzəştli şərtlərlə kreditlərin
verilməsi nəzərdə tutulur. Onun böyük hissəsi
artıq altı ayda verilib. Qalan hissə də veriləcəkdir.
Eyni zamanda, sahibkarlara metodiki tövsiyələr, məsləhətlər
verilir. Biz xaricdə ticarət evlərinin açılması
ilə sahibkarlara şərait yaradırıq ki, onlar öz
ixrac imkanlarını genişləndirsinlər. Deyə bilərəm
ki, bu gün Azərbaycan dövləti qeyri-neft məhsullarının
ixracının artırılmasına sahibkarlardan daha çox
çalışır. Sahibkarlar bir qədər passivdirlər.
Elə bil maraqlı deyillər ki, xarici bazarlara
çıxsınlar. Ona görə, dövlət
bütün bu işləri öz üzərinə
götürüb. Mənim tapşırığımla bir
çox sərgilər, təqdimatlar keçirilir, ticarət
evləri açılır. Bu proses çox geniş vüsət
alacaq. İndi bir neçə ticarət evi
açılıb. Məncə, Azərbaycanın xaricdə
onlarla ticarət evi açılmalıdır. Sahibkarlar da bu
işlərdə fəal iştirak etsinlər, xüsusilə,
ixracla bağlı öz səylərini artırsınlar.
İnfrastruktur layihələri ilə
bağlı dövlət investisiya proqramında nəzərdə
tutulmuş bütün vəzifələr ilin sonuna qədər
icra edilməlidir. Mən elektrik enerjisi ilə bağlı vəziyyət
haqqında danışmaq istərdim. Bildiyiniz kimi, bu sahəyə
son illərdə çox böyük diqqət göstərilmişdir.
Son 15 il ərzində 2500 meqavat gücündə yeni generasiya
gücləri yaradılmışdır. Əgər bu
generasiya gücləri yaradılmasaydı biz bir neçə
gün bundan əvvəl baş vermiş qəzadan belə
çıxa bilməzdik. Daha çox vaxt aparacaqdı. Demək
olar ki, 2003-cü ildə bizim enerji təsərrüfatımız
tam köhnəlmişdi. Ancaq yeni elektrik stansiyalarının
yaradılması və mövcud stansiyaların təmiri ilə
bağlı atılan addımlar imkan verdi ki, biz enerji
çatışmazlığını aradan
götürdük. Çünki biz o vaxt xaricdən elektrik
enerjisi alırdıq. Çox böyük investisiyalar qoyuldu,
bir çox müasir stansiyalar tikildi. Mövcud stansiyalar, o
cümlədən Mingəçevir İstilik Elektrik
Stansiyasında bəzi təmir işlər aparılmışdır.
Ancaq buna baxmayaraq, baş vermiş qəza, əlbəttə,
onu göstərir ki, bizim enerji təsərrüfatımızda
çox böyük problemlər, qüsurlar var. Bir daha demək
istəyirəm ki, bir qəzaya görə bütün enerji
sistemi çökməməlidir. Qəza ola bilər, qəzanın
müxtəlif səbəbləri ola bilər. Hətta ən
inkişaf etmiş ölkələrdə, şəhərlərdə
belə qəzalar baş verir, böyük fəsadlara, insan
itkisinə gətirib çıxarır. Biz bunu yaxın tarixdən
bilirik. Onlarla insan belə hadisələrdə həlak olur.
Ancaq bir lokal qəza ümumi sistemin çökməsinə gətirib
çıxarmamalıdır. Bunun heç cür izahatı
ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm.
Bu gün işləyən komissiya yaxın gələcəkdə
öz rəyini verəcək. Eyni zamanda, Mingəçevirə
ekspertlər qrupu ezam edilmişdir. Onlar da öz
sözünü deyəcəklər. Biz qəzanın səbəblərini
əlbəttə ki, tam dəqiqliyi ilə bilməliyik. Nə
üçün bu qəza bütün enerji sistemimizi belə
vəziyyətə qoyub?! Biz bunun cavabını
alacağıq. Ancaq ilkin məlumata görə, bunun səbəbi
ondan ibarətdir ki, - mən, əlbəttə, komissiyanın
rəyini qabaqlamaq, məhz buna görə bu məsələ
ilə bağlı öz fikrimi bildirmək istəmirəm, -
hətta son illər ərzində istifadəyə verilmiş
stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi
araşdırılmalıdır. Çox güman ki,
bunların istismar dövründə səhvlər
buraxılıb. Bütün işlərdə biz ədalətli
olmalıyıq. Kimisə cəzalandıranda, kiməsə təşəkkür
edəndə ədalət, dəqiq informasiya, təhlil
olmalıdır. Ancaq əlbəttə ki, bu qəza çox
ciddi bir siqnaldır. Hazırda enerji sistemimizdə struktur
islahatları ilə bağlı işlər aparılır.
Belə göstəriş verilibdir. Bütün enerji təsərrüfatımızın
təftişi məsələsi öz həllini tapır.
Komissiyada bu məsələ müzakirə ediləcək, mənə
təkliflər veriləcək. Biz Azərbaycanın enerji
sistemini ən müasir əsaslarla idarə etməliyik. Kifayət
qədər enerji generasiya gücümüz var.
Yarımstansiyalar tikilib və yenə də tikiləcək.
Artıq göstəriş verilib, həm Bakıda, həm
bölgələrdə bu il və gələn il yeni
yarımstansiyaların tikintisi təmin ediləcək. Vaxtilə,
sovet dönəmində tikilmiş enerji təsərrüfatının
müasirləşdirilməsi üçün əlavə vəsait
ayrılır. Biz vəsaiti ayırırıq, amma əsas məsələ
ondadır ki, bu vəsaitdən səmərəli şəkildə
istifadə edilsin və elə bir sistem qurulsun ki, enerji
dayanıqlılığı təmin olunsun.
Digər infrastruktur layihələrinə gəldikdə,
deyə bilərəm ki, ilin əvvəlində qarşıya
vəzifə qoymuşduq ki, qazlaşdırma bu ilin sonuna qədər
95 faizə çatacaq, biz buna nail olacağıq. İçməli
su layihələrinin icrası, avtomobil yollarının
tikintisi davam edir. Bu il plana görə 2 min kilometr yeni avtomobil
yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin
edilməlidir. Deyə bilərəm ki, yol infrastrukturunun səviyyəsinə
görə Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən,
Azərbaycan dünyada 36-cı yerdədir. Yəni, bunu deyirəm
ki, ictimaiyyət də bilsin, bu sahəyə böyük investisiyalar
qoyulub və qoyulacaqdır.
Suvarma ilə bağlı
qarşımıza qoyduğumuz rəqəm hesab edirəm ki,
təmin olunacaq, 100 min hektar yeni torpaqlara su veriləcək və
300 subartezian quyusunun qazılması nəzərdə tutulur.
Burada artıq deyildi ki, onlardan 175-i qazılıb istifadəyə
verilib.
Sosial infrastrukturla bağlı bütün
işlər plan üzrə gedir. Bu il 137 modul tipli məktəb
tikilib istifadəyə verilməlidir. Bakı şəhərində
12 məktəb əsaslı təmir edilməlidir. Altı xəstəxana
istifadəyə verilməlidir. Onlardan biri Naftalan şəhərində
mənim iştirakımla açıldı və beş
şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Goranboy
şəhərlərində xəstəxanalar bu ilin sonuna qədər,
ya da uzaqbaşı gələn ilin əvvəlində istifadəyə
veriləcək.
Bu il iki Olimpiya İdman Mərkəzi
açılmalıdır, ikisində isə tikinti işləri
gedir. Dörd min məcburi köçkün ailəsi yeni evlərlə
təmin edilməlidir. Artıq Qobuda özəl sektor tərəfindən
mindən çox ailə üçün böyük şəhərcik
açıldı, mən də orada iştirak etmişəm.
İnvestisiya təşviqi mexanizmi işə
düşüb, bunun çox böyük əhəmiyyəti
var. Təsəvvür edin, əgər biz bu sistemi tətbiq
etməsəydik 2,5 milyard manat sərmayəni özəl
sektor qeyri-neft sektoruna qoymazdı. Məhz investisiya təşviqi
sənədinin işə düşməsi nəticəsində
2,5 milyard manat dəyərində olan layihələr indi icra
edilir. Bu, vaxtında atılmış addım idi, öz səmərəsini
verir. Gələcəkdə bu sistem öz səmərəliliyini
göstərəcəkdir.
Sənayenin inkişafı ilə
bağlı yaxın gələcəkdə iki böyük
zavod işə düşəcək. Hər iki zavod
Sumqayıtda yerləşir - polimer zavodu və azot gübrələri
zavodu. Bu zavodlar həm daxili bazarı tam təmin edəcək,
idxaldan asılılıq aradan qaldırılacaq və
böyük ixrac imkanımız yaranacaqdır. Bu zavodların
işə düşməsi deyə bilərəm ki, müstəqillik
dövründə sənaye sahəsində çox önəmli
hadisələr olacaqdır.
Sənaye parklarında rezidentlərin
sayı 50-yə yaxınlaşır. Sənaye
parklarının yaradılması da öz səmərəliliyini
göstərmişdir. Əgər biz bu parkları
yaratmasaydıq, orada investorlara yaxşı güzəştli
şərtlər yaratmasaydıq indi 50-yə yaxın rezident
olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək
layihələrin ümumi dəyəri 3,6 milyard dollardır.
Bax, investisiya təşviqi sənədi 2,5 milyard manat sərmayə
gətirir, sənaye parklarına isə 3,6 milyard dollar sərmayə
qoyuluşu nəzərdə tutulur. Ondan 2,6 milyard dolları
artıq qoyulub. Əlbəttə ki, Azərbaycanda avtomobil
istehsalı başlayıb. Neftçalada ildə 10 min minik
avtomobili istehsal ediləcək. Biz Gəncə avtomobil zavodunda
10 mininci traktorun istifadəyə verilməsini qeyd etmişik. Yəni,
əminəm ki, sənaye parklarının fəaliyyəti
uğurlu olacaq. İndi bir neçə şəhərdə
parklar yaradılır. Təkliflər verilməlidir ki, gələn
il biz bu siyasəti hansı şəhərlərdə davam
etdirə bilərik.
Kənd təsərrüfatı ilə
bağlı qarşıda duran əsas vəzifələr bu
sahədə ən müasir standartları tətbiq etməkdir.
Son illərdə kənd təsərrüfatının
inkişafına böyük diqqət göstərilmişdir.
Demək olar ki, biz texnika parkımızı tamamilə yeniləmişik.
Kənd təsərrüfatı texnikasının
alınması bundan sonra da davam etdiriləcək, ancaq onun əsas
hissəsi həll olunub. Özü də qeyd etməliyəm
ki, dünyanın aparıcı şirkətlərinin
texnikası bu gün bizim tarlalarımızda fəaliyyət
göstərir və fermerlər də bu texnikadan çox
razıdırlar. Bu məqsədlə böyük vəsait nəzərdə
tutulur. Burada qeyd olundu, təkcə bu il 160 milyon manat dəyərində
5 mindən çox texnika alınacaq. Keçən il 10 min
texnika alınmışdır. Ancaq bu sahədə bundan sonra
şəffaflıq tam təmin edilməlidir. Kənd Təsərrüfatı
Nazirliyi qarşısında bu vəzifə qoyulub. Bizim texnika
parkımız tam təftiş edilməlidir. Yeni alınacaq
texnika ilə bağlı çox dəqiq təkliflər
verilməlidir. O texnika bizim kənd təsərrüfatının
ümumi inkişaf dinamikasına uyğun olmalıdır və
prioritetləri də özündə əks etdirməlidir.
Bir daha demək istəyirəm ki, kənd
təsərrüfatı qarşısında duran əsas vəzifə
bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir.
Bəzilərində belə təsəvvür var ki, kənd
təsərrüfatı, necə deyərlər, elə ənənəvi
qayda ilə inkişaf edə bilər. Bu, qətiyyən belə
deyil. Bu gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı
bir neçə dəfə artırır. Biz həm aqrotexniki
tədbirlərlə bağlı texnologiyaları, həm də
su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik.
Elə müasir suvarma sistemləri var ki, hər bir
qarış torpaqdan maksimum səmərə ilə istifadə
olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik
və elektron kənd təsərrüfatı sistemini nəhayət
ki, tətbiq etməliyik. Baxmayaraq ki, mən dəfələrlə
bu məsələ ilə bağlı öz
tapşırıqlarımı vermişdim, elektron kənd təsərrüfatı
sistemi Azərbaycanda istədiyimiz formada, lazım olan formada
mövcud deyil. Problemlər də məhz bundan qaynaqlanır.
Ona görə, ən müasir texnologiyalar tətbiq edilməlidir.
Xarici mütəxəssislər cəlb edilməlidir. Bu istiqamətdə
artıq işlər görülür. Biz hər bir
qarış torpaqdan səmərəli istifadə etməliyik.
Mən dəfələrlə demişəm, kənd təsərrüfatı
Azərbaycanda müəyyən dövrdən sonra ancaq intensiv
yollarla inkişaf edə bilər. Biz hazırda böyük
meliorasiya tədbirlərini görürük ki, suvarılmayan
daha böyük torpaqlara su gətirək. Biz buna nail
olacağıq. Ancaq bizim torpaq, yəni, ərazi
imkanlarımız o qədər də geniş deyil. Ona görə,
ancaq səmərəli kənd təsərrüfatının
inkişafı və yeni texnologiyaların tətbiqi nəticəsində
biz istədiyimizə nail ola bilərik.
Aqroparkların yaradılması ilə
bağlı burada məruzədə məlumat verildi. Qeyd etməliyəm
ki, doğrudan da böyük fermer təsərrüfatlarının
qurulması bu sahədə dönüş yaratdı. Bu
yaxınlarda mənə aqroparkların fəaliyyəti ilə
bağlı geniş məruzə edildi. Dörd aqropark fəaliyyətdədir.
Dördündə də mən açılışda
olmuşam. On dörd aqropark isə bu ilin sonuna qədər
istifadəyə veriləcək. Bitkiçiliklə məşğul
olan bu aqroparklarda məhsuldarlıq ən yüksək səviyyədədir
- taxılçılıqda minimum 50 sentnerdir. Orta göstərici
isə, - bu gün hələ biçin gedir, - hələlik
30 sentnerdir. Bu da əvvəlki dövrə nisbətən məqbul
rəqəmdir. Ancaq Azərbaycanda orta məhsuldarlıq da ən
yüksək səviyyədə olmalıdır.
Dövlət aqroparkların
yaradılmasına çox böyük dəstək göstərir.
Dövlət ancaq infrastruktur layihələrinə 200 milyon
manatdan çox investisiya qoyub, sahibkarlara 100 milyon manatdan
çox güzəştli şərtlərlə kreditlər
verib. Ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə
tutulur. Bu aqroparklara təqribən 1-1,5 milyard manat sərmayə
qoyulacaq.
Bu yaxınlarda Qida Təhlükəsizliyi
Agentliyi yaradıldı. Agentliyin qarşısında çox
ciddi vəzifələr qoyuldu. Qida təhlükəsizliyi bu
gün çox önəmli sahədir. Həm Azərbaycana gətirilən
ərzaq məhsulları standartlara tam uyğun
olmalıdır, eyni zamanda, Azərbaycanda istehsal edilən məhsullar
beynəlxalq standartlara uyğun olmalıdır. İxrac edəcəyimiz
məhsullar da elə səviyyədə olmalıdır ki,
ixracla bağlı problem olmasın. Bunun üçün Qida
Təhlükəsizliyi Agentliyinin fəaliyyəti çox
yüksək səviyyədə təşkil edilməlidir.
İndi bu işlər gedir. Laborator tədqiqatlar,
torpaqların təhlili, münbitliyi – bu işlər çox
böyük dəqiqliklə aparılmalıdır və
fermerlərə tövsiyə verilməlidir ki, hansı
torpaqda hansı məhsul əkilərsə bunun daha çox səmərəsi
olacaqdır.
Bildiyiniz kimi, turizm sektorunun inkişafı
prioritetlər sırasındadır. Mənim qərarımla
Dövlət Turizm Agentliyi yaradıldı. Məhz o məqsədlə
ki, bu sahəyə daha böyük dövlət dəstəyi
göstərilsin. Son illərdə turistlərin sayının
artması çox müsbət haldır. Deyə bilərəm
ki, turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə
20 faiz, bu ilin 6 ayında isə 10 faiz artdı. Mən bunu
demişəm, bir daha demək istəyirəm ki, turizm ixrac sahəsidir.
Çünki bu, ölkəmizə valyuta gətirir. Bu ilin 6
ayında xarici vətəndaşlar Azərbaycanda ancaq bank
kartları ilə 513 milyon manat pul xərcləmişlər.
Bu, ancaq bank kartları ilə xərclənən pullardır və
keçən illə müqayisədə 21 faiz çoxdur. Bu
pullar xidmət sektoruna, iş yerlərinin yaradılmasına,
ictimai obyektlərin fəaliyyətinə, ölkəmizin
iqtisadiyyatına gedir və bizim makroiqtisadi sabitliyimizə
müsbət təsir göstərir.
Bu il üç “ASAN xidmət” mərkəzinin
açılışı nəzərdə tutulur. Onlardan
biri - Mingəçevir “ASAN xidmət” mərkəzi mənim
iştirakımla açıldı. İmişli və Şəki
şəhərlərində bu il iki mərkəz istifadəyə
veriləcək. Beş rayonda yeni mərkəzlərin tikintisi
haqqında göstərişlər verilmişdir.
Görülmüş işlər
arasında böyük əhəmiyyət daşıyan dəmir
yolu layihələridir. Keçən il Bakı–Tbilisi-Qars dəmir
yolunun istifadəyə verilməsi ilə biz demək olar ki,
Şərq-Qərb dəhlizini işə saldıq. Ələt
limanının fəaliyyətə başlaması demək
olar ki, bu zənciri belə tamamladı. İndi biz digər
layihələr üzərində işləyirik.
Bakı-Yalama dəmir yolunun modernləşdirilməsi layihəsi
icra edilir. Gələn ildən başlayaraq biz Bakı-Astara
yolunun modernləşməsinə də başlamalıyıq.
Beləliklə, biz Şimal-Cənub nəqliyyat dəhlizini
daha da sürətləndirəcəyik. Düzdür, indi dəmir
yolu var, yüklər gedir, ancaq sürət
aşağıdır. Sürəti artırmaq
üçün bu istiqamətdə işlər görüləcək.
Bakı-Qəbələ dəmir yolunun
tikintisi layihəsi icra edilir. Bu da turizmin inkişafına
böyük dəstək olacaqdır. Bakı-Gəncə
sürət qatarının xəttə buraxılması ilin
sonuna qədər nəzərdə tutulur. Belə olan halda
hesab edirəm ki, vətəndaşlar Bakıdan Gəncəyə
rahat, komfortlu qatarlarla getməyə üstünlük verəcəklər.
Ən qabaqcıl firmaların sərnişin qatarları da
alınır.
Şəhərətrafı dəmir
yolunun tikintisi layihəsi uğurla icra edilir. Nəzərə
alsaq ki, gələcəkdə Azərbaycan ərazisindən
yükdaşımaların həcmi artacaq, hesab edirəm, Azərbaycanda
vaqonlar və konteynerlər istehsalı öz həllini
tapmalıdır. Mən sahibkarlara müraciət edirəm ki,
bu sahəyə diqqət göstərsinlər. Çünki
bu, çox gəlirli sahə olacaqdır. Bunun əsas
bazarı Azərbaycan olacaq. Çünki konteyner
daşımaları dəfələrlə artacaq. Bizdə isə
konteyner çatmır. Yükləri öz təşəbbüsümüzlə
gətirmək üçün biz gərək konteyner
parkına malik olaq. Ona görə, konteynerlərin istehsalı
həm sahibkarlar üçün, həm dövlətimiz
üçün çox vacib məsələdir. Hesab edirəm
ki, sahibkarlar buna ciddi fikir verəcəklər.
Bu il neft-qaz sahəsində görülmüş
işlər tarixi əhəmiyyət daşıyır. Həm
Cənub Qaz Dəhlizinin, həm TANAP layihəsinin istifadəyə
verilməsi tarixi hadisələrdir. Bunlar dünyada da çox
böyük əks-səda yaradan layihələrdir. Deyə
bilərəm ki, TANAP layihəsi əvvəlcə nəzərdə
tutulmuş, qoyulan sərmayədən daha ucuz başa gəldi.
Biz TANAP layihəsinə başlayanda onun maliyyəsi 11 milyard
dollardan çox səviyyəsində nəzərdə
tutulmuşdu. TANAP layihəsi 8 milyard dollara başa gəlib. Yəni,
bu, onu göstərir ki, Azərbaycan bu işlərə
gör nə qədər məsuliyyətli yanaşır. Biz
hər bir dollara, hər bir qəpiyə nəzarət edirik
ki, bu böyük layihəni az xərclə icra edək.
Görün biz burada nə qədər qənaət etdik.
SOCAR bu yaxınlarda yeni kontraktlar
imzaladı. Yeni kontraktların imzalanması nəzərdə
tutulur. Yəni, bizim neft-qaz sektorumuza maraq azalmır, artır.
Çünki Azərbaycan çox sabit və çox
güclü ölkədir. İndi bizim bütün neft
infrastrukturumuz var. Biz 1994-cü ildə “Əsrin
kontraktı”nı imzalayanda heç bir ixrac kəmərimiz yox
idi. Bakı-Novorossiysk kəməri də sıradan
çıxmışdı. Çox böyük vəsait
qoyulmuşdur. Bu gün bizim Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələrimiz var. TAP
layihəsi icra edilir. Əlbəttə, bütün bu
infrastrukturu biz yaratmışıq. Əlbəttə, xarici
şirkətlər Azərbaycanda bu sahəyə daha
böyük maraqla vəsait qoyacaqlar və qoyurlar.
Hesab edirəm ki, neft-qaz sahəsində
görülmüş bütün işlər ən yüksək
qiymətə layiqdir. Bu sahənin bu ilin sonuna qədər
inkişafı ilə bağlı mənim hər hansı bir
xüsusi tapşırığım yoxdur. Hər şey
qrafik üzrə gedir.
İclasın sonunda bir daha Davos Dünya
İqtisadi Forumunun hesablamalarını Azərbaycan ictimaiyyətinin
diqqətinə çatdırmaq istərdim. Son hesablamalara
görə, Azərbaycan dünya miqyasında rəqabətqabiliyyətliliyinə
görə 35-ci yerdədir. Yol infrastrukturunun inkişafına
görə 36-cı yerdədir. İnkişaf edən ölkələr
arasında inklüziv inkişaf indeksinə görə
3-cü yerdədir. Ümumi infrastrukturun inkişafına
görə dünya miqyasında 26-cı yerdədir. Xalqın
iqtidara dəstəyinə görə dünya miqyasında
20-ci yerdədir. Bax, bu rəqəmlər əyani şəkildə
göstərir ki, Azərbaycan hansı böyük uğurlara
imza atıb. Bu, əyani şəkildə göstərir ki,
bizim siyasətimiz xalq tərəfindən dəstəklənir
və biz elə etməliyik ki, ölkəmizin
inkişafını dayanıqlı və daimi edək. Sağ olun.
Azərbaycan.- 2018.-10 iyul.- S.4-5.