Azərbaycan
iqtisadiyyatı gələcək illərdə daha
da inkişaf edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev iyulun 9-da İsveçrə Konfederasiyasının
federal müşaviri, İqtisadi Məsələlər, Təhsil
və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri
Yohan N.Şnayder-Ammannın başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər
verir ki,
İsveçrə Konfederasiyasının federal
müşaviri, İqtisadi
Məsələlər, Təhsil və Tədqiqatlar üzrə
Federal Departamentin rəhbəri
Yohan N.Şnayder-Ammann
ölkəmizə səfərindən məmnunluğunu bildirərək
dedi ki, gəlişlərində
məqsəd Azərbaycanda gedən inkişaf prosesləri ilə tanış olmaqdan və ölkələrimiz arasında biznes əlaqələrinin daha
da genişləndirilməsi ilə
bağlı məsələləri müəyyənləşdirməkdən
ibarətdir. Eyni zamanda,
qonaq səfər çərçivəsində
nümayəndə heyətinin Azərbaycanın “Bir kəmər, bir yol” layihəsində iştirakı ilə
bağlı daha ətraflı məlumat almaqdan maraqlı olduğunu
dedi. Yohan N.Şnayder-Ammann İsveçrə ilə Azərbaycan
arasında Dünya Bankı və Beynəlxalq
Valyuta Fondu çərçivəsində
də uğurlu əməkdaşlığın
həyata keçirildiyini dedi.
Qonaq TANAP layihəsinin
fəaliyyətə başlaması münasibətilə təbriklərini
çatdırdı. O, Prezident İlham Əliyevin hər il
Davos İqtisadi Forumunda iştirakına görə minnətdarlığını
bildirdi.
Ölkələrimiz arasında
siyasi və iqtisadi sahədə
əlaqələrin çox uğurla inkişaf etdiyini qeyd edən dövlətimizin
başçısı əməkdaşlığın daha da genişləndirilməsi
üçün böyük
potensialın olduğunu dedi.
Prezident İlham Əliyev müxtəlif sahələrdə
biznes əlaqələrinin genişləndirilməsi
üçün də yaxşı
imkanların olduğunu vurğuladı və
bu baxımdan ayrı-ayrı infrastruktur layihələrinin həyata
keçirilməsi, qarşılıqlı investisiyaların
qoyulması sahəsində yaxşı təcrübənin olduğunu dedi. Yohan N.Şnayder-Ammann ilə Davosda
görüşünü xatırlayan Prezident İlham Əliyev bildirdi ki, onun
rəhbərlik etdiyi nümayəndə
heyətinin ölkəmizə bu səfəri
əlaqələrimizin genişləndirilməsi işinə öz töhfəsini verəcək və əməkdaşlığımız
bundan sonra da genişlənəcək. Prezident İlham Əliyev əminliyini ifadə etdi ki, Azərbaycan
iqtisadiyyatı gələcək illərdə də daha da inkişaf
edəcək, ölkəmiz xeyli sayda sənaye və infrastruktur
layihələrinin həyata keçirilməsini
planlaşdırır və Azərbaycan bu
işlərdə İsveçrə şirkətlərinin
iştirakında maraqlıdır.
Söhbət
zamanı qeyd olundu ki, İsveçrə-Azərbaycan Bakıda
keçirilən Biznes Forumu
və orada həm İsveçrədən,
həm Azərbaycandan böyük sayda biznes nümayəndələrinin
iştirakı iqtisadi əməkdaşlığımızın
genişləndirilməsi işinə öz
töhfəsini verəcək.
Görüşdə ölkələrimiz
arasında ticarət, investisiya, nəqliyyat,
səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlığın
perspektivləri ətrafında fikir
mübadiləsi aparıldı.
Azərbaycan.- 2018.-10 iyul.- S.5.