ATƏT
PA-nın sessiyasında Azərbaycan ərazilərinin Ermənistan
tərəfindən işğal edilməsi faktına növbəti
dəfə diqqət cəlb edilib
Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatı Parlament
Assambleyasının (ATƏT PA) Berlində keçirilən
27-ci illik sessiyası davam edir. AZƏRTAC xəbər verir ki,
ölkəmizin parlamentinin ATƏT PA-dakı nümayəndə
heyətinin rəhbəri, Milli Məclisin sədrinin müavini
Bahar Muradova başda olmaqla Azərbaycan qanunverici
orqanının nümayəndə heyəti sessiyada iştirak
edir.
Demokratiya, insan haqları və humanitar məsələlər
komitəsinin bugünkü iclasında kiprli məruzəçi
Kiriakos Kiriaku Haciyanni tərəfindən təqdim olunmuş
“ATƏT çərçivəsində öhdəliklərin
yerinə yetirilməsi: parlamentlərin rolu” adlı qətnamənin
layihəsinə dair debatlar keçirilib.
Azərbaycan nümayəndə heyətinin
rəhbəri müzakirələrdə çıxış
edib. O, həlli uzadılan münaqişələr məsələsinə
toxunaraq öz vətəninin ərazisində doğma
yurdlarından qovulmuş məcburi köçkünlərin
faciəli taleyi məsələsinə diqqəti cəlb edib.
O, ermənilərin və azərbaycanlıların “etnik
uyuşmazlığı” barədə Ermənistanın sabiq
prezidenti Robert Koçaryanın vaxtilə söylədiyi və
böyük hay-küyə səbəb olmuş
biabırçı tezisi xatırladıb. Bahar Muradova
nümayəndə heyətlərinin diqqətini bu fakta cəlb
edib ki, vaxtilə Azərbaycanın Qarabağ regionuna
köçürülmüş erməni əhali indi həmin
ərazidə artıq monoetniklik şəraitində
yaşamaqda davam edir, Azərbaycanın yerli əhalisi isə
Ermənistan tərəfindən Azərbaycana qarşı
törədilmiş təcavüz və Azərbaycan ərazisinin
iyirmi faizinin işğal edilməsi nəticəsində oradan
qovulub. B.Muradova deyib: “Bu, əsas insan haqlarının Yerevan tərəfindən
ciddi pozulması deməkdir”.
Azərbaycan. - 2018.-10 iyul.-
S.6.