ATƏT
PA-nın Ümumi Komitəsinin
iclasında Ermənistan nümayəndə heyəti özünü itirdi
Berlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı Parlament
Assambleyasının (ATƏT PA) siyasi məsələlər
və təhlükəsizlik üzrə ümumi
komitəsinin iclası keçirilib.
İclasın işində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini,
ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin
rəhbəri Bahar Muradovanın
başçılıq etdiyi nümayəndə
heyəti iştirak edib.
Bir
sıra deputatların çıxışında qeyd olunub ki,
bir dövlətin silahlı qüvvələrlə
digər dövlətin ərazisini işğal
etməsinə bəraət qazandırmaq üçün
işğalçı dövlətlər bəzən "öz müqəddəratını təyinetmə"
prinsipini düzgün
izah etmirlər. Öz tərəfimizdən xatırladaq ki,
Ermənistan da məhz bu
cür davranır, öz
silahlı qüvvələri ilə Azərbaycanın
Dağlıq Qarabağ regionunu
işğal etməsini guya
"öz müqəddəratını
təyin etməyi" reallaşdıran "xeyirxah"
iş kimi qələmə
verməyə çalışır.
AZƏRTAC xəbər verir ki, ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli
Məclisinin deputatı Azay Quliyev öz nitqində həmkarlarını
regional təhlükəsizlik məsələlərində
etimadın möhkəmləndirilməsi üzrə dialoqu intensivləşdirməyə
çağırıb. Onun sözlərinə
görə, silahlanma üzərində nəzarət
barədə istənilən danışıq münaqişələrin
ilkin səbəbi nəzərə
alınmaqla aparılmalı, ümumi
kontekstdən ayrı-ayrı elementlər
çıxarılmamalıdır. "Etimad çatışmazlığı hər
hansı mexanizmin olmaması və ya görülən tədbirlərin
azlığından deyil, ayrı-ayrı
dövlətlərin bütün sənədlərdə,
o cümlədən ATƏT-in sənədlərində
də əksini tapan beynəlxalq hüququn normalarına aşkar
məhəl qoymamasının nəticəsidir. Əsrin
dörddəbirindən çoxdur ki, biz regionumuzda
suverenliyin və ərazi bütövlüyünün
pozulduğunu müşahidə edirik. Bir çox
münaqişələrin əsasında elə bu cür pozulma
dayanır", - deyən Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini buna əyani nümunə kimi
göstərib.
Deputat
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
işğal edilmiş
ərazilərində qeyri-qanuni təlimlərini
və Ermənistanın bu ərazilərdə
öz hərbi cəbbəxanasını,
o cümlədən 45 minlik
işğalçı hərbi bölməsini beynəlxalq
monitorinqdən gizlətməsi barədə müəyyən edilmiş faktları xatırladıb. "Bu, regional təhlükəsizliyə
ciddi təhdiddir", - deyə Azay Quliyev
vurğulayıb.
Ermənistan nümayəndə
heyətinin rəhbəri Ermine Naqdalyan bütün məsələlərdə
Azərbaycanı ittiham etməklə təqsiri
qarşı tərəfə yıxmağa
çalışsa da, onun
mənasız çıxışı heç
kəsdə təsir oyatmayıb. Onun Azərbaycanı
hərbi təlimlər keçirməsinə görə ittiham etməsi xüsusilə cəfəng görünüb. Bununla
belə xatırlatmayıb ki, Ermənistandan
fərqli olaraq Azərbaycan bu təlimləri işğal
edilmiş qonşu ərazilərdə
deyil, öz suveren ərazisində keçirir
və buna tam haqqı
var.
Ondan
sonra söz alan deputat Elşad
Həsənov həm xanım Naqdalyana, həm
də iştirak edən bütün
həmkarlarına xatırladıb ki, hərbiləşdirmənin
beynəlxalq səviyyədə qəbul edilən meyarına
görə, ölkənin hərbi xərclərinin onun ÜDM-ə nisbəti
hesablanır. Bu baxımdan Azərbaycan və
Ermənistan arasında rəqəmlər müvafiq
olaraq 3,6 faiz və 4,1
faizdir. Beləliklə, Ermənistan hərbiləşdirilmə
dərəcəsinə görə Avropada
birinci və dünyada
üçüncü ölkədir.
"Onsuz da cüzi olan dövlət
büdcəsini sosial proqramlara
xərcləmək əvəzinə, Ermənistan öz vətəndaşlarını lazımi
səhiyyə, təhsil və s. məhrum
edir, silahlanmağı davam
etdirir", - deyə azərbaycanlı deputat bildirib.
Ondan sonra söz alan Ermənistan deputatı Karen
Bekaryan cavab verməyə
çalışsa da, lakin
onun nitqi tamam qeyri-müəyyən səmtə yönəlib,
ümumiyyətlə, sessiyanın ümumi
mövzusundan kənara çıxıb. O, hansısa "feyk xəbərlər"
və "ksenofobiya" haqqında
danışarkən unudub ki,
özü bütün
ATƏT məkanında ən monoetnik
ölkəni təmsil edir və məhz onun ölkəsinin sabiq prezidenti ermənilərin və azərbaycanlıların
"etnik cəhətdən bir araya
sığmazlığından" danışmışdı.
Beləliklə,
Azərbaycan nümayəndə heyəti növbəti dəfə
ATƏT PA-nın üzvlərini Ermənistan üçün
münasib olmayan və
gizlətdiyi faktlar barədə məlumatlandırdığı
halda, erməni həmkarlar əks-arqument
axtarışında öz köməksizliklərini
nümayiş etdirdilər.
Azərbaycan.- 2018.-10 iyul.- S.6.