ATƏT
PA qətnamə layihəsinə ermənilərin düzəlişini
rədd edib
Berlində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı Parlament
Assambleyasının (ATƏT PA) 27-ci illik
sessiyası çərçivəsində qurumun
iqtisadiyyat, elm, texnologiyalar və ətraf mühit
məsələləri komitəsinin iclası keçirilir.
İclasda “ATƏT çərçivəsində
öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu” qətnamə layihəsi
müzakirə olunur. Layihənin müəllifi
Gürcüstandan olan
məruzəçi Sofio Katsaravadır.
Ermənistan
nümayəndə heyəti məcburi köçkünlərin
və münaqişə zonalarında yaşayan
şəxslərin bərabər hüquqlarla
təmin edilməsini, habelə münaqişə
zonalarında yaşayan şəxslərin
probleminin ATƏT-in gündəliyinə daxil edilməsini nəzərdə tutan düzəliş təqdim edib.
Görünür,
bu düzəliş Azərbaycanın
Dağlıq Qarabağ regionunun
Azərbaycan və erməni icmalarının aqibətinin bərabərləşdirilməsinə,
habelə Yaxın Şərqdən gəlib işğal
edilmiş ərazilərdə qanunsuz məskunlaşan erməni
miqrantlarına siyasi status
verilməsinə hesablanıb.
Azərbaycan
nümayəndə heyətinin üzvü
Kamran Nəbizadə qeyd
edib ki, ATƏT-in siyasi təqvimində “münaqişə
zonalarında yaşayan şəxslər”
məfhumu yoxdur və deməli, Ermənistan
tərəfinin düzəlişi bu qətnamənin
mahiyyətinə və ruhuna ziddir.
Azərbaycandan olan
deputatın etirazı ATƏT PA üzvləri tərəfindən
anlayışla qarşılanıb və bu
da səsvermənin gedişinə təsir
göstərib.
Ermənistan nümayəndə
heyətinin düzəlişi səs çoxluğu
(22 səs əleyhinə, 2 səs lehinə) ilə rədd edilib.
AZƏRTAC
Azərbaycan.- 2018.-10 iyul.- S.6.