Ərdoğan
ilk səfərini Azərbaycana edir
Türkiyə
Prezidenti bu gün Bakıya gələcək
Türkiyədə keçirilmiş son
seçkilərin qalibi olan
Prezident Rəcəb Tayyib
Ərdoğan bu gün
Azərbaycana gəlir. Bu, Türkiyənin
dövlət başçısının növbəti
müddətə vəzifə səlahiyyətlərinin
icrasına başlamasından sonra ilk rəsmi xarici səfəridir.
Əlbəttə, bir dövlət başçısının başqa bir ölkəyə
səfəri ikitərəfli əlaqələrdə mühüm siyasi hadisə
hesab olunur. Amma bu səfərin başqa bir özəlliyi
var. Belə ki, Bakıya
budəfəki gəlişi ilə R.T.Ərdoğan həm Azərbaycanda,
həm Türkiyədə formalaşmış mühüm bir siyasi ənənəni davam
etdirir: yəni ilk rəsmi
xarici səfərini qardaş
ölkəyə edir.
Dünya
miqyasında bir-birinə ən yaxın müttəfiq ölkələr
Bəli, Azərbaycanla Türkiyə
arasındakı münasibətlərə rəmzi baxımdan
xüsusi rəng qatan
mühüm məqamlardan biri
də seçkilərdən sonra dövlət
başçılarının etdikləri səfərlərdir.
Azərbaycan Prezidenti seçkilərdən
sonra ilk səfərini
Türkiyəyə, qardaş ölkənin
rəhbəri isə Azərbaycana edir. Bundan əvvəl,
aprel ayında növbəti müddətə
Azərbaycan Prezidenti seçilmiş
cənab İlham Əliyevin də
andiçmə mərasimindən sonra ilk rəsmi səfərini Türkiyəyə
etməsi bir daha təsdiqləmişdi
ki, davam etdirilən bu xoş ənənə
ölkələrimiz arasında strateji əməkdaşlığa
və müttəfiqliyə verilən yüksək önəmin
göstəricisidir.
Həmin səfər zamanı
R.T.Ərdoğanla birgə mətbuata bəyanatında Prezident İlham Əliyev bildirmişdi ki, bu ənənə Türkiyə və Azərbaycanın
bir-birinə ən yaxın ölkələr olduğunu
göstərir: “Prezident seçkilərindən
sonra mən ilk səfərimi
qardaş ölkəyə etmişəm. Bu, təbiidir. Siz də qeyd etdiyiniz kimi, bu, bir
ənənədir. Bu ənənə onu göstərir ki, bu gün Türkiyə və
Azərbaycan dünya çapında
bir-birinə ən yaxın olan ölkələrdir,
ən yaxın müttəfiqlərdir”.
Türkiyədəki
24 iyun seçkilərinin nəticələri
bu ölkənin hərtərəfli
inkişafı və çiçəklənməsi yolunda hazırkı rəhbərliyin fəaliyyətinə
və xidmətlərinə xalq tərəfindən
verilən yüksək qiymət idi. Azərbaycan
cəmiyyəti də hər zaman qardaş ölkədə bugünkü
siyasi-ictimai sabitliyin və
iqtisadi inkişafın davamlı
olmasını arzulayır.
Təsadüfi deyil
ki, seçkilərdən dərhal sonra R.T.Ərdoğanı ilk
təbrik edən Prezident İlham
Əliyev olmuşdu. Bu
faktın özü Türkiyə siyasi həyatında baş
verənlərin Azərbaycanda da yaxından
izlənilməsinin göstəricisidir. Məktubunda
R.T.Ərdoğana ən səmimi təbriklərini yetirən,
qardaş Türkiyə xalqının
yüksəlişi naminə əzmkar və fədakar
işində uğurlar diləyən Prezident İlham Əliyev
həmçinin onu Azərbaycana rəsmi
səfərə dəvət etmişdi.
Və budur, andiçmədən sonra Türkiyənin dövlət
başçısı Azərbaycana gəlir.
Analoqu olmayan əlaqələr
Bu gün Azərbaycanın bütün
türk dövlətləri ilə sıx
siyasi, iqtisadi, humanitar və mədəni əlaqələri
mövcuddur. Bunların arasında
Türkiyə ilə münasibətlər xüsusilə diqqəti
çəkir. Prezident İlham
Əliyevin də qeyd etdiyi
kimi, hazırda bu iki qardaş ölkə
arasındakı əlaqələrin dünyada
analoqu yoxdur. Elə buna görə də Azərbaycan-Türkiyə
əlaqələrindən söz
açdıqda diqqəti cəlb edən əsas məsələ
əməkdaşlığın genişləndirilməsi və
ya dərinləşdirilməsi deyil, bu iki
türk dövləti arasındakı dostluq və qardaşlıq münasibətlərinin
özünün ən yüksək zirvəsinə
çatmasının əsas müzakirə mövzusu
olmasıdır.
Eyni
kökdən qaynaqlanan etnik
ortaqlıqla, dil və mədəniyyət
kimi mühüm dəyərlərlə
bir-birinə bağlı olan müasir Azərbaycan və Türkiyə
dövlətləri yalnız mehriban qonşuluq münasibətlərini deyil, həm də ölkələrimizin daha da
yaxınlaşmasını şərtləndirən
mənəvi amilləri də əsas tutaraq
əlaqələrin daha da
inkişafı və dərinləşməsi üçün
qarşılıqlı olaraq bütün zəruri addımları
atıblar. Ona görə iki
ölkə arasındakı münasibətlərdə hər
hansı boşluq tapmaq
çətindir.
Təməlində
qırılmaz dostluq və
qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə
münasibətləri bu gün
həm də strateji önəm
daşıyır. Təsadüfi deyil ki, Türkiyə Dağlıq Qarabağ
məsələsində ilk gündən
Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
və işğalçı Ermənistanla heç
bir siyasi-diplomatik
münasibət qurmur. Tarixdə nadir hallarda görünən
bu cür
yaxınlıq hər iki ölkəyə
etimad və firavanlıq verir,
xoş və dar
günlərdə davam edən daimi xarakter
daşıyır.
Uğurlu əməkdaşlığın
parlaq nümunələri
Onu da qeyd etmək yerinə
düşərdi ki, ötən 10 ildə
həm Azərbaycan, həm Türkiyə çox
böyük inkişaf
yolu keçmişdir.
Təbii ki, bu inkişaf həm də iki
ölkənin münasibətlərində özünü
göstərir. Bu 15 ildə məhz Azərbaycanın təşəbbüsləri
sayəsində Türkiyə ilə energetika
sahəsində əməkdaşlıq dərinləşib, o cümlədən bu iki türk dövləti
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi
dəmir tellərlə bir-birinə daha
sıx bağlanıb. İdeya təşəbbüsü
yenə də Azərbaycana məxsus olan
Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu birliyin daha
möhtəşəm görüntüsünü
yaradır. TANAP kəməri isə Azərbaycanla Türkiyə
arasındakı sosial, iqtisadi
və digər sahələrdə indiyədək mövcud olan
qardaşlıq münasibətlərinə mühüm
yeni dəstəkdir.
Bütün bu layihələrin gerçəkləşməsində
Azərbaycanın bölgədə həyata keçirdiyi
müstəqil siyasət mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə
dostluğu və qardaşlığı
sayəsində birgə həyata keçirilən layihələr
regionun inkişafında, Avropa
ilə Asiya arasında mühüm
enerji, kommunikasiya dəhlizinin
yaradılmasında böyük rol oynayır: “Birgə gerçəkləşdirdiyimiz
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft
və qaz kəmərləri,
Bakı-Tbilisi-Qars dəmir yolu xətti, bu yaxınlarda
açılışını etdiyimiz
TANAP layihəsi uğurlu əməkdaşlığımızın
parlaq nümunələridir”.
Bütün bunlar həm də onu
göstərir ki, bu gün Azərbaycanla Türkiyəni təkcə
ortaq mənəvi və milli
dəyərlər birləşdirmir. Bizi
həm də ortaq layihələr və hədəflər
və eyni siyasi maraqlar birləşdirir. Bütün
bunlar həm də seçkilərdən sonra Türkiyənin yeni seçilmiş Prezidentinin
ilk səfərinin məhz Azərbaycana,
Azərbaycan Prezidentinin isə qardaş ölkəyə etməsini həm siyasi, həm də mənəvi baxımdan
şərtləndirir. Bu ruhda
formalaşan səfər ənənəsi
isə iki türk
dövlətinin bir-birinə sıx
bağlılığını, eyni zamanda daim bir-birlərinin
yanında olduqlarını bütün dünyaya nümayiş etdirir. Bu səfərlər eyni zamanda təsdiq edir ki, Azərbaycan və Türkiyə
arasındakı münasibətlər türk
dünyasının dahi şəxsiyyətləri
olan Heydər Əliyevin və Mustafa Kamal Atatürkün
vəsiyyətlərinə uyğun olaraq daha da
möhkəmlənir və sarsılmaz olur.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2018.-10 iyul.- S.1; 7.