İsveçrə
şirkətləri Azərbaycanda həyata keçirilən
investisiya layihələrində birgə fəal iştiraka dəvət
ediliblər
2019-cu ilin əvvəlində
İsveçrədə Azərbaycan Respublikası Hökuməti
ilə İsveçrə Federal Şurası arasında ticarət
və iqtisadi əməkdaşlıq üzrə Birgə
Komissiyanın 8-ci iclasının keçiriləcəyi
gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə
iqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə
Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər,
Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri
Yohan N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşündə deyib.
Ölkəmizdə səfərdə
olan İsveçrə Konfederasiyasının federal
müşaviri, İqtisadi Məsələlər, Təhsil və
Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan
N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə
heyəti əvvəlcə Şəhidlər Xiyabanında Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda canlarından keçmiş qəhrəmanlarımızın
xatirəsini ehtiramla yad edib, "Əbədi Məşəl"
abidəsi önünə əklil qoyub.
Sonra Bakı Biznes Mərkəzində
iqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə
Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər,
Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri
Yohan N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Görüşdə nazir Şahin
Mustafayev Azərbaycan-İsveçrə əlaqələrinin
inkişaf etdiyini, Azərbaycan Respublikası Prezidentinin ölkələrimiz
arasında əməkdaşlığın genişlənməsinə
önəm verdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycanın
dövlət başçısı hər il İsveçrənin
Davos şəhərində keçirilən Dünya
İqtisadi Forumunda və digər mühüm tədbirlərdə
iştirak edir.
Azərbaycan Respublikası Hökuməti
ilə İsveçrə Federal Şurası arasında ticarət
və iqtisadi əməkdaşlıq üzrə Birgə
Komissiyanın iclasları və digər tədbirlər
keçirilir, iqtisadi əməkdaşlığın
genişləndirilməsi müzakirə edilir. 2019-cu ilin əvvəlində
İsveçrədə Komissiyanın 8-ci iclasının
keçiriləcəyi gözlənilir.
Hazırda Azərbaycanda İsveçrə
kapitallı 71 şirkət fəaliyyət göstərir. Azərbaycan
bankçılıq və maliyyə sahəsində SECO
(İqtisadi Məsələlər üzrə Dövlət
Katibliyi) və SDC (Əməkdaşlıq və
İnkişaf Agentliyi) ilə geniş əməkdaşlıq
həyata keçirir. Belə ki SECO ilə 38 layihə, SDC ilə
isə 16 layihə icra olunur. İsveçrə isə Azərbaycana
730 milyon dollara yaxın, Azərbaycan tərəfindən
İsveçrəyə 1,2 milyard dollar investisiya
yatırıb. SOCAR İsveçrədə uğurla fəaliyyət
göstərir.
Qeyd edilib ki, 2017-ci ildə ölkələrimiz
arasında ticarət dövriyyəsi 240 milyon dollar təşkil
edib ki, bu da 40 faizdən çox artım deməkdir. Bu il də
artım tendensiyasi davam edir və bu ilin yanvar-may aylarında
ticarət dövriyyəsi 80 faizdən çox artıb.
Bu yaxınlarda İqtisadiyyat Nazirliyi tərəfindən
İsveçrəyə təşkil olunmuş ixrac
missiyası çərçivəsində keçirilən
görüşlərdə Azərbaycanın fındıq məhsullarının
İsveçrəyə ixracına dair ilkin razılaşmalar
əldə olunub. Bu sahədə Azərbaycanın
potensialı böyükdür və ölkəmiz əsas
fındıq ixracatçılarındandır.
Azərbaycanın geniş nəqliyyat
infrastrukturu və tranzit potensialı barədə məlumat
verən nazir Şahin Mustafayev deyib ki, İsveçrə
şirkətləri Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının imkanlarından yararlana, eləcə
də Ələtdə yaradılacaq Xüsusi İqtisadi Zonada
fəaliyyət göstərə bilərlər.
Gələcək əməkdaşlıq
istiqamətləri barədə danışan Şahin
Mustafayev sənaye, kənd təsərrüfatı, investisiya
qoyuluşu, əczaçılıq və tibb xidməti,
tranzit daşımaları, turizm və s. sahələrdə əlaqələrin
genişləndirilməsi imkanlarını, iş adamları
arasında əməkdaşlığın təşviqi üçün
biznes forumların, sərgi və yarmarkaların təşkilinin
davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Həmin gün rəsmi şəxslərin
və iş adamlarının iştirakı ilə
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İsveçrə
biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə
yanaşı, hər iki tərəfdən maliyyə və
sığorta, bankçılıq, əczaçılıq,
tikinti, kənd təsərrüfatı, turizm, logistika və
digər sahələrdə fəaliyyət göstərən
şirkətlərin nümayəndələri iştirak edib.
Biznes forumda Azərbaycan iqtisadiyyatı
barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib
ki, bu ilin birinci yarısında ölkəmizdə ÜDM 1,3
faiz, qeyri-neft ÜDM-i 2 faiz artıb. Azərbaycanın
iqtisadiyyatda əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatların
hesabatlarında da öz əksini tapıb. Azərbaycan 2018-ci
il üzrə Dünya İqtisadi Forumunun "Qlobal rəqabətlilik
reytinqi"ndə 137 ölkə arasında 35-ci, Dünya
Bankının "Doing Business" hesabatında 190 ölkə
arasında 57-ci, Dünya İqtisadi Forumunun İnklüziv
İnkişaf Reytinqində inkişafda olan ölkələr
arasında 3-cü yerdə qərarlaşıb.
İqtisadiyyat naziri son illər ərzində
Azərbaycan-İsveçrə iqtisadi əməkdaşlığının
uğurla inkişaf etdiyini və iki ölkə arasında əlaqələrin
genişləndirilməsində özəl bölmənin
rolunu vurğulayıb.
Azərbaycan və İsveçrə
iş adamları arasında əlaqələrin genişlənməsi,
yeni əməkdaşlığın qurulması baxımdan
bugünkü biznes forumun əhəmiyyətini qeyd edən
iqtisadiyyat naziri İsveçrə şirkətlərini Azərbaycanda
həyata keçirilən investisiya layihələrində,
ölkədə yaradılan sənaye parklarında və məhəllələrində,
aqroparklarda birgə fəal iştiraka dəvət edib.
İsveçrə
Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər,
Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri
Yohan N.Şnayder-Ammann Azərbaycan iqtisadiyyatının
inkişafından məmnunluğunu və ölkəmizin
iqtisadiyyatına investisiya yatırmaqda maraqlı
olduqlarını diqqətə çatdırıb.
Yohan N.Şnayder-Ammann İsveçrə
və Azərbaycan arasında iqtisadi əlaqələrin daha
da genişləndirilməsi üçün mövcud
potensialdan istifadənin, iş adamları arasında əlaqələrin
genişləndirilməsinin İsveçrə-Azərbaycan
iqtisadi-ticarət əməkdaşlığının
inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin
inkişaf istiqamətləri barədə fikirlərini diqqətə
çatdırıb.
Tədbir çərçivəsində
Azərbaycanın və İsveçrənin biznes və
investisiya mühiti barədə təqdimatlar keçirilib.
Biznes forum iş adamları arasında
ikitərəfli görüşlərlə davam edib.
Daha sonra İsveçrə
Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər,
Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri
Yohan N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə
heyəti Sumqayıt Kimya Sənaye Parkına (SKSP) səfər
edib, burada görülən işlərlə və investorlar
üçün yaradılmış əlverişli şəraitlə,
SKSP-da inşa olunan İsveçrə investisiyalı tikinti
qatqılarının istehsalı zavodu ilə tanış
olub.
Azərbaycan. - 2018.-10 iyul.-
S.8.