Türkiyə-Azərbaycan birliyi.
dostluğu regional sabitlik üçün böyük fayda
verir
İyulun 10-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata
bəyanatlarla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
dövlətimizin başçısı İlham Əliyev bəyanatla
çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
-Əziz Qardaşım, hörmətli cənab
Prezident.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Cənab Prezident, Sizi Azərbaycanda səmimi qəlbdən
salamlayıram, ölkəmizə, öz Vətəninizə
xoş gəlmisiniz.
Fürsətdən istifadə edərək, ilk
növbədə, Sizi prezident seçkilərində
qazandığınız inamlı qələbə münasibətilə
bir daha ürəkdən təbrik edirəm, Sizə gələcək
fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Biz çox şadıq ki, Siz seçkilərdən
sonra ilk rəsmi səfərinizi Azərbaycana edirsiniz. Dünən
Türkiyədə Sizin andiçmə mərasiminiz
keçirilmişdir və bu gün Siz Azərbaycanda rəsmi
səfərdəsiniz. Bu, bir daha onu göstərir ki,
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı
sarsılmazdır, əbədidir. Sizin səfəriniz bir daha
Türkiyə-Azərbaycan qardaşlığının
nümunəsidir, bir daha bizim birliyimizi göstərir.
Türkiyə xalqı Sizə yenidən böyük
etimad, dəstək göstərmişdir. Siz uzun illər ərzində
Türkiyənin inkişafı üçün çox
böyük işlər görürsünüz. Sizin
liderliyiniz ilə Türkiyə böyük və şərəfli
yol keçmişdir, dünya miqyasında böyük gücə
çevrilmişdir. Türkiyə bu gün beynəlxalq məsələlərdə
söz sahibidir. İqtisadi islahatlar uğurla aparılır. İqtisadi
inkişafa görə Türkiyə dünya miqyasında ən
qabaqcıl yerlərdədir. Sizin liderliyinizlə Türkiyədə
sabitlik tam bərqərar olub. Biz Azərbaycan xalqını
Türkiyənin uğurları çox sevindirir. Türkiyə-Azərbaycan
əlaqələrinin bu səviyyəyə çatmasında
bizim birgə səylərimiz də mühüm rol oynayır.
Bizim aramızda şəxsi dostluq əlaqələri
mövcuddur və bu əlaqələr ölkələrimizi
bir-birinə daha sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan
əlaqələri ən yüksək zirvədədir. Biz
bütün məsələlərdə bir yerdəyik,
bütün beynəlxalq məsələlərdə
bir-birimizi daim dəstəkləyirik, bir-birimizin
yanındayıq. Türkiyə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
işində daim Azərbaycana böyük dəstək
göstərir. Dünya miqyasında bu məsələ ilə
bağlı Azərbaycana ən böyük dəstək verən
ölkə Türkiyədir.
Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız Ermənistan
tərəfindən işğal edilib. Bu işğal nəticəsində
xalqımız etnik təmizləməyə məruz qalıb.
Bu münaqişənin tezliklə həlli beynəlxalq
hüquq normalarının bərpası demək olacaqdır.
BMT Təhlükəsizlik Şurası münaqişə ilə
bağlı 4 qətnamə qəbul etmişdir. Orada
açıq-aydın göstərilir ki, erməni silahlı
qüvvələri Azərbaycanın torpaqlarından dərhal
və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr
icra edilməlidir, ölkəmizin ərazi
bütövlüyü bərpa olunmalıdır.
Türkiyənin bu məsələ ilə
bağlı mövqeyi beynəlxalq hüquq normalarına
uyğundur və eyni zamanda, Türkiyə-Azərbaycan
qardaşlığına, dostluğuna əsaslanır. Azərbaycan
da öz növbəsində, bütün məsələlərdə
daim Türkiyəni dəstəkləyir. Bizim birgə fəaliyyətimiz
bundan sonra da davam etdiriləcəkdir.
Bu gün keçirdiyimiz görüş əsnasında
bir çox məsələlər haqqında fikir mübadiləsi
aparıldı. Görülmüş işlər təhlil
edildi, gələcək planlar haqqında müzakirələr
aparıldı. Bizim ticarət dövriyyəmiz artır və
daha da artmalıdır. Qarşılıqlı sərmayə
qoyuluşu davam edəcək. Bu günə qədər Azərbaycan
Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə
qoyub. Türkiyə şirkətləri isə Azərbaycana 12
milyard dollardan çox vəsait yatırıblar. Bu
böyük rəqəmlər, əslində, bizim əlaqələrimizi
göstərir. Çünki ancaq qardaş ölkələrə
bu qədər böyük sərmayə qoyula bilər.
Bildiyiniz kimi, biz ölkələrimiz,
xalqlarımız və dünya üçün böyük əhəmiyyət
daşıyan enerji layihələrini birlikdə həyata
keçiririk. Keçən ay Əskişəhər şəhərində
TANAP-ın açılışında bərabər
olmuşuq. Bu, təbiidir və çox böyük məntiqə
əsaslanır. Çünki TANAP layihəsinin təməlini
biz 2012-ci ildə İstanbulda birlikdə qoymuşuq.
Aramızda imzalanmış TANAP üzrə saziş artıq
gerçəkləşdi və bu tarixi layihəyə start
verildi.
“Cənub Qaz Dəhlizi” layihəsinin uğurla
icrası başa çatır. TANAP layihəsinin başa
çatması bu istiqamətdə atılan çox
böyük addımdır. Bildiyiniz kimi, əvvəlki illərdə
də digər böyük enerji layihələri birlikdə həyata
keçirilib. Türkiyə və Azərbaycan Avrasiyanın
enerji xəritəsini yenidən tərtib ediblər.
Nəqliyyatla bağlı layihələr həm
ölkələrimizi gücləndirir, eyni zamanda, qitələr
arasında sağlam bağlantı yaradır. Yəni, bizim
birgə səylərimiz nəinki ölkələrimiz
üçün, bütün bölgə üçün və
Avrasiya üçün böyük əhəmiyyət
daşıyır. Türkiyə-Azərbaycan birliyi,
dostluğu regional sabitlik üçün böyük fayda
verir. Əminəm ki, Türkiyənin və Azərbaycanın
birgə səyləri ilə bölgədə sülh
yaranacaq. Türkiyənin hərbi potensialı çox
güclüdür. Dünya miqyasında Türkiyə Ordusu ən
güclü ordular sırasındadır. Hərbi sahədə
bizim əməkdaşlığımız çox uğurla
davam edir. Bu il hərbçilərimiz arasında yeddi hərbi
təlim keçiriləcəkdir, onlardan üçü
keçirilib. Azərbaycan Türkiyədən böyük
sayda hərbi texnika alır. Ötən ay Azərbaycanda
keçirilmiş hərbi paradda bu texnikanın bir hissəsi
göstərilmişdir.
Bizim əlaqələrimiz çoxşaxəlidir.
Əlaqələrin təməlində
xalqlarımızın, dövlətlərimizin birliyi, ortaq
maraqları dayanır. Biz dostuq, qardaşıq. Türkiyə
Prezidentinin seçkilərdən sonra birinci səfərini Azərbaycana
etməsi bunu bir daha göstərir.
Əziz Qardaşım, Sizi bir daha salamlayıram. Sizə
gələcək fəaliyyətinizdə yeni uğurlar
arzulayıram. Sağ olun.
***
Sonra qardaş Türkiyə dövlətinin
başçısı Rəcəb Tayyib Ərdoğan bəyanatla
çıxış etdi.
Prezident Rəcəb Tayyib
Ərdoğanın bəyanatı
- Hörmətli cənab Prezident, əziz
qardaşım.
Dəyərli mətbuat nümayəndələri.
Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Əvvəlcə sizləri öz adımdan və
nümayəndə heyətim adından ən səmimi
duyğularla salamlayıram. İyunun 24-də keçirilən
seçkilərdən sonra dünən prezident kimi and
içdim. Məndən əvvəl deputat
yoldaşlarımız and içdilər. Prezident kimi and
içdikdən sonra ilk səfərimi bu səhər
qardaş, dost Azərbaycana etmək vəzifəmizi yerinə
yetirmək istədim. İstər təkbətək, istərsə
də nümayəndə heyətləri arasında
görüşlərdə bu günə qədər harada
idik və bundan sonra harada olmalıyıq - bunları
müzakirə etmək, nəzərdən keçirmək
imkanımız oldu.
Təbii ki, Azərbaycan ilə istər enerji sahəsindəki
əlaqələrimiz, istərsə də müdafiə sənayesi
istiqamətində addımlarımız çox böyük əhəmiyyət
daşıyır. Bundan sonrakı prosesdə də TANAP layihəsi,
- bizim üçün, Azərbaycan üçün həyati
əhəmiyyətli layihədir, - təkcə Azərbaycan-Türkiyə
deyil, eyni zamanda, Azərbaycan-Avropa bağlantısını qurmaq
baxımından böyük əhəmiyyət kəsb edir.
Bu layihə bizi ciddi mənada maraqlandırır və bu,
qardaşlığımızın bir təzahürü
olaraq, eyni zamanda, strateji investisiya yatırılması
baxımından da əhəmiyyətlidir. TANAP ilə əlaqədar
Əskişəhərdə atdığımız addım həqiqətən
də həyati bir addımdır. Bütün bunlardan
başqa, Azərbaycanın sərmayə sahəsində
Türkiyədəki Əliağa layihəsi həqiqətən
hər cür təqdirdən daha böyükdür. Bu layihə
təməli qoyulduğu gündən get-gedə davam edən,
böyüyən bir sərmayə olaraq özünü
göstərir. İndi də, inşallah, bu sərmayəni
daha da genişləndirməyin və
reallaşdırılmaqda olan bəzi layihələrin də
payızda açılışını etməklə
bunları birlikdə həyata keçirəcəyik.
Təbii ki, bizim Türkiyə-Azərbaycan əlaqələrimiz,
bildiyiniz kimi, “Bir millət, iki dövlət”
anlayışı əsasında inkişaf edir. Bu
anlayışa bağlı olaraq əlaqələrimizi bu səviyyəyə
çatdırdıq və irəliyə aparmaqda davam edəcəyik.
Gəldiyimiz andan etibarən göstərilən ev
sahibliyinə görə şəxsən öz adımdan və
nümayəndə heyətim adından ayrıca təşəkkür
edirəm. Hazırda ikitərəfli ticarət dövriyyəmiz
hər keçən gün artır. Yüksək səviyyəli
səfərlər gündən-günə artaraq davam edir.
Bunlar aramızdakı qardaşlıq duyğularının nə
qədər yüksək səviyyədə olduğunu
göstərməsi baxımından çox vacibdir.
Müdafiə sənayesi sahəsində Türkiyə
ilə Azərbaycan arasındakı əlaqələr də
bu baxımdan əhəmiyyət daşıyır. Türkiyə
müdafiə sənayesi sahəsində, bildiyiniz kimi, bundan 15
il əvvəl möhtac bir millət ikən, indi
ehtiyaclarının böyük bir qismini artıq özü
ödəyə bildiyi səviyyəyə gəlib - 20 faiz səviyyəsində
ikən, hazırda 65 faizini özü ödəyən ölkəyə
çevrilib. Bununla da müdafiə sənayesi sahəsində
də ixracatı artıran bir Türkiyə var. Təbii ki,
bunu qardaş ölkələrlə fərqli bir şəkildə
bölüşmək istəyirik.
Digər bir məsələ ilə bağlı - xüsusilə
Azərbaycanda FETÖ ilə mübarizəyə İlham
qardaşımın verdiyi dəstəyə görə öz
adımdan və millətim adından ona təşəkkür
edirəm. Çünki onlar burada da özlərinə yer
tapmağa cəhd göstərdilər. Bunun üçün
hər vasitəyə əl atdılar. Fəqət, istər
İlham qardaşımın bu məsələdə həssaslığı,
istərsə də bizdə olub, Azərbaycan əleyhinə fəaliyyət
göstərənlərə qarşı koordinasiyalı
işimiz bir çox məsələnin ardıcıl həll
olunmasını təmin etdi. Maarif Vəqfimiz ilə,
inşallah, Azərbaycanın Təhsil Nazirliyinin birlikdə həyata
keçirəcəyi fəaliyyətlə buradakı
boşluğu da aradan qaldırmaq imkanı əldə edəcəyik.
Təbii ki, ikitərəfli ticarət məsələsində
hədəfimiz, inşallah, mövcud rəqəmi iki,
üç dəfə artırmaqdır. Digər bir məsələ
isə xüsusilə Dağlıq Qarabağ və
Naxçıvanla bağlı problemləri aradan qaldırmaq
üçün Türkiyə olaraq əlimizdən gələni
etdik. Bu məsələni daim diqqət mərkəzində
saxladıq, bundan sonra da saxlamaqda qətiyyətliyik.
Naxçıvanla ölkəmiz arasında quru yolundakı
problemlər həll edilmiş vəziyyətdədir. İndi
yeni bir addım olaraq, - bu məsələ ilə əlaqədar
daha əvvəl də İlham qardaşımla
danışmışdıq, - lazım gələrsə dəmir
yolu məsələsini də həll etməklə aradakı
bu əlaqələri daha yüksək səviyyəyə
çatdırmaq hər iki ölkəyə əlavə
güc verəcək.
Həmçinin cənab Prezident ilə gündəmə
gətirdiyimiz səhiyyə sahəsində, Naxçıvanda
yaşayan qardaşlarımızın xüsusilə Türkiyədəki
sərhədboyu bölgələrdə tədris-müalicə
ocaqlarında, dövlət xəstəxanalarında onlara hər
cür rahatlığı öz xalqımıza təmin
etdiyimiz kimi şərait yaratmaqla bağlı dəstək verəcəyimizi
özünə bildirdim. Bu məsələdə də
birliyimizin, həmrəyliyimizin olmasının vacibliyinə
inandığımı xüsusilə söylədim.
Bu axşam İlham qardaşım da Brüsselə gedəcək,
NATO zirvəsində, görüşlərdə iştirak edəcək.
Mən də sabah səhər Brüsselə gedirəm. Orada
istər xarici işlər nazirlərimiz, istərsə də
biz bir arada olmaqla görüşlər keçirəcəyik.
İstəyim odur ki, NATO zirvə toplantısı ilə
bağlı keçirəcəyimiz görüşlərdə
də bəzi ortaq problemləri gündəmə gətirərək
həll etməkdir.
Fürsətdən istifadə edərək İlham
qardaşımın timsalında bütün Azərbaycan
xalqına öz adımdan və millətim adından ən səmimi
hisslərlə salam, sevgi və ehtiramımı ifadə etmək
istəyirəm. Bir daha sağlıqla qalın.
Azərbaycan.- 2018.-11 iyul.- S.2-3.