Azərbaycanın xarici işlər
və müdafiə nazirləri ABŞ-dan
olan həmkarları ilə
görüşüblər
İyulun 12-də NATO-nun
Brüsseldə keçirilən Zirvə toplantısı
çərçivəsində Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov və müdafiə
naziri Zakir Həsənov Amerika Birləşmiş
Ştatlarının dövlət katibi Mayk Pompeo və
müdafiə naziri Ceyms Mattis ilə görüşüblər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel, Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov iştirak ediblər.
Tərəflər Azərbaycan və ABŞ arasında tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Nazir Elmar Məmmədyarov NATO-nun Brüssel Sammitinin Yekun Kommunikesində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təkrar ifadə olunan dəstəyin vacibliyini diqqətə çatdırıb.
Söhbət əsnasında regional məsələlərə dair fikir mübadiləsi aparılıb və ABŞ tərəfi NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Elmar Məmmədyarov həmkarına iyulun 11-də ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Brüsseldə Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüş barədə məlumat verib.
Xarici
işlər naziri Elmar
Məmmədyarov və müdafiə naziri
Zakir Həsənov ABŞ-dan
olan həmkarlarını Azərbaycana səfərə
dəvət ediblər və onlar dəvəti
məmnuniyyətlə qəbul ediblər.
Azərbaycan.-
2018.-13 iyul.- S.2.