“İlham
Əliyevin dəstəyindən Türkiyə böyük
güc və güvən aldı”
Erkan ÖZORAL: “Azərbaycan
Prezidentinin mövqeyi bütün dünyaya örnək oldu”
Tarixin sınaqlarından daim
üzüağ çıxmış Azərbaycan-Türkiyə
münasibətləri ötən dövr ərzində daha da
möhkəmlənərək ölkələr arasında
strateji bağların yeni səviyyəyə yüksəlməsini
təmin edib.
Müasir dünya reallığında hər
iki ölkənin ətrafında gedən proseslərə vahid
prizmadan yanaşmaları, xüsusən ərazi
bütövlüyü kimi həssas məsələlərdə
bir-birlərinin maraqlarını müdafiə etmələri
isə daha mühüm əhəmiyyət kəsb edir.
Bu, 2016-cı ilin 15 iyulunda cərəyan
edən proseslər fonunda bir daha öz təsdiqini tapdı. Azərbaycan
dar günün də dostu olduğunu, ən yaxın müttəfiqinin
dərdini hər zaman bölüşdüyünü, eyni
zamanda, qardaş Türkiyəni heç zaman yalnız
qoymayacağını bir daha nümayiş etdirdi.
Türkiyədə dövlət
çevrilişi cəhdi nəticəsində baş verən
proseslərə Prezident İlham Əliyevin dərhal sərt
mövqe bildirməsi iki xalq arasında dostluğun,
qardaşlığın, strateji tərəfdaşlığın
möhkəm təməllər üzərində bərqərar
olduğunun növbəti təsdiqi oldu.
Artıq həmin hadisələrdən
iki il ötür. Türkiyənin Azərbaycandakı
səfiri Erkan Özoralla görüşüb iki il öncəki dövlət çevrilişinə
cəhd və ondan sonrakı proseslər barədə söhbət
etdik. Həmin müsahibəni təqdim edirik.
- 15 iyul
qiyamının ümummilli etiraz dalğası ilə
yatırılması Türkiyə xalqının müqəddəs
zəfər dastanıdır. Həmin hadisələrdən 2 il ötür. Cənab səfir, bu hadisələrin
yaranma səbəbləri, gedişi və nəticələri
ilə bağlı fikrinizi bilmək maraqlı olardı.
- 15 iyul Türkiyə müasir
tarixinin ən böhranlı günü idi. Həmin
gün baş verən hadisələr hər hansı siyasi
partiyaya və ya şəxsə qarşı deyil,
sözün tam mənasında, Türkiyənin
çökdürülməsi məqsədinə xidmət edən
FETÖ terror təşkilatının, xainlərin cəhdi
idi. Bu, terror təşkilatının
Türkiyədə dövləti tamamilə ələ
keçirmə arzusu idi. Bu təşkilatın
dövləti ələ keçirməyə
çalışan, onun strukturlarında mühüm vəzifələr
əldə etmiş vətən xainləri Türkiyəni zəiflətməklə
regiondakı məkrli planları həyata keçirmək istəyirdilər.
Bu, Türkiyəyə
qarşı ən böyük xəyanətdir. Əslində,
15 iyul hadisələri bizim yaşadıqlarımızın
görünən tərəfidir. Aparılan
əməliyyatlar nəticəsində məlum oldu ki, FETÖ
terror təşkilatının etdikləri 15 iyul hadisələri
ilə məhdudlaşmır.
Bundan əvvəl də
hakimiyyəti ələ keçirmək üçün
Türkiyənin aparıcı hüquq mühafizə
orqanlarına necə daxil olduqlarına dair faktlar
aşkarlandı. Əslində, 15 iyul hadisələri 40 il
ərzində Türkiyəyə qarşı
hazırlanmış böyük bir xəyanətin ən son
halqasıdır. Bu hadisələr zamanı xalq
meydanlara axışaraq öz mövqeyini nümayiş etdirdi,
siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları
dövlətin yanında oldu. Millətimizin
qəhrəmanlığını və gücünü
yaxşı hesablaya bilməyənlər 15 iyulda
acınacaqlı məğlubiyyətə uğradılar.
- Türkiyə Cümhuriyyəti demokratiya
üçün çox ciddi təhlükəni
sovuşdurdu. Sizcə
türk milləti 15 iyul imtahanından necə
çıxdı?
- O gecə çevrilişə cəhd
göstərənlərin törətdikləri vəhşiliyin
tayı-bərabəri yox idi. 15 iyul
dönüş nöqtəsi oldu. Bu hadisə
Türkiyə demokratiyası üçün mühüm
sınaq oldu. Türk milləti 15 iyul
imtahanından çox böyük uğurla keçdi. Bunun ən böyük sübutu 251 şəhidin
olmasıdır. Xalqımız dövlətini,
gələcəyini qorumaq üçün həmin gecə
küçələrə axışdı. Silaha qarşı vücudunu sipər etdi. Şəhidlərin və minlərlə
yaralıların olması bu imtahandan uğurla
çıxmağın ən böyük sübutudur.
- Ölkənizdə
bu terror təşkilatının üzvlərinin ədalət
mühakiməsinə cəlb olunması istiqamətində qətiyyətli
tədbirlər hələ də davam etdirilir. Bununla
bağlı nə kimi yeniliklər var?
- Türkiyədə bununla
bağlı qətiyyətli tədbirlər davam etdirilir. Dövləti ələ keçirməyə
çalışan FETÖ terror təşkilatına
qarşı genişmiqyaslı təmizləmə əməliyyatları
uğurla gedir. Bu əməliyyatlar
hüquq çərçivəsində polis qüvvələri
və müstəqil məhkəmə orqanları tərəfindən
qətiyyətlə həyata keçirilir. İndiyə kimi bir çox xəyanətkarlara
ömürlük həbs cəzaları verilib. Onların etdikləri tək dövlət
çevrilişi ilə məhdudlaşmır. Burada dövlət imtahanlarında verilən
sualları oğurlamaq kimi məsələlər də yer
alır. Bir məqamı diqqətinizə
çatdırmaq istərdim ki, təkcə Polis
Akademiyasına 2010-cu ildə daxil olanların 90 faizdən
çoxu bunların öz istədikləri olub. Vəziyyət çox acınacaqlı hal
almışdı.
Hazırda təkcə
hüquq muhafizə orqanlarında deyil, bütün dövlət
qurumlarında FETÖ mənsublarının təmizləmə
işləri aparılır. Türkiyə bu prosesdən
həm demokratiyasını gücləndirərək, həm
də sistematik yalnışlıqlarını müəyyənləşdirib
aradan qaldıraraq çıxır və yoluna davam edir.
- Həmin qiyam cəhdi
zamanı Azərbaycan Prezidenti İlham Əliyev dərhal bu
hadisəni birmənalı şəkildə dövlət
çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə
pislədi, onu Türkiyə xalqının milli maraqlarına,
ölkənin demokratik əsaslarına qəsd kimi dəyərləndirdi.
Eyni zamanda ölkəmizdə FETÖ-nün
sızıntılarına qarşı genişmiqyaslı təcrid
prosesi aparıldı. Azərbaycan
Prezidentinin bu prinsipial mövqeyi Türkiyədə necə
qarşılandı?
- Azərbaycan Prezidenti
İlham Əliyevin qardaş ölkəyə qarşı bu həmrəyliyi
Türkiyədə böyük rəğbətlə
qarşılandı. Bu dəstək bizim üçün
çox önəmli idi. Azərbaycan və
onun lideri İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə
də qardaş Türkiyənin yanında oldu. Bu dəstəkdən böyük güc və
güvən aldıq. Amma qardaşlıq həmrəyliyi
nümayiş etdirməsindən daha çox İlham
Əliyevin mövqeyinin bütün dünyaya örnək
göstərilməli olan digər bir cəhəti də var. O
da budur ki, Azərbaycan birmənalı olaraq Türkiyədə
demokratiyanın, hakimiyyətin xalqa məxsusluğu prinsipinin tərəfində
durdu.
Azərbaycanda FETÖ mənsublarına
qarşı görülən tədbirlər Türkiyədə
çox böyük təqdirlə qarşılandı. Bunu həmişə
vurğulayıram ki, Azərbaycan və Türkiyə
bütün məqamlarda bir-birinin yanındadır. Amma
bu məsələdə Azərbaycan dünyaya demokratiya dərsi
verdi. Azərbaycan həqiqətin
tərəfində durdu və ilk anlardan etibarən Türkiyə
ilə möhkəm həmrəylik nümayiş etdirdi.
Bir neçə gün öncə Türkiyə
Prezidenti R.T.Ərdoğan seçkilərdən sonra Azərbaycana
ilk rəsmi səfərində bu məsələdə də
göstərilən dəstəyə görə cənab
İlham Əliyevə təşəkkürünü
bildirdi.
- Azərbaycanla Türkiyə arasındakı münasibətlərə
töhfə verən mühüm məqamlardan biri də
seçkilərdən sonra dövlət
başçılarının etdikləri səfərlərdir. Azərbaycan Prezidenti seçkilərdən sonra ilk səfərini
Türkiyəyə, qardaş ölkənin rəhbəri isə
Azərbaycana edir. Bu qardaş ölkənin
siyasi elitasında necə qiymətləndirilir?
- Səmimi dostluq, strateji tərəfdaşlıq
üzərində köklənən Azərbaycan-Türkiyə
münasibətləri zaman keçdikcə daha da möhkəmlənir,
tarixin bütün sınaqlarından böyük uğurla
çıxır. Qarşılıqlı
münasibətlərin daim yüksək səviyyədə
saxlanılması, milli maraqları əhatə edən məsələlərdə
tərəflərin bir-birini möhkəm müdafiə etməsi
isə Azərbaycan və Türkiyə prezidentlərinin həyata
keçirdikləri uğurlu siyasətin məntiqi nəticəsidir.
Türkiyə ilə Azərbaycan
arasında qardaşlıq münasibətləri strateji
münasibətlərdən daha irəlidədir. Münasibətlərə
rəmzi baxımdan xüsusi gözəllik qatan mühüm məqamlardan
biri də seçkilərdən sonra dövlət
başçılarının etdikləri səfərlərdir.
Azərbaycan Prezidenti seçkilərdən sonra
ilk səfərini Türkiyəyə, qardaş ölkənin
rəhbəri isə Azərbaycana edir. Bu
qarşılıqlı səfərlər Türkiyədə
çox böyük sevinc yaradır, qürur və rəğbətlə
qarşılanır. İlham Əliyev kimi
qardaşımızın olmağı bizdə hər zaman
güvən yaradıb.
- Azərbaycan-Türkiyə
dostluq və qardaşlıq əlaqələrinin
inkişafında və daha da güclənməsində diplomatların
da mühüm rolu var. Sizin diplomatik fəaliyyətinizdə
ötən müddət ərzində nə kimi yeniliklər
olub?
- Artıq 2 ildir Azərbaycanda səfir
kimi fəaliyyət göstərirəm. Bu
müddət ərzində dostluq və
qardaşlığımız daha da güclənərək
davam edib. Ölkələrimiz arasında hər
bir sahədə, bütün istiqamətlərdə sıx əlaqələr
qurulub. Sevindirici haldır ki, mənim fəaliyyət
müddətimdə çox mühüm hadisələr
yaşandı. Uzun müddətdir
tamamlanmasını gözlədiyimiz Bakı-Tbilisi-Qars dəmir
yolu xətti istifadəyə verildi. Bu dəmir
yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli
hissəsinə çevrildi. Bu yolun fəaliyyəti
nəticəsində yol boyunca yerləşən ölkələr
arasındakı ticarət dövriyyəsi və
qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr
arasındakı əməkdaşlıq dərinləşəcək.
Eyni zamanda fəaliyyət
dövrümdə Xəzər regionu ilə Avropanı birləşdirən
“Cənub qaz dəhlizi”nin mühüm tərkib
hissələrindən biri olan TANAP kəmərinin istifadəyə
verilməsi də ən böyük tarixi hadisələrdən
biridir. Avropanın enerji təhlükəsizliyinə mühüm
töhfə kimi qiymətləndirilən TANAP-a
indi dünya miqyasında böyük maraq müşahidə
edilir. Bütün bunların mənim fəaliyyət
müddətimə təsadüf etməsi böyük şərəfdir.
Müsahibəni
apardı:
Elçin
CƏFƏROV,
Azərbaycan.- 2018.- 13 iyul.- S.1; 3.