Gəncəlilər ictimai sabitliyi pozmaq istəyənlərin ciddi cəzalandırılmasını tələb edirlər

 

Gəncə öz tarixində növbəti qanlı olaya şahid oldu və hüquq- mühafizə orqanları bu təxribatın qarşısını qətiyyətlə aldı. Bu yolda sinəsini müstəqil dövlətimizi gözü götürməyən mənfur düşmənlərə sipər edənlər də oldu.

Lakin respublikamızın ikinci böyük şəhəri olan Gəncədə təxribat törətməyə çalışan qüvvələrin və onları idarə edən ekstremist qrupların arzuları gözlərində qaldı. Ona görə ki, iqtidarla xalq birliyi yenə də qalib gəldi. Azərbaycan vətəndaşları bütün dönəmlərdə olduğu kimi, bu dəfə də Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ekstremizmə yox dedilər.

Həmin qanlı olaydan bir neçə gün keçir. İndi şəhərdə tam sabitlikdir. İnsanlar gündəlik qayğıları ilə məşğuldurlar. Törədilən terror hadisəsinin yaratdığı gərginlik artıq səngiyir. Belə bir ərəfədə şəhər ziyalıları ilə görüşüb söhbət etdik. Baş verənləri hamı qəti şəkildə qınayır, terrora yox deyirdi. Kimi danışdırdıqsa, Gəncə sakinlərinin hər zaman dövlət və dövlətçiliyin keşiyində durduğunu söylədi. Ekstremist qüvvələrin etdikləri çağırışların ölkədə sabitliyin və əmin-amanlığın pozulmasına yönəldiyini dedilər. Gəncədə törədilən hadisələrin Azərbaycanı gözü götürməyənlərin məkrli niyyəti olduğunu bildirdilər.

Fuad ƏLİYEV, akademik, AMEA-nın Gəncə filialının direktoru:

- Gəncədə odlu silahdan açılan atəş şəhər icra hakimiyyəti başçısının simasında Azərbaycan dövlətinə yönəlmişdi. Bu gün respublikamızda gedən sürətli inkişaf ölkədəki sabitliyə və əmin-amanlığa əsaslanır. Bu inkişafı əngəlləmək, sabitliyi pozmaq istəyən müəyyən qüvvələr var. Mən bunu xüsusilə qeyd etmək istəyirəm ki, hazırda Gəncədə sakitlik hökm sürür. Bu gün bəzi sayt və sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilir. Biz əminik ki, bu fikirləri söyləyənlər Gəncə ilə yaxından tanış deyillər. Onların burada son illərdə görülən işlər barədə məlumatları yoxdur. Bununla belə, məlum qüvvələrə xidmət edən bu insanlar, Gəncə və gəncəlilər haqqında həqiqəti əks etdirməyən fikirlər səsləndirir, çağırışlar edirlər. Sözsüz ki, bütün bunlar xaos yaratmaq, fitnə-fəsad törətmək, insanları qarşı-qarşıya qoymaq məqsədi güdür. Gəncə əhalisi bu tip hadisələri ötən əsrin 90-cı illərində yaşayıb. Həmin dövrdə də bir qrup çaxnaşma yaratdı və həmin insanlar sonradan heç üzə də çıxmadılar. Əziyyət çəkən isə sadə adamlar oldu. Bu səbəbdən də yaşanan olaylardan öz çirkin niyyətlərinin həyata keçirilməsi üçün istifadə edən insanlara uymaq lazım deyil.

İbrahim CƏFƏROV, AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru:

- Bəzi qüvvələr Azərbaycandakı sabitliyi pozmağa çalışır, insanları mitinqlərə çağırır və belə bir təsəvvür yaratmağa çalışırlar ki, guya Gəncə şəhərində insanlar baş verənlərə sevinirlər. Məlumdur ki, 3 iyul 2018-ci il tarixdə ağır cinayət hadisəsi baş verdi. Siyasi qətl törətməkdə marağı olan Rusiya vətəndaşı Yunis Səfərov adlı bir nəfər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına və onun yanında olan polis serjantına odlu silahdan atəş açdı. Azərbaycanı istəməyən, ölkədəki sabitliyi pozmağa çalışan bəzi qüvvələr baş verən hadisələrdən öz pis niyyətləri naminə yararlanmaq niyyətindədirlər. Çox təəssüflər olsun ki, bu insanlar əli silahlı qatili, sui-qəsdçini “qəhrəman” səviyyəsinə qaldırdılar. Mən bir Gəncə ziyalısı, şəhər sakini kimi əmin edirəm ki, Gəncə əhalisi siyasi terrora, siyasi qətllərə yox deyir. Gəncə əhalisi daim Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yanındadır.

Akif SÜLEYMANOV, Azərbaycan Texnologiya Universitetinin rektoru, professor:

- Mən 7 ildir ki, Gəncədə yaşayıram və burada gedən inkişaf gözlərimin qarşısında olub. Gəncədə sakinlərə, xüsusilə də gənclərə çox böyük diqqət və qayğı var. Baş verən hadisə çox böyük təəssüf doğurur və biz hamımız bu yaşananları pisləyirik. Gəncəni qorumaq, buradakı inkişafın davamlı olmasını təmin etmək bizim üçün ən vacib şərtdir. Azəbaycanın dövlət müstəqilliyinin qorunmasında bizim üzərimizə böyük vəzifələr düşür. Mən insanlara, xüsusilə də gənclərə ölkədəki sabitliyi pozmağı, xaos yaratmağı hədəfləyən çağırışlara uymamağı tövsiyə edirəm. Əminəm ki, haqqı nahaqdan ayırmağı bacaran gəncəlilər hər zaman olduğu kimi, bu dəfə də dövlətin və dövlətçiliyin yanında olacaqlar.

Yusif YUSİBOV, Gəncə Dövlət Universitetinin rektoru, professor:

- Mən bir Azərbaycan vətəndaşı kimi, Gəncə sakini kimi bu hadisəni lənətləyirəm. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı olan bu sui-qəsd Azərbaycana düşmən olan müəyyən qüvvələr, mərkəzlər tərəfindən əvvəlcədən planlaşdırılmış siyasi terror aktıdır. Bu terror aktının məhz Gəncə Şəhər İcra Hakimyyətinin inzibati binasının qarşısında törədilməsinə göstərilən cəhd Gəncədə xaos, itaətsizlik, anarxiya, insanlar içərisində xof, qorxu, vahimə yaratmağa, o cümlədən şəhərdə qarışıqlıq yaratmağa hədəflənmişdi. Terrorçunun vətəni, milliyyəti olmur deyirlər. Mən Azərbaycan vətəndaşı kimi, Gəncə sakini kimi bu hadisələri, o cümlədən terror hadisələrini pisləyirəm.

Həsənbala SADIQOV, Gəncə Dövlət Universitetinin professoru:

- Gəncə Şəhər İcra Hakimiyyəti başçısının güllələnməsi hadisəsinin hüquqi cəhətdən qiymətləndirilməsi uzun sürmədi. Ona görə ki, hadisədən sonra ötən cümə günü üç mühüm hüquq-mühafizə orqanı - DİN, Baş Prokurorluq və DTX birgə açıqlama yayaraq hadisəni terror aktı elan etdi. Bu qanlı aksiya xalqı öz dövlətilə üz-üzə qoymaq istəyənlərin bölgə üçün planlaşdırılmış əməliyyatı olmaqla yanaşı, Azərbaycanın müstəqilliyinə, dünyəviliyinə, sabitlik boyda sərvətinə göz dikildiyinin göstəricisidir.

Qarşıda uzun sürəcək kimi görünən istintaq mərhələsi var. Amma bunu gözləmədən insanlar Gəncə hadisəsinə fərqli bucaq altında baxırlar ki, nəticədə tətikçinin əlaqə şkalası fərqli ölkələrin üzərində dayanır. Yaxın planda müxtəlif dini radikal təşkilatlarla əlaqələri ortaya çıxır. Yunis Səfərovun Rusiya vətəndaşı olması bir versiyanın ortaya çıxmasına səbəb olurdusa, digər tərəfdən Suriyadakı hərbi təlimlərdə iştirakı cinayətin dini motivlərlə törədilməsini üzə çıxarırdı. Bunlardır ilk ekspert nəticələri. Çoxları zəlzələnin sovuşduğunu düşündüyü halda, çox az adam qarşıdan gələn - 10 iyulda baş verəcək və Gəncə tarixinə düşəcək, ağır olsa da, faciə adlandırılacaq hadisələri düşünə bilmirdilər. Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid oldu.

Gəncəlilərin tələbi ondan ibarətdir ki, şəhərimizə soxulmuş və qarışıqlıq yaratmağa çalışan radikallara qarşı qətiyyətlə mübarizə aparılsın və onlar ən ciddi şəkildə ədalət mühakiməsi qarşısında cavab versinlər.

Pərvin KƏRİMZADƏ, Gəncə Dövlət Universitetinin prorektoru, Milli Məclisin deputatı:

- İyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərdilər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan, qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstərdilər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alındı. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tamamilə bərpa olundu. Həmin qrupun qanunsuz hərəkətlərinin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldular. Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmışdır. Hazırda cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Gəncədə baş verən qanlı hadisələrin mənbəyi və təşkilatçıları məlum olmayan və bunun arxasında hansı faktorların dayandığı haqqında konkret məlumatlar olmasa da, hakimiyyət orqanlarının narahatçılıqları açıqca hiss olunurdu. Bəzi hallarda bunu dini motivlərlə əlaqələndirənlər də olurdu. Ən çox da şəhərdə guya dini mərasimlərə qadağaların qoyulması barədə söz-söhbət gedirdi. Bu barədə Gəncənin “İmamzadə” ziyarətgahının axundu Hacı Tahir Abbaszadə öz fikirlərini belə izah etdi:

- Gəncədə böyük və ağır bir hadisə baş verib. Bu ərəfədə hər hansı çağırış haqqında heç bir məlumatım yoxdur. Gəncəlilər belə bir çağırış etməyiblər. Çağırış varsa da, ünvanı məlum deyildi. Bu fikirləri yayanlar aranı qatmaq, qatillərin ünvanını yayındırmaq istəyirlər. Xalq bilməlidir ki, biz bu çağırışları dəstəkləmirik. Hamı anlamalıdır ki, bu, təxribat və oyundur. İlkin istintaqın qənaətinə görə, Yunis Səfərov terrorçu elan edilib. Gəncəlilər heç bir zaman yol verməzlər ki, şəhərdə ara qarışsın.

Əlisəftar SƏFƏRƏLİYEV, Gəncə şəhər “Şah Abbas Cümə Məscidi dini icmasının sədri:

- Müəyyən olunmuş qaydalar çərçivəsində Gəncədə bütün dini mərasimlər keçirilir. Elə bir dini mərasim yoxdur ki, baş tutmamış olsun. Məsələn, Ramazan ayı yeni başa çatıb. Bu müqəddəs ayda iftarlar verilib. Özü də çox yüksək səviyyədə. Qurban bayramı da onun kimi. Bu mərasimlər hər zaman ən yüksək səviyyədə keçirilir. Qurbanlar kəsilir, ehtiyacı olanlara paylanılır.

Ağakərim ƏLƏKBƏROĞLU, din xadimi:

- Gəncədəki “İmamzadə” türbəsi gözəl şəkildə təmir olunub. Orada həzrəti İmam Hüseynin adını daşıyan meydan yaradılıb ki, bu da dindarların sərbəst şəkildə dini ayinləri icra etmələrinə imkan verir. Baş vermiş bu son hadisələri din adı ilə bağlayanlara etirazımı bildirirəm. Azərbaycan güclü dövlətdir və bu hadisə ölkə rəhbərinin öz nəzarətindədir. Bu hərəkətin, bu əməlin dinlə heç bir əlaqəsi yoxdur.

* * *

İyulun 11-də Gəncədə böyük izdiham yaşanmışdır. Müstəqilliyimizin keşiyində ayıq-sayıq dayanan və bu yolda şəhid olan igid polis zabitlərinin dəfninə on minlərlə insan gəlmişdi. Vida mərasimində göz yaşları tökən insanlar başqa duyğular da yaşayırdılar. Vəzifə borclarını yerinə yetirərkən qəhrəmancasına həlak olan polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov şəhidlik zirvəsinə ucalmaqla yanaşı, həm də xalqın qəlbində özlərinə əbədi yer tutdular. Bunu dəfn mərasimində yaşanan insan izdihamı təsdiqləyirdi.

Respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov vida mərasimində çıxış edərək diqqətə çatdırdı ki, bu gün hamı üçün ağır bir gündür. İki nəfər polis zabiti cinayətkarlara qarşı mübarizə apararkən qəhrəmancasına şəhid olmuşlar. Onlar çəkinmədən cinayətkarların qarşısına çıxaraq ölkədə, həmçinin Gəncədə sabitliyin qorunması üçün öz polis andlarına sadiq qalaraq dövlətçiliyə sədaqətlərini göstərdilər. Şəhid olmaqla milyonlara sübut etdilər ki, terrorçuluğa aman verilməyəcəkdir. Hər iki polis zabiti uzun illər daxili işlər orqanlarında şərəflə xidmət etmişlər. İlqar Balakişiyev 35 illik xidməti dövründə bütün tapşırıqlara ləyaqətlə əməl etmiş, dəfələrlə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən mükafatlandırılmış, 1993-cü ildə isə ulu öndər Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. Öz xidməti ilə Gəncə şəhəri sakinləri arasında böyük hörmət qazanmışdır.

Şəhid Səməd Abbasov da şərəfli xidmət yolu keçmiş, polis serjantlığından polis polkovnik-leytenantı rütbəsinədək yüksəlmişdi. Nizami Rayon Polis İdarəsi rəisinin müavini olan Səməd Abbasov kollektivdə də fərqlənmiş, rayon ərazisində ictimai asayişin qorunmasında nümunəvi xidmət göstərmişdir. Bu gün hər iki polis qardaşımızı son mənzilə yola salırıq. Ancaq onların əziz xatirəsi gəncəlilərin yaddaşından heç vaxt silinməyəcək. Onların şərəfli ömrü həm yoldaşlarının, həm də tanıyanların xatirəsində dərin iz qoyacaq.

Vida mərasimində “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova ürək sözlərini belə ifadə etdi:

- Mən bu gün bu mərasimdə bir ana kimi çıxış edirəm. Analar nə istəyir? Onu istəyirlər ki, böyütdükləri övladları əmin-amanlıqda yaşasınlar. Bu gün nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada ən sabit ölkə olan Azərbaycan bizim övladlarımıza arzuladığımız ən gözəl məkandır. Azərbaycan dünyada öz sözünü deyən ölkədir. Təəssüf ki, yaradılan bu gözəlliyi, inkişafı gözü götürməyənlər də var. Antimilli, antidemokrat insanlar hansı yolla olur-olsun ölkə daxilində iğtişaş salmaq istəyirlər. Lakin onlar bunu bacarmayacaqlar. Çünki ölkəmiz etibarlı əllərdədir. Mən bir ana kimi Gəncə analarının fikrini ifadə etmək istəyirəm. Gəncədə baş verən bu hadisəni pisləyir və deyirəm ki, bizim birliyimizi heç bir qüvvə ayıra bilməz. Çünki bütün Azərbaycan xalqı, eləcə də gəncəlilər dövlətə və dövlətçiliyə sədaqətlidirlər.

Vida mərasimində çıxış edən akademik Fuad Əliyev, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və digər natiqlər Gəncədə baş verən terror hadisəsini qətiyyətlə pislədilər. Qeyd etdilər ki, bu gün hər birimiz yaxşı görürük ki, Azərbaycan necə sürətlə inkişaf edir. Bu inkişaf ölkədə hökm sürən sabitliyin nəticəsidir. Lakin bu inkişafı gözü götürməyənlər də var. Gəncədə baş verən qanlı cinayət hadisəsi məhz bu inkişafa xor baxanların məkrli niyyətləri idi. Lakin onların niyyətləri baş tutmadı. Azərbaycan polisi yenə də özünün ayıq-sayıqlığını göstərdi. Şəhərdə sabitliyi bərpa etdi. Təəssüflər olsun ki, bu zaman iki polis zabiti şəhid oldu. Söz yox ki, cinayətkarlar tezliklə aşkar edilərək öz layiqli cəzalarını alacaq, şəhid polislərin qanı yerdə qalmayacaqdır.

Mərasimdə çıxış edənlər onu da vurğuladılar ki, 2018-ci il tarixi yubileylər ilidir. Ölkə rəhbəri İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi böyük təntənə ilə qeyd edildi. Bundan sonra iyun ayının 26-da Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar möhtəşəm hərbi parad keçirildi. Azərbaycan 1995-ci ildəki hadisələrdən sonra 23 ildir əmin-amanlıq şəraitində yaşayır. Görünür, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi də, hərbi paradda nümayiş etdirilən müasir silahlar da ölkəmizin xaricində və daxilində olan müəyyən qüvvələri narahat edir. Məhz buna görə də həmin qüvvələr ölkəmizdə sabitliyi pozmaq və təxribatlar törətmək üçün bundan sonra da fəallıq göstərəcəklər. Bizdən isə asılı odur ki, ayıq-sayıq olaq və belə qüvvələrə qarşı birlik nümayiş etdirək.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2018.- 13 iyul.- S.6.