Zamanın fövqündə yaşayan
lider
Sovet dövründə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycan uğurla, sürətlə inkişaf edib. 1969-cu ildə o, Azərbaycan Respublikasının rəhbəri seçiləndə Azərbaycan sovet məkanında ən geridə qalmış respublikalardan biri idi. On üç il ərzində yorulmaz fəaliyyət nəticəsində Azərbaycan sovet məkanında ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Əgər sovet dövründə - 1980-ci illərdə iki donor respublika var idisə, onlardan biri Azərbaycan idi. Məhz o illərdə Azərbaycanda sənaye inkişafı böyük templərlə təmin olunurdu. Yüngül sənayedə, ağır sənayedə, neft sənayesində böyük işlər görülmüşdür. O vaxt yaradılmış infrastruktur bu gün müstəqil Azərbaycanın inkişafına xidmət göstərir. Azərbaycan böyük tikinti meydançasına çevrilmişdi.
İlham ƏLİYEV
Bəzən deyirlər ki, şəxsiyyət tarixi deyil, tarix şəxsiyyəti yaradır. Ancaq ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti sübut edir ki, tarixdə ayrı-ayrı şəxsiyyətlər müəyyən xalqın taleyində həlledici rol oynaya, taleyüklü hadisələrin axarını dəyişə bilər. Əminliklə demək olar ki, müasir Azərbaycan tarixinin keşməkeşli səhifələrində ulu öndər Heydər Əliyev fenomeninin xalqımızın taleyində oynadığı müsbət rol danılmazdır.
Hər bir xalqın milli-etnik soy-kökünə qayıdışı, əsrlər boyu nəsillərdən-nəsillərə ötürdüyü milli-mənəvi dəyərlər sisteminə əsaslanaraq öz identikliyini qoruması, ilk növbədə, o xalqın yetişdirdiyi tarixi şəxsiyyətin, daha doğrusu, liderinin cəsarətli addımları sayəsində mümkündür. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət - Heydər Əliyev də bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra milli dövlətçilik düşüncəsini ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq müstəqil Azərbaycan kimi əzəmətli reallığa qovuşdurmuşdur. 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider ilk gündən sovet rejiminin bütün ideoloji-siyasi baryerlərinə sinə gərərək xalqımızın milli özünüdərki üçün zəruri addımları atmağa, cəmiyyəti bütün istiqamətlərdə yüksəlişə hazırlamağa başlamışdır. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz soy-kökünə qaytarmaq, zəngin ədəbi irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməli olduğunu çox yaxşı bilir və bu yöndə atdığı hər addımla həyatına təhlükələr yarana biləcəyini də çox gözəl anlayırdı.
Ümummilli lider cəmiyyətdə milli məfkurənin güclənməsi, milli dövlətçilik şüurunun yenidən formalaşması üçün hər bir azərbaycanlının yüksək təhsil almasını, elmi yenilikləri mənimsəməsini son dərəcə vacib amil hesab edirdi. Buna görə də, əminliklə deyə bilərik ki, Azərbaycan tarixində ikinci milli maarifçilik hərəkatı məhz onun adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi altında təhsilin milliləşdirilməsi, dilimizin inkişafı, ictimai elmlərin milli xarakterinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Böyük strateq illər sonra - 1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən məqamlara toxunaraq demişdi: “Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə, təhsil məsələləri ilə məşğul olmağa başladım. Bilirsiniz ki, mən o vaxta qədər də dövlət işində işləmişdim. Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti məni daim maraqlandırmışdı və mən bu barədə xeyli məlumatlara malik idim... Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilib... Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum”.
Ulu öndərin kadrları adlandıra biləcəyimiz həmin insanlar Azərbaycanın inkişafına istər o dövrdə, istərsə də bu gün öz töhfələrini vermişlər. Bu mənada hərbçi kadrları xüsusi qeyd etmək lazımdır. XX əsrin əvvəllərində azərbaycanlı hərbi kadrların olmaması və ya az olması onu düşündürən vacib məsələlərdən idi və Moskvanın bütün etirazlarına baxmayaraq, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratmağa nail oldu. 2003-cü ilin aprel ayında liseyin 30 illik yubileyində Heydər Əliyev deyirdi: “Bu məktəbi yaradanda heç ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu, mənə qismət olub və çox şadam ki, həqiqətən, belə şərəfli iş mənə nəsib olub. 1972-1973-cü illərdə məktəbə daxil olmuş gənclər, uşaqlar indi burada çıxış edirlər. İndi onlar generallar, polkovniklərdir. Korpusa komandanlıq edirlər, böyük hərbi hissələrə komandanlıq edirlər. Mənim arzum bu idi. Mən bu arzuma çatmışam. Ona görə də özümü çox xoşbəxt hiss edirəm”.
Milli-mənəvi dəyərlərimizə qəlbən bağlı olan ulu öndər fürsət düşdükcə, ana dilinin təbliğinə və yayılmasına geniş diqqət yetirirdi. O, həmin dövrdə bütün qəlibləri, ideoloji-siyasi sədləri aşaraq rəsmi çıxışlarının böyük əksəriyyətini Azərbaycan dilində edir və bunu bütün rəhbər vəzifəlilərdən tələb edirdi. Bu, Heydər Əliyevin milli təfəkkür və iradənin daşıyıcısı, əzmkar müdafiəçisi olduğunun, dövlətçilik rəmzlərinə və atributlarına münasibətinin bariz nümunəsi idi. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə dövlət dili kimi təsbitlənməsi və qorunub saxlanması istiqamətində göstərdiyi prinsipiallığı da xüsusi vurğulamaq lazımdır. Mərkəzin nümayəndələri dəfələrlə Bakıya səfər edərək onu bu məsələ ilə bağlı fikrindən daşındırmağa səy göstərsələr də, məqsədlərinə nail olmamışdılar.
Bu qəbildən olan çoxsaylı faktlar sübut edir ki, o, millətinin gələcəyini düşünən böyük lider olaraq bütün şüurlu həyatını canından artıq sevdiyi Azərbaycanın tərəqqisinə, inkişafına həsr etmişdir. Tarixin ən çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz ümummilli liderin rəhbərliyi altında vahid sistem halına salan xalqımız eyni zamanda, özü üçün davamlı milli inkişaf yolunu müəyyənləşdirmişdir. O zaman ən geridə qalmış respublikalardan biri sayılan Azərbaycanı qısa vaxt ərzində keçmiş İttifaqın ən qabaqcılları səviyyəsinə qaldıran, sürətli inkişafını təmin edən ulu öndərin gördüyü böyük quruculuq işlərinə nəzər saldıqda onun uzaqgörənliyinə heyrət etməmək olmur. Azərbaycan xalqının tükənməz gücünə, zəngin potensialına dərindən inanan böyük strateq bugünkü müstəqilliyimizin iqtisadi, siyasi, mənəvi əsaslarını hələ o illərdə yaratmağa başlamışdı. Onun respublikaya rəhbərlik etdiyi sovetlər dönəmində Azərbaycan neft və pambıq xammalı mənbəyindən o dövr üçün ən müasir texnologiyaların geniş tətbiq olunduğu yüksək sənaye respublikasına çevrilmişdi. Respublikanın hər yerində böyük abadlıq işləri aparılmış, yeni zavod və fabriklər, elektrik stansiyaları, su kəmərləri, meliorasiya qurğuları, ölkəmiz üçün tamamilə yeni müəssisələr istifadəyə verilmiş, ən əsası, bu sahələrdə işləyə bilən güclü kadr potensialı yetişdirilmişdi. Bununla yanaşı, ölkəmizin elmi, mədəniyyəti, incəsənəti də yeni inkişaf səviyyəsinə qaldırılmış, Azərbaycanın zəngin tarixi bütün dünyaya tanıdılmışdı. Bütün bu işləri görməklə ulu öndər həm də xalqın özünə, öz gücünə, qüdrətinə inamını bərpa etmişdi. Çünki o, xalqının gücünə və qüdrətinə inanır, həyatının mənasını isə doğma Vətəninə xidmətdə görürdü: “Biz nadir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bugününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Ümummilli liderin fəaliyyətinin əsasını milli-mənəvi, dini dəyərlərimizə sıx bağlılığı, Azərbaycan və dünya tarixini mükəmməl bilməsi, xüsusi xidmət orqanlarında çalışarkən xalqımıza qarşı yönəlmiş siyasəti aydın görüb dərindən araşdırması təşkil etmişdir. Və bu amillər onun millətsevərlik, müstəqil dövlətçilik baxışlarının formalaşmasında çox böyük rol oynamışdır. Heydər Əliyev xarakterinə görə praqmatik, dərin bilikli, məntiqli, cəsarətli, həyata keçirməyə çalışdığı ideyaları uğrunda əzmlə mübarizə aparan prinsipial rəhbər olmaqla yanaşı, milli ruhlu, millətini, xalqını, Vətənini sonsuz məhəbbətlə sevən lider idi.
Onun hakimiyyətə gəldiyi ilk gündən gördüyü çox mühüm, gələcəyə hesablanmış addımlarından biri də azərbaycanlılar arasında milli birlik yaratması, hakimiyyət strukturlarına əsasən azərbaycanlıları yerləşdirməsi idi. Ötən əsrin 70-ci illərində gedən iqtisadi tərəqqinin, yeni zavod və fabriklərin tikintisinin bir mühüm cəhəti də Bakı şəhərinin böyüməsi və onun əhalisinin tərkibində azərbaycanlıların tam əksəriyyət təşkil etməsi idi. Yeni tikilən sənaye müəssisələrinə və zavodlara lazım olan işçi qüvvəsi paytaxta bölgələrdən gəlir və Bakı getdikcə milli şəhərə çevrilirdi. Azərbaycanı müstəqilliyə doğru aparmaq üçün ulu öndərin qarşısında duran əsas məqsədlərdən biri də iqtisadiyyatı müstəqil ölkə kimi yaşaya biləcək səviyyəyə qaldırmaq idi. Ona görə də 1969-1982-ci illəri bugünkü müstəqilliyin iqtisadi əsaslarının yaradılması mərhələsi adlandırmaq olar. Bu illərdə ulu öndərin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial siyasət, bunun sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının, dövlət idarəçiliyinin və ictimai-siyasi həyatın dərin bilicisi kimi müvəffəq olmaq mümkün idi. Elə bu uzaqgörənliyinə və dərin siyasi baxışlarına görə onu Kremldə çox məsul bir vəzifəyə təyin etmişdilər. Heydər Əliyev keçmiş SSRİ rəhbərliyində təmsil olunan ilk azərbaycanlı, ilk müsəlman idi. Moskvada çalışdığı illər xüsusi tədqiqat və başqa bir geniş söhbətin mövzusudur, ancaq bir məqamı xüsusi vurğulamaq lazımdır ki, o dövrdə də Heydər Əliyev doğma Azərbaycanını və xalqını bir an belə unutmadı. Doğma Vətəninin inkişafı və çiçəklənməsi, əhalisinin rifah halının, həyat səviyyəsinin daha da yüksəlməsi üçün əlindən gələni əsirgəmədi. Bu illər ərzində əldə edilməsi çox çətin olan nailiyyətləri gerçəkləşdirdi. Bütün bunları həyata keçirməyə onun Vətənə, xalqa, doğma el-obaya, torpağa hədsiz məhəbbət və sədaqəti, qurub-yaratmaq amalı kömək etmişdir. Heydər Əliyev qısa vaxtda bütün Sovet İttifaqında özünə böyük rəğbət qazana bilmiş, öz işgüzarlığı, prinsipiallığı, qayğıkeşliyi ilə insanların qəlbində öz yerini tutmuşdu.
Ümummilli liderin Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi illərdə Azərbaycanın şöhrəti daha da artdı, azərbaycanlılara qarşı münasibət getdikcə yaxşılaşdı. Təbii ki, bütün bunlar ölkəmizə qarşı məkrli niyyətlər həyata keçirmək istəyən düşmənlərimizin əl-qolunu bağlamışdı. Moskvada fəaliyyət göstərdiyi illərdə ulu öndər beynəlxalq aləmdə də görkəmli ictimai-siyasi xadim kimi tanınmış, onun böyük siyasi iradəyə və idarəçilik bacarığına malik olması dünyanın məşhur siyasətçiləri və dövlət xadimləri tərəfindən etiraf edilmişdir. Çünki Heydər Əliyev hansı sahəyə rəhbərlik edir-etsin, hansı vəzifədə olur-olsun, həmin sahəyə yeni ruh, yeni nəfəs gətirirdi. Bu, hər şeydən əvvəl, onun fövqəltəbii zəkasından, təşkilatçılıq qabiliyyətindən, şəxsi keyfiyyətlərindən irəli gəlirdi. O deyirdi: “Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir, qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır”. Lakin Heydər Əliyevin bu istedad və bacarığına qısqanclıqla yanaşanlar, onu gözü götürməyənlər də az deyildi. Xüsusilə, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin baş qaldırmasında və 20 Yanvar faciəsinin törədilməsində bilavasitə günahkar olan Mixail Qorbaçovun ona qarşı tutduğu mövqe olduqca sərt idi. O zaman M.Qorbaçov və onun ən yaxın ətrafı Heydər Əliyevə, hətta ailə üzvlərinə, o cümlədən Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu müvəffəqiyyətlə bitirərək 23 yaşında elmi dərəcə almış, həmin institutda dərs deyən oğlu İlham Əliyevə qarşı çirkin böhtan kampaniyasına start verdilər. Daim təqib və nəzarət altında olmasına baxmayaraq, Azərbaycan xalqının vətənpərvər övladı Heydər Əliyev öz çiyinlərinə düşən böyük məsuliyyəti dərk edən siyasi xadim kimi 1990-cı ilin qanlı Yanvar hadisələrinin ertəsi günü bütün dünyaya səs salan çıxışı ilə baş verənlərin əsl səbəbkarlarını və günahkarlarını sərt ittiham etdi. Onun bu çıxışını xalqdan gizlətməyə çalışanlar çox idi, ancaq xalq hər şeydən xəbərdar oldu və böyük xilaskarının yenidən respublikaya qayıtmasını, bəlalardan qurtulmaq missiyasının ona həvalə olunmasını tələb etməyə başladı. 1990-cı il iyulun 20-də böyük çətinliklə Azərbaycana qayıdan Heydər Əliyev sonralar xatırlayırdı: “Moskvada məni təqib edirdilər... Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Görünür, mənim Naxçıvana gəlməyim taleyin işi imiş”.
Hər bir dövlətin tarixində çətin, milli müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi məqamlar olmuşdur. Ancaq ən ekstremal siyasi şəraitdə cəmiyyətin həmrəyliyinə nail olmuş şəxsiyyətlərin sayəsində dövlətlər öz varlığını qorumuşlar. 1991-1993-cü illərdə respublikamızda cərəyan edən mürəkkəb proseslər - siyasi böhranın, anarxiya mühitinin dərinləşməsi, xalqın canı, qanı bahasına əldə etdiyi dövlətçiliyin itirilməsi təhlükəsinin yaranması bu reallığı bir daha təsdiqlədi ki, yalnız böyük dəstəyə malik liderlər xalqlarının müstəqilliyinə etibarlı təminat yarada, onu qoruyub saxlaya bilərlər. Ulu öndər Heydər Əliyev belə nüfuzlu şəxsiyyət olaraq özünün parlaq zəkası ilə Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Böhranlı bir dövrdə - 1993-cü ilin iyununda xalqın çağırışına cavab verərək hakimiyyətə qayıdan ümummilli lider respublikamızı üzləşdiyi bir çox faciələrdən qurtarmış, müdrik və uzaqgörən addımları ilə onu davamlı, sabit inkişaf yoluna çıxarmışdır. Heydər Əliyevin Ali Sovetin sədri seçildiyi günün - 15 iyun tarixinin Qurtuluş salnaməsi kimi qeyd olunması da tarixi proseslərin obyektiv məntiqi nəticəsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini birləşdirən yeni inkişaf modeli idi. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən ulu öndər cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. O, müdrikliklə bəyan edirdi ki, siyasi sabitlik yaratmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə alan ümummilli lider Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında ölkənin yeni dövr üçün iqtisadi tərəqqi xəritəsini hazırlamışdır.
Ulu öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlarından biri də cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdim edilməsi idi. O, böyük müdrikliklə cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” - deyən ümummilli lider dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında səfərbər etmişdir. Bu gün azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Milli-mənəvi dəyərlərin qorunması məsələsi də ulu öndər Heydər Əliyevin fəaliyyətində aparıcı xətt kimi özünü göstərmişdir. Ulu öndər istər ailədə, istər hansısa dar çevrədə, istərsə də dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi, əxlaqi dəyərlərə sadiq qalmışdır. İdarəçiliyinin bütün mərhələlərində qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması da, əslində, onun zəngin mənəviyyatından irəli gəlirdi. Böyük strateq həmişə vurğulayırdı ki, Azərbaycan xalqının əsrlər boyu əldə etdiyi milli-mənəvi dəyərlər mədəniyyətdən, əxlaqdan, adət-ənənələrdən və digər insani keyfiyyətlərdən ibarətdir. Onun müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasətinin əsasında da məhz bu dayanır. Ümummilli liderin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub-saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Hətta Azərbaycanın təcrübəsindən, modelindən istifadə etmək istəyən Qərb dövlətləri də az deyil. Bütün bunlar həm də ulu öndər Heydər Əliyev siyasətini layiqli formada davam etdirən Prezident İlham Əliyevin uğurlarının nəticəsidir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Xüsusilə, böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Digər tərəfdən, mədəni irsimizin qorunmasına, tarixi abidələrimizin bərpasına böyük önəm verən, beynəlxalq aləmdə milli, dini dəyərlərimizin təbliği sahəsində məqsədyönlü işlər görən, Azərbaycan mesenatlığının dirçəldilməsində layiqli nümunə göstərən ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ölkəmizdə dinə olan dövlət qayğısının əyani təzahürüdür.
Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün həyatını xalqına və Vətəninə həsr etmiş ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Ulu öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın inkişaf edən güclü dövlətlərindən birinə çevriləcək.
...İllər, əsrlər keçsə də, müdrik şəxsiyyət Heydər Əliyevin xidmətləri qədirbilən xalqımızın yaddaşında əbədi qalacaq, xatirəsi hər zaman dərin hörmət və ehtiramla yad ediləcəkdir. Çünki Azərbaycan xalqı müdrikdir və o, qazanılan bütün nailiyyətlərimizin, doğma yurdumuzun adının yüksəkliklərə ucaldılmasının, sabitliyin, əmin-amanlığın, tərəqqi və inkişafın memarının ümummilli lider Heydər Əliyev olduğunu bilir. Məsəl var, dağın əzəməti ondan uzaqlaşdıqca daha aydın görünər...
Mübariz QURBANLI,
Yeni Azərbaycan Partiyası icra katibinin müavini,
Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
sədri
Azərbaycan.- 2018.- 14 iyul.- S.1; 3.