Xalq-iqtidar birliyini heç bir qüvvə sarsıda bilməz

 

İlham Əliyev Gəncədə baş verən cinayət hadisələrində əli olanların hamısının tezliklə məsuliyyətə cəlb olunacaqlarını bəyan etdi

 

Gəncə şəhərində bir qrup radikal dini şəxsin törətdiyi iğtişaş, ölkədə sabitliyin pozulmasına yönəlik hadisələr, qanunsuz aksiya zamanı xalqın itaətsizliyə çağırılması antiazərbaycançı şəbəkənin növbəti məkrli planının tərkib hissəsidir. İki polis zabitinin həlak olduğu qanlı hadisədə iştirak edənlərin həbsi və aparılan araşdırmalar bu olayların birbaşa xaricdən idarə olunduğunu deməyə ciddi əsaslar yaradır.

İnsanlar arasında qorxu, təşviş yaradılmasına xidmət edən bu hadisələr təkcə gəncəlilərin deyil, bütün ölkə əhalisinin ciddi etirazına səbəb oldu. İyulun 13-də isə Prezident İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda dövlət başçısı həm ayın 3-də, həm də 10-da Gəncədə baş verən qanlı olayları dövlətçiliyə qarşı törədilmiş cinayət adlandırdı.

 

Bu cinayətkarlar müsəlman deyillər

 

Bu cinayətləri törədən terrorçu qruplaşmanın əsas məqsədinin ilk növbədə, ölkədə sabitliyi pozmaq olduğunu deyən dövlət başçısı bildirdi ki, qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və xalqı qorxutmaq məqsədilə törədilib.

Terror aktlarının dini şüarlar altında törədilməsi də məqsədli şəkildə reallaşdırılıb. İlham Əliyev bunu ilk növbədə, islam dininə qarşı ən böyük cinayət adlandırdı. Çünki islam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və xalq öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir: “...Bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər. Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək. Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənali olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi”.

 

İğtişaşın xaricdən idarə edildiyi təsdiqini tapır

 

Onu da vurğulayaq ki, hadisə ilə bağlı yayılan son rəsmi məlumata görə, Gəncə şəhərində törədilən qanlı cinayətin bütün iştirakçıları müəyyənləşdirilib, 11 nəfər həbs olunub. Cinayət törədənlərdən biri Rəşad Böyükkişiyev isə silahlı müqavimət göstərdiyi üçün məhv edilib.

İstintaq-axtarış əməliyyatı zamanı hadisədən bir gün əvvəl Rəşad Böyükkişiyevin bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxardığı müəyyən olunub. Həmçinin müəyyən edilib ki, cinayət törətməkdə şübhəli bilinən Bəkram Əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib.

Bu faktlar təsdiqləyir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib. Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb.

Dövlət başçısı vurğuladı ki, Azərbaycan dövləti üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib, əməliyyat-axtarış işləri davam etdirilir. Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar.

 

İlham ƏLİYEV: “Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz”

 

Müstəqillik qazandıqdan sonra Azərbaycan dövləti və xalq çox sınaqlardan keçib və hər dəfə də xalq-iqtidar birliyi bu sınaqdan üzüağ çıxıb. Gəncə hadisələri də bir daha təsdiq etdi ki, xalq hər zaman öz dövlətinə sahib çıxır.

Prezident İlham Əliyev bu məsələyə toxunaraq vurğuladı ki, müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilib. Hətta silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd də olub. Lakin onların heç biri baş tutmayıb. Bunun da başlıca səbəbi xalq-iqtidar birliyidir: “Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz. Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz”.

 

Qarayaxma, şər-böhtan kampaniyaları bumeranq effekti verir

 

Azərbaycanın müasir tarixi bu deyilənləri dəfələrlə sübut edib. Ölkəmizə qarşı çirkin niyyətlərlə plan quranlar öz hərəkətlərinin qurbanı olublar. Azərbaycanın əleyhinə aparılan bütün kampaniyalar bumeranq effekti verib və hər zaman da belə olacaq.

Bu, bir faktdır ki, Azərbaycan 15 ildə dünya miqyasında sürətlə inkişaf edən və ən təhlükəsiz ölkələrdən birinə çevrilib. Statistik göstəricilərə nəzər yetirdikdə isə görərik ki, son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə olmayıb. Məhz bu faktlar antiazərbaycançı şəbəkəni, ölkəmizin uğurlarını həzm edə bilməyən qüvvələri daim narahat edirbu uğurlara kölgə salmaq üçün istənilən çirkinliklərə əl atırlar. Ancaq qarayaxma, şər-böhtan kampaniyaları, yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Yalnız öz rəhbərinə inanan, güvənən xalq bu yalanlara, böhtanlara inanmır. Aprel ayında keçirilmiş prezident seçkiləri bunu bir daha təsdiqləyir.

 

Terrordan başqa əllərində bir şey qalmayıb

 

Prezident son zamanlar Azərbaycana qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan medianın da apardığı qaralama kampaniyasına toxunaraq bildirdi ki, istənilən çirkinliklərin heç bir səmərəsi olmur.

Media qurumları ilə yanaşı, özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı şər-böhtan kampaniyasından əl çəkmir. Lakin bunun nə ölkə daxilində, nə də xaricdə heç bir təsiri olmur. Çünki Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət və uğurlu diplomatiya sayəsində dünyanın güc mərkəzləri ölkəmizin həqiqətlərini artıq qəbul edirlər və Azərbaycan dünya birliyinin etibarlı tərəfdaşı kimi mövqeyini getdikcə gücləndirir.

İyulun 11-12-də Brüsseldə səfərdə olan dövlət başçısının Avropa İttifaqı Şurasında və NATO-nun mənzil qərargahında keçirdiyi görüşlər də bunun əyani sübutudur. Bütün bunların sayəsində Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir.

 

Müstəqil siyasətə, siyasi iradəyə şər qüvvələr təsir edə bilməyəcək

 

Dövlət başçısı bir daha bəyan etdi ki, bütün bu reallıqlar fonunda istənilən cəhdlər əbəsdir. Aparılan müstəqil siyasətə, siyasi iradəyə şər qüvvələr heç cür təsir edə bilmir: “Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var. Cinayətlərdən sonra aparılan əməliyyat-axtarış tədbirləri onu göstərir ki, cinayətkarların bir hissəsi artıq saxlanılıbdır. Operativ əməliyyat-axtarış tədbirləri davam etdiriləcək. Tam əminliklə deyə bilərəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək”.

Sonda cənab İlham Əliyev xalqa səslənərək bir daha əminliklə bəyan etdi ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək, müstəqil, məqsədyönlü siyasətlə xalqının xoşbəxt gələcəyi təmin ediləcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.- 15 iyul.- S.1-2.