Milli maraqlara uyğun
müstəqil və prinsipial siyasi kursun nəticəsi
Prezident İlham Əliyevin Belçikaya
səfəri bir daha
Azərbaycanın bölgədə mühüm
rol oynayan ölkə olduğunu təsdiq etdi
Prezident İlham Əliyevin NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun zirvə toplantısında iştirak etmək üçün Belçikaya səfəri bir daha Azərbaycanın həyata keçirdiyi siyasətin mahiyyətini ortaya qoydu. Bu, rəsmi Bakının siyasi kursunun tamamilə müstəqil olduğunu, milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə qoruduğunu nümayiş etdirdi.
“Tərəfdaşlıq prioritetləri” Aİ ilə əməkdaşlıqda
yeni səhifə açır
Məlum olduğu kimi, enerji təhlükəsizliyi son vaxtlar dünyanı, xüsusən Aİ-nı düşündürən ən vacib məsələyə çevrilib. Azərbaycanın isə zəngin karbohidrogen ehtiyatları və dünya bazarlarına çıxış yolları var. Elə buna görədir ki, hazırda enerji təhlükəsizliyi məsələsi xeyli vaxtdır ki, Aİ-Azərbaycan əməkdaşlığının mühüm tərkib hissəsinə çevrilib. Qərbin Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul etməsi Aİ-Azərbaycan əlaqələrini strateji səviyyəyə yüksəldib. Prezident İlham Əliyevin hələ 2006-cı ilin noyabr ayında Brüsselə səfəri zamanı imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumundan sonra əməkdaşlıq yüksələn xətlə inkişaf edib. “Cənub qaz dəhlizi” isə bu əməkdaşlığın bəhəridir. Aİ ilk gündən bu layihənin həyata keçirilməsinə dəstək verib və onu özünün prioritetləri sırasına daxil edib.
Aİ rəhbərliyi də Bakının enerji sahəsində əməkdaşlıqdakı qətiyyətini, əzmini, tərəfdaşlığa olan sadiqliyini daim yüksək qiymətləndirib. Aİ-nın bu mövqeyini Prezident İlham Əliyevlə görüşdə Donald Tusk bir daha nümayiş etdirdi. Təsadüfi deyil ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulandı.
Görüşdən sonra Azərbaycanla Avropa İttifaqı arasında paraflanan “Tərəfdaşlıq prioritetləri” sənədi isə rəsmi Bakının həm uğurlu, həm də müstəqil xarici siyasətinin növbəti təsdiqi oldu. Xatırladaq ki, 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi Azərbaycan-Aİ əlaqələrinin hüquqi bazasını təşkil edir. Aİ ilə münasibətlər TACIS, “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib. Azərbaycanın Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilməsinə dair Aİ şurasının 14 iyun 2004-cü il tarixli qərarı İttifaqla Azərbaycan arasında olan əlaqələrdə irəliyə atılan mühüm addım idi.
Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr, o cümlədən Azərbaycan üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni mərhələ oldu. Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramı da ölkəmizdə Avropanın bu mötəbər qurumu arasında əlaqələrə yeni nəfəs verdi. Bütün bunlarla bərabər, enerji sahəsində strateji tərəfdaşlıqla yanaşı, Azərbaycan artıq Aİ üzvü olan 11 ölkə ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb.
“Tərəfdaşlıq
prioritetləri” sənədi əməkdaşlığın
davamı olaraq münasibətlərdə
yeni səhifə açır. Sənəddə qeyd edildiyi kimi, əməkdaşlığın
daha da gücləndirilməsi
məqsədilə qarşılıqlı maraq
və birgə dəyərlərə əsaslanaraq Azərbaycan
və Avropa İttifaqı tərəfindən
birgə tərəfdaşlıq prioritetləri
razılaşdırılıb. Bir
sıra mühüm məsələlərin
yer aldığı sənəddə Azərbaycan
ilə Avropa İttifaqı arasında
vizaların ləğvi sahəsində dialoqun
perspektivləri də əksini tapıb. Bütövlükdə
bu sənəd ikitərəfli tərəfdaşlıq
əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar yaradır.
NATO Azərbaycanın regiondakı
mövqeyini yüksək
qiymətləndirir
Azərbaycan dövləti xarici siyasətdə elan etdiyi prioritetlərə uyğun olaraq dünyanın ayrı-ayrı subyektləri ilə özünün siyasi və iqtisadi əməkdaşlığını tamamilə bərabərhüquqlu tərəfdaşlıq formatında qurur. Nəinki qurur, o cümlədən inkişaf etdirir, keyfiyyətcə yeni mərhələyə qaldırır. Aİ ilə yanaşı Azərbaycanın digər beynəlxalq təşkilatlar, o cümlədən NATO ilə əlaqələri də milli maraqlarımıza uyğun şəkildə genişlənir.
Azərbaycan-NATO əlaqələrinin tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq məsələləri təşkil edir. Bu əməkdaşlıq həm də strateji məzmun kəsb etməklə regionda Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən mühüm enerji layihələrinin təhlükəsizliyinin beynəlxalq səviyyədə həyata keçirilməsinə təminat yaradır.
Bu günlərdə Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbul təşkil edilib. Prezident İlham Əliyev həm qəbulda, həm də Əfqanıstan üzrə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib. Məlum olduğu kimi, Azərbaycan Əfqanıstana yardım üzrə bütün proseslərdə fəal iştirak edir. Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda sülhyaratma missiyasında xidmət edirlər. Artıq sülhməramlılarımızın sayı bu ildən 120 nəfərə çatdırılıb.
Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsini nəzərdə tutan “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə də qoşulub. 2017-ci ilin dekabrında “Asiyanın Ürəyi - İstanbul Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib. Bu il iyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısının Bakıda keçirilməsi də Azərbaycanın dost əfqan xalqının rifahı üçün beynəlxalq təşəbbüslərdə yaxından iştirakının təsdiqidir. Azərbaycan digər sahələrdə də bu ölkənin inkişafına mühüm töhfələr verir ki, bunlardan da biri “ASAN xidmət” modelinin Əfqanıstanda tətbiqidir.
Bütün bunlar, o cümlədən Azərbaycanın regiondakı rolunun və mövqeyinin artması NATO-nun ölkəmizə olan marağını daim artırır. Azərbaycanın yerləşdiyi bölgədə daha əhəmiyyətli rol oynamasını NATO rəhbərliyi də yaxşı bilir və ona görə ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər.
Heç kimə lazım olmayan Ermənistan
Prezident İlham Əliyevin Belçikaya səfərinin yekunlarından yaranan qənaət ondan ibarətdir ki, Azərbaycan əhəmiyyətli və mövqeyi qəbul olunan ölkə, regionun söz sahibi kimi özünü təsdiqləyib. Ermənistanın baş naziri Nikol Paşinyan da Brüsselə səfər etmişdi. Amma N.Paşinyan səfərindən məyus və əliboş qayıtdı.
Qeyd edək ki, N.Paşinyanın Brüsseslə səfəri öncəsi erməni siyasi dairələrində söz-söhbətlər baş qaldırmışdı. Müstəqil olmayan Ermənistanın rəhbərliyi çıxılmaz vəziyyətdə idi. Çünki erməni baş nazirinin Brüsselə səfəri Ermənistanın himayədarlarında qıcıq yarada bilərdi. Çünki bu, forfost ölkədir, müstəqil siyasəti yoxdur. Düzdür, N.Paşinyan birtəhər qərar qəbul edib Brüsselə getdi. Lakin hər şey qərbyönümlü kimi tanınan erməni inqilabının liderinin gözlədiyi kimi olmadı. O, Avropa
İttifaqından və Aİ rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət gözləyirdi. Amma belə olmadı. Ermənistan mediasının iddia etdiyi kimi, qırmızı xalçalar sərilmədi, Paşinyan təntənəli şəkildə, alqışlarla qarşılanmadı.
N.Paşinyanın Avropaya bu ilk səfəri necə deyərlər Ermənistan üçün növbəti siyasi uğursuzluq oldu. İlk növbədə, onu qeyd edək ki, Ermənistanın yeni baş naziri Azərbaycanla aparılan danışıqlar prosesində irəli sürdüyü yeni şərtlərlə əlaqədar Avropadan dəstək almaq istəyirdi. Amma onun danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini də cəlb etmək cəhdləri iflasa uğradı. Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini açıq şəkildə bəyan etdi ki, danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir.
Bundan başqa, Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də iflasa uğradı.
Onu da qeyd edək ki, N.Paşinyan Brüsseldə cidd-cəhdlə Aİ-dən 70-80 milyon avro pul almaq istəyirdi. Bu vəsait büdcəsi boş olan Ermənistanda yeni seçkilərin keçirilməsi üçün vacibdir. Paşinyan qısa müddətdə seçkilər keçirib bu məsələni tez həll etmək istəyir. Avropa İttifaqı isə açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur. Paşinyana hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi.
Beləliklə, Prezident İlham Əliyevin Belçikaya səfəri göstərdi ki, Azərbaycanla Aİ və NATO kimi təşkilatlar arasında əməkdaşlıq yüksələn xətlə davam edir. Eyni zamanda, bir daha təsdiq olundu ki, bu təşkilatlar Azərbaycanı bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi qəbul edir. N.Paşinyanın səfəri isə bütün bunların fonunda cılız, heç kimə lazım olmayan, olduqca zəif Ermənistanın obrazını açıq nümayiş etdirdi. Bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına uyğun yürütdüyü məqsədyönlü müstəqil və prinsipial siyasi kursun nəticəsidir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2018.-15 iyul.-
S.1-2.