Xalq və prezident vəhdətinin gücü

 

Adətən, sakit ötüşən və daha çox istirahət təəssüratları ilə yadda qalan iyul ayı bu dəfə ölkəmizdə bir qədər fərqli başladı...

İyulun 3-də axşam saatlarında ölkəmizin ikinci böyük şəhərinin - Gəncənin icra hakimiyyəti başçısına qarşı terror aktı törədildi.

Bundan təxminən bir həftə sonra, iyulun 10-da isə iğtişaşçılar Gəncə İcra Hakimiyyəti binasının qarşısında iğtişaş törədərək iki yüksək rütbəli polis zabitini qətlə yetirdilər.

Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov xidməti vəzifələrinin icrası zamanı şəhid oldular...

Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm...

Kaş ki, bütün bunlar baş verməsəydi, cəmiyyətimizdə bu qədər böyük narahatlıq doğurmuş məlum olaylar heç yaşanmasaydı...

İnsanlarımız Gəncə olayları barədə yetərincə məlumatlı olduqlarından bu xüsusda əlavə təfsilatlara lüzum görmürəm.

Hadisələrin nə zaman, harada, necə, hansı ardıcıllıqla baş verdiyini bilirik. İndi isə əksəriyyət məlum faktlar ətrafındakı yeni təfərrüatları izləyərək hamımız üçün çox mühüm olan əsas sualı üzə çıxarmağa çalışır.

Bu, əvvəli “niyə” ilə başlanan suallardır...

Bu hadisələrin arxasında gizlənmiş səbəblərdir...

***

Neçə gündür ki, özüm də bu sualların izindəyəm. Rəsmi dövlət qurumlarının açıqlamalarını, müxtəlif şərhləri izləyərək müəyyən bir nəticəyə gəlmək istəyirəm.

Niyə bu hadisələr baş verdi?

Niyə məhz indi?

Niyə məhz Gəncədə?

Əlbəttə, heç bir ölkə belə səsli-küylü hadisələrdən sığortalanmayıb. Ələlxüsus terrorizm müasir dünyamızın əfi ilan kimi qəfil baş qaldıran bəlasıdır, bunu bilirik. Bu ilanın gözlənilmədən harada zəhər saçacağını, əvvəlcədən duyub cəmiyyəti, fərdləri onun ağır xətərlərindən qorumaq əksər hallarda mümkün olmur, çox əfsus...

Gəncə olayları isə xüsusən böyük narahatlıq doğurur. Ona görə ki, bu, sıradan bir terror hadisəsi deyil.

Ölkəmizə qarşı hansısa qara niyyətlərin, məkrli planların hənirtisidir.

Azərbaycanın ən mühüm dövlətçilik dəyərlərindən olan ictimai sabitliyi, əmin-amanlıq və inkişaf mühitini pozmaq cəhdlərinin işartılarıdır.

Baş verənləri ölkəmizi qana çalxamaq istəyən mübhəm əllərin düzüb qoşduğuna, heç bir şübhə yoxdur. Əslində, belə niyyətləri hər zaman duyub hiss etmişik.

Səfimizi pozmaq, Azərbaycanı ardıcıl inkişaf yolundan sapındırmaq, ölkəmizin ictimai əhvalını öz istədikləri kimi müəyyənləşdirməyə çalışanlar indiki kimi əvvəllər də olub. Amma bizə qarşı namərd niyyətlərin, məkrli fəndlərin 9 il əvvəl Azərbaycan Neft Akademiyasında törədilən və 13 vətəndaşımızın qətli ilə nəticələnən terror aktında olduğu kimi belə qanlı hadisələrlə müşayiət olunacağını, yenə də heç birimiz gözləmirdik.

***

Elə hadisələr olur ki, isti-isti onların səbəblərini müəyyən etmək çətinlik yaradır. Amma aradan bir neçə gün keçəndən, müəyyən təfərrüatlar aydınlaşandan, ona qədər və ondan sonrakı digər hadisələri də ümumi bir hekayətin ayrı-ayrı parçaları kimi birləşdirəndən sonra tam mənzərəni görə bilirsən.

Ötən ilin payızından üzü bəri Azərbaycanda çox əhəmiyyətli tarixi hadisələr baş verdi. Bu sətirləri qələmə ala-ala, yalnız anidən yadıma düşənlərini qeydlərimə daxil edəcəyəm, dəyərli oxucum istəsə, özü sıranı əlavə faktlarla genişləndirə bilər.

Nə idi bu hadisələr?

Ötən əsrin 90-cı illərinin ortalarından etibarən ölkəmizin sosial-iqtisadi yüksəlişində, Azərbaycanda demokratik islahatların aparılmasında, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun inkişafında həlledici rol oynamış “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Müasir dünyamızda belə böyük iqtisadi layihələrin nə demək olduğunu nəzərə alsaq, bu addım Azərbaycanın aydın gələcəyi ilə bağlı çox mətləblərdən xəbər verir. Dünyanın taleyini müəyyənləşdirən böyük iqtisadi güclərin bu torpaqlarda təhlükəsizlik və inkişaf arzusunu, ölkəmizlə etibarlı tərəfdaşlıq əlaqələrinin hələ uzun zamanlar davam etdirilməsi istəyini, ən mühümü isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə olan inam və güvənini ortaya qoyur.

Keçən ilin sonlarına doğru Azərbaycan “Bakı-Tbilisi-Qars” kimi böyük bir qlobal kommunikasiya layihəsini işə saldı. Tarixən “Şərqin qapısı” sayılmış məmləkətimiz dünyanın iqtisadi mənzərəsinə təsir göstərən qədim İpək yolunun polad qollar üzərində bərpasına müvəffəq oldu.

İstismara verildikdən sonra Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevriləcək “Cənub qaz dəhlizi” layihəsi də törədilən bütün süni maneələrə rəğmən hazırda uğurla icra edilməkdədir.

Azərbaycanın beynəlxalq nüfuzu getdikcə güclənir. Hətta bizi istəməyən bir çox qüvvələr də regionun bu əhəmiyyətli ölkəsi ilə əməkdaşlıq etmək, geostrateji imkanlarımızdan, zəngin resurslarımızdan faydalanmaqdan ötrü mövqeyimizlə hesablaşmaq məcburiyyətindədir.

***

Belə qarmaqarışıq bir dünyada bütün bunlar bizim hətta təsəvvür etdiyimizdən də çətindir.

Amma Azərbaycan Prezidenti cənab İlham Əliyev son dərəcə çətin olan bu işi bacarıb...

Ortaya qoyduğu siyasi iradə, yüksək qətiyyət, prinsipiallıq sayəsində yeni dünya düzənində ölkəmizin layiqli yerini müəyyənləşdirə bilib...

Azərbaycanın öz dövlətçilik tarixinin heç bir dövründə indiki qədər güclü olmaması, sadəcə bəyanat deyil, reallıqlara əsaslanan mənzərədir. Hələ 2016-cı ilin aprelində Azərbaycan bu reallıqlara əsaslanaraq ordumuzun ani bir həmləsi ilə işğalçı Ermənistana öz gücünü göstərdi. Azərbaycan Ordusunun aprel zəfərinin təsiri, erməni cəmiyyətində yaratdığı zəlzələ dalğası qısa müddət sonra Ermənistanda dövlət çevrilişinə, cani və oğru Sarkisyan rejiminin bu ilin yazında hakimiyyətdən aşmasına qədər gətirib çıxardı.

Bu il isə ordumuz Naxçıvandakı böyük bir ərazini təcavüzkar düşməndən təmizləyərək öz zəfər qüdrətini növbəti dəfə nümayiş etdirdi.

Azərbaycanın ard-arda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar, böyük iqtisadi gücə malik olan qlobal layihələr, beynəlxalq aləmdə ölkəmizin getdikcə artan nüfuzu işğalçı Ermənistanda və onun havadarlarında xof yaratmaya bilməz.

Təkcə bircə ictimai gerçəkliyi qələmə alaq ki, Azərbaycan cəmiyyəti təcavüzkar Ermənistanın illərdən bəridir ki, işğal altında saxladığı torpaqların tezliklə azad edilə biləcəyinə, o torpaqlara yenidən həyat veriləcəyinə heç zaman indiki qədər ümidli olmayıb. Daha dəqiqi, torpaqlarımızın azadlığı günü işğal tarixindən keçən uzun zaman ərzində heç vaxt indiki qədər yaxınımızda olmayıb.

***

Göz önündə düşmən tapdağından azad edilərək cəmi iki-üç ayın içində müharibə xarabalıqlarından dünyanın ən abad qəsəbələrindən biri halına gətirilmiş Cocuq Mərcanlı gerçəkliyi var...

Müstəqilliyin ilk illərində içimizdəki səriştəsiz hakimiyyət hərislərinin rayon-rayon düşmənə təslim etdikləri torpaqların Azərbaycan əsgər və zabitlərinin rəşadəti hesabına təpə-təpə, kənd-kənd geri alınması həqiqəti var...

Bir vaxtlar Azərbaycanda yaranmış və torpaqlarımızın işğalı ilə nəticələnmiş ağır siyasi-iqtisadi böhranın indi Ermənistanın öz başına gəlməsi var.

Azərbaycanın uğurlu siyasi manevrləri, davamlı təzyiqləri ilə bütün beynəlxalq layihələrdən, qazanc-dolanışıq yerlərindən, kommunikasiya imkanlarından məhrum edilmiş təcavüzkar qonşumuzun tam küncə sıxılması faktı var. Beynəlxalq qurumların da, təbii ki, öz əbədi maraqlarını əsas tutaraq Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməyə başlaması reallığı var.

Elə bu günlərdə Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında müqavilənin paraflanması ölkəmizin beynəlxalq gücünə yeni bir güc qatdı. Sənəddə bir daha Azərbaycanın Avropa institutlarına inteqrasiyasının göstərilməsi və ərazi bütövlüyümüzün dəstəklənməsinin bəyan edilməsi ölkə rəhbərimizin həyata keçirdiyi xarici siyasətin daha bir uğuru idi.

Elə dünyanın ən nüfuzlu qurumlarından olan NATO-nun bu günlərdə keçirilmiş zirvə görüşündə Azərbaycana münasibət bizim nə qədər yüksək hörmətə malik olduğumuzu bir daha sübuta yetirdi.

Bundan az əvvəl, iyunun 26-da isə Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi münasibətilə təntənəli parad keçirilmiş, o cümlədən ölkəmizdəki ictimai-siyasi sabitliyin, inkişaf mühitinin əsas təminatçılarından olan Azərbaycan polisinin yaranmasının 100 illiyi qeyd edilmişdi.

Azərbaycan bir növ öz hərbi-siyasi gücünü nümayiş etdirməklə dosta-düşmənə lazımi ismarıclarını göndərmişdi. Bu ismarıcların mahiyyəti o idi ki, XX əsrin sonlarına doğru dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan daha cümhuriyyət dövründəki və 90-cı illərin əvvəllərindəki zəif, kövrək, çarəsiz məmləkət deyil.

Bu, 100 il ərzində böyük dövlətçilik nailiyyətləri qazanmış, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin sağlam təməllər üzərində möhkəmləndirdiyi Azərbaycan qüdrətli bir dövlətdir.

Milli dövlətçilik tarixinin ən qüdrətli çağındadır...

Öz milli maraqlarını qorumaq və başqalarına da qəbul etdirmək üçün hər cür imkanlara malikdir...

Bu həqiqətlər fonunda Azərbaycan düşmənlərinin narahatlıqla yerlərində qurcuxub hansısa namərdliklərə əl atacaqları gözləniləndir...

***

İndi ayrı-ayrı epizodları bir anlıq yenidən nəzərdən keçirək.

Cəmiyyətimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik təntənəsi ovqatındadır. İyunun 26-da keçirilmiş hərbi paradın qürur dolu təəssüratları hələ də insanlarımızın ortaq söhbət mövzusudur. Azərbaycan ona yeni üstünlüklər qazandıracaq böyük qlobal iqtisadi layihələrə, beynəlxalq əməkdaşlıqlara hazırlaşır.

Və qəfildən Gəncədə məlum terror aktları baş verir.

Nədənsə, bu son baş verənlər ötən əsrin 90-cı illərinin mühüm siyasi və iqtisadi hadisələri ərəfəsində xarici qüvvələrin Azərbaycana qarşı nümayiş etdirdikləri davranışları çox xatırladır. O dövrdə də milli dövlət maraqlarımızı sarsıtmaq məqsədilə həyata keçirilən silsilə təxribatlara çox bənzəyir.

Üstəlik, bu təxribatların məkanı da yenə eynidir.

Gəncə hadisələri mövzusunda düşüncələrini paylaşan bir çox ekspertlərimizin xatırladıqları kimi, 1990-cı illərin əvvəllərində “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində də yenə hədəf Gəncə seçilmişdi.

Bundan sonra Azərbaycanın cənubunda etnik separatçılıq baş qaldırmış və nəhayət, 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinə cəhd edilmişdi. Yenə də məqsəd gələcəkdə Azərbaycanın həyata keçirəcəyi böyük iqtisadi layihələri əngəlləmək idi. Belə bir sual ortaya çıxır. Bəs nə üçün məkan olaraq məhz Gəncə seçilir?

Həqiqətən yetərincə düşündürücü sualdır...

***

Gəncə Azərbaycanın dövlətçilik simvollarındandır. Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin təşəkkülü və inkişafında bu şəhər çox böyük rol oynayıb. Gəncə və gəncəlilər tariximizdəki rollarını bu gün də şərəflə davam etdirirlər.

Gəncə cümhuriyyətimizin ilk paytaxtıdır...

Elə bu yazının dərc olunduğu “Azərbaycan” qəzeti də daxil olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin bir çox yadigarları bu şəhərdə doğulub.

Gəncə həm də cümhuriyyətin son qalasıdır...

1920-ci ilin 28 aprelində bolşeviklər artıq xüsusi maraqlarında olan neft Bakısını işğal etmişdilər. Gəncə isə qırmızı orduya qarşı son müqavimətə, faktiki olaraq nəticəsi əvvəlcədən bəlli olan qeyri-bərabər döyüşdə son damla qanını bu torpaqlar uğrunda, milli ideyalar uğrunda qurban verməyə hazırlaşırdı.

Hətta tarixi soraqlara görə, 1920-ci ilin 28 mayında, yəni Bakının bolşevik işğalından düz bir ay sonra bu şəhərdə Milli Ordumuzun hərbi paradı da keçirilmişdi.

Əsərlərini Qurban Səid imzası ilə yazmış məşhur Azərbaycan yazıçısının “Əli və Nino” əsərində cümhuriyyət əsgərlərinin Gəncədəki son döyüşlərini əks etdirən epizodları kim unudar?!

Hələ çarizmin işğalçı qoşununa qarşı qeyri-bərabər savaşdan geri çəkilməyib haqq davasında oğulları ilə birgə şəhid düşən gəncəli Cavad xanın tale hekayəti...

Bu hekayəti - istiqlal uğrunda igidlik salnaməsini Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulan “Gəncə qapıları” pyesimdə ürək ağrısı ilə, göz yaşlarımı qələmin mürəkkəbinə qataraq ərsəyə gətirmişəm...

Bu o şəhərdir ki, Azərbaycan tarixindən qoparıb atmaq üçün adını dəyişib Yelizavetpol qoymuş, Gəncə toponimini unutdurmaqdan ötrü bu adı işlədənlərə yüksək məbləğdə cərimə kəsmişdilər. Amma şəhər sakinləri bunun cəriməsini könüllü şəkildə ödəyərək yenə də nümayişkəranə şəkildə doğma Gəncə adından ağızdolusu istifadə edirdilər. Heç Kirovabad adı da Gəncəni unutdura bilmədi...

Belə bir mənəviyyatın, milli ruhun, dövlətçilik təfəkkürünün daşıyıcısı insanların - geyimində müstəqil Azərbaycanın milli dövlətçilik atributlarını daşıyan yüksək rütbəli iki polis zabitimizin canına qıymasına, bu dövlətin məmuruna əl qaldırmasına kim inanar?!

Bu hadisələri törədənlərin, ona bais olanların Gəncəyə, böyük bir əxlaq, uca bir dəyər simvolizə edən gəncəli adına heç bir aidiyyəti ola bilməz.

Bu, əslində bütün regionlarımız üçün xarakterik olan xüsusiyyətdir, gəncəlilər həmişə öz comərdlikləri, Azərbaycanın milli-mənəvi dəyərlərinə, dövlətçilik ideyalarına sadiqlikləri, insanpərvərlikləri ilə ad qazanıblar. Böyük şəhərlərimizin daha çox beynəlmiləlləşdirilməsinə davamlı cəhdlərin göstərildiyi və müəyyən nəticələrin əldə edildiyi 50-60-cı illərdə belə Gəncə yenə öz milli simasını qoruyub. Hətta adıının dəyişdirilərək Kirovabad edilməsinə rəğmən yenə də mədəniyyət mərkəzi kimi regionda milli şüurun inkişafına yön verib.

Gəncə tarixi, mədəniyyət mühiti ilə də, insanları, yerləşdiyi coğrafiya ilə də vətənin bağrıdır...

İndi xaricdəki qara qüvvələrin 90-cı illərin ortalarında olduğu kimi, Azərbaycan dövləti əleyhinə təxribatlar üçün yenə bu məkanı seçmələri, əfi ilanın öz zəhərli yuvasını bu şəhərdə qurması Azərbaycanı bağrından vurmağa qalxmaqdır.

***

Məsələnin mənəvi məqamlarından başqa bir də sosial-iqtisadi, kommunikasiya tərəfləri var. Gəncə olayları barədə təhlili yazılarda bu məqama haqlı olaraq xüsusi diqqət yetirilib.

Çağdaş dünyamız kommunikasiya dünyasıdır. Zəmanənin əsas qazancları, iqtisadi üstünlükləri kommunikasiyalarla bağlıdır.

Dövlət müstəqilliyinin bərpasından, özü öz taleyinə sahib olduqdan sonra Azərbaycan dünya üçün zəngin enerji resursları ilə bahəm, geniş kommunikasiya imkanları ilə də maraq doğurur. Qlobal yolların qovuşduğu məkan kimi xüsusi əhəmiyyət kəsb edir.

Avtomobillə Azərbaycanın qərb sərhədlərinə doğru səyahət edən, yaxud elə bu sətirləri oxuya-oxuya Cənubi Qafqaz regionunun xəritəsini bir anlıq gözləri önündə canlandıran hər kəs Bakı qədər Gəncənin də kommunikasiya əhəmiyyətinin fərqində olmamış deyil. Əgər Bakı Şərqin qapısı, regionun Şərq tərəfdən giriş hissəsidirsə, Gəncə də Azərbaycanın Qərbə açılan qapısıdır.

Bütün Orta Asiya və Mərkəzi Asiyadan, o cümlədən Azərbaycandan Qərbə gedən yolun çox mühüm dəhlizi məhz Gəncədən keçir. Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilmiş bütün qlobal enerji-kommunikasiya xətləri Qərbə doğru Gəncədən uzanıb gedir.

Ona görə də Azərbaycana qarşı məkrli planlarını reallaşdırmaq istəyən xarici qüvvələrin hədəf kimi məhz Gəncəni seçmələri əsla təsadüfi sayılmaz.

25 il əvvəl də Gəncə Şəhər İcra Hakimiyyəti başçısına güllələr atılmışdı. Şəhər rəhbəri kabinetində odlu silahla qətlə yetirilmişdi. Şəhərdə dövlət-vətəndaş qarşıdurmasına davamlı cəhdlər göstərilmişdi.

Təxribatların 90-cı illərin ortalarında da, indi də eyni məkanda, eyni formada təkrarlanması onu göstərir ki, düşmən Ermənistan da daxil olmaqla yaxın və uzaq əhatəmizdəki antiazərbaycançı qüvvələrin əlində çoxdan bəridir, hazır bir Gəncə ssenarisi var. Bu ssenarini yerinə yetirməkdən ötrü yadların əlində maşa rolunu oynayan xainlər isə hər zaman tapılır.

Burada hər hansı qeyri-sabitlik mənbəyinin, təhlükə ocağının yaradılması Azərbaycanın reallaşdırdığı qlobal iqtisadi layihələrin əhəmiyyətinin heçə endirilməsinə, beynəlxalq tərəfdaşlarımızın bu layihələrin gələcəyi ilə bağlı bədgümanlığa qapılmasına hesablanıb.

***

Bir də, bu terror aktlarının din pərdəsi altında, islami şüarlarla törədilməsi... Yenə niyyət bəllidir, hədəf aydındır.

Şər əməllərin müəllifləri Azərbaycanda guya dini qarşıdurma görüntüsünün yaradılmasına da cəhd göstərirlər. Digər tərəfdən isə belə bəd əməllər müqəddəs dinimizə növbəti dəfə çamur ataraq İslamı terror dini kimi təqdim etmə baxımından da xarici qüvvələrin “işinə yarayır”.

Bu əməllərdə hətta Azərbaycan cəmiyyətini məzhəb təfriqələrinə sürükləmək istəkləri də açıq-aydın hiss olunur.

Azərbaycanın uğurlarını gözü götürməyənlərin daha bir narahatlığı, daha bir qısqanclığı da ölkəmizin son onilliklərdə bütün dünyada tolerantlıq, mədəniyyətlərarası dialoq, multikulturalizm məkanı kimi tanınmasıdır.

Məlumdur ki, ölkəmizdə milliyyətindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqları Konstitusiya ilə qorunur. Hər bir vətəndaşımızın vicdan azadlığı təmin olunur. Dini inancını həyata keçirmək üçün dövlət hamıya bərabər imkanlar yaradır. Azərbaycan bu torpaqlarda tarixən mövcud olan, müstəqillik illərində isə daha da inkişaf etdirilən tolerantlıq ənənələrinə görə bütün dünyaya nümunə göstərilir.

Azərbaycan dövləti ölkə ərazisindəki müqəddəs məkanların, dini ibadətgahların ən etibarlı hamisidir.

Dövlət bu yerlərə insanların mənəvi tərbiyə məkanı, tarixi abidə kimi ehtiram göstərir, onların təmiri, bərpası, yerli sakinlərin arzusunu nəzərə alaraq yeni ibadət yerlərinin ucaldılması qayğısına qalır. Elə Gəncənin özündə nə qədər ibadət yerləri, o cümlədən məşhur “İmamzadə” dövlətin dəstəyi ilə yenidən qurulub.

Belə bir qarşılıqlı hörmət mühitində, sağlam əqidəyə əsaslanan münasibətlər çevrəsində dövlətlə din arasında hansı qarşıdurmalardan söhbət gedə bilər ki?!

***

Fərqli mədəniyyətlərin üz-üzə dayandığı dünyamızda Azərbaycan İslama hücumlara qarşı qətiyyət göstərən, İslam işığını, İslam irfanını, İslam mədəniyyətini dünyada ən çox təbliğ edən, İslam ölkələri arasında həmrəyliyin əldə olunmasına çalışan, dinimizin əsla terror dini deyil, sülh, mərhəmət, elm, əxlaq dini olması düşüncəsini formalaşdıran ölkələrdən, bəlkə də birincisidir.

Ötən il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olundu. Beynəlxalq aləmin də maraqla izlədiyi İslam Həmrəyliyi Oyunları keçirildi. Bu il isə Naxçıvan İslam mədəniyyətinin paytaxt şəhəridir. Bir neçə il əvvəl Bakı şəhəri də bu şərəfli ada layiq görülmüşdü. Müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini sahədə görülən işlərə ən yüksək qiymət verir.

Ona görə də Gəncədə dini şüarlar qışqıraraq bu terror aktlarını törədənlər, cəmiyyətimizi dini zəmində qarşıdurmalara, məzhəb təfriqələrinə çəkmək istəyənlər, qara paltarları, düşüncələrindəki və əməllərindəki zülmətlə İslam işığının qarşısını kəsənlər heç bir vəchlə bu dinə aid ola bilməzlər.

Onların mahiyyətinə ən düzgün qiyməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev verdi: “Bu terror aktları dini şüarlar altında törədilmişdir. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. ...Bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər. Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır”.

***

Bəli, xainlərin cəhdi yenə alınmadı. Və bundan sonra da alınmayacaq. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, “Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək”.

Gəncədə təxribat ocağı qalayıb vətəndaşlarla dövlət arasında təfriqə yaratmaq istəyənlər, ölkəni vətəndaş müharibəsinə sürükləyib Suriyanın, Liviyanın gününə salmağa can atanlar, qarşılarında dövlət-vətəndaş vəhdətini, bu vəhdətin gücünü gördülər.

Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri pislədi. Bu cinayətləri törədənlərə qarşı öz nifrətini bəyan etdi. Bu vəhdət göstərdi ki, Azərbaycanda dini radikallığa, din pərdəsi altında su bulandırmaq istəyənlərə heç zaman yer olmayıb.

Bir daha təsdiqləndi ki, müstəqillik dövrünün Azərbaycana qazandırdığı ən böyük dəyər sivil cəmiyyət münasibətlərinin bərqərar olmasıdır. İnsanlarımızda milli dövlətçilik təfəkkürünün, vətəndaşlıq məsuliyyətinin, siyasi mədəniyyətin formalaşmasıdır. Qaragüruh əhvalının ictimai çevrədən geri çəkilməsidir.

Vətəndaşın öz dövlətinə yüksək inam və güvənidir. Məqamı gələndə öz dövlətinin təəssübünü çəkmək, xalqın milli maraqlarını qorumaqdan ötrü vətəndaşlarımızın həyat və sağlamlığını qurban verəcək qədər cəsarətli mövqeyə sahibliyidir.

Gəncədə baş verən təxribatlara cəmiyyət olaraq münasibətimiz ilk növbədə bunu göstərdi. Eyni zamanda təxribatların qarşısının vaxtında alınması, terror zəhərinin ətrafa sıçramaması, dövlətin, vətəndaşların bu təxribatların mümkün xətərlərindən qorunması üçün dövlətin nümayiş etdirdiyi təmkinli və bir o qədər də qətiyyətli mövqe növbəti dəfə sübut etdi ki, Azərbaycan ona qarşı yönəlmiş istənilən təhdidləri dəf etmək qüdrətindədir. Bu dövlətin hüquq mühafizə orqanlarında, güc strukturlarında İlqar Balakişiyev, Səməd Abbasov və Azərbaycan uğrunda canını qurban vermiş başqa şəhidlərimiz kimi on minlərlə dəyərli Azərbaycan övladı Vətənin keşiyindədir.

Bu hadisələri fürsət bilib onlardan çirkin siyasi maraqlarla faydalanmağa çalışanlara, baş verənləri hakimiyyətə qarşı kampaniyaya çevirmək istəyənlərə, vəzifə, kreslo, mənsəb naminə şeytanla belə əməkdaşlığa hazır olduqlarını növbəti dəfə göstərənlərə isə deyiləcək başqa sözüm yoxdur. Sadəcə nankordurlar, xaindirlər!..

Xalq və hakimiyyət birliyinin gücü ilanın başını gizləndiyi yuvadaca əzdi...

Azərbaycanı sarsıtmaq istəyənlər suç üstündə yaxalanıb ifşa olundular...

Bu güc Azərbaycana zərbə vurmaq istəyənləri hər zaman öz yerlərində oturdacaq...

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı,

yazıçı-publisist

 

Azərbaycan. - 2018.- 18 iyul.- S.1; 3.