İtaliya Prezidentinin Azərbaycana rəsmi
səfəri çərçivəsində təltifetmə
mərasimi keçirilib
İtaliya Respublikasının Prezidenti Sercio
Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri
çərçivəsində iyulun 18-də təltifetmə
mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, mərasimdə İtaliya Prezidenti Sercio
Mattarellanın Azərbaycanın ali dövlət
mükafatı olan “Heydər Əliyev” ordeni, Prezidentin
qızı Laura Mattarellanın “Şöhrət” ordeni,
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq
naziri Enzo Moavero Milanesinin isə “Dostluq” ordeni ilə təltif
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları
oxundu.
Sərəncamlarda
deyilir ki, Prezident Sercio Mattarella Azərbaycan Respublikası ilə
İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq
əlaqələrinin inkişafında xüsusi xidmətlərinə,
Laura Mattarella ölkələrimizin humanitar əməkdaşlığının,
Enzo Moavero Milanesi isə dövlətlərarası münasibətlərin
möhkəmləndirilməsində xidmətlərinə
görə bu ordenlərlə təltif olunublar.
Dövlətimizin başçısı İlham
Əliyev ordenləri təqdim etdi.
Sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
İtaliyanın “Xidmətlərinə görə”
böyük lentlə birlikdə Böyük Xaç Kavaleri
ordeni və birinci xanım Mehriban Əliyevanın “Xidmətlərinə
görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif
edilməsi haqqında İtaliya Respublikasının
Prezidentinin - “Xidmətlərinə görə” ordenin rəhbərinin
2018-ci il iyulun 12-də imzaladığı sərəncamlar
elan edildi.
İtaliya Prezidenti Sercio Mattarella ordenləri təqdim
etdi.
Azərbaycan.-
2018.-19 iyul.- S.4.