Müasir
inkişaf kursunun lokomotivi
İlham
Əliyevin yeni iqtisadi strategiyasının əsas istiqamətlərindən
olan modern sənayeləşmə artıq real nəticələr
verməkdədir
Dünyanın əksər
ölkələrində olduğu kimi, Azərbaycanda da sənayeləşmə
iqtisadi siyasətin prioritetlərindəndir və bu sahədə
ölkəmiz zəngin ənənələrə malikdir. Son illərdə
Azərbaycan iqtisadiyyatının bütün sahələrində
olduğu kimi, sənayenin inkişafında da böyük
uğurlar qazanılıb, məhsul istehsalının həcmi
dəfələrlə artıb.
Valyuta ehtiyatlarını 44,3 milyard dollara çatdıran Azərbaycanda rəqabətqabiliyyətli
müasir sənaye sahələrinin yaradılması, sənayenin
infrastruktur təminatının
yaxşılaşdırılması sahəsində
çoxsaylı layihələr icra edilir, yeni iş yerləri
açılır. Bir sözlə, əminliklə
demək olar ki, Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə
qədəm qoyub.
611 sahibkara 100
milyon manatdan çox güzəştli kredit verilib
Ölkəmizdə müasir
sənaye müəssisələrinin qurulması,
sahibkarlıq mühitinin inkişaf etdirilməsi, kiçik və
orta sahibkarlıq subyektləri üçün əlverişli
investisiya mühitinin yaradılması, qeyri-neft sektorunun
inkişafı və iqtisadiyyatın modernləşdirilməsi
qarşıda duran prioritet vəzifələrdəndir.
2018-ci ilin ötən dövründə
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu tərəfindən layihələrin ümumi dəyəri
468,1 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər
hesabına 100 milyon manatdan çox güzəştli kredit
verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 1,6 dəfə çoxdur. Bu layihələr
hesabına illik müqayisədə 3 dəfə çox
olmaqla 7 mindən artıq yeni iş yerinin açılması
nəzərdə tutulur. Ümumilikdə, 2018-ci
ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara
azı 170 milyon manat güzəştli kredit veriləcək.
İnvestisiya dəyəri
1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyətdədir
İqtisadi fəallığın
artırılması, ixracyönümlü məhsulların
istehsalının dəstəklənməsi, investisiyaların
cəlb edilməsinin stimullaşdırılması məqsədilə
55-i bu ilin birinci yarısında olmaqla, indiyədək 261
sahibkarlıq subyektinə 294 investisiya təşviqi sənədi
verilib ki, bu layihələrin reallaşması nəticəsində
yerli istehsala 2,5 milyard manat investisiyanın yatırılması
və 19 mindən çox yeni iş yerinin
açılması imkanı yaradılıb. İnvestisiya
dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə
artıq fəaliyyət göstərir.
Yüksək
texnologiyalar əsasında şaxələnən sənaye
sektoru
Əlbəttə ki,
qeyri-neft sektorunun strukturunda sənayenin xüsusi çəkisi
var. Sənayenin inkişafı bütövlükdə
iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət
kəsb edir. Azərbaycanın malik olduğu elmi potensial, təbii
resurslar və nəqliyyat imkanları ölkədə sənayenin
sürətli inkişafını təmin etməkdədir.
Bu həm də yüz minlərlə iş yeri, yüksək
gəlir və əlavə dəyər imkanları deməkdir.
Azərbaycanda həyata
keçirilən dövlət siyasəti iqtisadiyyatın hərtərəfli
inkişafının təmin edilməsini, o cümlədən
yüksək texnologiyalar əsasında sənayenin dinamik
inkişafını və şaxələndirilməsini nəzərdə
tutur.
Uğurla həyata keçirilən bu siyasətin nəticəsi
olaraq son illərdə regionların sosial-iqtisadi
inkişafına dair dövlət proqramları çərçivəsində
müxtəlif təyinatlı yüzlərlə sənaye
müəssisəsi tikilib istifadəyə verilib, minlərlə
yeni iş yeri yaradılıb.
Rəqabətqabiliyyətli
sənayenin inkişafı
“Azərbaycan Respublikasında sənayenin
inkişafına dair 2015-2020-ci illər üçün
Dövlət Proqramı”nın əsas
istiqamətlərindən biri sənaye və texnologiyalar
parklarının, eləcə də sənaye məhəllələrinin
yaradılmasıdır.
Prezident İlham Əliyevin
uğurlu sənayeləşmə siyasətinə uyğun
olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli
sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft
sektorunun davamlı inkişafını təmin etmək və
əhalinin istehsal sahəsində məşğulluğunu
artırmaq məqsədilə sənaye parkları və sənaye
məhəllələrinin yaradılması prosesi da sürətləndirilib.
Sənaye parklarının
yaradılması ölkənin qeyri-neft sektorunun davamlı
inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, eləcə
də rəqabətqabiliyyətli, idxalı əvəz edən
məhsulların istehsalının artırılması,
investisiyaların və müasir texnologiyaların cəlb edilməsi
kimi öncül vəzifələrin yerinə yetirilməsi
baxımından da əhəmiyyətlidir.
Sənaye
parklarına indiyədək 2,6 milyard dollar
investisiya yatırılıb
Nazirlər Kabinetinin son iclasında
Prezident İlham Əliyev digər sahələrlə
yanaşı, sənaye parkları və məhəllələrinin
sayının artırılması və bu işdə
sahibkarlara güzəştli kreditlərin verilməsi,
sahibkarların bu prosesə yaxından cəlb olunması ilə
bağlı tapşırıqlarını verdi.
Təbii ki, dövlət
başçısının sənayeləşmə siyasətinə
uyğun olaraq, sənaye parkları və məhəllələrinin
yaradılması, yeni rezidentlərin cəlb edilməsi istiqamətində
işlər davam etdirilir. Sənaye parklarına indiyədək
2,6 milyard dollar investisiya
yatırılıb, tikintidə və istehsalda 11 minə
yaxın iş yeri açılıb. Növbəti mərhələdə
investisiya qoyuluşunun 3,6 milyard dollara
çatdırılması və 7500-dək yeni iş yerinin
açılması nəzərdə tutulur.
Qafqazın ən
böyük kimya sənaye parkı
Azərbaycan Prezidentinin 2011-ci il 21
dekabr tarixli fərmanına əsasən yaradılan
Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət
göstərir, ilin sonunadək daha 7 müəssisə istifadəyə
veriləcək. Artıq demək olar ki, 7 ildir fəaliyyət
göstərən sənaye parkının rezidentlərinin
sayı getdikcə artır.
Burada fəaliyyət göstərən
şirkətlər tərəfindən sənaye parkına
ümumilikdə 2.7 milyard dollar investisiya yatırılması
gözlənilir. Ötən ilin dekabrında Prezident
İlham Əliyevin iştirakı ilə burada daha 4 müəssisə
fəaliyyətə başlayıb, 3 müəssisənin isə
təməli qoyulub. Yeni fəaliyyətə
başlayan müəssisələr atrıq məhsul istehsal
edir və hətta “made in Azerbaijan” brendi adı altında xaricə
də ixrac edirlər.
Toxuculuq sənayesinin
inkişafına dəstək verən Mingəçevir Sənaye
Parkı
Dövlət
başçısının 2015-ci il 26
fevral tarixli sərəncamı qurulan Mingəçevir Sənaye
Parkı ölkədə qeyri-neft sektorunun davamlı
inkişafını təmin etmək, müasir texnologiyalara əsaslanan
rəqabətqabiliyyətli sənaye istehsalını təşkil
etmək məqsədi ilə yaradılıb.
Mingəçevir Sənaye
Parkında yüngül sənaye məhsulları, o cümlədən
iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika
istehsalı üzrə 9 fabrikin yaradılması qərara
alınıb.
Sənaye parkında fəaliyyət göstərəcək
müəssisələrin xammal təchizatının
davamlılığını və
etibarlılığını təmin etmək
üçün ardıcıl tədbirlər
görülür.
Artıq sənaye parkında
investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750
nəfər işlə təmin olunub. Ümumi dəyəri
144 milyon manat olan fabriklərin yaradılmasına
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu tərəfindən 10 milyon manat güzəştli kredit
verilib. Müasir texnologiyalar əsasında
yaradılmış fabriklər Almaniya, İsveçrə,
İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin
avadanlığı ilə təchiz edilib. Fabriklərdə
pambıq mahlıcından ildə 10 min tonu “Ring”, 10 min tonu isə
“Open End” üsulu ilə olmaqla, ümumilikdə 20 min ton
müxtəlif cür iplik istehsalı nəzərdə
tutulur. “Ring” üsulu ilə istehsal edilən pambıq-poliester
iplik daha zərif və yumşaq olduğu üçün
uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal
olunacaq.
“Open End” üsulu ilə
alınan iplik daha sərt olduğundan əsasən cins və
digər geyimlərin istehsalında istifadə olunur. Bu cür
müəssisələrin istifadəyə verilməsi ölkədə
toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin
davamlı, keyfiyyətli və ucuz xammal ilə təmin
olunmasına, eləcə də istehsal edilən
pambığın hazır məhsul kimi ixracına imkan verəcək.
Balaxanı Sənaye Parkında daha 9 yeni istehsal sahəsi
tikiləcək
Prezident İlham Əliyevin 2011-ci il dekabrın 28-də imzaladığı sərəncama
əsasən yaradılan Balaxanı Sənaye Parkı bu
gün Bakı şəhəri və ətraf qəsəbələrdə
ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə
xidmət edir.
Sənaye parkının
yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında
rəqabətqabiliyyətli sənaye məhsullarının
istehsalının genişləndirilməsinə xidmət
edir.
Ölkədə
“yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə
yaradılmış Balaxanı Sənaye Parkının
hazırda 14 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət
göstərir. Rezidentlər tərəfindən
Balaxanı Sənaye Parkına ümumilikdə, 32 milyon manat məbləğində
investisiya yatırılıb. Sahibkarların
marağı nəzərə alınaraq parkın ərazisi 8,3 hektaradək genişləndirilib. Balaxanı
Sənaye Parkında ilkin mərhələdə 400-ə
yaxın daimi iş yeri yaradılıb. İkinci
mərhələdə daha 9 istehsal sahəsinin tikintisinə
başlanacaq.
Ümumi dəyəri
100 milyon dollar olan əczaçılıq və şpris
istehsalı
Pirallahı Sənaye Parkı Prezident
İlham Əliyevin 2016-cı il 14 sentyabr
tarixli sərəncamı ilə yaradılıb. Məqsəd ölkədə qeyri-neft sənaye sahələrinin
davamlı inkişafını təmin etmək, sənaye sahəsində
sahibkarlığı dəstəkləmək, əczaçılıq
sənayesinin inkişafına nail olmaq, əczaçılıq
məhsullarının idxalından
asılılığını azaltmaq, əhalinin dərman
vasitələrinə tələbatının ödənilməsində
yerli istehsalı təşviq etməkdir.
Pirallahı Sənaye Parkı
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
üçün zəruri infrastrukturu və idarəetmə
qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə
sənaye, o cümlədən əczaçılıq sənayesi
üzrə rəqabətqabiliyyətli məhsul istehsalı və
xidmət göstərilməsi, habelə emal müəssisələrinin
yaradılması üçün istifadə edilən,
sahibkarların səmərəli fəaliyyətinə və
inkişafına kömək edən ərazidir.
Sənaye parkında ümumi
dəyəri 100 milyon dollar olan əczaçılıq və
şpris istehsalı müəssisələrinin
yaradılması işləri aparılır. İlin sonuna
istifadəyə veriləcək şpris zavodu daxili tələbatı
ödəməklə yanaşı, ixrac imkanları da
yaradacaq.
Azərbaycanın
ilk sənaye məhəlləsi
Ölkədə ilk sənaye
məhəlləsi olan Neftçala Sənaye Məhəlləsində
8 müəssisə artıq fəaliyyətə
başlayıb. Bu müəssisələr üzrə 45 milyon manatdan
çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri
yaradılıb.
Bu ilin mart ayının
sonunda Azərbaycan və İran prezidentlərinin iştirakı
ilə Neftçala Sənaye Məhəlləsində
açılan “Xəzər” avtomobil zavodunda ildə 10 min
avtomobil istehsal olunur. Bu avtomobillər daxili bazarla yanaşı,
bir sıra xarici ölkələrə də ixrac edilir.
Ümumiyyətlə, sənaye
məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi üçün zəruri infrastruktura malik
olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul
istehsalı və xidmət göstərilməsi
üçün istifadə edilən ərazidir. Sənaye məhəllələrinin
üstünlüyü ondan ibarətdir ki, ilk növbədə,
sahibkar öz müəssisəsi üçün
infrastrukturun yaradılmasına pul xərcləmir. Yalnız icarə haqqı ödəyir. Sənaye məhəllələrinin ərazisində
xarici və daxili infrastruktur (elektrik enerjisi və isitmə,
qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından
mühafizə obyektləri, inzibati obyektlər və s.)
yaradılır.
Tezliklə
açılışı nəzərdə tutulan Masallı
Sənaye Məhəlləsində bütün işlər
başa çatdırılıb, Hacıqabul və Sabirabad sənaye
məhəllələrinin də ilin sonunadək istifadəyə
verilməsi nəzərdə tutulur. Bununla yanaşı,
hazırda respublikanın digər rayonlarında da yeni sənaye
parkları və məhəllələrinin yaradılması
imkanları araşdırılır.
Prezident İlham Əliyevin
“Azərbaycanın gələcək inkişafı sənayenin
inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə
uyğun olaraq, prioritet hədəf kimi reallaşdırılan
iqtisadiyyatın şaxələndirilməsi siyasətinin
mühüm istiqamətlərindən biri də məhz sənayeləşmə
və qeyri-neft sənayesinin inkişafıdır. Qeyri-neft sənayesinin
sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin
təşviqi və genişləndirilməsi ölkədə
biliyə əsaslanan iqtisadiyyatın formalaşması
üçün əlverişli zəmin yaradır. Azərbaycanın
dövlət büdcəsi isə il ərzində
qarşıda duran hər bir vəzifənin həyata
keçirilməsi üçün yetərlidir və modern sənayeləşmə
istiqamətində həyata keçirilən hər bir layihə
Azərbaycanın gələcək inkişafı ilə
bağlı düşünülmüş proqramdır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2018.-19 iyul.- S.1; 6.