Xalça Muzeyi Sercio Mattarellada xoş təəssüratlar yaratdı
İyulun 19-da İtaliya
Respublikasının Prezidenti
Sercio Mattarellanın rəhbərlik etdiyi nümayəndə heyəti
Azərbaycan Xalça
Muzeyi ilə tanış olub.
AZƏRTAC xəbər
verir ki, qonaqlara xalqımızın
qədim xalçaçılıq
sənəti, onun tarixi, adət-ənənəsi
haqqında məlumat verildi. Bildirildi ki, Azərbaycan
xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini
əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə
olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını
nümayiş etdirir.
Diqqətə çatdırıldı ki,
“qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri
saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq
məktəbinin - Quba,
Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin
xalça nümunələri
təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.
Qeyd edildi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti
sayəsində milli xalçaçılıq sənəti
2010-cu il noyabrın
16-da UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs Siyahısına
daxil edilib və həmin gün ölkəmizdə
Azərbaycan Xalçası
Günü kimi qeyd olunur.
İtaliyanın Prezidenti Sercio Mattarella Muzeyin xatirə kitabına ürək sözlərini
yazdı.
Azərbaycan Xalça
Muzeyinin direktoru Şirin Məlikova ali qonağa
xalça, qızı
Laura Mattarellaya isə
kəlağayı hədiyyə
etdi.
Maddi-mədəni irsimizlə
yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi
ekspozisiya zallarının
quruluşu ali
qonaqda xoş təəssürat yaradıb.
Azərbaycan.-
2018.-20 iyul.- S.3.