İçərişəhərlə
tanışlıq İtaliya Prezidentində
xoş təəssürat doğurub
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella iyulun 19-da dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar gəzintiyə orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanışlıqdan başlayıblar. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Gəzinti zamanı qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Qız qalasının yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri qonaqların böyük marağına səbəb olub.
Sonra Qız qalası ilə tanış olan qonaqlara Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.
İtaliyanın Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.
Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan yadigar olaraq ali qonağa hədiyyələr təqdim olunub.
İçərişəhərlə
tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.
Azərbaycan.-
2018.-20 iyul.- S.5.