Strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur

 

İtaliya ATƏT-də sədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycana dəstəyini davam etdirəcək

 

Həyata keçirdiyi tam müstəqil siyasətlə dünya birliyinin etibarlı tərəfdaşı statusunu qazanan Azərbaycan müasirliyə gedən yolda inamla addımlayır.

Bugünkü inkişaf və tərəqqi, dünya birliyinə sürətli inteqrasiya göstərir ki, son 15 ildə Azərbaycanda uğurlu daxilixarici siyasət kursu həyata keçirilib.

Prezident İlham Əliyevin Azərbaycana gələn dövlət və hökumət başçıları ilə, eləcə də xarici səfərlər zamanı keçirdiyi görüşlərdə birmənalı olaraq ölkəmizin Cənubi Qafqazın lider dövləti olduğu vurğulanır və Azərbaycanla əməkdaşlığa böyük önəm verilir. Eyni zamanda, tərəfdaş ölkələr, təşkilatlar mövcud münasibətləri dərinləşdirməkdə maraqlı olduqlarını bəyan edirlər.

 

Azərbaycan-İtaliya tarixi münasibətləri

 

İyulun 18-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri, dövlət başçılarının keçirdikləri görüşlər və səsləndirdikləri bəyanatlar, imzalanan yeni sənədlər iki ölkə arasındakı münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqlədi.

İtaliya-Azərbaycan münasibətləri qədim dövrdən mövcud olub. Hələ orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlər Azərbaycandakı Səfəvilər, Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr saxlayıblar. XV əsrdə Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi-diplomatik əlaqələr qurulub, 1469-cu ildən 1478-ci ilə kimi Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərib. Həmin dövrdə Azərbaycan diplomatları Neapol Krallığında danışıqlar aparıblar.

1918-1920-ci illərdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti dövründə də İtaliya və Azərbaycan arasında diplomatik münasibətlər yaradılıb. Həmin vaxt İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərib. Sovet hakimiyyəti dövründə - 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan ediliblər. Azərbaycan və İtaliya arasında mədəni əlaqələr həmin vaxtdan daha da sürətlənib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. 1997-ci ilin sentyabrında ulu öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub.

 

İtaliya Cənubi Qafqazda ilk səfirliyini Azərbaycanda açıb

 

Prezident İlham Əliyevin 2005, 2008, 2014 və 2015-ci illərdə İtaliyaya rəsmi səfərləri, o cümlədən İtaliyanın dövlət rəsmilərinin Azərbaycana səfərləri qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə rəvac verib. Onu da qeyd edək ki, İtaliya Cənubi Qafqazda ilk səfirliyini 1997-ci ildə Azərbaycanda açıb. İtaliyada Azərbaycan səfirliyi 2003-cü ildən fəaliyyət göstərir.

2014-cü ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilib. Bu sənəd iki ölkənin bir-biri ilə olan münasibətinin və gələcək əməkdaşlıq formatının göstəricisidir.

Hazırda İtaliya Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Təbii ki, bu, ilk olaraq neft sahəsi ilə bağlıdır. İtaliyanın neft idxalında Azərbaycan birinci yerdədir və ölkəmizin İtaliyanın xam neft idxalında payı 15 faiz təşkil edir.

 

Azərbaycanda 50-dən çox İtaliya şirkəti fəaliyyət göstərir

 

Bu illər ərzində iki ölkə arasında 40-a yaxın ikitərəfli sənədlər imzalanıb bu sənədlər hüquqi əlaqələri tam tənzimləyir. Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir.

Keçən il iki ölkə arasında ticarət dövriyyəsi 4,7 milyard dollardan çox olub. Bu da Azərbaycanın xarici ticarət dövriyyəsinin 20,91 faizinə bərabərdir. Ötən il ərzində ölkəmizdən İtaliyaya 4,4 milyard dollar dəyərində ixrac həyata keçirilib. İtaliyadan Azərbaycana idxal olunmuş məhsulların dəyəri isə 318 milyon dollar olub.

Bu göstəricilərə görə, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ən böyük ixrac məntəqəsi və yeddinci böyük təchizatçısı (Rusiya, ABŞ, Türkiyə, Çin, UkraynaAlmaniyadan sonra) kimi qərarlaşıb. Bununla, İtaliya Avropa İttifaqı ölkələri arasında Almaniyadan sonra Azərbaycanın ikinci böyük təchizatçısına çevrilib. İki ölkə arasında energetika sahəsində işbirliyi çox uğurla inkişaf edir. Hazırda ölkəmizdə 50-dən çox İtaliya şirkəti sənaye, tikinti, sığorta, nəqliyyat sahələrində fəaliyyət göstərir.

 

İki ölkə arasında daha 4 yeni sənəd imzalandı

 

İyulun 18-də isə münasibətlərin yeni inkişaf mərhələsi başladı. Çünki iki ölkə arasında daha 4 yeni sənəd imzalandı.

İki ölkə arasında imzalanan “Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu”, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İtaliya Dövlət Dəmir Yolları arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında baytarlıq təbabəti üzrə Texniki Anlaşma” və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İtaliya Respublikasının Təhsil, Universitetlər və Tədqiqat Nazirliyi arasında ali təhsil üzrə əməkdaşlıq barədə Birgə Bəyannamə uğurlu əməkdaşlığı daha da inkişaf etdirəcək.

 

Siyasi, iqtisadi ikitərəfli əlaqələr inkişaf mərhələsindədir

 

“İtaliya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək. Bizim əlaqələrimiz çoxşaxəlidir, bir çox sahələri əhatə edir. Bu gün apardığımız danışıqlarda, keçirdiyimiz görüşlərdə bir çox məsələlər müzakirə edildi. Regional inkişafregional təhlükəsizlik məsələləri, Avropa İttifaqı-Azərbaycan əlaqələri, siyasi, iqtisadi ikitərəfli əlaqələrimiz - bir çox məsələlər müzakirə edildi və deyə bilərəm ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür”.

Bu fikirləri Prezident İlham Əliyev mətbuata bəyanatında deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan və İtaliya strateji tərəfdaşdır və siyasi əlaqələr çox yüksək səviyyədədir. İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri bunun bariz nümunəsidir. İtaliyanın Azərbaycan üçün birinci ticarət tərəfdaşı olduğunu söyləyən Prezident vurğuladı ki, ölkəmiz böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox yaxşı əməkdaşlıq var və gələcəkdə bu əməkdaşlıq daha da dərinləşəcək.

 

İtaliya şirkətləri üçün Azərbaycanda bütün qapılar açıqdır

 

Bu gün İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Dövlət başçısı onu da dedi ki, İtaliya şirkətləri üçün Azərbaycanda bütün qapılar açıqdır. Bu ölkənin şirkətləri Azərbaycanda inşaat sektorunda, kənd təsərrüfatı sahəsində, ağır sənaye sahəsində bir çox layihələr icra ediblər. Keçirilən görüşlər və İtaliya-Azərbaycan biznes forumu yeni imkanlar açacaq.

Prezidentlərin görüşündə iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət, təhsil sahələrindəki əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb: “Bütün məsələlərlə bağlı fikirlərimiz üst-üstə düşür. Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır. Əminəm ki, bu səfərdən sonra əlaqələrimiz daha da möhkəmlənəcək və bundan sonra uzun illər ərzində biz çox səmərəli əməkdaşlıq edəcəyik”.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli işində İtaliya fəal rol oynayacaq

 

İtaliya hazırda ATƏT-in sədridir. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq.

Dövlət başçıları arasında keçirilən görüşdə İlham Əliyev italiyalı həmkarına danışıqların hazırkı vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini çatdıraraq bildirdi ki, Azərbaycan münaqişənin beynəlxalq hüququn norma prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin tapmasını istəyir. ATƏT isə işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərib. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri Ermənistan tərəfindən dağıdılıb.

Prezident İlham Əliyev münaqişənin həlli üçün hüquqi əsasın olduğunu vurğulayaraq BMT Təhlükəsizlik Şurasının 25 il öncə qəbul etdiyi 4 qətnaməni xatırlatdı.

 

İtaliyanın Azərbaycana səfər edən ilk Prezidenti

 

İtaliyanın Azərbaycana səfər edən ilk Prezidenti kimi adını hər iki ölkənin tarixinə yazdıran Prezident Sercio Mattarella isə bildirdi ki, İtaliya Azərbaycanı regionda özünün etibarlı tərəfdaşı hesab edir. İtaliya qlobal səviyyədə Azərbaycanla əməkdaşlığa əhəmiyyət verir, ölkəmizin dünyəviliyini dini tolerantlığa olan hörmətini çox alqışlayır. Radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri İtaliya tərəfi dəstəkləyir.

Sercio Mattarella vurğuladı ki, iki ölkə arasındakı münasibətlər siyasi, iqtisadi, energetika baxımından ən əhəmiyyətli rola malikdir. Lakin bundan əlavə, Azərbaycanla İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlıq mövcuddur.

İtaliya Prezidenti Milanda keçirilən “Expo” sərgisi zamanı Azərbaycan pavilyonunu da xatırlayaraq onun öz möhtəşəmliyi ilə bütün ölkələrin diqqətini cəlb etdiyini söylədi: “Bu xüsusda Heydər Əliyev Fonduna onun prezidentinə həm bu pavilyonun hazırlanmasına, həm Romada restavrasiya işlərinin görülməsinə digər tədbirlərin keçirilməsinə görə öz təşəkkürümü bildirirəm”.

 

ATƏT- sədrliyi çərçivəsində İtaliya Azərbaycana töhfəsini verəcək

 

Azərbaycanla ikitərəfli çoxşaxəli münasibətlərin yeni inkişaf mərhələsində olduğunu deyən İtaliyanın dövlət başçısı bunu imzalanan yeni sazişlərin bir daha təsdiqlədiyini söylədi.

Sercio Mattarella Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara da toxundu. Bəyan etdi ki, İtaliya ATƏT- sədrliyi çərçivəsində Azərbaycana öz töhfəsini verəcək: “İtaliya xüsusən regionda olan problemlərlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək. Biz istəyirik ki, bu sahə üzrə danışıqların formatlarını dəyişmək əvəzinə, əksinə, regionda təhlükəsizliyi təmin edə biləcək yeni danışıq yolları tapılsın. Çünki bizim fikrimizcə, bu münaqişənin həlli hərbi yolla deyil, siyasi yolla baş verməlidir. Bu həll yolu sabit, uzunmüddətli beynəlxalq hüquq çərçivəsində olmalıdır”.

 

İtaliya həmişə Azərbaycanın inkişafı üçün onun yanında olacaq

 

İtaliyanın Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişlə bağlı danışıqlarda çox fəal rol oynadığını vurğulayan dövlət başçısı hesab edir ki, iki ölkənin ümumi maraqlarına aid olan prioritet məsələlərin daha da inkişaf etdirilməsi, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı çərçivəsində İtaliya-Azərbaycan münasibətlərinə öz töhfəsini verəcək.

Prezident İlham Əliyevin Brüsselə səfərini xatırlayan Sercio Mattarella bildirdi ki, Qətiyyətli Dəstək sənədinin imzalanması Azərbaycanın əldə etdiyi uğurlu bir nəticədir: “Fikirləşirik ki, bu, daha da inkişaf edəcək. İtaliya NATO çərçivəsində əməkdaşlığına, xüsusən Əfqanıstanda göstərdiyi əməkdaşlığa görə Azərbaycana minnətdarlığını bildirir. Bildiyiniz kimi, İtaliya bu sahədə öz xüsusi rolunu oynayır”.

Sonda Sercio Mattarella bəyan etdi ki, İtaliya həmişə Azərbaycanın inkişafı üçün onun yanında olacaq.

Əminliklə söyləyə bilərik ki, aparılan danışıqlar, imzalanan müqavilələr Azərbaycan-İtaliya arasında strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur. Tezliklə bütün sahələrdə əməkdaşlıq daha da dərinləşəcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.-20 iyul.- S.1; 7.