Birinci vitse-prezident Mehriban
Əliyeva: "Azərbaycan regionun təhlükəsizliyinin
təmin olunmasına töhfə verir"
İyulun 20-də Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
Müstəqil Dövlətlər Birliyinin (MDB)
iştirakçısı olan ölkələrin Daxili
İşlər Nazirləri Şurasının Bakıda
keçirilən iclasının
iştirakçılarını qəbul edib.
AZƏRTAC xəbər verir ki, MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirən Birinci vitse-prezident Mehriban Əliyeva Şuranın artıq 5-ci toplantısının ölkəmizdə baş tutduğunu qeyd etdi.
Azərbaycanın MDB-nin fəal üzvlərindən biri olduğunu deyən Mehriban Əliyeva əsas vəzifənin müxtəlif sahələrdə - ictimai-siyasi, iqtisadi, humanitar və təhlükəsizliyin təmin edilməsi sahələrində hərtərəfli əməkdaşlığı, kooperasiyanı inkişaf etdirmək olduğunu vurğuladı. Bildirdi ki, MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm vəzifəni həyata keçirir. “Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir”, - deyən Birinci vitse-prezident ölkəmizdə Şuranın işinə böyük əhəmiyyət verildiyini vurğuladı, Azərbaycanın regionun təhlükəsizliyinin təmin olunmasına töhfə verdiyini diqqətə çatdırdı. Ölkəmizdə cinayətkarlığın səviyyəsinin aşağı olduğunu, baş vermiş cinayətlərin çoxunun açıldığını, ağır və xüsusilə ağır cinayətlərin sayının 30 faiz azaldığını müsbət hal kimi xarakterizə edən Mehriban Əliyeva Şuranın fəaliyyətinin gələcəkdə bu meyillərin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının operativ informasiya mübadiləsi, risklərin minimuma endirilməsi, mütəşəkkil cinayətkarlıqla, narkotrafik, terrorizm, ekstremizmlə birgə mübarizə üçün çox gözəl platforma olduğunu deyən Birinci vitse-prezident Mehriban Əliyeva qloballaşmanın doğurduğu yeni təhdidlər və çağırışlarla səmərəli mübarizə aparmaq üçün əməkdaşlığın zəruriliyini vurğuladı.
Birinci vitse-prezident İnterpolun baş katibi Yurgen Ştoku salamlayaraq onu bu mühüm vəzifəyə təyin olunması münasibətilə təbrik etdi. Ümidvar olduğunu bildirdi ki, İnterpol gələcəkdə də bu regionda təhlükəsizliyin təmin olunmasını dəstəkləyəcək.
Azərbaycanın Birinci vitse-prezidenti deyib: “Sizin diqqətinizi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bir sıra xarici şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti faktlarına yönəltmək istərdim. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirən 177 xarici hüquqi şəxs aşkar edilib. Bununla yanaşı, 710 xarici vətəndaş işğal olunmuş ərazilərə gəlib. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkəmizin ərazi bütövlüyünü bütün dünya tanıyıb. Buna görə də bu cür pozuntular, bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı, son illərdə bu ərazilərdən narkotiklərin becərilməsi və sonradan trafiki üçün istifadə olunması faktları mövcuddur. Bu da sözsüz ki, böyük narahatlıq doğurur. İstər xarici şirkətlər tərəfindən, istərsə də ayrı-ayrı şəxslər tərəfindən bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və bizim dövlətimiz həmin hərəkətlərin dayandırılması və qarşısının alınması üçün bütün qanuni tədbirləri görür və gələcəkdə də görəcək. Əlbəttə, bu cəhətdən biz İnterpolun dəstəyinə çox bel bağlayırıq. Mən bir daha təcrübənizi bölüşdüyünüzə, bizim birgə işimizə görə təşəkkür etmək istəyirəm və əminəm ki, gələcəkdə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik”.
Birinci vitse-prezident Mehriban Əliyeva bir daha Azərbaycanın MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının işini yüksək qiymətləndirdiyini dedi və Şuranın işinə uğurlar arzuladı.
Rusiyanın
daxili işlər naziri,
MDB iştirakçısı olan ölkələrin
Daxili İşlər Nazirləri
Şurasının sədri Vladimir Kolokoltsev Şuranın budəfəki
iclasında bir çox
vacib məsələlərin müzakirə
olunacağını və mühüm qərarların
qəbul ediləcəyini bildirdi. Vladimir Kolokoltsev birgə səylərin
əhəmiyyətini vurğulayaraq qəbul
edilən qərarların vətəndaşların təhlükəsizliyinin
təmin olunmasına yönəldiyini diqqətə
çatdırdı.
Azərbaycan.-
2018.-21 iyul.- S.1; 3.