Əlilliyi olan şəxslərin hüquqları
haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
1-ci fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə olunan
anlayışlar aşağıdakı mənaları ifadə
edir:
1.0.1. əlillik -
müxtəlif maneələrlə
qarşılaşdığı zaman şəxsin digər
şəxslərlə bərabər səviyyədə cəmiyyət
həyatında tam və səmərəli iştirakına
mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat
pozuntularının olması;
1.0.2. əlilliyi
olan şəxs - müxtəlif maneələrlə
qarşılaşdığı zaman digər şəxslərlə
bərabər səviyyədə cəmiyyət həyatında
tam və səmərəli iştirakına mane olan sabit
fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs,
o cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaq;
1.0.3. əlilliyə
görə ayrı-seçkilik - əlilliklə bağlı
istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə,
o cümlədən bu qanuna uyğun olaraq, müyəssərliyə
nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina;
1.0.4. ağlabatan
uyğunlaşma - əlilliyi olan şəxslər tərəfindən
əsas insan hüquqlarının və
azadlıqlarının digərləri ilə bərabər səviyyədə
həyata keçirilməsinin təmin olunması məqsədi
ilə zəruri və mümkün uyğunlaşma və
düzəlişlər edilməsi;
1.0.5. əlilliyin qarşısının
alınması - əlilliyin erkən diaqnostikası, həmçinin
sağlamlığın qorunması tədbirləri, ətraf
mühitin ekoloji vəziyyətinin
yaxşılaşdırılması, sağlam həyat tərzinin
və təhlükəsiz əmək şəraitinin təmin
edilməsi, istehsalat zədələrinin, peşə xəstəliklərinin
yayılmasının qarşısının
alınmasını nəzərdə tutan tədbirlər
sisteminin həyata keçirilməsi;
1.0.6. əlilliyi
olan şəxslərin reabilitasiyası - əlilliyin aradan
qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş
tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər
sistemi vasitəsilə əlilliyi olan şəxslərin
müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və
peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən
bərpası;
1.0.7. tibbi
reabilitasiya - orqanizmin anadangəlmə, yaxud xəstəlik və
ya zədə nəticəsində sonradan pozulmuş
funksiyalarının bərpasına və kompensasiyasına
yönəldilmiş tibbi tədbirlər sistemi;
1.0.8. peşə-əmək
reabilitasiyası - əlilliyi olan şəxsin peşə
seçiminə, əvvəlki və ya yeni peşədə əmək
qabiliyyətinin qaytarılması məqsədi ilə zəifləmiş,
yaxud itirilmiş funksiyasının bərpa edilməsinə və
ya onun yeni peşəyə uyğunlaşdırılmasına
yönəldilmiş tədbirlər sistemi;
1.0.9. sosial
bacarıqların inkişafı - əlilliyi olan şəxsə
sosial vərdişlərin mənimsənilməsini, onlara digər
şəxslərlə bərabər cəmiyyətin həyatında
müstəqil iştirak etmək üçün
imkanların yaradılmasını təmin edən tədbirlər
sistemi;
1.0.10. psixoloji-pedaqoji reabilitasiya - əlillik
xüsusiyyətinə uyğun olaraq əlilliyi olan şəxsin
müxtəlif tədris metodlarından istifadə olunmaqla
inklüziv və ya inteqrasiyalı təhsil almasına,
ünsiyyət, özünəxidmət və öz
davranışına nəzarət qabiliyyətinin bərpasına
yönəldilmiş tədbirlər sistemi;
1.0.11. abilitasiya - əlilliyi
olan şəxsin mövcud potensialını maksimum inkişaf
etdirməklə, sərbəst yaşamaq imkanlarının
artırılması;
1.0.12. əlilliyi
olan şəxslərə müyəssərlik - iş, təhsil,
səhiyyə və digər sosial mühitin, ictimai, nəqliyyat
və kommersiya infrastrukturunun əlilliyi olan şəxslərin
xüsusiyyətlərinə uyğunluğu;
1.0.13. ünsiyyət - dillərdən,
mətndən, Brayl əlifbasından, toxunmaqla duyulan ünsiyyətdən,
böyük şriftdən, mümkün multimedia vasitələrindən,
eləcə də çap materiallarından, audio və video
vasitələrdən, adi dildən, qiraətçilərdən,
habelə mümkün informasiya-kommunikasiya texnologiyaları da
daxil olmaqla, ünsiyyətin gücləndirici və alternativ
üsullarından istifadə;
1.0.14. universal
dizayn - əşyaların, şəraitin və xidmətlərin
adaptasiya və ya xüsusi dizayn zərurəti olmadan
bütün insanlar üçün istifadəyə maksimum dərəcədə
yararlı dizaynı;
1.0.15. inklüziv
təhsil - əlilliyi olan şəxslərin təhsil müəssisələrində
digər şəxslərlə birgə təhsili;
1.0.16. əlilliyi
olan şəxslərin qeyri-hökumət təşkilatı
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən
dövlət qeydiyyatına alınmış və əsas fəaliyyəti
əlilliyi olan şəxslərin hüquqlarına və
maraqlarına xidmət etmək olan ictimai birliklər və
fondlar;
1.0.17. əlilliyin
müəyyən edilməsi - şəxsin əlilliyinin və
reabilitasiya imkanlarının qiymətləndirilməsi.
Maddə 2. Qanunun tətbiq edildiyi şəxslər
Bu qanun Azərbaycan
Respublikasının vətəndaşlarına, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə başqa hal nəzərdə
tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində
daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə
və əcnəbilərə şamil edilir.
Maddə 3. Əlilliyin müəyyən
edilməsi
3.1. Şəxsin əlilliyinin səbəbi,
dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti
orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi
keçirildikdən sonra qəbul edilmiş qərar əsasında
müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi
qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
3.2. Əlilliyin qiymətləndirilməsi
məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə
göndərişlərin verilməsi qaydasını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
3.3. Şəxs müvafiq icra hakimiyyəti
orqanı tərəfindən bu barədə qərarın qəbul
edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
3.4. Əlilliyin müəyyən
olunması meyarlarını müvafiq icra hakimiyyəti
orqanı təsdiq edir.
3.5. Müvafiq icra hakimiyyəti
orqanı əlilliyi olan şəxslərin vahid informasiya
bazasını yaratmaq məqsədi ilə müvafiq icra
hakimiyyəti orqanının apardığı elektron
informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi
olan şəxslərin reyestrini elektron formada aparır.
3.6. Əlilliyi olan şəxslərin
reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.
Maddə 4. Əlilliyi olan şəxslərin
hüquqi vəziyyətinin əsasları
4.1. Əlilliyi olan şəxslər
Azərbaycan Respublikasının Konstitusiyasında və digər
normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
təsbit olunmuş bütün insan və vətəndaş
hüquq və azadlıqlarına malikdirlər.
4.2. Əlilliyi olan şəxslərə
qarşı ayrı-seçkilik qadağandır və qanunla
təqib edilir. Əlilliyi olan şəxslərin
faktiki bərabərliyinin sürətləndirilməsi və
ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər
ayrı-seçkilik hesab edilmir.
4.3. Əlilliyi olan şəxs
özü və ya nümayəndə vasitəsi ilə
hüquqlarını və qanunla qorunan maraqlarını
müdafiə etmək məqsədi ilə inzibati aktdan,
inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati
orqanın hərəkət və ya hərəkətsizliyindən
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq şikayət edə bilər.
Maddə 5. Əlilliyi olan şəxslər
barəsində dövlət siyasətinin əsas prinsipləri
5.0. Əlilliyi olan şəxslər
barəsində dövlət siyasətinin əsas prinsipləri
aşağıdakılardır:
5.0.1. əlilliyi olan şəxslərin
xüsusiyyətlərinə hörmət - əlilliyi olan
şəxslərin xüsusiyyətlərinə, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqların inkişaf edən qabiliyyətinə və
onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət
olunması, onların insan müxtəlifliyinin komponenti və
bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi;
5.0.2. inklüzivlik
- əlilliyinin növündən, formasından və
ağırlıq dərəcəsindən asılı
olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi
üçün iş, təhsil və digər sosial
mühitin və infrastrukturun əlilliyi olan şəxsə
müyəssərliyinin təmin edilməsi;
5.0.3. inteqrasiya - əlilliyinin
növündən, formasından və ağırlıq dərəcəsindən
asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri
ilə bərabər səviyyədə cəmiyyətin həyatında
tam və səmərəli iştirakına şəraitin
yaradılması;
5.0.4. bərabərlik
- əlilliyi olan şəxslərin xidmətlərdən
faydalanması və istifadəsi üçün bərabər
şərtlərin və imkanların yaradılması;
5.0.5. əlillik əlamətinə
görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi
olan şəxslərin digərləri ilə qanunla bərabər
səviyyədə müdafiə olunmaq və ondan bərabər
istifadə etmək hüquqlarının təsbit və təmin
edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma,
istisna və məhdudiyyət tətbiqindən imtina
olunması.
Maddə 6. Əlilliyi olan şəxslərlə
bağlı dövlət təminatları
6.1. Dövlət əlillik əlamətinə
görə hər hansı ayrı-seçkiliyə yol vermədən
əlilliyi olan şəxslərə cəmiyyət həyatının
bütün sahələrində iştirak etmək
üçün digər şəxslərlə bərabər
imkanlar, öz fərdi qabiliyyətlərinə və
maraqlarına uyğun həyat sürməsi üçün
lazımi şərait yaradılmasına, əlilliyə səbəb
olan risklərin aradan qaldırılmasına və ya
azaldılmasına, əlilliyi olan şəxslərin
reabilitasiyasına və hərtərəfli inkişafına təminat
verir.
6.2. Dövlət əlilliyi olan şəxslərin
təhsil alması və peşə hazırlığı
keçməsi üçün lazımi şərait
yaradılmasına, o cümlədən ünsiyyət
formalarından istifadənin mənimsənilməsinə və
əlilliyi olan şəxslərin təhsilinin “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun
olaraq, onlar üçün uyğun dildə və
üsullarla həyata keçirilməsinə təminat verir.
6.3. Dövlət əlilliyi olan şəxslərin
işgəncələrə və digər qəddar,
qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və
cəzalara məruz qalmamasına, onların yaşayış
yerində və yaşayış yerindən kənarda
istismarın, zorakılığın, təhqirin bütün
formalarından müdafiəsinə, şəxsi həyatının
toxunulmazlığına təminat verir.
6.4. Əlilliyi olan şəxslərin
hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə
qaydasında müdafiə etmək hüququ vardır.
6.5. Dövlət əlilliyi olan şəxslərin
qeyri-hökumət təşkilatlarına bu qanunla müəyyən
edilmiş hüquqlarını həyata keçirmək
üçün şərait yaradılmasına təminat
verir.
Maddə 7. İctimai maarifləndirmə
7.0. Müvafiq icra hakimiyyəti
orqanları əlilliklə bağlı məsələlərə
dair cəmiyyətin ümumi maariflənmə səviyyəsini
yüksəltmək, əlilliyi olan şəxslərin
hüquq və ləyaqətinə hörmət
olunmasını möhkəmləndirmək, onların
potensial imkan və qabiliyyətlərini təbliğ etmək
məqsədi ilə aşağıdakı istiqamətlərdə
tədbirlər həyata keçirirlər:
7.0.1. əlilliyi
olan şəxslərə hörmətlə yanaşmanın
tərbiyə olunması;
7.0.2. əlilliyi
olan şəxslər haqqında müsbət təsəvvürlərin
təşviqi;
7.0.3. əlilliyi
olan şəxslərin peşə vərdişlərinin və
qabiliyyətlərinin tanınmasına köməklik göstərilməsi;
7.0.4. təhsilin
bütün pillələrində, o cümlədən erkən
yaşlardan başlayaraq uşaqlarda əlilliyi olan şəxslərin
hüquqlarına hörmət edilməsinin tərbiyə
olunması;
7.0.5. əlilliyi
olan şəxslərə və onların hüquqlarına həsr
edilən tərbiyəvi-tanışlıq
proqramlarının inkişaf etdirilməsi.
2-ci fəsil
ƏLİLLİYİ
OLAN ŞƏXSLƏRİN REABİLİTASİYASI,
ABİLİTASİYASI VƏ İNKİŞAFI
Maddə 8. Sağlam həyat tərzinin
təmin edilməsi
8.1. Dövlət əlilliyin
qarşısını almaq məqsədi ilə cəmiyyətin
əsas nailiyyəti kimi sağlam həyat tərzinin təbliğini
təmin edir.
8.2. İnsanların fiziki və ruhi
sağlamlığının mühafizəsi, onların fəal
uzunömürlüyünün artırılması, tibbi
yardımla təminatı “Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
8.3. Müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş tibbi
xidmət növləri istisna olmaqla, dövlət tibb müəssisələrində
əlilliyi olan şəxslər üçün müvafiq
icra hakimiyyəti orqanlarının göndərişi ilə
tibbi xidmət dövlət büdcəsi hesabına həyata
keçirilir.
8.4. Əlilliyi olan şəxslərin
bədən tərbiyəsi və idman sahəsində təminatları
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilir.
Maddə 9. Uşaqlar arasında
sağlamlıq üzrə profilaktik tədbirlər
9.1. Uşaqlarda əqli
inkişafın gizli qüsurlarını, hiss üzvlərinin,
hərəkət sisteminin pozulmalarını erkən aşkar
etmək, onların sağlamlıq vəziyyətini dinamik
müşahidə etmək və sağlamlıq
imkanlarının məhdudluğu səviyyəsini azaltmaq məqsədi
ilə “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada icbari dispanserizasiyası həyata keçirilir.
9.2. Səhhətində fiziki, yaxud əqli
inkişafında hər hansı pozulma riski və ya halı
olan uşaqlara dövlət tərəfindən lazımi
tibbi, pedaqoji, psixoloji, hüquqi, sosial və digər yardım
göstərilir. Bu cür yardımın
metodları, forması, həcmi və müddəti bu qanunun
11-ci maddəsinə uyğun olaraq tərtib edilmiş Fərdi
Reabilitasiya Proqramı ilə müəyyən edilir.
Maddə 10. Əlilliyi olan şəxslərin
reabilitasiyası və abilitasiyası
10.1. Dövlət əlilliyi olan
şəxslərə maksimum müstəqilliyə, fiziki, əqli,
sosial və peşəkar qabiliyyətlərə nail olmaq və
bunları qoruyub saxlamaq imkanı verir.
10.2. Əlilliyi olan şəxslərin
reabilitasiyası bu qanunun 11-ci maddəsinə uyğun tərtib
edilmiş Fərdi Reabilitasiya Proqramı əsasında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin
edilir.
10.3. Əlilliyi olan şəxslərin
reabilitasiyası və inkişafı onların Fərdi
Reabilitasiya Proqramına uyğun olaraq yaşayış yerində
(Fərdi Reabilitasiya Proqramına uyğun olaraq reabilitasiya zərurəti
olan digər ərazidə), iş yerində, təhsil
aldıqları yerlərdə, reabilitasiya müəssisələrində
və digər reabilitasiya subyektlərində həyata
keçirilir.
10.4. Dövlət reabilitasiya müəssisələrinin
təşkili və fəaliyyəti qaydasını müvafiq
icra hakimiyyəti orqanı müəyyən edir.
10.5. Özəl və bələdiyyə
reabilitasiya subyektləri üçün standartlar müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
10.6. Əlilliyi olan şəxslərin
abilitasiyası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
Maddə 11. Fərdi Reabilitasiya
Proqramı
11.1. Əlilliyi olan şəxslərin
tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və
sosial bacarıqların inkişafı məqsədi ilə Fərdi
Reabilitasiya Proqramı tərtib olunur.
11.2. Fərdi Reabilitasiya
Proqramının hazırlanması, təsdiq edilməsi və
həyata keçirilməsi qaydasını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
11.3. Fərdi Reabilitasiya
Proqramı əlilliyi olan şəxsin və (və ya) onun
qanuni nümayəndəsinin iştirakı ilə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
11.4. Uşaqların erkən, habelə
sonrakı yaş dövrlərində sosial-psixoloji qiymətləndirilməsinin
aparılması, inkişaf xüsusiyyətlərini
aşkarlamaqla, sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlara və onların qanuni nümayəndələrinə
zəruri məsləhətlərin verilməsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir. Müvafiq icra hakimiyyəti
orqanının işində sağlamlıq imkanları məhdud
18 yaşınadək uşaqların qanuni nümayəndəsinin
iştirakı təmin edilir.
11.5. Dövlət müəssisələri,
idarələri və təşkilatları Fərdi
Reabilitasiya Proqramının icrasını təmin etməlidirlər.
3-cü fəsil
ƏLİLLİYİ
OLAN ŞƏXSLƏR ÜÇÜN
MÜYƏSSƏRLİK
Maddə 12. Müyəssərlik
üçün şərait yaradılması
Dövlət əlilliyi olan
şəxslərə müstəqil həyat tərzi
keçirmək və həyatın bütün aspektlərində
hərtərəfli iştirak etmək imkanının
yaradılması üçün, onların digərləri
ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat,
informasiya və rabitədən, o cümlədən
informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən,
əhaliyə açıq olan və ya təqdim olunan digər
obyekt və xidmətlərdən istifadəsinin təmin
olunması üçün zəruri tədbirlər
görür.
Maddə 13. İnfrastruktur obyektlərinin
layihələndirilməsi və tikintisi zamanı əlilliyi
olan şəxslərin tələbatının nəzərə
alınması
13.1. Azərbaycan Respublikasının
ərazisində və yaşayış məntəqələrində
infrastruktur obyektlərinin Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsinə
uyğun olaraq layihələndirilməsi və tikintisi
zamanı universal dizayn əsasında bu obyektlərin əlilliyi
olan şəxslərə maneəsiz müyəssər
olması, onların infrastrukturlardan sərbəst istifadə
etməsi üçün ağlabatan uyğunlaşma təmin
edilir.
13.2. Universal dizaynla bağlı
tikinti texniki normaları Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinə uyğun olaraq
hazırlanan şəhərsalma və tikintiyə dair normativ
sənədlərdə nəzərdə tutulur.
13.3. Müvafiq icra hakimiyyəti
orqanı bu qanunun 13.2-ci maddəsində göstərilən
universal dizaynla bağlı tikinti texniki normalarının
hazırlanmasında “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununa uyğun olaraq iştirak
edir.
13.4. “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq təşkil edilən parklanma yerlərinin 5 faizi (bir
parklanma yerindən az olmayaraq) əlilliyi olan
şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün
ayrılan parklanma yerlərində yalnız əlil avtomobili
nişanı ilə nişanlanmış nəqliyyat vasitələri
dura bilərlər.
Maddə 14. İnfrastruktur obyektlərinin
əlilliyi olan şəxslərin istifadəsi
üçün uyğunlaşdırılması
14.1. Müvafiq icra hakimiyyəti
orqanları, müəssisələr və təşkilatlar
tabeliklərində olan yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyət,
məişət və digər sosial infrastruktur obyektlərini
əlilliyi olan şəxslərin istifadəsi
üçün ağlabatan uyğunlaşdırırlar.
14.2. Bu qanunun 14.1-ci maddəsində
göstərilən infrastruktur obyektlərinin əlilliyi olan
şəxslərin istifadəsi üçün ağlabatan
uyğunlaşdırılması qaydasını müvafiq
icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 15. Yaşayış
binalarının əlilliyi olan şəxslərin istifadəsi
üçün uyğunlaşdırılması
15.1. Yaşayış binaları,
pilləkənlər, pilləkən qəfəsləri,
çıxış və girişlər, dəhlizlər,
açıq keçidlər, rampalar, liftlər, əlilliyi
olan şəxslərin yaşadıqları mənzillərin
giriş qapıları əlilliyi olan şəxslərin rahat
və təhlükəsiz hərəkəti üçün
ağlabatan uyğunlaşdırılır.
15.2. Bu qanunun 15.1-ci maddəsində
göstərilən obyektlərin əlilliyi olan şəxslər
üçün ağlabatan uyğunlaşdırılması
həmin obyektlərin sifarişçisi tərəfindən həyata
keçirilir.
15.3. İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində əlilliyi
olan şəxslər istisna olmaqla, əlilliyi olan şəxslərin
yaşadıqları fərdi evlərin onlar üçün
uyğunlaşdırılması onların vəsaiti
hesabına təmin edilir.
15.4. İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində əlilliyi
olan şəxslər üçün onların
yaşadığı fərdi evlərin
uyğunlaşdırılması ilə bağlı xərclər
təqsirkar hüquqi və fiziki şəxslər, dövlət
orqanları tərəfindən ödənilir. Həmin
xərclərin minimum məbləği müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 16. Mədəniyyət və
idman obyektlərinin əlilliyi olan şəxslərə
müyəssərliyinin təmin edilməsi
16.1. Müvafiq icra hakimiyyəti
orqanları mədəniyyət müəssisələrinin və
idman qurğularının əlilliyi olan şəxslərə
müyəssər olması üçün lazımi şəraiti
təmin edirlər.
16.2. Əlilliyi olan şəxslərin
“Mədəniyyət haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, mədəniyyət
müəssisələri tərəfindən göstərilən
xidmətlərdən güzəştli istifadəsi təmin
edilir.
16.3. Əlilliyi olan şəxslər
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, dövlət və
bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarının
bədən tərbiyəsi-idman xidmətlərindən pulsuz
və güzəştli şərtlərlə istifadə
edirlər.
Maddə 17. İnfrastruktur obyektlərinin
və yaşayış binalarının əlilliyi olan şəxslərə
müyəssər olmasına dövlət nəzarəti
İnfrastruktur obyektlərinin
və yaşayış binalarının layihələndirilməsi
və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının
nəzərə alınmasına, istismarda olan infrastruktur
obyektlərinin və yaşayış binalarının əlilliyi
olan şəxslərin istifadəsi üçün
ağlabatan uyğunlaşdırılmasına müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı nəzarət
edir.
4-cü fəsil
ƏLİLLİYİ
OLAN ŞƏXSLƏRİN TƏHSİLİ
Maddə 18. Sağlamlıq imkanları
məhdud uşaqların məktəbəqədər və məktəbdənkənar
təlim və tərbiyəsi
18.1. Sağlamlıq imkanları məhdud
məktəbəqədər yaşlı uşaqların təlim
və tərbiyəsi bu qanunun 11-ci maddəsinə əsasən
təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramına uyğun
olaraq, sağlamlıq imkanları məhdud uşaqlar
üçün dövlət, bələdiyyə və
özəl xüsusi məktəbəqədər təhsil
müəssisələrində və ya inklüzivlik prinsiplərinə
əsasən digər məktəbəqədər təhsil
müəssisələrində həyata keçirilir.
18.2. Məktəbəqədər təhsil
müəssisələrində sağlamlıq imkanları məhdud
uşaqların təlim və tərbiyəsi “Məktəbəqədər
təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
18.3. Müvafiq icra hakimiyyəti
orqanları sağlamlıq imkanları məhdud
uşaqları hərtərəfli və ahəngdar inkişaf
etdirmək, əməyə, elmə, texnikaya, incəsənətə
və idmana cəlb etmək, onlarda ictimai fəallıq oyatmaq
məqsədi ilə onların məktəbdənkənar tərbiyəsi
üçün lazımi şəraitin
yaradılmasını təmin edirlər.
Maddə 19. Sağlamlıq imkanları
məhdud uşaqların stasionar müəssisələrdə
olduqları dövrdə təlim və tərbiyəsi
19.1. Stasionar müalicə-profilaktika
və ya reabilitasiya müəssisələrində müalicə
kursu keçən sağlamlıq imkanları məhdud
uşaqların həmin müəssisələrdə
olduqları dövrdə fasiləsiz təhsilini təmin etmək
üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən
dərs məşğələləri təşkil olunur.
19.2. Stasionar müalicə-profilaktika və
ya reabilitasiya müəssisələrində dərs məşğələlərinin
təşkili qaydasını müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.
Maddə 20. Əlilliyi olan şəxslərin
təhsili və peşə hazırlığı
20.1. Əlilliyi olan şəxslərin
təhsili və peşə hazırlığı Azərbaycan
Respublikasının “Təhsil haqqında” və
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil) haqqında” qanunları ilə tənzimlənir.
20.2. Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı xüsusi və (və ya) inklüziv təhsil formasında, xüsusi təhsil proqramları və fərdi təhsil planı əsasında həyata keçirilir. Xüsusi şərait yaradılmadan əlilliyi olan şəxslərin təhsil almasında çətinliklər yaranan hallarda onların təhsili evdə təhsil, fərdi təhsil və distant təhsil formasında həyata keçirilir.
20.3. Müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınmış və 18 yaşı tamam olmuş əlilliyi olan şəxslərin peşə hazırlığı və əlavə təhsili həmin orqanın göndərişi əsasında bu qanunun 11-ci maddəsinə əsasən təsdiq olunmuş Fərdi Reabilitasiya Proqramına uyğun olaraq təhsil müəssisələrində, o cümlədən müvafiq icra hakimiyyəti orqanının tədris mərkəzlərində təmin edilir.
20.4. Əlilliyi olan şəxslər dövlət təhsil müəssisələrində təhsil və peşə hazırlığı üçün zəruri olan tədris vəsaiti və texniki ləvazimatla, o cümlədən fərdi tələbatı nəzərə alan vasitələrlə dövlət hesabına təmin edilirlər.
20.5. Dövlət əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı üçün pedaqoji kadrların, psixoloqların, sosial işçilərin və digər mütəxəssislərin hazırlanmasını təmin edir.
20.6. Dövlət əlilliyi olan şəxslərin təhsilini və peşə hazırlığını təmin etmək üçün pedaqoji işçilərin bu işə cəlb olunması və ünsiyyətin gücləndirici və alternativ üsullarından, tədris metodikası və materiallardan istifadəsi üçün lazımi tədbirlər görür.
5-ci fəsil
ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN
MƏŞĞULLUĞU
Maddə 21. Əlilliyi olan şəxslərin əmək hüququnun həyata keçirilməsi
21.1. Əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır.
21.2. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır.
21.3. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir.
21.4. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
Maddə 22. Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi
22.1. Dövlət əmək bazarında əlavə iş yerləri və əlilliyi olan şəxslər üçün uyğun şəraitə malik müəssisə və təşkilatlar yaratmaq yolu ilə, eləcə də xüsusi proqramlar üzrə təlim təşkil etməklə, əlilliyi olan şəxslərin məşğulluğunu təmin edir.
22.2. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir.
22.3. Bu qanunun 22.2-ci maddəsinə əsasən kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işə qəbul edilirlər.
22.4. Bu qanunun 22.3-cü maddəsinə əsasən işə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir.
22.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.
Maddə 23. İş yerlərinin əlilliyi olan şəxslərə müyəssər olması və istifadəsi üçün ağlabatan uyğunlaşdırılması
23.1. Bu qanunun 22.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş, habelə işəgötürənlər tərəfindən işə qəbul edilmiş əlilliyi olan şəxslər bu qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramı və bu qanunun 23.2-ci maddəsində müəyyən olunmuş əlilliyi olan şəxslərin iş yerlərinin standartları nəzərə alınaraq iş yerləri ilə təmin olunurlar.
23.2. Əlilliyi olan şəxslərin iş yerlərinin standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 24. İşəgötürənlərin istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxsləri işə düzəltmək vəzifəsi
24.1. İşəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.
24.2. Bu qanunun 24.1-ci maddəsində göstərilən əlilliyi olan şəxslərin iş yerlərinin onların istifadəsi üçün uyğunlaşdırılması məqsədi ilə işəgötürən əlilliyi olan şəxslərin iş yerlərindən istifadə imkanlarını asanlaşdıran texniki avadanlıq və qurğuların alınması, mövcud olan texniki avadanlıq və qurğuların əlilliyi olan şəxslərin tələbatına uyğunlaşdırılması, ixtisaslaşmış vasitəçilərin xidmətləri ilə təmin edilməsi kimi ağlabatan tədbirlər həyata keçirir.
24.3. İşçilərin sayı və ya ştatları ixtisar edilərkən, müvafiq peşələr (vəzifələr) üzrə işçilərin ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxsin işdə saxlanılmaq üçün üstünlük hüququ vardır.
24.4. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, bu qanunun 24.1-ci maddəsində göstərilən işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
24.5. İstehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlilliyi olan şəxslərin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət onların sığorta stajına daxil edilir.
Maddə 25. Əlilliyi olan şəxslərin əmək şəraiti
25.1. İşəgötürənlər əlilliyi olan şəxsləri sağlam, təhlükəsiz və bu qanunun 11-ci maddəsində göstərilən Fərdi Reabilitasiya Proqramına uyğun əmək şəraiti ilə təmin edir, əmək qabiliyyətinin bərpa olunması, iş yerində əlilliyin qarşısının alınması üçün tədbirlər həyata keçirirlər.
25.2. Əlilliyi olan işçilərin əməyinin tətbiqi, əmək şəraitinin xüsusiyyətləri, əməkhaqqı, iş və istirahət vaxtı, məzuniyyət müddəti və əmək münasibətlərinin bu qanunda tənzimlənməyən digər məsələləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Maddə 26. Əlilliyi olan şəxslərin fərdi əməyi və sahibkarlıq fəaliyyəti
Dövlət əlilliyi olan şəxslərin fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olması, evdə əməyin təşkili üçün lazımi şərait yaradır, iqtisadi fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə stimullaşdırıcı tədbirlər həyata keçirir, ədalətli və əlverişli əmək şəraitinə dair hüquqlarının digər şəxslərlə bərabər qorunmasına zəmanət verir.
6-cı fəsil
ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN
SOSİAL MÜDAFİƏSİ
Maddə 27. Layiqli həyat səviyyəsi və sosial müdafiə
27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir:
27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir;
27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir.
Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı
28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.
Maddə 29. Əlilliyi olan şəxslərin tibbi təminatı
Əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dərman preparatları, tibbi xidmət, ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi, həmçinin protez-ortopediya məmulatları, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) ilə təmin olunurlar.
Maddə 30. Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi
30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir.
30.2. Əlilliyi olan şəxslərin bu qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
30.3. Bu qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı
31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
Maddə 32. Əlilliyi olan şəxslərə sosial xidmət göstərilməsi
32.1. Əlilliyi olan şəxslərə sosial xidmət göstərilməsi qaydası və şərtləri “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
32.2. Əlilliyi olan şəxslərin sosial xidmət müəssisələrində olması onların öz hüquqlarını və azadlıqlarını həyata keçirmək imkanını təmin edir və şəxsiyyətin tələbatının maksimum ödənilməsinə kömək göstərir.
32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş sağlamlıq imkanları məhdud uşaqlar yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanının rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə, növbədənkənar mənzil almaq hüququna malikdirlər.
7-ci fəsil
ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN
SİYASİ HƏYATDA VƏ ƏDALƏT
MÜHAKİMƏSİNDƏ İŞTİRAKI
Maddə 33. Siyasi və ictimai həyatda iştirak
33.1. Əlilliyi olan şəxslərin Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinə və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
33.2. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, seçkilərin (referendumun) təşkili və keçirilməsi zamanı səs vermək üçün xüsusi şəraitin yaradılması tələb olunan əlilliyi olan şəxslərin seçkilərdə (referendumda) iştirakı üçün bütün imkanlar yaradılır.
33.3. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin təşkilatların fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.
33.4. Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılır.
Maddə 34. Əlilliyi olan şəxslərin ədalət mühakiməsində təminatı
İnzibati icraatda və məhkəmə icraatında iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçiləri) xidmətləri ilə təmin edilirlər.
8-ci fəsil
YEKUN
MÜDDƏALAR
Maddə 35. Əlilliyi olan şəxslərin
hüquqlarının həyata keçirilməsi ilə
bağlı tədbirlərin maliyyələşdirilməsi
35.1. Əlilliyi olan şəxslərin
hüquqlarının həyata keçirilməsi ilə
bağlı tədbirlər dövlət, yerli
özünüidarəetmə orqanları və qanunda nəzərdə
tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
35.2. Dövlət büdcəsinin vəsaiti
hesabına həyata keçirilməsi nəzərdə
tutulan tədbirlərin maliyyələşdirilməsi
müvafiq icra hakimiyyəti orqanlarına ayrılan büdcə
təxsisatları daxilində həyata keçirilir.
Maddə 36. Statistika və məlumatların
toplanılması
36.1. Əlilliklə bağlı məlumatların,
o cümlədən ilkin statistik məlumatların
toplanılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən
həyata keçirilir.
36.2. Əlilliklə bağlı məlumatların
toplanılması, saxlanılması, istifadəsi və
yayılması zamanı insan və vətəndaş
hüquqları və azadlıqlarının müdafiəsinə
dair qəbul edilmiş beynəlxalq normalara, “Fərdi məlumatlar
haqqında”, “Rəsmi statistika haqqında”, “İnformasiya əldə
etmək haqqında” və “Məlumat azadlığı
haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə
əməl edilməlidir.
36.3. Bu qanunun 36-cı maddəsinə
uyğun olaraq toplanılmış məlumatlardan əlilliyi
olan şəxslərin hüquqlarının həyata
keçirilməsi zamanı qarşılaşdıqları
maneələrin müəyyən edilməsi və aradan
qaldırılması üçün istifadə edilir.
36.4. Əlilliklə bağlı fərdi
məlumatların mühafizəsinin təmin olunmaması
qanunla müəyyən edilmiş məsuliyyətə səbəb
olur.
Maddə 37. Beynəlxalq əməkdaşlıq
Dövlət beynəlxalq əməkdaşlığın,
o cümlədən beynəlxalq inkişaf proqramlarının
əlilliyi olan şəxsləri əhatə etməsi və
onlar üçün müyəssər olması, beynəlxalq
əməkdaşlıq çərçivəsində
informasiya, təcrübə və qabaqcıl layihələrin
mübadiləsi yolu ilə mövcud imkanların genişləndirilməsi,
tədqiqat sahəsində əməkdaşlığa
yardım göstərilməsi istiqamətində zəruri və
effektiv tədbirlər həyata keçirir.
Maddə 38. Əlilliyi olan şəxslərin
hüquqları sahəsində dövlət monitorinqi
38.1. Əlilliyi olan şəxslərin
hüquqları sahəsində dövlət monitorinqinin məqsədi
bu sahədə dövlət siyasətinin həyata
keçirilməsinin cari vəziyyətinin öyrənilməsi,
çatışmazlıqların və həyata keçiriləcək
dövlət siyasəti istiqamətlərinin və tədbirlərin
müəyyən edilməsidir.
38.2. Əlilliyi olan şəxslərin
hüquqları sahəsində dövlət monitorinqi
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
38.3. Əlilliyi olan şəxslər
və onları təmsil edən ixtisaslaşmış
qeyri-hökumət təşkilatları əlilliyi olan şəxslərin
hüquqları sahəsində dövlət monitorinqi prosesində
iştirak edə bilərlər.
Maddə 39. Qanunun pozulmasına görə
məsuliyyət
Bu qanunun tələblərinin
pozulmasında təqsirkar olan şəxslər Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə, Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
uyğun məsuliyyət daşıyırlar.
Maddə 40. Qanunun qüvvəyə minməsi
Bu qanun qüvvəyə mindiyi gündən “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 16, maddə 697; 1994, № 15, maddə 176; 1995, № 17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 81, № 4, maddə 305, № 5, maddələr 356, 378, № 6, maddə 452; 1998, № 1, maddə 16; 1999, № 4, maddə 217, № 7, maddə 395; 2001, № 3, maddə 145, № 12, maddələr 731, 736; 2002, № 5, maddələr 244, 246, № 12, maddə 706; 2004, № 4, maddə 202, № 7, maddə 507, № 8, maddə 596; 2005, № 8, maddə 684; 2007, № 5, maddə 401; 2008, № 7, maddə 602; 2010, № 3, maddə 171, № 4, maddə 275, № 11, maddə 949; 2011, № 2, maddə 71, № 4, maddə 260, № 10, maddə 882) ləğv edilir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
31 may 2018-ci il
Azərbaycan.- 2018.-22 iyul.- S.4-5.