“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya
Festivalının loqosu təqdim olunub
İyulun 21-də gələn il Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına rəsmi gerisayım başlayıb. Bununla əlaqədar “Bakı-2019” Avropa Gənclər Olimpiya Festivalının (AGOF) Təşkilat Komitəsi tərəfindən turnirin rəsmi loqosu təqdim edilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, “Leo Burnett” brend agentliyinin dizaynerlərindən ibarət yerli heyətin tərtib etdiyi loqo dostluq, ədalətli oyun və tolerantlıq ruhunu gücləndirən müasir, dinamik və çevik brendi əks etdirir. Brendin əsas məqsədi beynəlxalq idman yarışlarına ev sahibliyi edən ölkənin, şəhərin qədim mədəniyyətini, tarixini əks etdirmək, eyni zamanda, gələn il baş tutacaq idman yarışının bundan əvvəlkilərlə müqayisədə fərqini nümayiş etdirmək və milyonlarla insanı bir araya gətirən idman tədbirində “Bax və hiss et!” şüarını nümayiş etdirməkdir.
Bakının irs və mədəniyyətini (od və qədim Azərbaycan naxışı olan butanı), birlik və dostluq konsepsiyalarını özündə ehtiva edən loqo, eyni zamanda, Azərbaycan paytaxtının möhtəşəm müasir memarlıq nümunələrini (Alov qüllələri və Heydər Əliyev Mərkəzini) təsvir edir. Parlaq rəngləri canlandıran bu loqo yarışlara qatılacaq hər bir iştirakçının müsbət enerjisi və Bakının çoxşaxəli gözəlliyini təsvir etdirən əhatəli çalarlar palitrasından ibarətdir.
Azərbaycanın gənclər
və idman naziri,
“Bakı-2019” Təşkilat Komitəsinin sədr müavini Azad Rəhimov bildirib: “Təqdim etdiyimiz bu loqo Azərbaycan mədəniyyətinin
təzahürü olmaqla yanaşı, Avropa Olimpiya Hərəkatının
əsl ruhunu və bütün
dünyanı ilhamlandıran, milyonlarla
insanı bir araya gətirməyi
bacaran idman mübarizəsini
əks etdirir. Böyük
idman ənənəsi olan,
bir çox mötəbər
yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan
Avropanın gənc atletlərini Bakıda salamlamağı səbirsizliklə
gözləyir”.
Azərbaycan.- 2018.-22 iyul.- S.7.