Köhnə adətin təhrif edilmiş
“yeni” məzmunu
Xınayaxdı kimi
qədim adətimiz
son vaxtlar şişirdilərək
bayağı şənliyə
çevrilir
Söz xınayaxdıdan düşmüşdü. Həmsöhbətlərdən biri onun əlavə vaxt, qayğı və ən əsası, xərc tələb edən lazımsız bir mərasim olduğunu dedi. Digəri xınayaxdını köhnəliyin qalığı adlandırdı. Bir başqası, əksinə, adət-ənənələrimizin ayrılmaz elementi olaraq bu mərasimin yaşamasının tərəfdarı olduğunu bildirdi.
Söhbət iştirakçılarından biri isə “varlığa nə darlıq?” məntiqindən çıxış etdi və söylədi ki, kimin imkanı çatırsa, qoy bu mərasimi istədiyi dəbdəbədə keçirsin. “Kim necə bacarırsa, o cür də qeyd etsin” fikrini bildirən də oldu. Ömrünün ixtiyar çağını yaşayan Füruzə xanım, sonuncunun sözünə qüvvət, doğulduğu kənddə təxminən 60 il əvvəl hələ uşaqkən şahidi olduğu xınayaxdını xatırladı. Bəlkə ömründə gördüyü ilk xınayaxdı olduğundan, bəlkə də sonralar iştirak etdiyi xınayaxdıların sabitləşmiş “ssenari”lərinə bənzəmədiyindən məhz bu mərasim onun yaddaşında həmişəlik qalmışdı.
“...Hər yan bəyaz örtüyə bürünmüşdü. Neçə gündür yağan qar ara versə də, yollarda heç kəs gözə dəymirdi. Evlərdə yanan odun sobalarının bacadan çıxan tüstüsündən başqa kənddə həyatın davam etdiyini nişan verən bir əlamət yox idi. Sabah qonşu kəndə gəlin köçəcək Nazlının bu axşam xınayaxdısı olmalı idi. Rüzigarın belə qarışması ətrafla əlaqəni kəsdiyi üçün oğlan evindən təzə bir xəbər gəlməmişdi...
Günortadan bir qədər keçmiş uzaqdan maşın səsi eşidildi. Əyri-üyrü ensiz kənd yolu ilə Nazlıgilin evinə doğru boş yük yeri az qala ləngərləyə-ləngərləyə iri bir maşın hərəkət edirdi. Maşın həyətə daxil olanda kabinəsindən iki qadın düşdü. Onlar bəzənib-düzənmiş, başlarına al-əlvan yun şal örtmüşdülər. Gətirdikləri qəndi, kömbəni (şirin çörəyi), dördkünc xırda konfetləri (onlara “yastıq şirni” deyərdilər), zərfi xatırladan, üstündə uzunsaçlı qız şəkli olan kağızların arasındakı xınanı ortaya qoydular. Qadınlardan biri gəlinin bibisinə üz tutub dil-ağız etdi:
- Fatma bacı, bu qar-çovğun bizi yaman çaşdırdı. Başqa cür gəlməli idik... Bizi bağışlayın, tez qayıdacağıq. Özünüz bilirsiniz də, bir tərəfdən uşaqlar, bir tərəfdən mal-heyvan... Hava yenidən qarışa bilər... Siz bu axşam xınanızı yaxın. Allah mübarək eləsin.
O biri qadın əlavə etdi:
- Bizim xına payımızı da saxlayın. Sabah sübh tezdən gəlinimizi aparmağa gələndə sizə qoşularıq. Allah xeyir versin.
Gələnlər bəyin əmilərinin həyat yoldaşları idi. Bir neçə gün əvvəl oğlan evindən gələn toy hədiyyələrindən əlavə, bu gün gəlinə qışa uyğun bir baş örtüyü də gətirmişdilər. Şalı təqdim edib Nazlının üzündən öpdülər, ona xoşbəxtlik arzuladılar... Qadınlar o qədər gülərüz və səmimi idilər ki, hadisələrin bu cür gözlənilməz gedişi heç kəsin əhvalını pozmurdu.
Dünya görmüş xanım olan Fatma bibi qız evinin qadınları adından:
- Sağ-salamat gedin - dedi. - Qaldı ki, xınayaxdıya, narahat olmayın, düzüb-qoşarıq. Atalar demişkən: “Ocaq necə yanırsa yansın, tüstüsü düz çıxsın”.
Bir azdan sobanın üstündəki iri mis qazanda bişən hindquşu buğlamasının ətri evi bürüdü. Nazlının dayısı qızı Minarə, bibisi qızı Nəzakət, əmisi qızları Ruqiyyə, Sevil, Südabə, qonşu Dilbər xalanın gəlinləri gəldilər. Süfrəyə oğlan evindən gələn şirnilər, Nazlının anasının yaydan tədarük etdiyi cürbəcür quru meyvələr düzüldü. Qızlar köhnə radioqəbuledicinin yuxarı hissəsində qrammofon valı yerləşdirib musiqi sədaları altında şənləndilər, rəqs etdilər.
Yaxılan xınadan sabaha, yəni, oğlan evindən gələn qadınlara da pay saxladılar. Ertəsi gün oğlan adamları gələndə Fatma bibi əlində xına dolu piyalə, şirniyyat, mer-meyvə düzülmüş iri sini qabın üstündə qara zurnanın sədaları altında rəqs etməyə başladı...”
Bu əhvalatı danışan ağbirçək sözünə “yanlış da bir naxışdır” kəlamı ilə yekun vurdu.
Amma hər bir yanlışın da dərəcəsi olur. Bu gün isə xınayaxdılardakı yanlışlıqlar bəzən həddini aşır...
Xınayaxdı mərasimi qədim zamanlardan Azərbaycanın müxtəlif bölgələrində inkişaf edərək zənginləşmiş və təkmilləşmiş bir adətdir. O, elçilik, nişan, parçabiçdi kimi adətlərimiz sırasında özünəməxsus yer tutur. Xınayaxdı adətən, toydan bir gün, yaxud bir neçə gün əvvəl olur. Yəni, qızın oğlan evinə köçməsi ərəfəsində keçirilir. Xınayaxdı mərasimi qız evində icra olunsa da, buraya xına və hədiyyələr oğlan adamları tərəfindən gətirilir. Əsasən, qız-gəlinlərdən ibarət olan qonaqları qız evi dəvət edir. Oğlan evindən gələnlər isə bəyin ən doğma və yaxın adamları, təbii ki, xanımlar olur.
Xınayaxdı xalqımızın şüurunda və məişətində əbədi qalsa da, bir zamanlar öz populyarlığını nisbətən itirmişdi. Son dövrlər bu gözəl ənənəyə verilən dəyər, onun gənc ailənin həyatında unudulmaz bir günə çevrilməsi yalnız ürəkaçandır. Lakin hər şey öz həddində-hədəqəsində gözəldir. Xınayaxdının süni surətdə şişirdilib az qala, toya bərabər bir mərasimə çevrilməsi, əlbəttə ki, məqbul deyil. Çünki bu, bir çox qayğılara, o cümlədən vaxt itkisinə, əlavə, həm də böyük xərclərə səbəb olur. Digər tərəfdən isə əsl toy məclisinə “rəqib” çıxaraq həm özünün, həm də toyun dəyərini, gözəlliyini azaldır.
Yəni, xınayaxdı da müasirləşib? Belə ki, əvvəllər xınayaxdıya aid hədiyyələri adətən, bəyin anası, bacısı, xalası, bibisi birlikdə seçərdilər və bunlar gəlinə bir növ sürpriz olardı. Son vaxtlar hədiyyələri gəlin özü bəyənir. Hətta xınayaxdını bu işlə məşğul olan hansı studiyanın, yaxud hansı müğənninin və ya aparıcının keçirməsi gəlin köçən qızın istəyinə və rəyinə uyğun seçilir. Bütün bunların oğlanın ailəsinə maddi cəhətdən neçəyə başa gələcəyi isə qalır o qızın insafına və qanacağına, bir də məclisi aparanların öz xidmətlərinə görə qoyduğu məzənnəyə...
Xınayaxdı əsasən eyni məna və məzmun daşısa da, Azərbaycanın müxtəlif bölgələrində bəzi elementləri ilə fərqlənir. Məsələn, bir sıra bölgələrdə “Haxışta” demək dəb deyil. Sadəcə, gəlini şənləndirir, ona xoş arzularını bildirir, xeyir-dua verirlər. Bəzi yerlərdə xınanın isladıldığı camı, yaxud piyaləni siniyə qoyub qonaqlar arasında gəzdirirlər. Qız-gəlinlər, əsasən də bəy evindən gələn xanımlar oraya nəmər atırlar. Məclisdə bəyin dəstəsinin, yəni, dostlarının, tay-tuşlarının, sağdış-soldışının şənləndiyi yerə xına göndərmək halları da olur. Onlar da çeçələ barmaqlarını xınaya batırıb siniyə şirinlik, yəni, pul qoyurlar. Bir sıra bölgələrdə sinidə xına ilə bərabər, bəyə və sağdış-soldışına hədiyyələr (məsələn, köynək, qalstuk, cib dəsmalı, corab və s.) göndərilir.
Bir sözlə, xınayaxdı ucuz bir tədbir deyil. Bu mərasimdə qıza gələn xonçalar (hələ yalnız xonça qablarının özü) xeyli pul tutur. Digər aksesuarlar - üzərlik, üzük və xına qabları, şamdan, gəlin üçün xınayaxdıda geyinməyə icarəyə götürülmüş milli paltar da ucuz olmur. Hələ mərasimin aparıcısının və onun köməkçilərinin “qonorar”ını demirik. Bütün bunların hamısı şübhəsiz ki, bir neçə min manata başa gəlir. Bu da övladlarını evləndirən valideynlərə, eləcə də qurulan gənc ailəyə maddi zərbə vurur.
Bununla belə, xınayaxdı xalqımızın adət-ənənələrində elə dərin kök salmış mərasimdir ki, harada, hansı ölkədə yaşadığımızdan asılı olmayaraq ondan vaz keçə bilmirik. Lakin bu gözəl adət elə icra olunmalıdır ki, başqaları ona maraqla tamaşa etsin, bizə həsəd aparsın. “Azərbaycan”ın oxucusu Fidan Bayramova redaksiyaya Bakıdan yazdığı məktubda məhz bu məsələyə toxunub: “Rusiya vətəndaşı olan əmim öz oğlunu orada yaşayan digər azərbaycanlı ailənin qızı ilə evləndirirdi, toya bizi də dəvət etmişdi. Lipetsk stansiyasında Bakı-Moskva qatarından düşüb bizi qarşılayan qohumumuzun avtomobilində Voronejə yollandıq. Şəhərə çatanda qohum bildirdi ki, birbaşa qız evinə gedəcəyik, bu axşam orada xınayaxdıdır. Gəlin köçən qızın valideynləri şəhər ətrafında geniş həyəti olan evdə yaşayırdılar. Buraya çatar-çatmaz Azərbaycan musiqisinin sədalarını eşitdik. Xınayaxdı əməlli-başlı toyu xatırladırdı. Həyətdə yan-yana düzülmüş stolların ətrafında ən azı yüz nəfər qadın əyləşmişdi. Gəlinin və anasının beş-altı rus rəfiqəsini çıxmaq şərtilə qonaqların hamısı qohum olan ailələrin doğmaları, yaxınları idi. Çox sevinirdik ki, azərbaycanlılar qərib yerdə də öz adət-ənənələrini əziz tuturlar. Amma məclisin səsli-küylü olması, xüsusilə musiqinin olduqca ucadan səsləndirilməsi bizi çox narahat edirdi. Demə, narahatlığımız heç də əbəs deyilmiş. Bir azdan həyətə üç polis nəfəri daxil oldu. Onlar çox ciddi tərzdə irad tutdular ki, niyə bu qədər səs salırsınız, camaatın istirahətini pozursunuz?.. Biz çox pərt olduq”.
Axı, xınayaxdı çox gözəl ənənələrimizdən biridir. Bu mərasimə lazımsız əlavələr yükləməyimiz bir yana qalsın, bəzən ən adi şərtlərə əməl etməməklə onun gözəlliyini pozuruq.
Məlum olduğu kimi, xınayaxdı təkcə Azərbaycanda deyil, digər Şərq ölkələrində, ən çox Türkiyədə və İranda da keçirilir. Təbii ki, ayrı-ayrı yerlərdə keçirilən xınayaxdılar forma və məzmunca bir-birindən qismən də olsa fərqlənir. Fikrimizcə, digər xalqlardan “inteqrasiya edən” bir sıra cizgilər bizim xınayaxdı ilə doğmalaşmır və heç də hamıya xoş gəlmir.
Babək Yusifov adlı gənc isə xınayaxdı ilə bağlı başqa bir məsələyə toxunur: “Yaxın dostumun toyunda gözlənilməz sürprizlə qarşılaşdıq, Toy demək olar ki, yarıya çatmışdı. Bizim masada oturan qonaqlardan biri indi xınayaxdı başlanacağını dedi. Necə, yəni, müxtəlif yaşlı insanların, həm kişilərin, həm də qadınların iştirak etdiyi bir məclisdə adətən, yalnız qız-gəlinə aid olan bir mərasim keçiriləcək? Amma belə də oldu. Aparıcı xanım dəfə-darağı ilə, başının dəstəsi ilə şadlıq evinə daxil oldu. Bayaqdan ağ paltarda olan gəlini məclisdən çıxarıb qırmızı milli paltarda ortaya gətirdilər. Bu əlavə mərasim nə qədər çəkdi, bir saatmı, saat yarımmı, bilmirəm. Amma onu bilirəm ki, məclisin rəvan gedişi pozuldu. Qonaqlar yavaş-yavaş dağılışdılar. “Haxışta” oxuyanlar isə öz çal-çağırında idi. Mən gözəl el adətimiz olan xınayaxdının deyil, onun bu cür urvatsızlaşdırılmasının əleyhinəyəm. Öz toyumda əlbəttə, belə bir xınayaxdıya yol verməyəcəyəm. Anamdan xahiş edəcəyəm ki, evlənəcəyim qız üçün mentalitetimizə və ənənələrimizə uyğun xınayaxdı keçirsin”.
Nə yaxşı ki, bu gün qədim, gözəl ənənəmiz olan xınayaxdıya laqeyd münasibət bəslənilmir. Amma ona pərçimlənmək istəyən yad əlamətlər narahatlıq doğurur. Babək Yusifovun toxunduğu “toy içində xınayaxdı” da mübahisə doğuran həmin məsələlərdən biridir.
Bu günlər xınayaxdıdan qayıdan iki gənc qızın söhbətinin də şahidi olduq. Xınayaxdını... bağda, yəni, gəlin köçən qızın valideynlərinin dəniz kənarındakı sadə bağ evində keçirmişdilər. Rəfiqələr mərasimin maraqlı olduğu, çox razı qaldıqları barədə danışırdılar... Deməli, belə də mümkündür. Xınayaxdının dəbdəbəli restoranda, şadlıq evində, yoxsa bağda keçməsinin gənc ailənin xoşbəxtliyinə heç bir dəxli yoxdur. Təki “ocaq necə yanırsa yansın, tüstüsü düz çıxsın”.
Flora SADIQLI
Azərbaycan.- 2018.-22 iyul.- S.8.