“Bölgələrdən bölgələrə” Naftalanda

 

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Naftalan şəhəri olub.

AZƏRTAC xəbər verir ki, əsl mədəniyyət bayramına çevrilən festival “100 illik tariximizdevizi altında keçirilib.

Naftalan şəhərinin mərkəzində, Heydər Əliyev adına parkda keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin, şəhər icra hakimiyyətinin təmsilçiləri, kənd və qəsəbələrin sakinləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər.

Bildirilib ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.

Festivalın əhəmiyyətindən danışan qonaqlar layihənin ilk dəfə ölkəmizin bütün bölgələrini əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı yaratdığını vurğulayıblar.

Həmçinin bildirilib ki, festivalın yay mövsümündə keçirilməsi ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə bölgələrin rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradacaq.

Əvvəlcə festival iştirakçıları Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsi tərəfindən qurulmuş çadırlarda həmin bölgələrin qədim el sənəti nümunələri, eləcə də ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış dekorativ tətbiqi sənətin müxtəlif sahələrinə aid incəsənət nümunələri və suvenirlərlə yaxından tanış olublar.

Lahıc ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları məişət qabları, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, Xaçmaz bölgəsindən olan daşyonanların adi çay daşları üzərində həkk etdikləri dahi şəxsiyyətlərin portretləri, Şəki ustalarının hazırladıqları mürəkkəb həndəsi şəbəkəbəndlər, incə naxışlı zərif kəlağayılar, həmin bölgəyə aid şirniyyatlar, ucarlı sənətkarın sadə qara qələmlə rəssamlığın qrafika janrında çəkdiyi bir-birindən gözəl rəsmlər, Masallı Regional İdarəsi tərəfindən təqdim olunan hörmə, toxuma, əl işləri, ağacoymadulus nümunələri maraqla qarşılanıb. Bundan başqa, Şəmkir Regional İdarəsi tərəfindən nümayiş etdirilən müxtəlif dövrlərə və ayrı-ayrı bölgələrə aid saz nümunələri - qopuz, tənbur, çoğur, rübab, cürə saz, həmçinin digər regional idarələr tərəfindən dünya xalqlarına aid müasir incəsənət növlərinin fərqli janrlarına uyğun işlənən nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid fəlsəfi məzmunlu rəsmlər və bir çox qiymətli əl işləri pavilyonlarla tanış olan festival iştirakçılarında zəngin təəssürat yaradıb.

Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyev festivalla bağlı fikirlərini bölüşərək deyib: “Bu tədbiri yüksək qiymətləndiririk. “Bölgələrdən bölgələrə” festivalı ölkəmizin bölgələrinin mədəni zənginliyinin bir görüntüsü, o cümlədən bir çox nümunələri UNESCO siyahılarına daxil edilmiş irsimizin parlaq təqdimatıdır. Elə bizbu festivalda el sənətimizin bir çox nümunələri ilə yanaşı, UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmiş aşıq sənətimizə aid müxtəlif növ sazları, eləcə də bu musiqi alətinin həm sələflərini, həm də xələflərini nümayiş etdiririk. Pavilyonumuza yaxınlaşan hər bir festival iştirakçısı aşıq sənətimizin nə qədər uzun tarixi yol keçdiyini görür”.

Ucarlı gənc rəssam Heydər Vahidov isə festival haqqında fikirlərini bölüşərkən deyib: “Bugünkü festivalın bir üstün cəhəti də odur ki, pavilyonlarımızda həm sənətkarların əl işləri nümayiş etdirilir, həm də satışı təşkil olunur. Pavilyonumuza yaxınlaşan çox sayda iştirakçı əsərlərimin qiyməti ilə maraqlanır. Onlar bu rəsmlərin çox gözəl olduğunualmaq istədiklərini deyirlər. Amma mən bu əsərlərə çox zəhmət çəkdiyim üçün onların satışı haqqında hələlik düşünmürəm. Bununla belə festivalda iştirak etdiyim üçün özümü çox xoşbəxt sayıram. Qara qələmlə çəkdiyim rəsmlər festival iştirakçılarında böyük maraq yaradır. Onlar mənim yaradıcılığımla yaxından tanış olmaq istədiklərini deyirlər. İştirakçıların bu cür münasibəti məni çox sevindirir. Elə ona görə də gənc sənətkarlara tanınmaq üçün böyük imkanlar yaradan bu festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

Festivalda Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.

Konsertdə müğənni və xanəndələr tərəfindən bəstəkar və xalq mahnıları ifa olunub, ayrı-ayrı bölgələrin özfəaliyyət kollektivləri milli, etnik rəqs nümunələri ilə çıxış edib, simli, nəfəsli və ritmik qədim musiqi alətlərimizin geniş ifa imkanlarını nümayiş etdiriblər.

Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən, xüsusən də Naftalandakı kurort-sanatoriya mərkəzlərinə müalicə və istirahətə gələn xarici turistlər tərəfindən alqışlarla qarşılanıb. Rayon sakinləri bölgələrdə bu cür yaradıcılıq festivallarının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan.- 2018.- 25 iyul.- S.6.