Kənd turizminin
inkişafına diqqət
artır
Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı dövlət başçısının
tapşırığına əsasən, turizm sənayesinə də diqqət və qayğı artırılmaqdadır. İqtisadi baxımdan
gəlirli sahə olduğundan son illər turizm sahəsində əməli işlər görülür. Bununla bağlı
bir sıra dövlət proqramları
qəbul edilir və hüquqi sənədlər imzalanır.
Turizmin inkişafı istiqamətində
ölkəmizdə aparılan
dövlət siyasəti
Qax rayonuna da təsirsiz ötüşməyir. Hər il rayonda
yeni turizm məkanlarının istifadəyə
verilməsini və turistlərə göstərilən
xidmətin keyfiyyətinin
yüksəldilməsini qeyd
etmək olar.
Hazırda Qax rayonunda turistlərə
12 turizm və onlarca ictimai-iaşə obyektləri xidmət göstərir. Bunların arasında mehmanxana, “Şəfa” istirahət və müalicə pansionatı, İlisu pansionatı, “Yaşıl
park”, “Ulu”, “İmproteks”,
“Ulu dağ” , “Səngər qala”, “Bergs”,
“Kürmük” turizm-istirahət
mərkəzləri və
“Eden” park hotel, “El Resort” beş ulduzlu hoteli məxsusi yer tutur. Həmin müəssisələrdə birdəfəlik yerlərin
sayı isə təxminən mindən çoxdur. Turizm mərkəzlərində olan qiymətlərə gəldikdə isə göstərilən xidmətin
keyfiyyəti və məkandan asılı olaraq 27-30-55 və 100 manat aralarında dəyişir.
Rayonu ziyarət edən turistlərin sayında da dinamik artım
müşahidə edilməkdədir. 2015-ci ildə
rayona 24 min 100 nəfər
turist gəlmişdisə,
2016-cı ildə onların
sayı 29 min 509 nəfərə
çatıb. 2017-ci ilin göstəriciləri
isə daha cəlbedicidir. Ümumi
say əvvəlki illərlə
müqayisədə xeyli
artımla 43 min 383 nəfər
təşkil edib ki, onlardan da
3259 nəfəri xarici
turistlərdir.
Qax ölkəmizin hərtərəfli
təbii gözəlliklərə
malik bölgələrindəndir. Zəngin
fauna və florası ilə seçilən, yeraltı, yerüstü sərvətlərinə, mineral xammal ehtiyatlarına malik Qax rayonu
mülayim və saf dağ havası,
şəfalı bulaqları,
şəlalələri, düzənlik
və dağlıq meşələri, bir sözlə, bənzərsiz
təbiət mənzərələri
ilə diqqəti cəlb edir. Qədim tarixə və mədəniyyətə malik
bu məkanın hər guşəsi turistlər üçün
əsl istitahət məkanıdır. Rayonun müalicəvi
suları, təbii dərman bitkiləri min bir dərdin dərmanıdır. Bura üz
tutan əksər xəstələr üçün
şəfa mənbəyidir.
Qaxın ərazisində 8 iri çay axır. Gürcüstan Respublikasından gələn
tranzit axınlı Qanıx çayı mənbəyini Türkiyədən
götürür və
rayon ərazisindən 61 kilometr
məsafədən keçməklə
Mingəçevir su anbarına tökülür.
Qalan çayların mənbəyi
Böyük Qafqaz sıra dağlarındadır.
Bunlar Kürmük, Ləkit, Qapı, Zərnə və Əyri çaylarından
ibarətdir.
Rayonun ən uca zirvələri
isə Mirana, Partizan, Qəbirliqaş, Yarpızbasan və Qıcalı hesab olunur.
İlisu kəndindəki “Ramrama” şəlaləsinin hündürlüyü
25 metrdir. Ləkit kəndində öz
unikallığı ilə
seçilən “Damcılı”
şəlalə 2006-cı ildən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən
təbiət abidəsi
kimi qeydə alınıb və mühafizə olunur.
Qax kurort resursları cəhətdən zəngin
rayonlardan olmasına baxmayaraq, mövcud potensialdan çox cüzi istifadə olunur. Bol mineral su ehtiyatlarının
varlığı rayonda
iqlim-balneoloji kurort zonalarının salınmasını
zəruri edir. İlisu və Sarıbaş kənd ərazilərində
olan termal bulaqlardan ta qədimdən xalq təbabətində yel xəstəliyinə qarşı
istifadə olunub.
Hamam çayı sahilində “Oğlan bulaq, Qız bulaq” və və digər mineral su mənbələri Qaxa qonaq gələn yüzlərlə insana şəfa bəxş edib. Lakin sonradan baxımsızlıq
ucbatından həmin bulaqların suyu boş yerə axırdı. Sevindirici haldır
ki, bu bulaqların
suyu 2010-cu ildə borularla “Ulu dağ” istirahət mərkəzinə gətirilib.
Artıq müalicə
məqsədilə sudan istifadə üçun uzun yolu getmək lazım gəlmir.
Xəstələr rahatlığı
olan və hər cür şərait yaradılmış
xüsusi otaqlarda bu sudan
istifadə etməyə
başlayıblar. Bunlar isə
öz növbəsində
rayona elmi ekoturların təşkilini
zəruri edir. Hesab edilir ki, təbiətin
bu möcüzəsinin,
müalicəvi suyun elmi cəhətdən tədqiqinə böyük
ehtiyac var.
Qax tarixi məkanları ilə də seçilir. Məlumdur ki, turistlərin
başlıca maraq dairələrindən biri
olduğu olkənin tarixi, məişəti, adət-ənənələri və
gəzməli, görməli
yerləridir. Bu mənada Qax şanslı sayıla bilər. Rayondakı abidələr tarixilik
baxımından ziyarətçilərin
marağına səbəb
olur. Bunlardan ikisi dünya, 18-i ölkə, 48-i isə yerli əhəmiyyətli olmaqla, 48 memarlıq, 18 arxeoloji, 2 monumental-xatirə
abidələri var. Rayonda
turistlərin tarixi abidələrə səyahətini
təşkil etmək
üçün 6 marşrut
müəyyənləşdirilib.
Rayonda gedən geniş quruculuq və abadlıq işləri, gəzməli, görməli
yerlərin sayının
çoxalması turistlərin
Qaxa marağını
daha da artırıb. Şəhərin mərkəzində yerləşən
“Qala qapısı və qala divarları”
memarlıq abidəsində
aparılan restavrasiya işləri, “İçəri
bazar” Turizm Mədəniyyət Mərkəzi
buna ən parlaq misaldır. Turizm Mədəniyyət Mərkəzinə
gələn hər bir turist rayonun
keçmişi, əhalinin
yaşam tərzi, adət-ənənələri, məişəti, kulinariyası
haqqında müfəssəl
məlumat almaq imkanına malikdir.
Açıldığı zamandan başlayaraq mədəniyyət mərkəzində
turistlərin, o cümlədən
yerli sakinlərin asudə vaxtlarının səmərəli təşkili
məqsədilə onlarla
mədəni-kütləvi tədbir keçirilib.
Qax rayonu özünəməxsus
mətbəxi ilə də turistləri cəlb edir. Ətin qaxac
edilməsi (qurudulması)
və qaxacdan “sülhüllü”nün bişirilməsi,
toyuqlu xəngəl, lobyalı, qozlu aş turistlər tərəfindən sevilən
yeməklərdəndir. Bundan əlavə, qoz və fındıqdan hazırlanmış xüsusi
şirniyyatlar, müxtəlif
meyvə mürəbbələri
ən çox istifadə edilən ləzizlərdir.
Rayonda yaşıl kənd, müalicə və istirahət turizmi daha geniş yayılıb. Yuxarıda qeyd etdiyimiz
təbii resurslar və lazım olan xammal mənbələrinin
mövcudluğu rayonda
ekoturizmin inkişafına
zəmin yaradır.
İlisu
Dövlət Təbiət
Qoruğunun və onun nəzdində Qax Dövlət Yasaqlığının olması
bu sahənin inkişafı üçün
böyük imkanlar açır. Turistlər yaşıl
kənd turizminə üstünlük verirlər.
Onlar kənd evlərində qalmağı çox sevirlər. Yerli əhali ilə ünsiyyət yaradaraq bölgənin adət-ənənələri,
yaşam tərzi ilə yaxından tanış olurlar. Sadə kənd evlərində
istirahət etmək istəyənlərin sayı
ildən-ilə artır.
Bu da rayonda
yüzlərlə ailənin
rifahının yaxşılaşmasına
təsir göstərir.
Rayonun İlisu, Ağçay, Qaşqaçay, Çinarlı,
Qum, Ləkit, Qaxbaş
kəndlərində onlarca
ailə bu turizm növündən yararlanır. Norveçli turistlər
artıq iki ildir ki, Ləkit
əhalisi ilə təmasdadırlar.
Kənd evlərində istirahət
edən turistlərin istirahətinin səmərəli
təşkili də nəzərdən yayınmır. Bu məqsədlə
ev sahibləri
ilə görüşlər
keçirilib, onlarla maarifləndirmə işləri
aparılıb, xidmət
səviyyəsinin yüksəldilməsi
istiqamətində təlimatlar
verilib və onlara vəzifələri izah edilib. Ev sahiblərinin
diqqətinə çatdırılıb
ki, məqsəd heç də yalnız gəlir əldə etmək deyil. Bölgə və onun turizm imkanları haqqında turistləri məlumatlandırmaq, lazımi
səviyyədə xidmət
göstərərək onların
diqqətini daha çox regiona cəlb etmək və turistlərə bələdçilik etməyi
bacarmaqdır. Bölgənin tarixi, məişəti, mədəniyyəti, sənətkarlığı,
kulinariyası barədə
turistləri məlumatlandırmaq,
onların maraq dairələrinə uyğun
istirahətlərini təşkil
etmək başlıca
vəzifədir. Kənd turizmi
həm də ictimai diplomatiyadır.
Bu diplomatiyanın qanunauyğun və məqsədyönlü həyata
keçirilməsi intellekt
və bacarıq tələb edir. Ona görə də kənd turizmi ilə məşğul olan hər bir
vətəndaş, həm
də turistlərə
bələdçilik etməyi
bacarmalıdır.
Elmin, texnikanın inkişaf etdiyi, informasiya cəmiyyətinin qurulduğu
indiki zamanda turizm sənayesinin inkişafında, təbliğində
onların, xüsusilə
də internetin rolu danılmazdır. Rayonun elə
turizm obyekti yoxdur ki, internet xidməti olmasın.
Turistlər çox rahat
şəkildə bu xidmətdən yararlanırlar.
İstirahət zonalarında yerləşən
hər bir kənd sürətli
internet xətti ilə
təchiz edilib. Bu da kənd
turizminin inkişafına
kömək göstərən
amillərdəndir.
Turizm obyektlərində insanların
istirahətlərinin mənalı
keçməsinin təşkili
məqsədilə ekskursiyalarla
yanaşı, konsert proqramları da təşkil edilir. Mövsüm
ərzində “Arzu” xalq kollektivi, “Çeşmə” instrumental ansamblı
və İ.Dağıstanlı
adına Xalq Teatrının kollektivinin turistlər qarşısındakı çıxışları
maraqla qarşılanır.
Yay turizm mövsümü davam edir. Qax rayonu bu il də qonaq-qaralıdır.
Əli SƏLİMOV
Azərbaycan.-
2018.- 26 iyul.- S.1; 4.