Bakı “Jara-2018” həyəcanını yaşadı

 

Bakı üçüncü ildir ki, “Jara” Beynəlxalq Musiqi Festivalına evsahibliyi edir. İsti iyul günlərində Bakının “Sea Breeze” məkanında - Xəzər dənizinin sahilində təşkil olunan bu musiqi bayramı ildən-ilə həm iştirakçılarının sıralarını, həm də tamaşaçı auditoriyasını genişləndirir.

Təsadüfi deyil ki, bu ilJaramusiqi mükafatı layiqli sahiblərinə təqdim olundu, festival MDB üzrə ən yaxşı yay festivallarının üçlüyünə daxil edildi, habelə “Jara TV” və “Jara” radiostansiyası yayım məkanında öz auditoriyasını formalaşdırdı.

İyulun 26-da axşam saatlarında Bakıdakı “Sea Breeze” məkanında “Jara-2018” Beynəlxalq Musiqi Festivalı start götürdü. Əvvəlcə iştirakçılar qırmızı xalı üzərindən keçdilər. Sonra Alekseev, Zara, Emil Qədirov, Saşa Orlov, habelə Elina ÇaqaAndrey Qrizli dueti, Natan və başqalarının ifaları təqdim edildi. Estrada ulduzları ifalarından sonra festival haqqında təəssüratlarını bölüşdü, burada çıxış etməkdən məmnun qaldıqlarını bildirdilər, bu möhtəşəm festivala böyük həvəslə qatıldıqlarını vurğuladılar. Musiqiçilərin çıxışları, enerjilicoşqulu ifalar konserti  dinləməyə gələnlərə unudulmaz gecə yaşatdı.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da “Jara-2018”in fəxri qonaqları arasında olub.

Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, “Russkoye radionun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Əlbəttə, multikulturalizmin beşiyi olan Azərbaycanda çoxsaylı musiqiçilərin iştirak etdiyi beynəlxalq səviyyəli mədəniyyət tədbirinin həyata keçirilməsi ölkəmizin nüfuzunu dünyada daha da artırır. Elə bu səbəbdən də, antiazərbaycançı şəbəkə bu uğurlarımıza kölgə salmağa çalışır. Bir neçə gün idi ki, müəyyən dairələrin dəstəyi ilə sosial şəbəkələrdə “Jara-2018” Beynəlxalq Musiqi Festivalı ilə bağlı xoşagəlməz kampaniya başlamışdı. Bu çirkin kampaniya zamanı iddia edilirdi ki, guya rusiyalı müğənni Zara Mqoyanın iştirakçı kimi festivala qatılması yolverilməzdir. Axı nə üçün Azərbaycan torpaqlarının işğalında iştirakçı olmayan, xalqımıza qarşı cinayət törətməyən, dinc həyat tərzi sürən hər hansı erməni əsilli şəxsin ölkəmizə gəlməsi yolverilməz hesab olunmalıdır?

Bu gün Azərbaycan bütün dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerant, bütün dinimilli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir. Xalqlar və millətlərarası münaqişələrin alovlandığı, diniirqi ayrı-seçkiliyin tüğyan etdiyi müasir dövrdə ölkəmizdə mümkünləşən bu cür tədbirlər sülhə və əmin-amanlığa çağırış missiyasını yerinə yetirir. Əgər biz bir erməni əsilli şəxsə görə bu qədər sərt mövqe ortaya qoyuruqsa, dünya necə inana bilər ki, sabah Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz ermənilərlə  birgə yaşaya, onların təhlükəsizliyini təmin edə bilərik.

 

Səbinə MƏMMƏDOVA

 

Azərbaycan.- 2018.-27 iyul.- S.3.