Şəki festivallar şəhəridir
Uzun illərdir ki, Şəki fərqli festivallara evsahibliyi edir. Onlardan biri cari ildə keçirilən IX Beynəlxalq “İpək Yolu” Musiqi Festivalıdır. Azərbaycan Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən budəfəki festival Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə təsadüf etmişdir.
Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova dedi ki, bu tədbirə Türkiyə, Qazaxıstan, Özbəkistan, Hindistan və digər ölkələrin musiqiçiləri ilə yanaşı, Azərbaycan Dövlət Sərhəd Xidmətinin və Şəkinin yerli “Zirvə” ansamblı da qatılmışdı.
Belə tədbirlər qədim məkanın daha geniş miqyasda tanınmasına, turistlərin cəlb olunmasına kömək göstərir. Bu cəhəti nəzərə alaraq Şəkidə turizmin təbliği yönümündə məqsədyönlü təşkilati və əməli işlər görülür.
Digər tərəfdən, Şəki özünəməxsus təbiəti və spesifik xüsusiyyətləri ilə fərqlənən nadir bölgədir. Buranın əlverişli təbii-coğrafi şəraiti, çoxəsrlik yaşa malik tarixi, mədəniyyət və arxeoloji abidələri, zərif ipəyi, yerli əhalinin incə yumoru və zəngin mətbəxi var.
Son illər rayonda çox sayda mehmanxanalar, kottec, istirahət mərkəzləri və digər sosial obyektlər də inşa olunub.
Turizm obyektlərinə, xüsusilə də beynəlxalq turizm marşrutuna daxil olan tarix və mədəniyyət abidələrinə aparan yollar vaxtaşırı təmir edilir, körpülər salınır. Küçə, meydan və xiyabanlarda turizm marşrutlarına daxil olan obyektlərin ünvanı və onlar haqqında digər məlumatlar yazılan lövhələr vurulub, bir çox turizm obyekti yerləşən ərazilərin xəritələri asılıb.
M.Zeynalova deyilənlərə onu da əlavə etdi ki, bu ilin may ayında Şəkidə Beynəlxalq Teatr Festivalı da keçirilib. Bu tədbir iki ildən bir təşkil olunur. “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı may ayının 12-dən 19-dək davam etdi. Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr olunmuşdu.
Festivalın Təşkilat Komitəsinə iştirak üçün dünyanın müxtəlif ölkələrindən - Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Meksika, Kolumbiya, Argentina, Fransa, İsrail, İtaliya, Mərakeş, Küveyt, Makedoniya və İrandan 60-dan yuxarı təklif daxil oldu.
“Sərhədsiz teatr” festivalında iştirak etmək istəyən kollektivlərin çoxluğunu nəzərə alaraq onun iki istiqamətdə - milli və beynəlxalq mərhələdə keçirilməsi qərara alındı. Milli Teatr mərhələsinə respublika teatrlarının Sumqayıt, Xırdalan, Lənkəran, Mingəçevir, Xaçmaz, Yevlax, Ağdam, Bərdə, Ağstafa, Zaqatala, İsmayıllı və Göygöl bölgələrinə səfərləri daxil edildi.
Festivalın Beynəlxalq mərhələsində Acto Teatro Columbiya Teatrının Q.Q.Markesin “Məsum Erendira”, Meksikanın La Kvinta Teatrının “Yeddi rəngin tanrısı”, İrandan Benderabbas Şəhər Teatrının V.Şekspirin “Maqbet” və Muğun-Hünər Teatrının M.Məhdəbinin “Canavar”, Gürcüstandan Muvement Teatrının V.Şekspirin “Fırtına”, Rusiyanın Kazan Müstəqil Teatrının “Əlif” və V.Txapsayev adına Şimali Osetiya Dövlət Akademik Teatrının uşaqlar üçün “Möcüzələr ölkəsində” tamaşaları ilə çıxışları təqdim olunub.
Həmin vaxtlarda təşkil olunan Şirniyyat festivalı da cəlbediciliyi, fərqliliyi ilə olduqca xoş təsir bağışlayıb.
Hazırda Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalı keçirilir. Şəki Regional Mədəniyyət İdarəsi 15 regionda mətbəxini, sənətkarlığını, folklorunu nümayiş etdirir. Tədbirə iyunun 25-dən Masallı rayonunda start verilib. Salyan, Sabirabad, Füzuli, Ağdam, Göyçay, Mingəçevir, Göygöl və Naftalanda tədbirlər başa çatıb. Festival avqustun 4-də böyük bayram konserti ilə yekunlaşacaq.
Əli
SƏLİMOV
Azərbaycan.- 2018.-28 iyul.- S.5.