“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı bu dəfə Oğuz elinin qonağı olub

 

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” şüarı altında keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı uğurla davam edir.

 Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir.

Layihənin yay mövsümündə keçirilməsi yerli sakinlərə, eləcə də bölgələrimizə gələn xarici qonaqlara regionların rəngarəng mədəni həyatı ilə bilavasitə tanış olmaq fürsəti verir.

AZƏRTAC xəbər verir ki, iyunun 25-də Masallı rayonunda startı verilən yaradıcılıq festivalının növbəti tədbiri iyulun 27-də axşam saatlarında Oğuz şəhərində təşkil edilib. Gözəlliyi ilə seçilən şəhər mədəniyyət və istirahət parkında keçirilən tədbirdə rayonun kənd və qəsəbələrindən gəlmiş sakinlər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən olan qonaqlar əsl mədəniyyət bayramının şahidi olublar.

Parkın ərazisində Mədəniyyət Nazirliyinin Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin sərgisi keçirilib. Azərbaycanın bölgələrinin mədəni zənginliyi, özünəməxsusluğu, qədim tarixi, ənənələri, incəsənət nümunələri festivala gələnlər tərəfindən böyük maraqla qarşılanıb.

Festivalın açılış mərasimində iştirak edən rayon rəsmiləri bölgələrin mədəni irsinin təbliği baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Regional mədəniyyət idarələrinin təqdim etdikləri konsert proqramı da rəngarəngliyi ilə yadda qalıb. Folklor qruplarının, incəsənət və bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər hamıda xoş ovqat yaradıb.

Festival iştirakçıları tədbirlə bağlı təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüblər. İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə festivalın əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Masallıdan başladığımız festival bir aydan çoxdur ki, davam edir. Çox möhtəşəm bir tədbirdir. Festivalın ən böyük əhəmiyyəti odur ki, bu tədbir vasitəsilə biz bir daha Xalq Cümhuriyyətimizin tarixini, xalqımızın malik olduğu zəngin mədəni irsi, adət-ənənələrimizi, folklorumuzu, incəsənətimizi təqdim və təbliğ edirik. Regional idarənin təşkil etdiyi bugünkü sərgidə Lahıc misgərlik sənət nümunələri, xalçaçılıq, papaqçılıq və digər sənət növlərini yaşadan el sənətkarlarımızın əl işləri nümayiş olunur. Şirvan folklor kollektivinin, aşıqlarımızın çıxışları da festival iştirakçılarının ürəyincə oldu”.

Lənkəran Dövlət Rəsm Qalereyasının direktoru Məmmədsadıq Axundov festival barədə təəssüratlarını belə ifadə edib: “Bu festival uzun müddət yaddaşlardan silinməyəcək. Bölgələrimizin təqdim etdikləri sərgilərə baxdıqca insanlarda sənətə olan məhəbbət artır. Onlar böyük həvəslə bu sənət nümunələrinə tamaşa edirlər. Bu sərgilərdə xalq tətbiqi sənət nümunələri ilə yanaşı, bölgə sənətkarlarımızın rəngkarlıq, qrafika, heykəltəraşlıq, ağac üzərində oyma işləri də nümayiş olunur. Təqdim etdiyimiz sərgidə cənub bölgəsinə məxsus olan sənət nümunələri ilə yanaşı, Mahir Həsənovun kibrit çöplərindən hazırladığı məşhur “Eyfel” qülləsinin maketi də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb”.

Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Validə Nabatova da festivalın əhəmiyyətini yüksək qiymətləndirib: “Yaradıcılıq festivalının demək olar ki, bütün tədbirlərində iştirak etmişəm. Bu festival insanları bir-birinə daha da yaxınlaşdırır. Festival bölgələr arasında mədəni əlaqələrin genişləndirilməsi, sənət mübadiləsi, həmçinin bədii özfəaliyyət kollektivlərinin inkişaf etdirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir”.

Şəkinin tanınmış təkəlduz ustası Vəfa Mustafayeva da festivala əliboş gəlməyib. Onun əl işləri, xüsusilə də təkəlduz sənətinə gətirdiyi yeni üslub - kukla sənəti ilə bədii tikmənin sintezi tamaşaçıların böyük marağına səbəb olub. Sənətkar deyib: “Adətən sənətsevərlər incəsənət əsərlərini seyr etmək üçün sərgi salonlarına, muzeylərə gedirlər. Onların çoxunun bəzən buna imkanları olmur. “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının ən böyük özəlliyi odur ki, bu dəfə biz sənətkarlar öz əl işlərimizlə sənətsevərlərin görüşünə gedirik. Bugünkü sərgidə insanlar təkəlduz işləri ilə, xüsusilə kukladan hazırladığım əsərlərlə çox maraqlanırlar. Hətta məndən soruşurlar ki, nəyə görə kuklaların sırf şəkililərə məxsus cizgiləri, mimikaları var. Deyirəm ki, əlbəttə, elə də olmalıdır. Axı mən şəkiliyəm”.

 

Azərbaycan.- 2018.- 29 iyul.- S.4.