İslam mədəniyyətinin paytaxtı - Naxçıvan

 

İslam sivilizasiyasının əsas mərkəzlərindən sayılan, Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayan Azərbaycan üçün ötən il “İslam həmrəyliyi ili” elan edilməsi ilə yaddaqalan oldu. Bu il də müsəlman dünyasının diqqəti ölkəmizə yönəlib. Azərbaycanın qədim yurd yerlərindən biri - Naxçıvan Muxtar Respublikası tarixinin növbəti əlamətdar ilini yaşayır. Naxçıvan şəhəri 2018-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı” seçilib. Bəşər sivilizasiyasının ilk məskənlərindən olan bu diyar dini-mədəni abidələrlə zəngindir. Bu mənada Naxçıvan şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi təqdirəlayiq hal kimi dəyərləndirilir.

 Qeyd edək ki, Naxçıvan şəhərinin 2018-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı” seçilməsi barədə qərar 2009-cu il oktyabrın 13-15-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında qəbul edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 2 iyun tarixli sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçünİslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı. Prezidentin sərəncamında Təşkilat Komitəsi tərəfindən tədbirlər planının hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi tapşırılırdı. Sərəncamda bildirilirdi: “Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçünİslam Mədəniyyətinin Paytaxtı” elan olunmasına dair qərar qəbul edilmişdir. Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır”.

Təşkilat Komitəsinin ilk iclası 2016-cı il noyabrın 25-də keçirildi. Ötən dövrdə isə işçi qrupu səviyyəsində yığıncaqlar, Təşkilat Komitəsinin növbəti iclası oldu. Nəhayət, bu il iyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” ilinin təntənəli açılış mərasimi keçirildi. Tədbirdə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru, TÜRKSOY-un Baş katibi, İndoneziya, Tacikistan, Özbəkistan və Əlcəzairin mədəniyyət nazirləri, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkmənistan və Qətərin mədəniyyət nazirlərinin müavinləri və digər ölkələrin rəsmi şəxslərindən ibarət nümayəndə heyətləri iştirak etdilər. Naxçıvanın Azərbaycanın qədim məskənlərindən biri olmaqla bərabər, həm də özündə ölkəmizin qədim və zəngin tarixini, mədəniyyətini əks etdirdiyini qeyd edən nümayəndələr bu cür tədbirlərlə Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazandıqlarını diqqətə çatdırdılar. Vurğuladılar ki, belə beynəlxalq əhəmiyyətli tədbirlər bir daha aşkar edir ki, xalqlarımız arasındakı tarixi köklər, musiqi və sənət sahəsindəki oxşarlıqlar onları bir-birinə daha da yaxınlaşdırır.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxışında bu proqramın üzv dövlətlərin birlikdə koordinasiyası çərçivəsində icra olunduğunu, sivilizasiya və bəşəri dəyərlərin İslama bağlılığını nümayiş etdirdiyini nəzərə çatdırdı.

İslam mədəniyyətinin paytaxtları seçilərkən bir sıra vacib məqamlar diqqətdə saxlanılır, konkret meyarlar əsas götürülür. ISESCO-nun Baş direktoru vurğuladı ki, seçilən paytaxt zəngin tarixə sahib olmalı, mədəni baxımdan, eyni zamanda İslam mədəniyyətinə, bəşəri dəyərlərə, insani dəyərlərə töhfə verməlidir. O, Naxçıvanla bağlı təəssüratlarını belə dilə gətirdi: “Mən ilk dəfədir Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gəlirəm. Naxçıvanı kəşf etdikcə belə bir qənaətə gəlirəm ki, bura cənnətdir. İslam tarixinin bir parçası olan Naxçıvan İslamın olduğu kimi təbliğinə öz töhfəsini verir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov çıxışında bu qədim diyarın qürurverici tarixindən və mədəniyyətindən söz açdı. O, qeyd etdi ki, beş min illik şəhər mədəniyyətinə malik olan Naxçıvan tarixən təktanrıçılığın mərkəzlərindən biri olub və İslamaqədərki dövrdə burada yaşayan Azərbaycan türkləri dini etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər: “Ona görə də yerli əhali İslam dinini 653-cü ildə könüllü qəbul etmişdir. İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir; mənəvi saflığa və ədalətə çağırışdır. Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində islam təhsilinin, elminin və mədəniyyətinin böyük rolu vardır. Bunun sayəsində qədim Naxçıvan şəhərində də zəngin tarixi-mədəni irs formalaşmışdır. Möminə Xatun, Gülüstan, Qarabağlar türbələri, buzxanahamamlar, qədim məscidlər və digər abidələr bu torpaqda yaradılmış çoxsaylı türk-islam mədəniyyətinin dövrümüzə qədər gəlib çatmış nadir nümunələridir. Bütün bunlar onu göstərir ki, İslam mədəniyyəti güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə inkişaf etmiş, böyük yaradıcı gücə malik olmuşdur. Naxçıvanda türk-islam mədəniyyəti XII əsrdə - Azərbaycan Atabəylər dövləti zamanında özünün intibah mərhələsinə çatmışdır. Bu dövrdə yaşayıb-yaradan memar Əcəmi Əbubəkir oğlu Naxçıvaninin sənəti nəinki Azərbaycan, ümumilikdə Yaxın Şərq və islam memarlığında yeni bir məktəbin əsasını qoymuşdur”.

Naxçıvan orta əsrlərdə İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilib. XV əsrdə tərtib edilmiş “Dünyanın islam tarixi xəritəsi”ndə Naxçıvanın adı qeyd edilib və yazılıb: “Naxçıvan İslamın ən güclü dayaqlarından biridir... Naxçıvan yaşayış məntəqəsi

Allaha yaxınlığı ilə Azərbaycan üçün möcüzədir”. XVIII əsrdə Naxçıvan xanlığı dövründə də bu torpaqda islam dəyərləri yaşadılıb, tarixi-mədəni irs davaminkişaf etdirilib. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Naxçıvan Muxtar Respublikasında islam dəyərlərinə yeni yanaşmanın - elmi baxışın əsası qoyulub, türk-islam mədəniyyəti abidələri tədqiq olunub, Naxçıvan islam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapıb.

Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev də Naxçıvanın mədəniyyəti, tarixi ilə Azərbaycan xalqının qədim sivilizasiyasının beşiklərindən biri olduğunu nümayiş etdirdiyini bildirib: “Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində islam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır. Bu torpaqda 1000-dən çox tarixi abidənin mövcud olması və onlardan 60-a yaxın abidənin dünya əhəmiyyətli olması öz-özlüyündə Naxçıvanın qədim tarixinin göstəricisidir”. Diqqətə çatdırıldı ki, bu gözəl yurdumuzun “Əshabi-Kəhf” ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Gəmiqaya rəsmləri, “Naxçıvanqala”, “Nuh” türbəsi, “Qarabağlar”, “Yusif Küseyiroğlu”, “Möminə Xatun” türbələri, Əlincəqala və digər abidələrinin xüsusi bir özəlliyi ondadır ki, bu tarixi irs nümunələri həm maddi-mənəvi, həm də dini inanc baxımından müqəddəs dəyərlərlə bağlıdır. Məhz bu amillər Bakının “İslam Mədəniyyətinin Paytaxtı” kimi qeyd edildiyi 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçünİslam Mədəniyyətinin Paytaxtı” elan olunmasına dair qərar qəbul edilməsini şərtləndirdi.

Azərbaycanda islam dini, adət-ənənələri hər zaman yüksək tutulub. Hətta sovet hakimiyyətinin dinlə bağlı sərt tədbirlər, qadağalar həyata keçirdiyi dövrdə də insanlar öz dini inanclarına sadiq qalır, gizliolsa, dini adət-ənənələrini yerinə yetirirdilər. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra ölkə miqyasında hər kəsin öz dini etiqadına, dini adət-ənənələrinə əməl etməsinə şərait yaradıldı.

Sovet hakimiyyəti dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-dən çoxdur. Bu məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycanın digər bölgələri kimi, Naxçıvanda da heç bir dini və mədəni ziddiyyət mövcud deyilbu birgəyaşama mədəniyyəti dünya üçün nümunədir. Bu sahədə mövcud olan çoxəsrlik tolerant mühit onun islam mədəniyyəti paytaxtları sırasında xüsusi yerini müəyyənləşdirir.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” çərçivəsində həyata keçirilən tədbirlər bir daha dünyaya islamın terrorizmlə eyniləşdirilməsinin qəbuledilməzliyini bildirir. İslam dininin mahiyyəti, onun gözəllikləri, dinindən, dilindən, irqindən asılı olmayaraq hər kəsə mehriban, ədalətli, səxavətli davranmağı, yalnız haqqı, həqiqəti müdafiə etməyi, bəşəriyyətdə sülhün bərqərar olmasını bu il ölkəmizin əsrarəngiz diyarı Naxçıvan dünyaya bəyan edir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2018.- 29 iyul.- S. 4.