“Jara-2018”: Xəzərin sahili, xəfif meh, bənzərsiz simalar, unudulmaz musiqi və bol əyləncə

 

75 ifaçı və 1200-dən çox musiqiçi dörd gün Bakıda

 

İyulun 26-dən 29-dək Bakıda - Xəzərin qumlu sahilindəki “Sea Breeze” istirahət mərkəzində keçirilən “Jara-2018” Beynəlxalq Festivalı musiqi aləmində yayın ən qaynar hadisəsi oldu.

AZƏRTAC xəbər verir ki, festivalda çıxış edən 75 ifaçı, eləcə də 1200-dən çox musiqiçi dörd gün ərzində Bakının mədəni həyatına sevgi, hərarət, coşqunluq gətirdi. Bu musiqi bayramında həm yaşlılar, həm də gənclər öz zövqlərinə uyğun musiqini dinləyə bildilər. Başqa cür ola da bilməzdi. Belə ki, “Jara-2018”in hazırlıq işlərinə ondan əvvəlki festival yekunlaşdıqdan bir neçə gün sonra başlanılmışdı. Festivalı yüksək səviyyədə keçirmək üçün təşkilatçılar maksimum səylə çalışıblar. Çünki onlar festival zamanı tamaşaçıların unudulmaz anlar yaşayacaqlarına söz vermişdilər. “Jara”nın hər gününün konsert proqramı, müğənnilərin bir-birindən maraqlı ifaları, müxtəlif instalyasiyalar, bir sözlə, mərasimin möhtəşəmliyi təşkilatçıların verdikləri sözə əməl etdiklərini təsdiqlədi. Musiqi ilə yanaşı, xoreoqrafiya səhnəcikləri, fərqli dekorasiyalar, işıq və lazer şousu tamaşaçıların zövqünü oxşadı. Təşkilatçıların ən xırda detalları belə nəzərə almaları, müasir səhnə tərtibatı, məşhur müğənnilərin bir-birindən gözəl mahnıları, gözlənildiyi kimi, “Jara”nı unudulmaz anlar, xoş xatirələr və əsl bayram tədbirinə çevirdi.

 

Günəş, dəniz, külək, ecazkar ifa, coşqun publika...

 

Hərarətli musiqi, Xəzər sahilinin füsunkar mənzərəsi bir məkanda birləşərək, həm festival iştirakçılarına, həm də tamaşaçılara dörd gün ərzində unudulmaz anlar yaşatdı. “Jara” bu isti iyul günlərində paytaxtımızın mədəni həyatına özünəməxsus hərarət gətirdi: Günəş, dəniz, külək, ecazkar ifa, coşqun publika, xoş ovqat... Festival iştirakçılarının dilində bu sözlər tez-tez səslənirdi.

Filip Kirkorov: “Jara” Beynəlxalq Musiqi Festivalı musiqi aləmində 2018-ci ilin ən vacib hadisələrindəndir. Mən çox festivalda iştirak etmişəm, “Jara” Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkilatçılığı ilə digərlərindən seçilir”.

Alessandro Safina: “Jara” mükəmməl festivaldır. Tarixən şəhərin ticarət yolu üzərində yerləşməsi hələ qədimdən Bakını turistlər, qonaqlar üçün cəlbedici edib. İçərişəhər nadir tarixi məkandır. Bu ornamentlər şəhəri daha da gözəlləşdirir, özünəməxsusluğunu artırır. Bakı dünyada unikal məkanlardan biridir”.

İnqrid: “Jara” festivalına ilk dəfə qatılıram. Bakına çox sevirəm. Bura mənim evim kimidir. Gözəl dəniz, əsrarəngiz şəhər, bir sözlə, Bakıda olmağımdan qürur duyuram. Səhnə olduqca gözəl məkanda yerləşir. “Jara” isə isti Bakı havasına əlavə hərarət gətirir”.

 

Leyla Əliyeva “Jara-2017”nin fəxri qonaqları sırasında

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Jara”ya fəxri qonaq kimi qatılması festivala xüsusi ab-hava gətirdi. Qırmızı xalıdan keçən Leyla Əliyevanı aparıcı “Jara” festivalının muzası kimi təqdim edib. Aparıcının festivalın bu adını daşımağın çətin olub-olmaması ilə bağlı sualına Leyla Əliyeva bundan məmnun qaldığını bildirib.

Xalı üzərindən keçəndən sonra jurnalistlərin suallarını cavablandıran Leyla Əliyeva deyib ki, festival barədə təəssüratı çox zəngin və gözəldir. Ən başlıcası odur ki, hamı xoşbəxtdir, hamı sevinir. Görün, nə qədər qonaq var, onların hamısı bizim Bakı şəhərinə məftun olublar. Bütün ifaçıları dinləmək istəyirəm. Hamının rəqs etdiyini görmək çox xoşdur.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının təmsilçilərindən və ali məktəblərin tələbələrindən ibarət nümayəndə heyətinin üzvləri də “Jara-2018” festivalının ikinci günündə konsert proqramını izləyənlər arasında olublar.

Doğrudan da, “Jara”nın hər günü gözəl keçdi. O, əsl musiqi bayramına, dostluğun, sevginin təntənəsinə çevrildi. Əlbəttə, festivalın özəlliyi təkcə bununla bitmir.

 

Azərbaycan-Rusiya dostluğuna dəyərli töhfə

 

Hazırda çoxsaylı yay musiqi festivalları keçirilir. Lakin əminliklə demək olar ki, “Jara” musiqi aləmində əlamətdar hadisəyə çevrilməkdədir. Bu, strateji tərəfdaşlar olan Rusiya və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, humanitar əlaqələrin genişlənməsinə töhfə verir. Musiqi bayramının ölkəmizin iqtisadi həyatı üçün də xüsusi önəmi var. Min iki yüzdən çox musiqiçinin qatıldığı möhtəşəm festivalı izləmək üçün Azərbaycana gələn çoxsaylı qonaqlar ölkəmizdə turizm üçün yaradılmış şəraitlə də yaxından tanış olur, paytaxtımızın və regionlarımızın inkişafını öz gözləri ilə görürlər. Bu da Azərbaycan həqiqətlərinin və ölkəmizin turizm potensialının təbliği baxımından olduqca faydalıdır.

“Jara”nın təşkilatçıları deyirlər ki, əlbəttə, dövlət səviyyəsində kömək olmadan bu miqyasda musiqi tədbirini təşkil etmək mümkün deyil. Onlar göstərilən yüksək diqqətə və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

Bu festival musiqi və mədəniyyət bayramı olmaqla yanaşı, digər mühüm bir məqamı da nümayiş etdirdi. “Jara” həm də Azərbaycanla Rusiya arasında son illər bütün sahələrdə dinamik inkişaf edən, o cümlədən humanitar sahədə genişlənən münasibətlərin göstəricisi kimi xarakterizə oluna bilər. Rusiyanın məşhur ulduzları Azərbaycana sevgilərini bu sözlərlə ifadə ediblər.

Fəxri qonaq qismində festivala qarılan Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovdeyib: “Jara–2018” beynəlxalq musiqi festivalı çox gözəl təşkil olunub. Bu festivalın çox gözəl ölkədə, heyrətamiz Bakı şəhərində keçirilməsi onun əhəmiyyətini daha da artırır. Bizim Rusiya ulduzları bir neçə günlüyə buraya gəlir və onlar çox zəngin təəssüratla qayıdırlar. Beləliklə, biz bir-birimizi yada salırıq. Müasir dünyada bu, çox vacib amildir. Bakı ecazkar şəhərdir. Mən onu sevirəm”.

Potap: “Jara” xalqları, insanları dostluğa səsləyən festivaldır. Azərbaycan xalqı olduqca qonaqpərvərdir. Bakıda özümü doğma evimdəki kimi hiss edirəm. “Jara” xalqları, insanları dostluğa səsləyən festivaldır. Mənim də arzum odur ki, qoy dostluq, qardaşlıq zəfər çalsın”.

Stas Pyexa: “Jara” Azərbaycan-Rusiya dostluğunun tərənnümüdür, əsl musiqi bayramıdır. “Jara” bu günədək iştirak etdiyim festivallar arasında öz möhtəşəmliyi ilə seçilir. Musiqi sərhəd tanımır. Biz öz ifamızla insanları dostluğa, sülhə səsləyirik”.

Qriqori Leps: “Jara” Azərbaycanın yüksək səviyyəli qonaqpərvərliyinin tərənnümüdür. Festival xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərlərə məşhur ulduzlarla yaxından təmas qurmaq imkanı yaradır. Xəzərin sahilində təşkil edilən festival üçün hər kəsə təşəkkür edirəm. Böyük rəğbətlə qarşılanan “Jara” festivalı həm də Azərbaycan-Rusiya humanitar əlaqələrinin möhkəmlənməsinə töhfə verir”.

 

Hamı Bakıya gəlmək istəyir

 

Son illər Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, sorağı bütün dünyaya yayılan tolerantlıq mühiti ölkəmizə marağı daha da artırır. Azərbaycana gələn turistlər, çoxsaylı qonaqlar bütün bunları xüsusi qeyd edirlər. “Jara” festivalının iştirakçıları da eyni fikirdədirlər:

İrina Dubtsova: “İnsanlarınız elə əvvəlki kimi qonaqpərvərdirlər. Burada Şərqin və keçmişin ruhu qorunub saxlanılıb. Şəhərin qədim küçələrində yenidən gəzmək istəyirəm. Qədimliklə müasirliyin harmoniyası insanı valeh edir. Burada əsl dostluq ab-havası mövcuddur. Azərbaycanlılara təşəkkür edirəm”.

Kseniya Borodina: “Bakı inanılmaz dərəcədə gözəl qonaqpərvər şəhərdir. Bakı tamaşaçısının böyük marağını, isti münasibətini də xüsusi qeyd etmək istərdim. Bu, əslində musiqinin təntənəsidir. Mən “Jara”nı səbirsizliklə gözləyirdim. Bakıda, Xəzərin sahilində keçirilən möhtəşəm festivalda iştirak etməkdən olduqca məmnunam”.

Kristina Orbakayte: “Bakı hər dəfə fərqli görünüşü, durmadan inkişafı, çiçəklənməsi ilə məni təəccübləndirir. Çox gözəl vəhdət var. Dəniz sahili, isti, bayram əhval-ruhiyyəsi. Festivalın təşkilatçıları hər bir detalı yüksək səviyyədə düşünüblər. Təbii ki, bu işdə çox insanın zəhməti var. Ona görə də nəticə göz qabağındadır. Hər kəsi təbrik edirəm. Bakıda görüləcək yerlər çoxdur. Bu dəfə şəhərin bütün görməli yerlərini gəzmək fikrindəyəm”.

Aleksandr Panayotov: “Mən Bakıya böyük sevinc hissi ilə qayıdıram. Azərbaycanlılar səmimi, qonaqpərvər, eyni zamanda, təəssübkeşdirlər. Hiss olunur ki, burada insanlar çətin anda bir-birinə kömək etməyə hazırdır. Bu isə çox yaxşı keyfiyyətdir”.

Lyubov Uspenskaya: “Bakı inanılmaz dərəcədə gözəl şəhərdir. Burada 25 il əvvəl olmuşdum. O zaman Heydər Əliyev yeni hakimiyyətə gəlmişdi. Onun yorulmaz fəaliyyəti, güclü iradəsi sayəsində qısa bir zamanda dağınıq olan şəhərdə sabitlik, sülh yaradıldı. Ötən müddət ərzində paytaxtınız çox dəyişib. Mən Bakının gözəlliyinə aşiq oldum. Şəhəri tanıya bilmədim”.

Alla Perfilova: “Festival dünyada ən populyar və möhtəşəm musiqi festivalıdır. İnsanlar çox qonaqpərvərdir. Burada məxsusi atmosfer hökm sürür. Artistlər üçün məkan, fan zona hər bir detal yüksək səviyyədədir. Özümü evimdəki kimi hiss edirəm. Bakını çox sevirəm”.

Bütün fikirlərdə bir daha vurğulanırdı ki, hər bir iştirakçı “Jara” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Bakıya həvəslə gəlib.

Vurğulamaq yerinə düşər ki, festival Azərbaycan həqiqətlərinin, ölkəmizin turizm potensialının təbliği baxımından da mühüm əhəmiyyət daşıyır.

 

Növbəti görüşədək...

 

Beləliklə, tamaşaçılar yayın qızmar, bir qədər bu dörd günündə, sözün əsl mənasında, “Jara” hərarətini yaşadılar. Builki festival onu da göstərdi ki, “Jara” təkcə paytaxtımızın sakinlərində deyil, dünyanın müxtəlif guşələrindən musiqi həvəskarlarında da böyük maraq oyadıb.

Festival çərçivəsində məşhur artistlərin yubiley gecələri təşkil edilib. Leonid Aqutin, Valeri Meladze, Lybov Uspenskaya, Valeriya və Vladimir Presnyakovun yaradıcılıq gecələrini keçirilib. Festivalın coğrafiyası artıq genişlənib. Festivalın fəxri qonaqları qismində xarici şou-biznesin tanınmış mütəxəssislərini dəvət edilib. Məşhur italyan tenoru Alessandro Safina, Stiven Siqal, İnqrid, Rusiya, Ukrayna, Gürcüstan və əlbəttə, Azərbaycan estradasından çoxlu sayda artistlər festivalda iştirak ediblər. Əfsanəvi Maykl Ceksonun oğlu Brendon Hovard səhnədə çıxış edir. Bu, böyük sürprizdir və o, ABŞ-dan gəlib.

“Jara-2018” yerli kanallarla yanaşı, Rusiyanın Birinci kanalında yayımlanacaq, 150 milyon televiziya tamaşaçısına da unudulmaz anlar yaşadacaq.

Festivalın təşkilatçılarından biri olan Azərbaycanın Xalq Artisti Emin Ağalarov deyib: “Rusiyanın tanınmış simalarını Bakıya toplamaq mənim üçün çox xoşdur. "Jara" layihəsinin uğurlu alınmasına ürəkdən sevinirəm. "Jara" artıq böyük musiqi platformasına çevrilib. İdeyalarımız çoxdur, məqsədimiz "Jara"nı daha unikal etməkdir”.

 

Azərbaycan.- 2018.-31 iyul.- S.5.