Azərbaycan və İtaliya
arasında iqtisadi əməkdaşlıq
qədim tarixə və geniş perspektivlərə
əsaslanır
Prezident İlham Əliyev: “Bütün məsələlərlə
bağlı bizim fikirlərimiz
üst-üstə düşür”
İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri həm keçmişi xatırlamağa, həm də aydın görünən perspektivləri nəzərdən keçirməyə imkan verir. Hələ miladi tarixindən əvvəl Çindən başlayan İpək yolu Azərbaycan ərazilərindən İtaliyaya tərəf səmtlənib. Çinlilər əsrlər boyu ipəyin sirrini gizlətsələr də, tədricən İpək yolundakı ölkələrin bir çoxu, o cümlədən Azərbaycan barama yetişdirib, öz məhsulu ilə bu yolla uzaq səfərlərə çıxıb. İtalyanların ipəyə tükənməyən sevgisi isə qərinələr keçdikcə onları geyimdə dəbi diktə edən nadir xalqa çevirib.
İpək yolunun üstündə yerləşən bu iki xalqın prezidentlərinin Bakı görüşü keçmişlə gələcəyi uğurlu sintez etməklə, yeni perspektivlərə səmt götürməyə sonsuz imkanlar yaradır. Bir sözlə, Azərbaycanla İtaliyanın ulduzları yenidən barışıb.
Xəbər verildiyi kimi, Azərbaycanla İtaliya dövlət başçılarının və rəsmilərinin Bakıda geniş tərkibdə görüşünün sonunda Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə bir sıra sənədlər - Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti, “Azərbaycan Dəmir Yolları” QSC ilə İtaliya Dövlət Dəmir Yolları aralarında anlaşma memorandumları, iki ölkənin müvafiq qurumları arasında baytarlıq təbabəti üzrə Texniki Anlaşma, ali təhsil üzrə əməkdaşlıq barədə Birgə Bəyannamə imzalanıb.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və İtaliya respublikalarının prezidentləri bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında bu görüşdə regional inkişaf və regional təhlükəsizlik məsələləri, Avropa İttifaqı-Azərbaycan əlaqələri, siyasi, iqtisadi ikitərəfli əlaqələrin məzmununu və istiqamətini belə səciyyələndirib: “...deyə bilərəm ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür”.
Azərbaycan Prezidenti çıxışında İtaliyanın hazırda ATƏT-in sədri olduğunu xatırladaraq deyib ki, İtaliyanın ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllini tapması üçün töhfəsini əsirgəməyəcəyinə əminəm.
Dövlət başçısı münaqişənin tarixi, səbəbləri və həllinin ləngiməsi barədə ətraflı məlumat verib və çıxış yolunu göstərib: “ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri Ermənistan tərəfindən dağıdılıb. Münaqişənin həlli üçün hüquqi əsas var. BMT Təhlükəsizlik Şurası 25 il bundan əvvəl 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrin icrası təmin edilməlidir. Əfsuslar olsun ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir”.
Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin müstəvisində İtaliya ilə ikitərəfli münasibətlər strateji tərəfdaşlığın möhkəm təməli üzərində qurulmuşdur. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir. Bundan başqa, enerji sahəsindəki əməkdaşlığın dərinləşməsinə böyük imkanlar var. Azərbaycan tərəfdaş ölkələrlə birlikdə hazırda 40 milyard dollar dəyərində “Cənub qaz dəhlizi” layihəsini uğurla icra edir. Bu layihə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafında katalizator rolunu oynayır.
İlham Əliyev xüsusi qeyd edib ki, iqtisadi əməkdaşlıqda İtaliya şirkətlərinə önəm verilir: “Onların üzünə inşaat sektorunda, kənd təsərrüfatı sahəsində, ağır sənayedə bizim bütün qapılar açıqdır”.
İtaliya Prezidenti Sercio Mattarella bəyanatında Azərbaycana gəlişindən və yüksək səviyyədə təşkil edilən qəbuldan məmnun qaldığını bildirib, dəvəti ölkələrimiz arasında mükəmməl səviyyədə olan ikitərəfli əməkdaşlığımızın nəticəsi kimi qiymətləndirib: “İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir. İtaliya Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini çox alqışlayır. Radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri İtaliya tərəfi dəstəkləyir”.
Sercio Mattarella “Cənub qaz dəhlizi”, eləcə də Xəzər dənizi regionunun və Xəzər qazının Avropa üçün çox önəmli olduğunu bildirib və perspektivlərə belə nəzər salıb: “İtaliya Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə çox böyük önəm verir və bunu alqışlayır. Biz ümid edirik ki, bu sahə üzrə və dostluq münasibətləri çərçivəsində İtaliya şirkətləri Azərbaycanda energetika sahəsindən başqa digər sahələrdə də öz fəaliyyətini qura bilər”.
Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələrin ayrı bir tarixçəsi var. Buna baxmayaraq, elm və texnologiya hesabına iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığı daha geniş çərçivədə inkişaf etdirmək perspektivi az deyil. İtaliya Prezidenti Milanda keçirilən “Ekspo” sərgisi zamanı Azərbaycan pavilyonunun öz möhtəşəmliyi ilə bütün ölkələri necə heyrətə gətirdiyini dilə gətirib, iki ölkə arasında gənc istedadların mübadiləsinin zəruri olduğunu bildirib.
Sercio Mattarella İtaliya tərəfinin ATƏT-də sədrliyi çərçivəsində Azərbaycana öz töhfəsini verəcəyini məxsusi vurğulayıb: “İtaliya xüsusən regionda olan problemlərlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək. Biz istəyirik ki, bu sahə üzrə danışıqların formatlarını dəyişmək əvəzinə, əksinə, regionda təhlükəsizliyi təmin edə biləcək yeni danışıq yolları tapılsın”.
İki dövlət başçısının verdiyi bəyanatlar bir daha onu təsdiq edir ki, Azərbaycanla İtaliyanın qarşılıqlı əməkdaşlıq üçün saysız şansları var. Sadəcə bir faktı ayrıca nəzərdən keçirək. Bu il kümçülərimiz 500 tondan çox yaş barama istehsal ediblər. Hər il də ölkəmizdə barama istehsalını artırmaq üçün ciddi tədbirlər görülür. Bu da ipək sənayesi sahəsində İtaliya ilə əməkdaşlıq üçün böyük imkanlar yaradır və perspektivlər açır. İtalyanların ipəyə sevgisi, Azərbaycanın bu sahədəki ənənələri imkan verir ki, Bakı ilə Roma arasında bir ipək əməkdaşlığı qurulsun. İtalyan dizaynerləri, stilistləri və dəb ustaları Azərbaycan rəssamları və ipəkçiləri ilə birləşərək onlarla zövq oxşayan yeni məhsullar yaratsınlar.
Başqa bir fakt. Xəbər verildiyi kimi, səfər çərçivəsində hər iki ölkənin prezidentinin iştirakı ilə Sumqayıtda yeni sənaye müəssisəsinin açılışı oldu. Azərbaycan Prezidenti bu müəssisənin yaradılmasını İtaliya-Azərbaycan dostluğunun təzahürü kimi səciyyələndirdi. Bildirildi ki, polipropilen zavodunun açılışı və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi Azərbaycanın ixrac potensialında dönüş yaradacaq, çünki hər iki zavodda istehsal edilən məhsulun 70 faizi ixrac ediləcək.
Ümumiyyətlə, ölkəmizdə çox yaxşı sərmayə mühiti mövcuddur. Son 15 il ərzində Azərbaycana 250 milyard dollara yaxın sərmayənin qoyulması da bunu sübut edir. Bu məbləğin təxminən yarısı daxili, yarısı xarici sərmayələrdir. Sumqayıtda inşa edilən zavodun timsalında da daxili və xarici sərmayələrin uğurlu sintezi müsbət nəticəsini vermişdir. Xarici banklar öz maliyyə dəstəyini Azərbaycandan əsirgəməmişlər. Sumqayıt Polipropilen zavodunun tikintisini məşhur İtaliya şirkəti təmin etmişdir. Bir sözlə, iki ölkənin qarşılıqlı iqtisadi münasibətləri, necə deyərlər, yüksək səviyyədədir və bu əməkdaşlığın daha da dərinləşməsində hər iki ölkə maraqlıdır.
Bahadur İMANQULİYEV
Azərbaycan.-
2018.-27 iyul.- S.2.