Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə
səmərəli əməkdaşlıq mövcuddur
Azərbaycan Respublikasının Baş
naziri Novruz Məmmədov mayın
31-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə
köməkçisinin müavini
xanım Bricet Brink ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qonağı salamlayan Azərbaycanın Baş naziri Novruz Məmmədov xanım Bricet Brink ilə əvvəlki görüşlərini məmnunluqla xatırladığını bildirib. Novruz Məmmədov Bricet Brinkin bu səfərinin əlaqələrimizin daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.
Bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğunu və Cənub Qaz Dəhlizinin istifadəyə verildiyini vurğulayan Baş nazir ABŞ Prezidenti Donald Trampın bu əlamətdar hadisələrlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubların əməkdaşlığımızın daha da inkişafı baxımından böyük önəm daşıdığını diqqətə çatdırıb.
Baş nazir Novruz Məmmədov Azərbaycan-ABŞ münasibətlərinə toxunaraq qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə çox sıx və səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycanın Baş naziri iqtisadiyyatın bir sıra istiqamətlərində, o cümlədən kənd təsərrüfatı, sənaye, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, rabitə və digər sahələrdə əlaqələrin daha da inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Novruz Məmmədov qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın münaqişənin ədalətli həllində yaxından iştirakı olduqca önəmlidir.
Səmimi görüşə görə minnətdarlığını bildirən xanım Bricet Brink Novruz Məmmədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Bricet Brink ABŞ-ın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu deyib. O, ölkələrimiz arasında beynəlxalq terrorizmlə mübarizədə və Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda çox sıx əməkdaşlığın yüksək qiymətləndirildiyini bildirib və bu sahələrdə əlaqələrin daha da genişləndirilməsinin önəmini qeyd edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2018.- 1 iyun.- S.4.