Milli Məclisin
yaz sessiyası başa çatdı
Mayın 31-də Milli Məclisin
yaz sessiyasının son plenar iclası keçirildi. Milli Məclisin
Sədri Oqtay Əsədov gündəliyi təqdim etdi. İclasın gündəliyinə 24 məsələnin
müzakirəsi salınmışdı. İlk
məsələ “Normativ hüquqi aktlar haqqında” Konstitusiya
qanununda dəyişiklik edilməsi barədə Konstitusiya
qanunu layihəsi idi. Parlamentin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli layihə ilə bağlı bildirdi ki, “Normativ
hüquqi aktlar haqqında” Konstitusiya qanununda nəzərdə
tutulan dəyişikliyə görə 5.4 məzmunlu yeni maddə
əlavə edilir. Belə ki, Ələt
Azad İqtisadi Zonasının ərazisində müvafiq
qanunla müəyyən edilmiş hallarda bu Konstitusiya qanunundan
fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin
zonanın fəaliyyəti ilə bağlı qəbul
edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə
malikdir.
Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Ötən il dövlət büdcəsinin
xərcləri 98,1 faiz icra edilib
“Azərbaycan Respublikasının
2017-ci il dövlət büdcəsinin icrası haqqında”
qanun layihəsi barədə məlumat verən İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Ziyad Səmədzadə dedi ki, layihə və müvafiq
hesabat “Büdcə sistemi haqqında” qanunun müvafiq maddəsinə
uyğun olaraq hazırlanıb. Hesabatda Azərbaycan
Respublikasının 2017-ci il dövlət büdcəsində
nəzərdə tutulan xərclərin icra vəziyyəti ilə
bağlı göstəricilərlə yanaşı, dövlət
borcları, il ərzində götürülən dövlət
borcuna xidmət, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat
Fondunun, dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən
istifadə haqqında və digər zəruri məlumatlar əks
olunub.
Parlament dövlət büdcəsi
üzərində nəzarəti təşkil edir və hər
il büdcənin icrası haqqında məsələyə
baxılır. 2017-ci il dövlət
büdcəsinin icrası sübut edir ki, iqtisadiyyatda müsbət
meyillər güclənib. Əsas parametrlər
yerinə yetirilib. Heç bir sosial
proqramın icrasında maliyyə sıxıntısı
olmayıb, planlaşdırılan bütün proqramlar həyata
keçirilib.
2017-ci ildə dövlət büdcəsinin
xərclərində 2016-cı illə müqayisədə
cüzi azalma müşahidə edilib və 98,1
faiz icra olunub, büdcə xərclərinin ÜDM-ə faiz
nisbəti 25,1 faiz təşkil edib. Hesabat ilində ümumi
büdcə xərclərinin 46,6 faizi ilin
birinci yarısında, 53,4 faizi isə ilin ikinci yarısında
icra edilib.
2017-ci ildə
ÜDM nəzərəçarpacaq qədər artıb
Hesablama Palatasının sədri
Vüqar Gülməmmədov bildirdi ki, ötən il dünya
bazarlarında neftin qiymətinin əvvəlki dövrlə
müqayisədə artması, inkişaf etmiş ölkələrdə
inflyasiyanın yüksəlməsi, dünya üzrə
iqtisadi artımın gözləniləndən bir qədər
çox olması və məcmu borcun ən yüksək həddə
çatması kimi meyillərlə xarakterizə olunub. Buna baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə həyata keçirilən
mühüm islahatlar öz müsbət nəticələrini
hesabat ilində də göstərib. Belə
ki, 2017-ci ilin ÜDM göstəricisində artım
müşahidə edilib. Qeyri-neft sektoru üzrə real
artım tempi 2,7 faiz təşkil edib,
qeyri-neft sektorunun ÜDM-də payı 62,8 faizə
çatıb.
Ötən il dövlət büdcəsinin
gəlirləri proqnozlaşdırlmış məbləğlə
müqayisədə 98,5 faiz səviyyəsində
icra edilib. Ümumiyyətlə, ÜDM-in əvvəlki illə
müqayisədə nəzərəçarpacaq
artımı, dövlət büdcəsinin gəlirlərinin
bir qədər azalması gəlirlərin ÜDM-ə nisbət
göstəricinin 23,5 faiz səviyyəsində
icrası ilə nəticələnib. Ümumi büdcə gəlirlərinin
46,8 faizi ilin birinci yarısında, 53,2
faizi ikinci yarısında daxil olub.
Deputatlar ötən ilin
dövlət büdcəsinin icrasında diqqət çəkən
müsbət məqamlar kimi Azərbaycan Respublikası Dövlət
Neft Fondundan büdcəyə transfertin azalmasını,
manatın məzənnəsinin qorunub saxlanmasını
müsbət qiymətləndirdilər.
İqtisadi
artım qeydə alınıb
Parlamentin İctimai birliklər
və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda
bankların kredit faizinin çox yüksək olduğunu
bildirdi. Onun
sözlərinə görə, vətəndaşlar bundan səmərəli
istifadə edə, yeni iş yerləri yarada bilmirlər. Ölkədə orta və kiçik sahibkarlıq
kreditlərdən yararlana bilmirlər.
Maliyyə nazirinin müavini Azər
Bayramov dedi ki, makroiqtisadi birliyin təmin edilməsi istiqamətindəki
islahatlar nəticəsində makroiqtisadi sabitlik təmin olunub.
Ölkədə müsbət iqtisadi artım
qeydə alınıb, iqtisadiyyata əlavə xarici valyuta daxil
olub. Borc öhdəliklərinin maliyyə
təminatı təmin edilib.
Vergilər naziri Mikayıl Cabbarov dedi
ki, əsas hədəf vergi ödəyicilərinin, xüsusilə
də kiçik və orta sahibkarlığın vergi
yükünün azaldılıması, vergi
inzibatçılığında bərabərliyin, şəffaflığın
təmin olunmasıdır. Bildirildi ki, növbəti
ilin büdcə paketi çərçivəsində aidiyyəti
qurumlarla birlikdə hesabatlılığın
artırılmasını təmin edən tədbirlər və
digər islahatlar hazırlanıb hökumətə təqdim
edilib.
Deputatlardan Vahid Əhmədov, Əli
Məsimli, Fərəc Quliyev, Fazil Mustafa, Tahir Kərimli, Qənirə
Paşayeva, Tahir Mirkişili, Fəzail İbrahimli 2017-ci il
dövlət büdcəsinin icrasına dair fikirlərini səsləndirdilər.
Sonda “Azərbaycan Respublikasının 2017-ci il
dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi
səsə qoyularaq təsdiqləndi.
Əlillik dərəcəsinin
müəyyənləşdirilməsinin “ASAN” xidmətə
verilməsi təklif edildi
Sonra “Əlilliyi olan şəxslərin
hüquqları haqqında” qanun layihəsi
üçüncü oxunuşda müzakirə olundu. Parlamentin Əmək və
sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi
ki, 8 fəsil, 40 maddədən ibarət qanun layihəsi əlilliyi
olan şəxslər barəsində dövlət siyasətinin
əsaslarını və onların hüquqlarının
müdafiəsi sahəsində dövlətin vəzifələrini
müəyyən edir. Həmçinin əlilliyə səbəb
olan risklərin, əlillik əlamətinə görə
ayrı-seçkiliyin bütün formalarının aradan
qaldırılmasını, əlilliyi olan şəxslərin
reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə
iştirakını və sosial inteqrasiyasına şərait
yaradılmasını, onlara aid olan strategiya və proqramlara
dair qərarların qəbulu prosesinə fəal cəlb
olunmasını, əlilliyi olan şəxslərin hüquq və
azadlıqlarının tam və bərabər səviyyədə
həyata keçirilməsini, onların şərəf və
ləyaqətinin müdafiəsi sahəsində yaranan
münasibətləri tənzimləyir.
Milli Məclis Sədrinin birinci
müavini, Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət
Əsgərov Azərbaycanda əlillik dərəcəsinin
müəyyənləşdirilməsi məsələsinin
“ASAN” xidmətə verilməsini təklif etdi: “Uzun illərdir
ki, əlilliyin verilməsi ilə bağlı məsələ
üzərində mübahisələr davam edir. Əgər “ASAN” xidmətin texniki imkanları imkan
verirsə və bu məsələni öz üzərinə
götürə bilirsə, qoy əlilliyin müəyyən
edilməsi “ASAN” xidmətin səlahiyyətinə verilsin və
problemlər də öz həllini tapsın. Hesab edirəm ki, bu həm dövlətimiz, həm də
vətəndaşlarımız üçün faydalı
olar”.
Qanun layihəsi
üçüncü oxunuşda səsə qoyularaq qəbul
edildi.
Kənd təsərrüfatı
təyinatlı torpaqları icarəyə götürmək
asanlaşacaq
“Torpaq icarəsi haqqında” və
Torpaq Məcəlləsində dəyişikliklər edilməsi
barədə qanun layihələri haqqında Aqrar siyasət
komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Bildirildi ki, “Torpaq icarəsi haqqında”
qanun layihəsində dövlət mülkiyyətində olan
kənd təsərrüfatı təyinatlı torpaqları
icarəyə götürmək istəyən şəxsin
müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti
orqanlarına) müraciəti (ərizəsi), ərizəyə
əlavə olunan sənədlərin siyahısı,
müraciətə baxılması qaydası, torpaq sahəsinin
ayrılması məqsədəuyğun hesab edildikdə, onun
razılıq alınması üçün aidiyyəti
müvafiq icra hakimiyyəti orqanına göndərilməsi,
bu orqanın razılığının verilməsi yaxud
razılıq verilməsindən imtinası, razılıq
verildikdə icarə müqaviləsinin bağlanması ilə
bağlı məsələlər tənzimlənib. Ərizəyə dair tələblər “İnzibati
icraat haqqında” qanuna uyğun olaraq müəyyən edilir.
Bununla da dövlət
mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı
torpaqları icarəyə götürmək istəyən
şəxs bir quruma müraciət edir, digər qurumla
razılaşdırma isə şəxsin iştirakı
olmadan qısa müddətə həyata keçirilir, həmin
qurumun razılığı olduqda icarə müqaviləsi
bağlanır. Sənədə dövlət mülkiyyətində
olan kənd təsərrüfatı təyinatlı
torpaqların icarəyə verilməsinin xüsusiyyətləri
adlı maddə əlavə edilir.
Torpaq Məcəlləsində
dəyişiklik edilməsi haqqında qanun layihəsinin
14-cü maddəsinə təklif olunur ki, dövlət
mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı
torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi
haqqında” qanununa uyğun həyata keçirilir. Hər iki qanun
layihəsi səsə qoyularaq qəbul edildi.
“Dövlət torpaq
kadastrı, torpaqların monitorinqi və yerquruluşu
haqqında” və “Notariat haqqında” qanunlarda dəyişikliklər
edilməsi barədə qanun layihələri də qəbul
edildi.
“Notariat haqqında” qanun layihəsinə
müasir hüquq münasibətlərinin
elektronlaşdırılmasını nəzərə alaraq dəyişikliklər
təklif edildi. Layihənin 36-ci maddəsinə əsasən,
notarius və ya qanunla müəyyən edilmiş hallarda bu
cür notarial hərəkəti etməyə hüququ
çatan digər vəzifəli şəxslər tərəfindən
elektron informasiya sistemləri vasitəsilə əldə
edilmiş məlumat və ya sənədlərin surəti
kağız daşıyıcısına keçirilərək
təsdiq edilməlidir. Dəyişikliyə
əsasən, elektron informasiya sistemləri və ya
ehtiyatları, o cümlədən internet informasiya
ehtiyatları vasitəsilə əldə edilmiş məlumat
və ya sənədlərin surətlərinin
düzgünlüyünün təsdiq edilməsi yeni səlahiyyət
kimi qanuna əlavə edilir.
Sonra Torpaq Məcəlləsində
dəyişiklik edilməsi haqqında qanun layihəsinə
baxıldı.
Layihəyə “Əkin yerinin
yandırılması qadağandır” məzmunlu yeni maddə
əlavə edilir. Bu maddəyə görə
torqaların vəziyyətinə zərərli təsir
göstərə bilən təzə tikililər, qurğular
və yenidən qurulan obyektlər yerləşdirilərkən,
layihələşdirilərkən, tikilərkən və
istismara verilərkən, habelə yeni texnologiyalar tətbiq
edilərkən torpaqların mühafizəsi sahəsində zəruri
tədbirlər nəzərdə tutulmalı və həyata
keçirilməlidir.
Torpaqların vəziyyətinə
zərərli təsir göstərə bilən obyektlərin
yerləşdirilməsi adiyyəti olan torpaq mülkiyyətçiləri,
istifadəçiləri və icarəçiləri, eləcə
də müvafiq icra hakimiyyəti orqanları ilə
razılaşdırılır. Torpaqların
mühafizəsi qaydaları müvafiq normativ hüquqi aktlarla
müəyyən edilir. Qanun layihəsi səsə
qoyularaq qəbul olundu.
Deputatlar “Banklar haqqında”,
“Poçt haqqında”, “Qiymətli metallar və qiymətli
daşlar haqqında”, “Sığorta fəaliyyəti
haqqında”, “Bədən tərbiyəsi və idman
haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli
kağızlar haqqında” qanunlarda dəyişiklik edilməsi
barədə qanun layihələrini də təsdiqlədilər.
Qida təhlükəsizliyi
sahəsində idarəçiliyin hüquqi bazası təkmilləşdirilir
“Dövlət rüsumu
haqqında” qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsindən komitə sədri Ziyad Səmədzadə
danışdı. Bildirildi ki, qida təhlükəsizliyi sahəsində
idarəçiliyin təkmilləşdirilməsi, bu sahədə
dövlət orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi
məqsədilə “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti
haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlara dəyişikliklər
qəbul edilmiş, Qida Təhlükəsizliyi Agentliyi
haqqında Əsasnaməyə dəyişikliklər və əlavələr
olunmuşdur. Adı çəkilən normativ
hüquqi aktlara əsasən, agentliyə bir sıra səlahiyyətlərlə
yanaşı, ölkədə qida məhsulları sahəsində
fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi
baxımından qeydiyyata alınması və onların dövlət
reyestrinin aparılması, eləcə də qida təhlükəsizliyi,
baytarlıq və fitosanitar sertifikatlarının verilməsi səlahiyyətləri
də verilib. Vurğulandı ki, “Dövlət
rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsi qeyd olunan normativ hüquqi aktlara uyğun olaraq
hazırlanıb.
Qanun layihəsinə əsasən,
bir sıra mövcud rüsumlar artırılacaq. Buraya
baytarlıq və fitosanitar sertifikatına, baytarlıq
preparatlarına, həmçinin pestisidlərə, bioloji
preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin
və idxal karantin icazəsinin verilməsinə görə
dövlət rüsumları aiddir. Bu qanun
layihəsi də qəbul olundu.
Sonra “Lisenziyalar və icazələr
haqqında” qanunda dəyişikliklər edilməsi barədə
qanun layihəsinə baxıldı. Ziyad Səmədzadə diqqətə
çatdırdı ki, sənədin “Sahibkarlıq fəaliyyətinə
verilən icazələrin siyahısı”nın
bir sıra maddələrində nəzərdə tutulan icazələrin
dəqiqləşdirilməsi nəzərdə tutulur. Deputatlar qanun layihəsini müsbət qiymətləndirdilər.
İnzibati Xətalar Məcəlləsində,
Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782
nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Konsul Nizamnaməsi”ndə, “Azərbaycan
Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan
Respublikasının yubiley medalının təsis edilməsi
ilə əlaqədar “Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında”, “Dövlət
qulluğu haqqında” və “Yol hərəkəti haqqında”
qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələri
də səsə qoyularaq qəbul edildi.
Parlamentin Gənclər
və idman komitəsinə yeni sədr seçildi
Deputat Ülvi Quliyev Gənclər
və idman komitəsinin sədri seçildi. Deputatlar Milli
Məclisin bu qərarına da müsbət münasibət
bildirdilər.
Gündəliyin son məsələsi
ikinci oxunuşda müzakirəyə çıxarılan
“Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” qanun layihəsi idi. Qanun layihəsini təqdim edən
parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin
sədr müavini Kamran Nəbizadə bildirdi ki, qanun layihəsi
təsərrüfat fəaliyyətinin və başqa fəaliyyət
növlərinin, habelə strateji sənədlərin və ərazi
planlaşdırılması sənədlərinin
reallaşdırılmasının ətraf mühitə və
insan sağlamlığına təsirinin qiymətləndirilməsi
prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını
müəyyən edir və bu sahədə yaranan münasibətləri
tənzimləyir. Qanun layihəsi ikinci
oxunuşda təsdiqləndi.
Milli Məclisin Sədri Oqtay
Əsədov yaz sessiyasını bağlı elan etdi. Azərbaycan
Respublikasının Dövlət himni səsləndirildi.
Bununla da Milli Məclisin yaz sessiyası başa
çatdı.
Səbinə
MƏMMƏDOVA
Azərbaycan.- 2018.-1 iyun.- S.4.