Bakıda Avropa Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı keçirilir

 

Mayın 31-də Bakıda Azərbaycan Tibb Assosiasiyasının təşkilatçılığı ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Avropa Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki,  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən tədbirin əvvəlində  dövlət himni səsləndirilib.

 Azərbaycan Tibb Assosiasiyasının sədri Nəriman Səfərli tədbiri giriş sözü ilə açaraq rəhbərlik etdiyi təşkilatın 2000-ci ildən Avropa, 2002-ci ildən Dünya Tibb assosiasiyalarının üzvü seçildiyini bildirib və hazırda 5 mindən artıq həkimi öz ətrafında birləşdirdiyi barədə məlumat verib. Qeyd edilib ki, qurum həkimlərin peşəkarlığının artırılması, onların hüquq və maraqlarının qorunması, həmçinin əhalinin tibbi maarifləndirilməsinə xidmət edir.

Konfransda Avropa Tibb Assosiasiyaları Forumunun baş katibi Leah VapnerDünya Tibb Assosiasiyasının baş katibi Otmar Kloiber çıxış edərək forumun 33-cü illik konfransının paytaxtımızda keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Səhiyyə sahəsində həyata keçirilən beynəlxalq islahatlarAvropa ölkələrində qazanılmış təcrübənin Azərbaycanda da tətbiq edilməsinin vacibliyi qeyd edilib.

Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov ölkəmizin irimiqyaslı beynəlxalq tədbirlərə evsahibliyi etməsindən və səhiyyənin inkişafı üçün həmin tədbirlərin oynadığı rol, ölkə səhiyyəsində həyata keçirilən islahatlar, icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərdən danışıb.

Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının hazırladığı anadangəlmə ürək qüsurları olan uşaqların müalicəsinə həsr edilən  “Ürəklər susmasın” qısametrajlı sosial çarx nümayiş olunub.

İki gün davam edəcək konfransda 25 ölkədən gəlmiş həkimlərin məruzələri dinləniləcək.

 

 

Azərbaycan.- 2018.- 1 iyun.- S.9.