“Son
iclas”ın Bakı Ali Neft
Məktəbində təqdimatı keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ali məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri açan BANM-ın rektoru Elmar Qasımov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan AXC-nin Azərbaycan xalqının tarixində önəmli mərhələ olduğunu qeyd edərək, məhz həmin dövrdə ölkədə qadınlara seçib-seçilmək hüququnun verildiyini vurğulayıb. Elmar Qasımov həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi, ölkə rəhbərinin Azərbaycan tarixinə olan ehtiramının və onun bütün dünyaya çatdırılmasına verdiyi önəmin və diqqətin təzahürüdür.
Tədbirdə iştirak edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli AXC-nin 100 illiyinin ölkəmiz üçün böyük tarixi əhəmiyyətli hadisə olduğunu qeyd edib. Vitse-prezident Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkətinin ölkənin tarixi və milli dəyərlərinə hörmətlə yanaşdığını və bu istiqamətdə atılan addımları hər zaman dəstəklədiyini bildirib. O, şirkətin AXC-nin 100 illiyinə həsr olunmuş “Son iclas” bədii-sənədli filminin sponsoru olduğunu qeyd edib və BP-nin xalqın tarixini, qürur hissini paylaşan ekran əsərinin ərsəyə gəlməsində rolu olduğuna görə şərəf duyduğunu söyləyib.
Tədbirdə BANM-ın təşkilatçılığı ilə həyata keçirilmiş AXC-nin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransına müxtəlif universitetlərdən məqalə təqdim etmiş 40-dan çox tələbə mükafatlandırılıb, onlara müxtəlif hədiyyələr təqdim edilib.
Sonra
Heydər Əliyev Fondunun və BP Azərbaycan
şirkətinin sponsorluğu ilə
Bakı Media Mərkəzi tərəfindən
hazırlanan və AXC-nin 100 illiyinə həsr
edilən “Son iclas” bədii-sənədli
filmi nümayiş olunub. Baş prodüseri Bakı Media Mərkəzinin
prezidenti Arzu Əliyeva
olduğu film AXC-nin son günlərində
baş verən hadisələrdən bəhs
edir. Filmin BANM-da nümayiş
etdirilməsinin əsas məqsədi cəmi 23 ay mövcud olmuş AXC-nin keşməkeşli
tarixini, onun hansı
çətin şəraitdə fəaliyyət göstərdiyini
gənc nəslə çatdırmaq idi.
Azərbaycan.-
2018.- 1 iyun.- S.12.