Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident, əziz
dost.
Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyinin qeyd olunması münasibətilə İsrail
hökuməti və xalqı adından səmimi təbriklərimi
qəbul edin. Bu çox əlamətdar tarixi hadisəni qeyd
etdiyiniz bir zamanda mən Sizə və Azərbaycan xalqına
davamlı inkişaf, rifah və uğur arzu edirəm.
İsrail və Azərbaycan
arasındakı əlaqələr, sadəcə,
qarşılıqlı maraqlar üzərində deyil, eləcə
də iki qədim xalq arasında mövcud olan dərin və
davamlı dostluq münasibətləri üzərində
qurulub. Ötən il İsrail və Azərbaycan diplomatik
münasibətlərin qurulmasının 25 illiyini qeyd etdi.
Bizim münasibətlərimiz bir-birinin inancına və adət-ənənəsinə
hörmətlə yanaşan və daha firavan və təhlükəsiz
gələcək təmin etmək üçün birgə
çalışan müsəlmanların və yəhudilərin
unikal tərəfdaşlığıdır. Ölkələrimiz
ticarət və enerjidən kənd təsərrüfatı və
terrorla mübarizəyə kimi xalqlarımız
üçün böyük əhəmiyyət kəsb edən
bir sıra sahələrdə əməkdaşlıq edir.
2016-cı ilin dekabr ayında
Bakıya səfərimi və mənə göstərdiyiniz
isti və gözəl qonaqpərvərliyi heç zaman
unutmayacağam. Sizin göstərdiyiniz qonaqpərvərliyə
yaxın gələcəkdə Yerusəlimdə eyni qonaqpərvərliklə
cavab verəcəyimə ümid edirəm.
Bir daha Sizi 100 illik yubileyiniz
münasibətilə təbrik edirəm.
Benyamin Netanyahu
İsrail Dövlətinin
Baş naziri
Azərbaycan.- 2018.- 2 iyun.- S.4.