Pekində Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media-Sammiti keçirilib

 

AZƏRTAC ilə Sinxua xəbər agentliyi arasında Əməkdaşlıq Sazişi imzalanıb

 

İyunun 1-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) birinci Media-Sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv, müşahidəçi və dialoq tərəfdaşı olan ölkələrin media qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Təşkilatın dialoq üzrə tərəfdaşı olan Azərbaycanı Media-Sammitdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Aslan Aslanov təmsil edib.

Sammitdə çıxış edən Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Xuan Kunmin bildirib ki, Media-Sammitin keçirilməsi təşəbbüsü ilə ilk dəfə ŞƏT-in üzvü olan ölkə rəhbərlərinin sammitində Çin Xalq Respublikasının sədri Si Cinpin çıxış edib. O bildirib ki, media xalqları birləşdirmək, sülhü və inkişafı təşviq etmək üçün mühüm vasitədir. "Bu gücdən ŞƏT-in məramlarının tanıdılması məqsədilə geniş istifadə etmək lazımdır. Mətbuat ŞƏT ölkələri arasında dialoqun inkişaf etməsinə böyük töhfə verə bilər. Buna görə də təşkilatın inkişafına və Şanxay ruhunun geniş təbliğinə mətbuat diqqəti artırmalıdır", - deyən Xuan Kunmin medianın terrorizm və ekstremizmlə mübarizədə, təhlükəsizlik və sülhün təbliğində rolundan danışıb.

Təşkilatın baş katibi Rəşid Əlimov sammiti tarixi hadisə adlandırıb. O, bu formatın, ilk növbədə, media qurumları arasında informasiya, təcrübə və kadr mübadiləsi üçün əhəmiyyətli olduğunu qeyd edib. R.Əlimov jurnalistlərin cəmiyyətdə vacib rolunu vurğulayıb, hadisələrin işıqlandırılmasında obyektivliyin əhəmiyyətini önə çəkib.

İyunun 9-10-da Çinin Sindao şəhərində keçiriləcək ŞƏT dövlət rəhbərləri sammiti haqqında məlumat verən baş katib orada 20-yə qədər sənədin imzalanacağını, UNESCO ilə razılaşma əldə olunacağını deyib.

Media-Sammitdə "KİV-lər arasında informasiya mübadiləsinin möhkəmləndirilməsi və əməkdaşlıq təşəbbüsü" qəbul olunub.

Sonra sənədlərin imzalanması mərasimi olub. AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi arasında informasiya mübadiləsinə dair Əməkdaşlıq Sazişi imzalanıb.

Saziş iki agentlik arasında gündəlik olaraq xəbər, fotovideo mübadiləsi, sosial mediada əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, tərəflər mütəmadi olaraq yeni media redaktorları və informasiya texnologiyaları mütəxəssislərinin qarşılıqlı təcrübə mübadiləsini təşkil edəcəklər.

Tədbir panel iclasları ilə davam edib.

 

 

Azərbaycan.- 2018.- 2 iyun.- S.6.