Suvarılan torpaqların sahəsi genişlənir

 

5 iyun - Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günüdür

 

5 iyun - bu tarix ölkə melioratorları üçün olduqca əlamətdar bir gündür. Hər il həmin gün onlar böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər.

Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Onun əsas kənd təsərrüfatı bazası sayılan Kür-Araz düzənliyi suvarılan torpaqların istifadə edilməsi baxımından dünyanın ən qədim və unikal regionlarından biridir. Hələ V-VI əsrlərdə bu ərazilərdə tikilmiş suvarma kanallarının izləri indiyə qədər qalmaqdadır.

Düzənliyin ərazisi quraq və arid zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyildir. Bunu böyük uzaqgörənliklə qeyd edən və “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış ulu öndərimiz Heydər Əliyev meliorasiya və su təsərrüfatı sahəsini daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.

Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində, lakin onun genişmiqyaslı, intensiv inkişafına ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılmışdır. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərarlar qəbul edildi. Bu qərar nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirilmişdir.

Ulu öndər keçmiş İttifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusilə də meliorasiya və su təsərrüfatının inkişafı, demək olar ki, tamamilə dayandı. Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində meliorasiya və su təsərrüfatı üzrə aparılan işlərin həcmi kəskin surətdə azaldı, kapital qoyuluşu heçə endirildi, sistemlərin istismarına ayrılan büdcə vəsaitinin həcmi xeyli aşağı düşdü. Nəticədə mühüm dövlət əhəmiyyətli obyektlərin saxlanılması, istismarı, təmir-bərpası son dərəcə çətinləşdi.

Belə bir şəraitdə 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona dövlətin diqqət və qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq, meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ hüquqi bazası yaradıldı.

Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılması qaydalarını müəyyən etdi.

Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin - Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Ümummilli lider Heydər Əliyevə islam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı.

İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istismara verildi.

Heydər Əliyevin yaxından köməyi sayəsində Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlanılmışdır.

Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı-Sumqayıt şəhərlərini və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.

Uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Samur-Abşeron magistral kanalı əsaslı təmirə dayanmadan fasiləsiz olaraq istismar olunurdu. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdır.

Ulu öndərin tapşırığına əsasən, bu problemin həlli yolları araşdırılmış və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olunmuşdur.

İslam İnkişaf Bankının texniki yardımı ilə beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış sxemin birinci mərhələsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçay çayına qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi nəzərdə tutulurdu.

Vayxır su anbarının inşasına 1983-cü ildə başlanılmış, lakin maliyyə vəsaitinin olmamasına görə tikinti işləri yarımçıq dayandırılmışdır.

Ulu öndər Heydər Əliyev 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən, onun su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırılmışdır.

Ümumiyyətlə, bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektar sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, onun qətiyyətli addımları, səriştəli idarəçiliyi nəticəsində ölkənin dayanıqlı inkişaf dinamikasına nail olunmuş, idarəetmə mexanizmi mütəmadi olaraq təkmilləşdirilmiş, səmərəli dövlət idarəçiliyinin, təhlükəsizliyini, sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər müstəqiliyimizin daha da möhkəmləndirilməsini, dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin etmişdir.

İqtisadiyyatın çoxşaxəliyinə və innovativ dinamik inkişafına nail olan Azərbaycan vaxtında reallaşan islahatlar və icra olunan layihələrlə bu gün regionda lider dövlətə, iqtisadi və siyasi bir mərkəzə çevrilmişdir.

Möhtərəm Prezidentimizin rəhbərliyi altında qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının və “Strateji yol xəritələri”nin dəqiq mexanizmlərlə icrası inkişafın dinamizmini artırır və əhatəsini daha da genişləndirir. Sürətli, yüksək templi bu irəliləyiş dövlətin yürütdüyü daxili və xarici siyasətin düzgünlüyünün düşünülmüş olması və müasir tələblərə cavab verə bilməsi sayəsində mümkün olmuşdur. Təbii ki, qazanılan nailiyyətlərdə ölkə rəhbərinin güclü, prinsipial siyasi iradəsinin, vaxtında düzgün qərarlar qəbul etməsinin, xalqımızın da möhtərəm Prezidentimizin strateji kursunun dəstəkləməsində ona olan inamının böyük rolu olmuşdur.

Son 14 il ərzində Azərbaycan şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir.

Ölkəmizdə köklü iqtisadi islahatlar, bölgələrdə infrastruktur layihələri icra edilmişdir. İnfrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan vermiş, həm də bizim nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişmişdir.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir.

Belə ki, bütün maliyyə mənbələri hesabına 2004-2017-ci illərdə 4,0 min kilometr uzunluğunda suvarma kanallarının, 2,5 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 kilometrdən artıq hissəsi əsaslı surətdə hündürləşdirilmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 183 km-dən artıq muhafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 1959 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmir- bərpa edilmişdir.

Dünya Bankının krediti ilə 140 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının, respublikanın 9 rayonunun və Naxçıvan MR-in (Babək və Şərur rayonları) 52 min hektara yaxın ərazisində suvarma-drenaj şəbəkələrinin təmir-bərpa işləri 2010-cu ildə başa çatdırılmış, 2011-ci ildən isə respublikanın daha 15 rayonunda sudan istifadə edənlər birliklərinin institusional gücləndirilməsi və onların 85 min hektar xidmət ərazilərində təsərrüfatdaxili suvarma-drenaj şəbəkələrinin təmir- bərpası işlərinə başlanılmışdır. Bu məqsədlə layihə çərçivəsində 198 ədəd ofis binası, respublikanın 4 rayonunda regional dəstək mərkəzləri tikilmiş və 88 ədəd ekskavator alınaraq sudan istifadə edənlər birliklərinin balansına verilmişdir. Layihənin başa çatmamasına baxmayaraq, nəzərdə tutulduğundan 39,4 % artıq, yəni, 119 min hektara yaxın sahədə suvarma və drenaj şəbəkələrinin bərpası, yenidən qurulması işləri tamamlanmışdır.

Eyni zamanda, respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmiş, Ağsu, İsmayıllı, Siyəzən, Şabran, Cəlilabad, Lerik və Masallı rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi başa çatdırılmış, Yardımlı rayonunda isə bu işlər davam etdirilmişdir.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən baş suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında baş su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidən qurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.

Samur-Abşeron kanalının 50-ci kilometrdən suyun Taxtakörpü su anbarına verilməsi məqsədi ilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 kilometr olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan su elektrik stansiyası ilə birlikdə) və uzunluğu 108 km-ə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılmışdır. Eyni zamanda, ilk mərhələdə Qusarçay, Qudyalçay və Caqacuqçay çayları üzərində sugötürücü qurğuların və nəqledici kanalların tikintisinin başa çatdırılması ilə Samur-Abşeron kanalına əlavə su verilməsi təmin edilmişdir.

Su və torpaq ehtiyatlarından istifadə edilməsi səmərəliliyinin yüksəldilməsi istiqamətində su təsərrüfatı obyektlərində mutəmadi olaraq təmir-bərpa və təmizləmə işləri aparılmışdır. Son 14 ildə suvarma və kollektor-drenaj şəbəkələrində 671 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, 73 min ədəd hidrotexniki qurğu təmir edilmiş, 400-dən artıq nasos stansiyaları əsaslı surətdə təmir-bərpa edilmiş, çay məcralarında 183 milyon kubmetr həcmində məcratəmizləmə və nizamlama işləri yerinə yetirilmiş, 250 min kubmetr həcmində şax- daş, faşın- qamış və qabion bəndlər quraşdırılmış, daş-beton bəndlərdə 295 min kubmetr həcmində təmir işləri görülmüşdür.

Həyata keçirilmiş məqsədyönlü və uğurlu fəaliyyətlərin nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahəyə ayrılan investisiya vəsaitinin həcmi 20 dəfə, istismar xərclərinə ayrılan vəsait 6 dəfəyə qədər artmış, sistem üzrə işçilərin əməkhaqqı 7,4 dəfə artmış, sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, 2100-dən artıq maşın və mexanizmlər alınmışdır.

2013-cü ilin sonlarında istifadəyə verilmiş Taxtakörpü su anbarı 2017-ci il 15 iyun Qurtuluş günü ərəfəsində tam layihə həcmində su ilə doldurulmuş və tam gücü ilə işləməyə başlamışdır.

Ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarının istifadəyə verilməsi nəticəsində son illərdə yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı şəhərinin və Abşeron yarımadasının əhali, sənaye və kənd təsərrüfatı üzrə su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olmuşdur.

Taxtakörpü su anbarı zonasında ümumilikdə nəzərdə tutulan 30 min hektara yaxın yeni suvarılacaq torpaqlardan 2017-ci ilin sonuna görülmüş meliotrativ tədbirlər nəticəsində 22 min hektarı aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilmişdir. Eyni zamanda, “Şabran Aqropark”a məxsus 1738 ha torpaq sahəsi suvarma suyu ilə təmin edilmiş və bu torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri davam etdirilmişdir.

15 noyabr 2014-cü ildə möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş Şəmkirçay su anbarı zonasında 2015-ci ildə əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 kilometr uzunluğunda magistral kanalların tikintisi işləri başa çatdırılmışdır. Şəmkirçay su anbarında yığılan 723 milyon kubmetr su hesabına Şəmkir, Samux və Göygöl rayonlarının 35 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılmışdır. Şəmkir və Göygöl rayonlarının 4 min hektar, eləcə də “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilmişdir.

Şəmkirçay su anbarından Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların, eləcə də Goranboy rayonunun əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə uzunluğu 27,9 kilometr olan Şəmkir-Samux-Goranboy suvarma magistral kanalının 2-ci növbəsinin tikintisinə başlanılmışdır. Kanalın İpək yoluna qədər olan 8,5 kilometrlik hissəsi tamamlanaraq Samux və Goranboy rayonlarının 8000 hektar (ondan 980 hektarı yeni suvarılacaq torpaqlardır) sahəsinə suvarma suyu çatdırılmışdır. Goranboy rayonunun daha 18 min hektardan çox sahəsinə suyun çatdırılması üçün kanalda tikinti işləri davam etdirilir.

Sovetlər birliyi dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayonlarının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının inşası 2016-cı ildə başa çatdırılmışdır.

Sabirabad rayonu ərazisində “H” kanalının 7,8 km hissəsinin beton məcrada qurğularla birlikdə tikintisi 2017-ci ilin 1 may tarixinə başa çatdırılmışdır. Bununla 1-ci mərhələdə 4 min ha əkin sahələrinin su təminatı yaxşılaşdırılmış və 200 ha yeni suvarılan torpaq sahəsi suvarma suyu ilə təmin edilmişdir. Eyni zamanda, Sabirabad rayonunun qış otlaqlarında 1-ci mərhələdə 5000 ha yeni torpaq sahəsinə, eləcə də Yuxarı Mil kanalında tikinti işləri davam etdirilərək Ağcabədi rayonunda 2700 ha sahəyə suvarma suyu çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 24 sentyabr 2017-ci il tarixində Neftçala magistral kanalında görülən işlərlə tanış olmuş və Kür çayından 1-ci mərhələdə rayonun 7770 ha yeni suvarılacaq və 970 ha mövcud əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak etmişdir.

Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə 2017-ci ildə Araz çayının yeni qolu vasitəsi ilə Saatlı (24325 ha), İmişli (5812 ha) və Biləsuvar (9356 ha) rayonlarının 39493 ha qış otlaq sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün 54,2 km uzunluğunda torpaq məcralı kanalın tikinti işləri üzərindəki hidrotexniki qurğularla birlikdə tamamlanmışdır. Goranboy və Samux rayonlarında yaradılan aqroparkların 4700 ha sahəsinə Şəmkir-Samux-Goranboy suvarma magistral kanalından suvarma suyunun çatdırılması üçün 1-ci mərhələdə 12,1 km suvarma boru kəmərinin və həcmi 100 min kbm olan beton üzlüklü su hovuzunun tikintisi başa çatdırılmışdır. Şabran rayonu ərazisində “Şabran Aqropark” MMC-yə məxsus 1740 ha sahəyə suvarma suyunun verilməsi üçün tutumu 150 min kbm olan beton üzlüklü su hovuzunun tikintisi tamamlanmış, bu torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün işlər davam etdirilir. Qax rayonunda yaradılan aqroparka məxsus 1550 ha torpaq sahəsinin 1-ci mərhələdə 665 ha ərazisinə suvarma suyu çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 480 ha və ona bitişik Füzuli rayonunun Mirzənağılı kəndinin 200 ha əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə əlaqədar nasos stansiyasının, təzyiqli boru kəmərinin tikintisi aparılmışdır.

Suvarma su mənbəyi yaradılan ərazilərdə investorlar və torpaq mülkiyyətçiləri tərəfindən mütərəqqi suvarma texnikası tətbiq edilməklə və meliorativ tədbirlər aparılmaqla intensiv texnologiyalar əsasında yüksək kənd təsərrüfatı məhsulları istehsalına geniş imkanlar yaranacaqdır.

Eyni zamanda, 2017-ci ildə respublika iqtisadiyyatının inkişafında böyük əhəmiyyət kəsb edəcək daha bir nəhəng infrastruktur layihənin Yuxarı Şirvan kanalının yenidən qurulmasının xarici məsləhətçilər cəlb edilməklə ilkin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmışdır. Şirvan zonasına yeni həyat verəcək bu layihə 10 rayonun 125 min hektardan çox əkin sahələrinin su təminatının yaxşılaşdırılması və 106 min hektar yeni suvarılan torpaqların dövriyyəyə verilməsi ilə ümumilikdə 231 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi, eləcə də regionda ekoloji mühitin yaxşılaşdırılması və Hacıqabul gölündə yaranmış təhlükəli ekoloji vəziyyətin qarşısının alınması imkanlarını yaradacaqdır. Hazırda beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə işçi layihə və tender sənədlərinin hazırlanması işləri davam etdirilir.

Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları 23 meliorasiya və su təsərrüfatı obyektlərinin təməlqoyma, işlərin gedişi ilə tanışlıq və açılış mərasimlərində iştirak etmişdir ki, bu da onun sahəyə olan diqqət və qayğısının təzahürüdür.

Qarşıya qoyulmuş vəzifələrin icrası olaraq cəmiyyət tərəfindən meliorasiya tədbirlərinə ayrılan vəsait hesabına meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə sahəsində də 2017-ci ildə konkret tədbirlər həyata keçirilmişdir.

2017-ci ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək cəmiyyət üzərinə düşən vəzifələri yerinə yetirmiş, balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir.

2017-ci ildə Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərinin 68,4 km məsafəsində möhkəmləndirmə işləri görülmüş və 3600 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilmişdir.

Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 42,2 mln kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, 4400 hidrotexniki qurğu, 216 subartezian quyusu, 240 nasos və mühərrik təmir edilmişdir.

Çay məcralarında 11 mln kubmetr həcmində məcratəmizləmə işləri aparılmış, 10 min kubmetr şax-daş, faşın və qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 14 min kubmetr həcmində təmir işləri yerinə yetirilmişdir.

Görülmüş tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilmişdir. Bütün suvarma mənbələrindən 9,1 mlrd kubmetr su götürülmüş və su istifadəçilərinə 6,6 mlrd kubmetr su verilmişdir.

2018-ci ildə də böyüklüyünə və kənd təsərrüfatına təsirinə görə xüsusi rola malik olan Taxtakörpü və Şəmkirçay su anbarları zonalarında magistral və paylayıcı suvarma kanallarının tikintisi işləri davam etdiriləcəkdir. Şəmkir-Samux-Goranboy magistral kanalının İpək yolu ilə kəsişmə qurğusunda və ondan sonra kanalın 5 km-ə qədər hissəsində tamamlama işləri başa çatdırılaraq Goranboy rayonunda 8000 hektar sahəyə suvarma suyu çatdırılacaqdır. Taxtakörpü su anbarı zonasında isə Şabran rayonunda meliorativ tədbirlər davam etdirilərək 12 min hektar, o cümlədən 5 min hektara yaxın yeni torpaqlar istifadəyə veriləcək və 7 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaqdır. Eyni zamanda, Şabran rayonunda 8 min hektara yaxın torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkələrinin tikintisi işləri yerinə yetiriləcəkdir.

Respublikanın içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası üzrə 8 rayonda cari ildə çirkab su təmizləyici qurğuların tikintisi ilə layihə üzrə nəzərdə tutulan işlər başa çatdırılacaqdır.

Respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun 300 ədəd subartezian quyuları cari ildə qazılaraq istifadəyə veriləcəkdir.

2018-ci ildə kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən bu iri infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsi nəticəsində yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəticəsində ölkədə ixrac yönümlü kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradılacaqdır.

2018-ci ildə respublika üzrə 1453,0 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulmuşdur.

Bunun üçün cari ildə suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62,0 mln kubmetr həcmində lildən təmizləmə işlərinin görülməsi, 5900 hidrotexniki qurğunun, 156 subartezian quyusunun, 270 nasos və mühərrikin təmir edilməsi nəzərdə tutulmuşdur.

Möhtərəm Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı dövlət proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur.

Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaqdır.

 

Əhməd ƏHMƏDZADƏ,

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri

 

Azərbaycan.- 2018.-3 iyun.- S.1; 4.