Dünyanın nüfuzlu
nəşrlərindən olan “China Daily” qəzeti AZƏRTAC
ilə əməkdaşlıqda maraqlıdır
AZƏRTAC ilə Çinin ingilis
dilində nəşr olunan nüfuzlu gündəlik “China
Daily” qəzeti əməkdaşlığı genişləndirəcək.
Bu barədə razılıq Şanxay Əməkdaşlıq
Təşkilatının birinci Media Sammitində iştirak etmək
üçün Pekində səfərdə olan AZƏRTAC-ın
İdarə Heyətinin sədri Aslan Aslanovun “China Daily” qəzetinin
rəhbərliyi ilə görüşündə əldə
edilib.
“China Daily”nin nəşrə
başlamasının 37-ci ildönümünə təsadüf
edən görüşdə baş redaktorun müavini Van Xao
qəzetin fəaliyyəti barədə məlumat verib. Bildirib
ki, ümumilikdə 100 milyondan çox çap və onlayn
abunəçisi olan “China Daily” təkcə Çində
deyil, regionda, eləcə də dünyada ingilis dilində
çıxan ən nüfuzlu qəzetlərdən biridir.
Ümumi tirajı bir milyon nüsxə olan qəzet Çində
internet səhifəsi açılan ilk kütləvi
informasiya vasitəsidir. Qəzetin xarici ölkələrdəki
oxucularının sayı yerli oxuculardan daha çoxdur. Bu da qəzetin
qlobal səviyyəli nəşr olduğunun göstəricisidir.
Azərbaycan ilə Çin
arasında münasibətlərin son illərdə müxtəlif
sahələrdə dinamik inkişaf etdiyini bildirən AZƏRTAC-ın
İdarə Heyətinin sədri ölkələrimizin
kütləvi informasiya vasitələri arasında əməkdaşlığın
daha da genişləndirilməsinin əhəmiyyətinə
toxunub. O, AZƏRTAC-ın Çinin Sinxua agentliyi ilə
yaxşı əlaqələrinin olduğunu, gələcəkdə
Çinin digər KİV-ləri, o cümlədən “China
Daily” qəzeti ilə əməkdaşlığın
yaradılması və inkişafının hər iki tərəf
üçün faydalı olacağına əminliyini
bildirib.
Diqqətə
çatdırılıb ki, bu günlərdə
yaradılmasının 100-cü ildönümünü qeyd
etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC
hazırda respublikanın aparıcı informasiya agentliyi, yerli
və xarici KİV-lər üçün rəsmi
informasiyanın yeganə mənbəyidir. Son illər dünya
informasiya məkanında fəallıq göstərən AZƏRTAC
hazırda Dünya Xəbər Agentlikləri Konqresinə və
Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri
Təşkilatına (OANA-ya) rəhbərlik edir.
İdarə Heyətinin sədri AZƏRTAC-ın
7 dildə, o cümlədən Çin dilində xəbərlər
yaydığını, bu xəbərlərin
hazırlanmasında və əməkdaşlara Çin dilinin
tədrisində Bakıdakı Konfutsi İnstitutu ilə
sıx əməkdaşlıq edildiyini diqqətə
çatdırıb.
Görüşdə AZƏRTAC ilə
“China Daily” arasında əməkdaşlığın təməli
kimi mütəmadi xəbər mübadiləsi
aparılmasının əhəmiyyəti vurğulanıb,
növbəti mərhələdə birgə layihələrin
icrası, təcrübə mübadiləsi, internet səhifələrində
qarşılıqlı olaraq banerlərin yerləşdirilməsi
və s. barədə razılıq əldə olunub.
AZƏRTAC-ın İdarə Heyətinin
sədri Aslan Aslanov “China Daily” qəzetinin redaksiyasını gəzib,
nəşrin ayrı-ayrı redaksiyalarının, o cümlədən
dizayn, fotoinformasiya bölmələrinin fəaliyyəti ilə
tanış olub.
Azərbaycan.-
2018.-3 iyun.- S.5.