Ən yüksək döyüş hazırlığı, ən
modern silahlanma
Azərbaycan Silahlı Qüvvələri 100
Ordu dövlətin suverenliyi və ərazi
bütövlüyünü təmin etmək
üçün əsas qüvvə olaraq dövlət
quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın
dövlətçilik tarixində güclü ordunun
yaradılması hər zaman prioritet məsələlərdən
olub. Təsadüfi deyil ki, bu günlərdə 100 illiyi təntənə
ilə qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin ilk
addımlarından biri ordunun yaranması haqqında verdiyi qərar
idi.
Dünyanın
ən güclü 50 ordusu sırasında
Cümhuriyyətin varisi olan
müstəqil Azərbaycan dövləti bütün sahələrdə
əldə etdiyi möhtəşəm uğurlarla öz sələfinin
irsini layiqincə yaşadır. Respublikamızda ulu öndər
Heydər Əliyevin 25 il əvvəl hakimiyyətə gəlişi
ilə başlanan dövlət quruculuğunun ən şərəfli
səhifələrindən biri güclü ordunun
yaradılmasıdır. Prezident İlham Əliyevin Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi
qəbulda dediyi kimi, cümhuriyyətin qurucuları heç təsəvvür
edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu
dünyanın ən güclü 50 ordusu sırasında
olacaq: “Biz güclü ordu yaratmışıq. 1918-ci ildə
Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə,
yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları
heç təsəvvür edə bilməzdilər ki, bu
gün Azərbaycan Ordusu dünyanın ən güclü 50
ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı,
həm də döyüş qabiliyyəti ən yüksək
səviyyədədir.
Biz bunu döyüş
meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu
işğal altında olan torpaqların bir hissəsini iki il
bundan əvvəl işğalçılardan azad etmişdir.
Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının
bir hissəsi işğalçılardan azad edildi. Azad
edilmiş o torpaqlara Azərbaycan vətəndaşları
qayıtmışlar. O torpaqlara həyat
qayıtmışdır və bunu Azərbaycan dövləti
etdi, Azərbaycan Ordusu etdi. Güclü ordu müstəqilliyimizin
əsasıdır, təhlükəsizliyimizin
qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin
edilibdir”.
Prezident İlham Əliyevin bu
yaxınlarda Naxçıvana səfəri zamanı hərbi
hissələrdən biri ilə tanışlığı
ordumuzda həyata keçirilən geniş quruculuq işləri,
zabit və əsgərlərin məişət şəraitinin
yaxşılaşdırılması ilə yanaşı,
artan döyüş imkanlarını göstərdi. Beləliklə,
bu tanışlıq hər bir vətəndaşa növbəti
dəfə aydınlıq gətirib
yaddaşlarımızı təzələdi: hər birimiz
bir daha əmin olduq ki, bu gün özünün yüksək
döyüş qabiliyyəti ilə seçilən və
müasir hərbi texnikalarla tam təchiz edilən Azərbaycan
Ordusunun tərkib hissəsi olan Əlahiddə Ümumqoşun
Ordusu regiondankənar digər hərbi birləşmələrin
köməyi olmadan belə müstəqil şəkildə
istənilən döyüş əməliyyatlarının
koordinasiyasını həyata keçirmək və
qarşıya qoyulan bütün vəzifələri dəqiqliklə
yerinə yetirmək imkanına malikdir.
Naxçıvandakı
raketlər düşmənin istənilən hərbi hədəfini
məhv edə bilər
Naxçıvanda müşahidə
olunan inkişaf tək mülki sahəni deyil, həm də Əlahiddə
Ümumqoşun Ordusunu əhatə edir. Təsadüfi deyil ki,
Prezident İlham Əliyev hər Naxçıvan səfərində
mütləq hərbi hissələrdə yaradılan şəraitlə,
hərbi-texniki təchizat baxımından mövcud vəziyyətlə
yerindəcə tanış olur. Bu qədim Azərbaycan
yurdunun torpaqlarının böyük hissəsi
işğalçı Ermənistanla həmsərhəddir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində
işğal siyasətini həyata keçirməyə
başlayan erməni dövləti Naxçıvanı da hədəf
almışdı. Lakin ulu öndər Heydər Əliyevin
muxtar respublikaya qayıdışı və siyasi müdrikliyi
nəticəsində Naxçıvan düşmən
qarşısında əyilmədi, erməni
işğalçıları burada istədiklərinə nail
ola bilmədilər.
Naxçıvan ərazisi hərbi
baxımdan olduqca strateji əhəmiyyət daşıyır.
Odur ki, Heydər Əliyevin başladığı ordu
quruculuğu zamanı bu diyara xüsusi diqqət yetirildi. Son 15
ildə isə bu siyasət daha intensiv həyata keçirilib və
özündə müasir keyfiyyət göstəricilərini
əks etdirib. İndi Əlahiddə Ümumqoşun Ordusu
özünün döyüş imkanlarına görə Ermənistanla
hətta təkbaşına müharibə aparmağa qadirdir.
Bunu Prezident İlham Əliyev Naxçıvana səfəri
zamanı bir daha bəyan etdi: “Bu gün Naxçıvan ordusu
böyük qüvvəyə malikdir və düşmənin
istənilən təxribatının qarşısını
ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı
keçirə bilər. Naxçıvanda yerləşdirilmiş
müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər
düşmənin istənilən hərbi hədəfini məhv
edə bilər”.
Prezident İlham Əliyev
Naxçıvanda silahlanmaya yeni qəbul edilən hərbi
texnika ilə tanış oldu. Bunlardan biri “ORBİTER-3B”
pilotsuz uçuş aparatı idi. Cəmi 28 kiloqram çəkisi
olan bu aparatla 5500 metr maksimal hündürlükdə canlı
yayımda gecə və gündüz şəraitində
düşmən ərazisində havadan kəşfiyyat aparmaq,
aşkar edilmiş hədəflərin koordinatlarını təyin
etmək mümkündür. Ali Baş Komandana təqdim olunan
82 millimetrlik minaatan batareyası üçün rabitə və
avtomatlaşdırılmış idarəetmə dəsti 5
kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf
haqqında məlumatların
avtomatlaşdırılmış idarəetmə sistemi ilə
atəş mövqeyinə ötürülməsi və
atış üçün hesabatların aparılması
kimi vacib işləri görə biləcək. 120 millimetrlik
minaatan və 122 millimetrlik “D-30” haubitsalı artilleriya
batareyası üçün rabitə və
avtomatlaşdırılmış idarəetmə dəsti isə
15-20 kilometr dərinlikdə hədəfin aşkar edilməsi,
hədəf haqqında məlumatların
avtomatlaşdırılmış idarəetmə sistemi ilə
atəş mövqeyinə ötürülməsi və
atış üçün qurğuların hesablanmasına təyin
olunub.
“S-125-2 TM” zenit-raket kompleksinin nəqliyyat
doldurucu maşını idarəolunan zenit-raketlərin konteynerdə
və açıq vəziyyətdə daşınması,
buraxıcı qurğuya doldurulub-boşaldılması
üçün nəzərdə tutulub. Bu texnika ilə 4 ədəd
raket daşımaq mümkündür.
“SAND CAT” zirehli avtomobili komanda heyətinin,
silahlı bölmələrin, onlara aid avadanlığın və
silah sistemlərinin daşınması, düşmənin
canlı qüvvəsinin, zirehli texnikalarının və
möhkəmləndirilmiş atəş mövqelərinin məhv
edilməsi üçün təyin olunub. Avtomobil 12,7
millimetrlik pulemyot, 2 raketdən ibarət “Spiker-LR” tank əleyhinə
idarə olunan kompleks və 120 millimetrlik minaatanla təchiz
edilib.
152 millimetrlik “QİASİNT-B” topu
düşmənin canlı qüvvəsini, atəş vasitələrini
və marş zamanı döyüş texnikalarını, cəmləşmə
rayonlarını, dayaq məntəqələrini məhv etmək
və susdurmaq imkanlarına malikdir. Bu qurğunun maksimal
atış məsafəsi aktiv-reaktiv mərmi ilə 35,5, adi mərmi
ilə 28,6 kilometrdir.
Müasir döyüş
maşınlarından sayılan “BTR-82A” zirehli transportyor
döyüş meydanında fəaliyyət göstərən
piyadanın mobilliyini, silahlanmasını və müdafiəsini
yüksəltmək, düşmənin canlı qüvvəsini,
tank əleyhinə vasitələrini və yüngül zirehli
texnikalarını məhv etmək üçün nəzərdə
tutulur. Döyüş maşınında 30 millimetrlik top və
7,62 millimetrlik pulemyot quraşdırılıb.
“TOS-1A” ağır odatan yaylım
atəş sistemi isə düşmənin taqım dayaq məntəqələrini,
həmlə edən bölüklərini, artilleriya və
minaatan batareyalarının atəş mövqelərini və
marşda olan avtomobil kolonlarını məhv etmək
iqtidarına malikdir. 220 millimetrlik sistemin 24 istiqamətləndiricisi
var və maksimal atəş məsafəsi 6 min metrdir.
“XRİZANTEMA-S” özüyeriyən tank əleyhinə
raket kompleksi dinamik örtüklə təchiz edilmiş tankları, piyadaların döyüş maşınlarını
və digər yüngül zirehli hədəfləri, fortifikasiya
qurğularını və
uzunmüddətli atəş
nöqtələrini, alçaqdan
uçan təyyarə
və vertolyotları məhv etmək imkanlarına malikdir. Batareya komandirinin
idarəetmə maşını
düşmənin güc
və vasitələrinin
aşkar edilməsi, taqım və heyətlər arasında hədəflərin bölüşdürülməsi
üçün təyin
olunub.
Düşmən təşviş
içindədir
Bütün bunlar göstərir ki, 100 illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Silahlı Qüvvələrinin bu gün dünyanın ən güclü 50 ordusu sırasında olması heç də təsadüfi deyil. Prezident, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilən
tədbirlər nəticəsində
ordumuzun arsenalı dünyanın aparıcı
ölkələrinin istehsalı
olan silah-sursatla genişlənir və bu işdə Azərbaycanın milli müdafiə sənayesi kompleksinin imkanları mühüm rol oynayır.
Yuxarıda sadalanan silahların bəziləri Ermənistanda
da mövcuddur. Amma Ermənistan
ordusunun arsenalında olan hərbi texnika əsasən köhnə modifikasiyalardır
və döyüş
imkanlarına görə
çox geri qalır. Azərbaycan Ordusunun arsenalında
olan yeni döyüş texnikalarının
əksəriyyəti isə
erməni ordusunda ümumiyyətlə yoxdur.
Hələ iki il əvvəl,
2016-cı ilin Aprel döyüşlərində bu,
təsdiq olunmuşdu.
Təsadüfi deyil ki, Prezident
İlham Əliyevin Naxçıvana səfərindən
sonra Ermənistanın
yeni siyasi rəhbərliyi təşvişə
düşüb. Üstəlik, İlham Əliyevin
səfərindən əvvəl
Naxçıvanda keçirilən
hərbi təlimlərdə
Əlahiddə Ümumqoşun
Ordusunun raket-artilleriya
bölmələrinin döyüş
atışlı taktiki
təlimləri keçirilib.
Təlimlərdə düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər
üzrə bərpası
vəzifələri icra
olunub. Təlimlərdə
bütün tapşırıqlar
uğurla yerinə yetirilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Bütün bunlar Ermənistanda dərin narahatlıq və təşvişlə
izlənilir. Belə ki, Azərbaycan
Ordusunun Naxçıvan
istiqamətindəki imkanları
Ermənistanda panik müzakirələrə səbəb
olub. Hazırda erməni mətbuatı
və ekspertləri müharibə başlayarsa,
Naxçıvanın Ermənistan
ərazisini güclü
və sarsıdıcı
raket zərbələrinə
məruz qoya biləcəyindən bəhs
edirlər. Bir neçə
gün əvvəl Ermənistanın müdafiə
və xarici işlər nazirlərinin
Ermənistan sərhədinin
Naxçıvan istiqamətində
olmaları erməni siyasi-hərbi dairələrindəki
narahatlıqlardan xəbər
verir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2018.- 5 iyun.- S.1; 6.