Əlaqələrin möhkəmlənməsi
üçün güclü
siyasi iradə var
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyunun 4-də İran İslam
Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud
Vaezini qəbul edib.
AZƏRTAC xəbər verir ki,
dövlətimizin başçısı Azərbaycan
Respublikası ilə İran İslam Respublikası arasında
ikitərəfli münasibətlərin yüksək səviyyədə
olduğunu qeyd edərək, Prezident Həsən Ruhaninin Azərbaycana
son səfərini məmnunluqla xatırladı və səfərin
çox uğurlu olduğunu, əldə edilmiş
razılaşmalar və imzalanmış sənədlərin
böyük önəm daşıdığını dedi.
Bu səfərdən keçən dövr ərzində əlaqələrimizin
yeni dinamika aldığını qeyd edən Prezident İlham Əliyev
uzun illər həll olunmamış məsələlərin
birgə səylərlə öz həllini
tapdığını bildirdi. Bu, onu göstərir ki, hər
iki ölkədə əlaqələrimizin sürətli
inkişafı üçün güclü siyasi iradə var.
Dövlətimizin başçısı Mahmud Vaezinin Azərbaycana
səfərinin əməkdaşlığımızın
perspektivləri, əlaqələrimizin daha da möhkəmləndirilməsi
ilə bağlı qarşıda duran vəzifələrin həllinin
müzakirəsi üçün yaxşı imkan
yaradacağına əminliyini ifadə etdi.
Mahmud Vaezi İran İslam
Respublikasının Prezidenti Həsən Ruhaninin
salamlarını Prezident İlham Əliyevə
çatdırdı. O, İran Prezidenti Həsən Ruhaninin
adından və öz adından dövlətimizin
başçısına böyük səs çoxluğu ilə
yenidən Prezident seçilməsi münasibətilə təbriklərini
çatdırdı. Mahmud Vaezi qeyd etdi ki, İran-Azərbaycan
ikitərəfli münasibətləri müxtəlif sahələrdə
uğurla inkişaf edir. Həsən Ruhaninin Azərbaycana səfərinin
və səfər zamanı əldə edilmiş
razılaşmaların səmərəli nəticələri
göz qabağındadır və yüksək səviyyədə
icra olunur, Azərbaycan ilə İran arasında keçid məntəqəsi
24 saatlıq iş rejimində çalışır, Azərbaycanda
avtomobil istehsalı zavodu fəaliyyətə başlayıb,
Azərbaycandan İrana enerji ixracı həyata keçirilir.
Nəqliyyat sahəsində əməkdaşlıq durmadan
genişlənir, Astara-Astara dəmir yolunun tikintisi uğurla
başa çatıb, yük terminallarının
inşası davam edir.
Söhbət zamanı humanitar-mədəni
əlaqələrin və turizm sahəsində uğurlu əməkdaşlığın
həyata keçirildiyi qeyd olundu.
Dövlətimizin
başçısı İran İslam Respublikasının
Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını İran Prezidentinə
çatdırmağı xahiş etdi.
Azərbaycan.-
2018.-5 iyun.- S.1.