Yol infrastrukturunun yenidən qurulması ilə
bağlı layihələr əhalinin sosial
rifahının yaxşılaşmasına xidmət edir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda Dəliməmmədli-Muzdurlar-Qırıqlı
avtomobil yolunun yenidənqurma və bərpadan sonra
açılışını edib.
Regionların inkişafı
Dövlət proqramlarına uyğun olaraq, son illərdə
yol infrastrukturunun inkişafı istiqamətində həyata
keçirilən məqsədyönlü tədbirlər kənd
yollarının yenidən qurulmasını da geniş əhatə
edir. Avtomobil yollarının tikintisi və yenidən
qurulması işlərinin həcminin ildən-ilə
artması Azərbaycanda icra olunan sosial layihələrin
davamlı xarakter aldığını aydın nümayiş
etdirir. Hazırda respublikanın yol infrastrukturunun yenidən
qurulması və təkmilləşdirilməsi ilə
bağlı irimiqyaslı layihələr uğurla icra olunur.
Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə
uyğun olaraq bu gün əsas diqqət kənd və qəsəbələri
birləşdirən, həmçinin yaşayış məntəqələrinin
daxili yollarının təmirinə və yenidən
qurulmasına yönəldilib. Bu tədbirlər bir neçə
mühüm məqamı özündə ehtiva edir. Belə
layihələrdən biri də Dəliməmmədli-Muzdurlar-Qırıqlı
avtomobil yolunun əsaslı şəkildə yenidən
qurulmasıdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin
sədri Saleh Məmmədov dövlətimizin
başçısına yolun texniki göstəriciləri barədə
məlumat verdi. Bildirildi ki, uzunluğu 20 kilometr olan yolun hərəkət
hissəsinin eni 6 metr təşkil edir. Dördüncü
texniki dərəcəli yol iki hərəkət
zolağından ibarətdir. Hərəkət
zolağının eni isə 3 metrə bərabərdir.
Dəliməmmədli-Muzdurlar-Qırıqlı
avtomobil yolunun inşası Prezident İlham Əliyevin 2017-ci
ildə imzaladığı Sərəncama əsasən
aparılıb. İnşaat işləri zamanı
bütün texniki tələblərə tam riayət olunub.
Layihə çərçivəsində 300 poqonmetr müxtəlif
diametrli dəmir-beton suötürücü borular, zəruri
yerlərdə minə yaxın yol nişanı və göstərici
lövhə quraşdırılıb, 50 kilometr uzunluğunda
yol-cizgi xətləri çəkilib. Bu yol 15 min nəfər əhalinin
yaşadığı 15 məntəqəni birləşdirir.
Avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin
rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin
yaxşılaşdırılmasında mühüm rol
oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə
iqtisadiyyatın və kənd təsərrüfatının
inkişafında mühüm rol oynayacaq.
Dövlətimizin başçısı
yolun rəmzi açılışını bildirən lenti
kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.-
2018.- 6 iyun.- S.4.