Aqrar sektorun modernləşməsi
prosesi regionların inkişafına təkandır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də
Goranboy rayonunda “Region Agropark”ın
açılışında iştirak edib.
Son illərdə
sahibkarlığın inkişafı istiqamətində həyata
keçirilən tədbirlər, icra olunan dövlət
proqramları ölkəmizin sosial-iqtisadi inkişafının
dinamikliyini göstərən amillərdəndir. Bu gün Azərbaycanda
sahibkarlar dövlət tərəfindən həm mənəvi,
həm siyasi, həm də iqtisadi dəstək alır.
Bölgələrdə yeni zavod, fabrik və digər istehsal
müəssisələrinin fəaliyyətə
başlaması işsizlik problemini aradan qaldırmaqla
yanaşı, regionların malik olduğu potensialdan
düzgün istifadə mexanizmlərini də üzə
çıxarır. Bu gün, həmçinin güzəştli
kreditlər hesabına maliyyələşdirilən, müasir
texnologiyaların tətbiqinə əsaslanan layihələrdən
olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına
tələbatının ödənilməsinə xidmət edən
müasir aqroparkların yaradılması xüsusi əhəmiyyətə
malikdir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının
sürətləndirilməsi, aqrar sahədə intensiv
texnologiyaların tətbiqi ilə bağlı
tapşırığına uyğun olaraq artıq ölkəmizdə
aqroparkların yaradılmasına başlanılıb.
Aqroparklar aqrar sahədə sahibkarlığın
inkişafını daha geniş şəkildə təşviq
edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində,
rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının
istehsalında, ixrac potensialının və məşğulluğun
artırılmasında xüsusi əhəmiyyət kəsb
edir. Aqroparkların yaradılması ölkənin ixrac
coğrafiyasının genişləndirilməsində, milli
brendlərin yaradılmasında, kənd təsərrüfatı
sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə
də istehsalçı-emalçı-istehlakçı
münasibətlərinin formalaşmasında, aqrar sahədə
ixtisaslı kadrların hazırlanmasında və yeni iş
yerlərinin açılmasında əhəmiyyətli rol
oynayacaq. Aqroparklarda kənd təsərrüfatı məhsullarının
istehsalı, emalı, logistikası və satışı
bütünlükdə bu zənciri özündə birləşdirməklə,
kənd təsərrüfatı məhsullarının
torpaqdan istehlakçının süfrəsinədək
bütün mərhələləri özündə əks
etdirir ki, bu da həmin məhsulların istehsalına çəkilən
xərclərin, eləcə də maya dəyərinin
aşağı düşməsinə və keyfiyyətin
yüksəlməsinə imkan verir. Belə aqroparklardan biri də
Goranboy rayonundakı “Region Agropark”dır.
AZƏRTAC xəbər verir ki,
iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı
naziri İnam Kərimov və aqroparkın direktoru Sənan Qədimov
görülən işlərlə bağlı dövlətimizin
başçısına ətraflı məlumat verdilər.
Bildirildi ki, regionların
sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində
müxtəlif bölgələrdə ayrı-ayrı istehsal
sahələri istifadəyə verilir, əhalinin sosial şəraitinin
yaxşılaşdırılması istiqamətində
ardıcıl tədbirlər görülür. “Region Agropark”
da belə müəssisələrdən biridir. Ümumi dəyəri
30 milyon manat olan aqroparkın yaradılmasına 6 milyon manat
dövlətin güzəştli krediti verilib. Belə ki,
Goranboy rayonunda uzun müddət istifadəsiz qalmış və
yararsız hala düşmüş 3500 hektar, Samux rayonunda isə
1200 hektar qış otlaq sahələrinin təyinatı Nazirlər
Kabinetinin müvafiq sərəncamları ilə dəyişdirilərək
əkin dövriyyəsinə cəlb edilib. Aqropark tərəfindən
“Bozdağ massivi” ərazisində yerləşən,
yararsız vəziyyətdə olan torpaq sahələrinin əkinə
yararlı vəziyyətə gətirilməsi
üçün ərazidə yarğanlar doldurulub, yüksək
keyfiyyətli hamarlama işləri aparılıb, sahələr
kol-kosdan təmizlənib, torpağın biohumus qatının
bərpası məqsədilə böyük həcmdə
kompos verilib. Torpağın tərkibinin öyrənilməsi məqsədilə
nümunələr götürülərək Türkiyənin
beynəlxalq akkreditasiya olunmuş “Laben” laboratoriyasına
göndərilib və analizlərin nəticələrinə
uyğun əkin planı hazırlanıb. İstehsal olunan məhsulların
uzun müddət keyfiyyətli və itkisiz saxlanılması
üçün hər birinin tutumu 3 min ton olan 18 min tonluq 6
taxıl anbarı kompleksi və saatda gücü 10 ton olan
qurutma sistemi inşa olunub. Amerika və Türkiyədən
alınan avadanlıqlarla təchiz olunmuş taxıl anbarı
kompleksi tam avtomatlaşdırılmış qaydada fəaliyyət
göstərir. Kompleks məhsulu qəbul edir, təmizləyir
və qurudaraq saxlanılması üçün anbarlara
ötürür. Aqroparkda işçilər, kənardan cəlb
olunmuş mütəxəssis və qonaqlar üçün
72 yerlik ikimərtəbəli tam infrastruktura malik müasir
yataqxana və ikimərtəbəli ofis binası tikilib.
Diqqətə
çatdırılıb ki, hazırda respublikanın 30 rayonu
üzrə 191,8 min hektar ərazidə ümumi dəyəri
1,4 milyard manat olan 45 aqroparkın yaradılması işləri
davam etdirilir. İndiyə qədər dövlət dəstəyi
hesabına aqroparkların yaradılması üçün
ümumilikdə 311,8 milyon manat, o cümlədən su, qaz,
elektrik və yol çəkilişi, meliorativ tədbirlər
və digər infrastruktur işlərinə 204,2 milyon manat
dövlət əsaslı investisiya qoyulub. Ümumi dəyəri
400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına
110 milyon manatadək dövlətin güzəştli kreditləri
ayrılıb və 14 aqropark üzrə dəyəri 565,5
milyon manat olan 24 layihəyə investisiya təşviqi sənədi
verilib. Artıq Xaçmaz, Şəmkir, Cəlilabad və
Goranboyda yaradılan aqroparklarda birinci mərhələ üzrə
işlər başa çatdırılıb.
Qeyd edək ki, həyata
keçirilən bu layihənin ikinci mərhələsi
çərçivəsində ərazilərin
hazırlanması məqsədilə mövcud iri yarğanlar
torpaqla doldurulacaq, ərazi kol-kosdan təmizlənəcək, əkinə
hazırlıq işləri aparılacaq, 2700 hektar sahədə
Amerika istehsalı olan 31 müasir pivot suvarma sistemi qurulacaq və
meyvə bağlarının sahəsi 200 hektara
çatdırılacaq. Bundan başqa, aqroparkda gündəlik
istehsal gücü 120 ton olan bitki yağları istehsalı
fabriki, ümumi tutumu 2 min ton olan soyuducu anbar kompleksi, 10 hektar
sahədə müasir istixana kompleksi yaradılacaq. Aqroparkda
hazırda 100 nəfər daimi işlə təmin edilib. Burada
bitkilərin davamlı və keyfiyyətli su təminatının
həyata keçirilməsi məqsədilə ilkin olaraq 2000
hektar sahədə Amerika istehsalı olan və məsafədən
idarəetmə mexanizminə malik 24 müasir suvarma sistemi
qurulub. Uzun müddət əkin aparılmadığına
görə ərazidə dərin və çarpaz reperlənmə
işləri aparılıb, torpaq müxtəlif üzvi və
qeyri-üzvi gübrələrlə zənginləşdirilib.
Bərpa olunmuş torpaq sahəsində cari ildə 823 hektarda
taxıl, 93 hektarda yonca, 320 hektarda şəkər
çuğunduru, 192 hektarda pambıq, 64 hektarda kartof əkilib.
80 hektar ərazidə damcı suvarma sistemləri qurulmaqla
zeytun, badam və digər meyvə bağları
salınıb. Aqroparka məxsus torpaq sahələrinin
Bozdağ ərazisində əmələ gələn sel
sularından mühafizəsi məqsədilə 15,5 kilometr
uzunluğunda seltutucu kanal inşa olunub.
Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd
Əhmədzadə bildirdi ki, aqroparkda zəruri infrastrukturun
yaradılması məqsədilə qoyulmuş 35 milyon manat
dövlət əsaslı investisiya hesabına ərazini
öz axını ilə suvarma suyu ilə təmin etmək
üçün Şəmkir-Samux-Goranboy magistral suvarma
kanalı üzərində baş suqəbuledici qurğu, nəqledici
boru kəməri, sututumu 100 min kubmetr olan dəmir-beton
üzlüklü hovuz, sututumu 300 min kubmetr olan torpaq əsaslı
hovuz inşa olunub. Bundan əlavə, 35/10 kV-lıq
yarımstansiya da inşa edilib, Lək yarımstansiyasından
14 kilometr uzunluğunda yüksək gərginlikli elektrik xətti,
Qazıməmməd-Qazax magistral qaz kəmərinin
“Ağasıbəyli” Qazpaylayıcı Stansiyasından 12
kilometrlik qaz xətti çəkilib və Fəxralı kəndindən
əraziyə 9,4 kilometr uzunluğunda yeni asfalt yol
salınıb.
Sonra Azərbaycan Prezidenti
aqroparkın kollektivi ilə görüşdü.
Dövlətimizin
başçısı görüşdə
çıxış etdi.
Prezident
İlham Əliyevin çıxışı
-Goranboy aqroparkının
açılışı münasibətilə sizi ürəkdən
təbrik edirəm. Çox gözəl hadisədir. Goranboy
rayonunun iqtisadi potensialının möhkəmlənməsində
bu aqroparkın çox böyük rolu olacaq. Dövlət
öz dəstəyini növbəti dəfə göstərmişdir.
Bildiyiniz kimi, Azərbaycanda aqroparkların yaradılması
dövlət xətti ilə həyata keçirilir. Dövlət
özəl sektora daim diqqət və dəstək göstərir.
Vaxtilə istifadəsiz qalmış bu ərazidə dövlət
xətti ilə böyük infrastruktur layihələri icra
edilmişdir. Yollar, qaz, elektrik və su xətləri çəkildi,
suvarma işləri görüldü, dövlət xətti ilə
ən müasir texnika alındı. Bu texnikanın bir hissəsi
burada nümayiş etdirilir. Bu, dünyanın ən
aparıcı şirkətinin texnikasıdır. Dövlət
xətti ilə 40-dan çox texnika gətirilmiş və bu
aqroparka lizinqə verilmişdir.
Dövlət tərəfindən
bu aqroparkın yaradılmasına 35 milyon manat vəsait
ayrılmışdır. Bildiyiniz kimi, bu aqroparkın ərazisi
4700 hektardır və bu torpaqlardan istifadə olunmurdu. İndi
isə burada gözəl işlər görülüb, özəl
sektor öz tərəfindən vəsait qoyubdur. Mənə
verilən məlumata görə, özəl investisiyaların
həcmi 30 milyon manatdır. Beləliklə, biz
görürük ki, dövlət-özəl sektor
partnyorluğu gözəl nəticələrə gətirib
çıxarır. Böyük investisiyalar qoyulur və bu
investisiyaların böyük səmərəsi olacaqdır.
Burada yüzlərlə iş yeri yaradılır, yerli istehsal
təşkil olunur. Burada bir çox kənd təsərrüfatı
məhsulları yetişdiriləcək və əminəm ki,
ölkə bazarına, xarici bazarlara
çıxarılacaqdır.
Bütövlükdə bu gün
Azərbaycanda aqroparkların yaradılması geniş vüsət
almışdır. Nəzərdə tutulan 45 aqroparkdan 4-ü
artıq istifadəyə verilib: Yalama, Şəmkir, Cəlilabad
və bu gün Goranboy rayonunda. Mən dördünün də
açılışında şəxsən iştirak
etmişəm. Bu, bir daha onu göstərir ki, dövlət bu
məsələlərə çox böyük diqqət
göstərir və dəstək verir. Bu 45 aqroparkın
yaradılmasına 1,4 milyard manat sərmayə qoyulacaq, onun bir
hissəsi qoyulubdur. Bu aqroparkların ərazisi 191 min hektara bərabərdir.
Bax, bu qədər torpaq istifadəsiz qalmışdı.
İndi isə tezliklə bu 45 aqroparkın yaradılması nəticəsində
kənd təsərrüfatı məhsullarımızın
istehsalı böyük dərəcədə artacaq. Beləliklə,
ölkə qarşısında duran əsas vəzifələrdən
biri - ərzaq təhlükəsizliyi məsələsi öz
həllini tapacaq və biz idxaldan
asılılığımızı daha da azaldacağıq.
Mənə məlumat verilib ki, məhsuldarlıq
da çox yüksəkdir. Arpada hektardan məhsuldarlıq 50
sentnerdir, hesab edirəm ki, buğda da ən azı bu qədər
olmalıdır. Yəni, burada ən müasir texnologiyalar tətbiq
olunur, o cümlədən müasir suvarma texnologiyaları,
pivot suvarma sistemləri quraşdırılır. Bu sistemlərin
tətbiqi Azərbaycanda geniş vüsət alacaq. Bu məqsədlə
artıq bu sistemlərin istehsalı ölkəmizdə təşkil
edilibdir ki, xaricdən asılılıq azalsın və xaricə
valyuta getməsin.
Beləliklə, aqroparkların
yaradılması və fəaliyyəti nəticəsində ərzaq
təhlükəsizliyi məsələləri öz həllini
tapacaq, işsizliyin azaldılması ilə bağlı əlavə
addımlar atılacaq, yerli istehsal inkişaf edəcək,
ixrac imkanlarımız genişlənəcək.
Çünki burada yetişdiriləcək məhsullar
ixracyönümlü məhsullardır. Ölkəmizdə kənd
təsərrüfatı ilə bağlı siyasətimiz
uğurla icra ediləcəkdir. Kənd təsərrüfatına
böyük diqqət göstərilir. Azərbaycanda kənd təsərrüfatı
prioritet sahələrdən biridir. Bundan sonra biz bu siyasəti
ancaq ən müasir texnologiyalar və elmi əsaslar üzərində
aparacağıq.
Bu aqroparkın yaradılması məni
çox sevindirir. Çünki bu gün biz siyasətimizin
real nəticələrini görürük. Bu, bir daha göstərir
ki, biz düşünülmüş siyasət
aparırıq. İstər sənaye, istər kənd təsərrüfatı
istehsalı, istərsə də infrastruktur layihələrinin
icrası ilə bağlı işlər ən yüksək səviyyədədir.
Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu dünyada
yol infrastrukturu ilə bağlı reytinqini
açıqlamışdır. Bu reytinqə görə, Azərbaycan
MDB məkanında yol infrastrukturu üzrə 1-ci, dünya
miqyasında isə 36-cı yerdədir. Azərbaycanda nəinki
yol infrastrukturu, bütün infrastruktur ən yüksək səviyyədədir,
o cümlədən Goranboy rayonunda. Baxın, son illər ərzində
nə qədər böyük işlər
görülmüşdür. Goranboy rayonunda bir neçə
yol layihəsi icra edilmişdir. Onlardan ikisi bu gün
açılır. Bütövlükdə bu layihələrin
icrası nəticəsində artıq rayon əhalisinin 60
faizi təmir edilmiş yollarla təmin edilir. Gələn il
bir yol layihəsi icra ediləcək. O da 15 məntəqəni
əhatə edəcək. Beləliklə, demək olar ki,
Goranboy rayonunun əsas yol infrastrukturu tamamilə yenidən
qurulacaqdır. Goranboy rayonunda elektrik xətləri çəkilib,
elektrik təchizatı həll olunub, iki yarımstansiya inşa
edilib, biz onlardan birini bu gün istifadəyə verəcəyik.
Ev təsərrüfatlarının 95 faizi
qazlaşdırılıb, içməli su təchizatı məsələsi
hələ 4 il bundan əvvəl öz həllini tapıb. Mən
sonuncu dəfə burada olarkən biz içməli su layihəsini
istifadəyə verdik. Suvarma ilə bağlı işlər
yüksək səviyyədədir. Bax, bu aqroparkda 4700 hektar
torpaq suvarma suyu ilə təmin ediləcəkdir. Şəmkirçay
su anbarının tikilməsi nəticəsində
yaranmış o süni gölün potensialından istifadə
edirik. Goranboy rayonunda əlavə 8 min hektar, eyni zamanda, Samux
rayonunda bir neçə min hektar torpaq su ilə təmin ediləcəkdir.
Yəni, Goranboy rayonunun timsalında görülən işlərin
mahiyyəti və əhəmiyyəti budur. İnfrastruktur
layihələri, sosial infrastrukturla bağlı layihələr
demək olar ki, tam icra edilib. Goranboy rayonunda 40-dan çox məktəb
təmir edilib və tikilibdir. Hazırda 130
çarpayılıq mərkəzi rayon xəstəxanasının
tikintisi gedir, bu ilin sonuna qədər istifadəyə verilməlidir.
Xalça fabriki tikilir, yenə də bu ilin sonuna qədər
istifadəyə verilməlidir. Yəni, bütün bu işlər
onu göstərir ki, ölkəmiz uğurla, inamla inkişaf
edir. Bütün regionlar inkişaf edir. Regionların kompleks
inkişaf konsepsiyası həyatda öz əksini tapır.
İş yerləri, yerli istehsal yaradılır. Bir daha deyirəm
ki, dünyanın bir nömrəli şirkətinin
texnikası bu gün Goranboydadır, ölkəmizin hər bir
yerindədir. Biz son illər ərzində kənd təsərrüfatı
üçün minlərlə texnika almışıq və
yenə də alacağıq. Bir daha demək istəyirəm
ki, bu aqroparkın yaradılması bizim uğurlu siyasətimizin
təzahürüdür, onun göstəricisidir. Mən bu
gözəl hadisə münasibətilə sizi təbrik edirəm,
sizə uğurlar arzulayıram. Sağ olun.
***
“Region Agropark”ın direktoru Sənan QƏDİMOV
çıxış edərək dedi:
-Möhtərəm cənab
Prezident, icazə verin, kollektivimiz adından Sizi salamlayım,
xoş gəlmisiniz. Təqdimatına
toplaşdığımız bu aqropark Sizin birbaşa dəstəyiniz,
təşəbbüsünüz əsasında
yaradılmışdır. Bozdağ massivində yerləşən
bu torpaqlar uzun müddət istifadəsiz qalan yararsız
torpaqlar idi. Burada heç zaman suvarma olmamışdır. Lakin
Sizin birbaşa sərəncamınız və göstərişiniz
əsasında bu ərazini - aqroparkı suvarma suyu ilə təmin
etmək məqsədilə su xətləri çəkilmiş,
iri tutuma malik su anbarları inşa edilmişdir. Bundan
başqa, dövlətimizin investisiya dəstəyi ilə
mühüm işlər icra olunmuş, yol, qaz, işıq xətləri
çəkilmişdir. Aqroparkların yaradılması
ideyası birbaşa Sizin təşəbbüsünüzlə,
göstərişinizlə yerinə yetirilmişdir. Biz də
2 min hektar sahədə 24 ədəd müasir pivot suvarma
sistemi quraşdırmışıq. İkinci mərhələdə
isə 2700 hektar sahədə 31 pivot suvarma sisteminin
quraşdırılması üçün layihə
hazırlamışıq. Bundan əlavə, aqroparkın əməkdaşları,
kənar mütəxəssislər və qonaqlarımız
üçün 72 yerlik, tam infrastrukturla təmin edilmiş
yataqxana tipli yaşayış kompleksi də
yaradılmışdır.
Cənab Prezident, buğda
biçininə başlamaq üçün Sizin xeyir-dua verməyinizi
xahiş edirik.
***
Görüşdən sonra dövlətimizin
başçısı aqroparkda ilk buğda biçini prosesini
izlədi.
Qeyd edək ki, aqroparkın texnika
ilə təchizatına xüsusi diqqət yetirilib. Belə ki,
“Aqrolizinq” ASC-dən uzunmüddətli lizinq əsasında
Amerika istehsalı olan 20 adda 41 “John Deere” və Türkiyə
istehsalı olan müxtəlif kənd təsərrüfatı
təyinatlı texnika və aqreqatlar alınaraq istehsal prosesinə
cəlb edilib.
Xatırladaq ki, innovativ
texnologiyaların tətbiqinə, yüksək məhsuldarlığın
əldə olunmasına, ərzaq bolluğunun və yeni iş
yerlərinin yaradılmasına imkan verən bu cür
aqroparklar istehsal ediləcək məhsulların geniş
çeşidi ilə diqqət çəkir və konkret
olaraq bu aqroparkda ilkin hesablamalara görə ildə 600 milyon
manatdan çox kənd təsərrüfatı məhsullarının
istehsalı planlaşdırılır.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.-
2018.- 6 iyun.- S.2-3.