Azərbaycan ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında sıx əlaqələr var     

 

İyunun 5-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri ilə görüşüb.

Görüşdə Azərbaycan Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Baş nazir deyib ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı çox mühüm məsələlərlə məşğul olan bir qurumdur. Əqli mülkiyyət insanın ən böyük sərvətidir. Əsas məsələ əqli mülkiyyətdən səmərəli istifadə etməkdir. Bəşəriyyətin əqli mülkiyyətsiz gələcəyi yoxdur. “Siz dünyanın mühüm elm ocaqlarının, təşkilatlarının mükafatlarına layiq görülmüsünüz. Mən çox şadam ki, bu cür məşhur elm ocaqları arasında Azərbaycanın da ali təhsil müəssisəsi var”, - deyə Baş nazir qeyd edib.

Novruz Məmmədov vurğulayıb ki, Azərbaycan ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında sıx əlaqələr var. Bir sıra sənədlər imzalanıb. Azərbaycanda əqli mülkiyyət haqqında qanunvericilik bazası təşkilatın dəstəyi ilə hazırlanıb. Bu, çox perspektivli sahədir və Azərbaycan bu sahəyə öz töhfəsini verir. Dövlətimizin başçısı İlham Əliyev bu sahəyə böyük diqqət göstərir. Bu diqqətin bariz nümunəsi kimi yeni yaradılan Əqli Mülkiyyət Agentliyini göstərmək olar.

Baş direktor Frensis Qarri rəhbərlik etdiyi təşkilata Azərbaycan Hökuməti tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. Qeyd edib ki, o, Prezident İlham Əliyev tərəfindən bu sahəyə diqqətin şəxsən şahidi olub.

Frensis Qarri Azərbaycan Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. O, əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

 

Azərbaycan.- 2018.- 6 iyun.- S.8.