Azərbaycan xalqı öz milli
dəyərlərinə sadiqdir və Azərbaycan dövləti
bu dəyərlər üzərində qurulubdur
İyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür PAŞAZADƏ mərasim iştirakçılarını salamlayaraq dedi:
- Bismillahir-rəhmanir-rəhim.
Zati-aliləri, möhtərəm cənab Prezident.
İftar mərasiminin dəyərli qonaqları.
Dini konfessiyaların möhtərəm rəhbərləri.
Ənənəvi iftar görüşümüzü şərəfləndirən Zati-aliləri Prezident İlham Əliyev cənablarına və bütün qonaqlara bugünkü müqəddəs məramlı məclisimizə “Xoş gəlmisiniz!” deyir, Qurani-Şərifin nazil olduğu mübarək Ramazan ayının xeyir-fəzilətlərini sizlərə, ailələrinizə, bütün Azərbaycan xalqına diləyirəm.
Möhtərəm cənab Prezident, bugünkü mübarək tədbirdə Sizi müzəffər seçkilər münasibətilə Azərbaycan xalqı və dindarlar adından bir daha təbrik edir, ən xoş arzularımızı çatdırırıq. Əslində Azərbaycan dindarları bundan əvvəlki prezident seçkiləri zamanı bütün duaların qəbul olunduğu müqəddəs Məkkədə öz seçimlərini edib və İlham Əliyev həzrətlərinin namizədliyinə öz səs və xeyir-dualarını veriblər. Biz dindarlar budəfəki seçkilərdə də müqəddəs Kəbə Evində etdiyimiz niyyətimizi bir daha təzələdik.
Möhtərəm cənab Prezident, Sizin siyasi uğurlarınızın təməlində möhkəm, sarsılmaz xalq-iqtidar birliyi durur. Zati-alinizin andiçmə mərasimində Azərbaycan Konstitusiyası ilə bərabər Qurani-Şərifə əl basmağınız, yeni prezidentlik dönəminin ilk günündə şəxsi təşəbbüsünüzlə ərsəyə gəlmiş Hacı Cavad məscidini ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanımla birlikdə ziyarət etməyiniz tariximizə, milli- mənəvi dəyərlərimizə ehtiramın nümunəsidir. Bunları görərkən, bir azərbaycanlı, dini lider olaraq Sizinlə şərəf duyuram. Azərbaycanda mövcud dini etiqad, söz, ifadə azadlığı müxtəlif milli və dini mənsubiyyətli vətəndaşlarımızın bütün insani hüquq və azadlıqlarını təmin edir. Zati-alinizin müxtəlif dinlərin məbədlərinə qayğı və diqqəti, o cümlədən dini mərkəz olan Təzəpir kompleksi ətrafında hazırda aparılan möhtəşəm abadlıq-quruculuq işləri Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir.
Biz Zati-alinizin qlobal ideyalarının təbliği məramı ilə dünyanın bir çox ölkələrində keçirdiyimiz beynəlxalq əhəmiyyətli tədbirlərdə müəllifi olduğunuz multikulturalizm və İslam həmrəyliyi ideyalarının qazandığı böyük dəstək və etimadın bilavasitə şahidi oluruq.
Zati-aliləri, çoxlarını heyrətləndirən odur ki, Azərbaycan dövlətinin lideri zamanın tələblərinə cavab verən, dünyamızın ehtiyac duyduğu belə mötəbər ideyaları irəli sürmək qüdrətinə malikdir. Bu, ulu öndərin dövlətçilik məktəbinin təntənəsi və Allah-Təalanın Azərbaycan xalqına iltifatıdır. Önəmli olan böyük dövlətlərin başçısı olmaq deyil - böyük dövlət xadimi, yüksək dövlətçilik təfəkkürünə sahib siyasi lider olmaq daha mühümdür.
Bəli, cənab Prezident, uzaqgörən siyasətiniz nəticəsində bu gün Azərbaycan dünyada qlobal ideyalar mərkəzi olaraq tanınır. Zati-alinizin müəllifi olduğu Bakı prosesi bu gün daha böyük önəm kəsb edir. Təşəbbüskarı olduğunuz “İslam həmrəyliyi ili”nin yekunlarına dair 40-dan artıq ölkənin, 8 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi möhtəşəm Bakı konfransında Azərbaycanın nümunəvi rolu yüksək qiymətləndirildi. Zati-alinizin dəstəyi, dünyanın nüfuzlu müsəlman və qeyri-müsəlman dini liderlərinin xeyir-duaları ilə Qafqaz Müsəlmanları İdarəsi yanında daimi fəaliyyət göstərəcək Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin yaradılması Sizin bəşəri ideyalarınızın aktuallığının parlaq təzahürüdür.
Möhtərəm cənab Prezident, elan etdiyiniz Multikulturalizm və İslam həmrəyliyi illəri çərçivəsində biz Türkiyədə, İranda, İsveçdə, Rusiyada, Böyük Britaniyada, İspaniyada, Finlandiyada və Özbəkistanda keçirdiyimiz mötəbər beynəlxalq tədbirlərdə ölkəmizdəki dinlərarası dialoq və əməkdaşlığın nümunəvi modelini təqdim etmişik. Yeni yaranmış mərkəzin xətti ilə bu il ərzində ölkəmizdə və bir sıra Avropa dövlətlərində, o cümlədən Almaniyada, İspaniyada mötəbər beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində hazırlıq işləri gedir.
Qafqaz Müsəlmanları İdarəsi olaraq ölkənin daxilində və xaricində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Milli Məclisin deputatları, ölkəmizdəki dini konfessiyaların rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə həyata keçirdiyimiz işlərlə Zati-alinizin ideyalarını, Azərbaycanın multikultural həyat tərzini dünya ictimaiyyətinin diqqətinə çatdırırıq. Zati-aliləri, Sizin din-dövlət münasibətlərinin inkişafına dair tövsiyələriniz, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlığımız bu gün öz bəhrəsini verməkdədir.
Çox hörmətli cənab Prezident, dünya milli, dini, siyasi qarşıdurmalar, islamofobiya, terrorizm, separatçılıq bəlaları ilə üzləşməkdədir. Bunların sırasında müsəlmanların ilk qibləgahı, bütün səmavi dinlər üçün müqəddəs sayılan Qüdslə bağlı məqam xüsusi həssaslıq kəsb edir. Zati-aliləri, Sizin Qüdsə dair İstanbul Sammitində nümayiş etdirdiyiniz və dünya müsəlmanlarının rəğbətini qazanmış qətiyyətli mövqeyiniz hər birimizin yaxşı yadındadır. Bəzi dövlətlərin Qüdslə bağlı qərarının Fələstin-İsrail münaqişəsinin ədalətli nizama salınması işinə mənfi təsir edəcəyi, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara biləcəyi ilə bağlı Zati-alinizin söylədiyi fikirlər Qəzzada baş verən insan qırğını ilə bağlı dünya ictimaiyyətinin haqlı etirazlarında bir daha öz təsdiqini tapdı.
Zati-aliləri, Sizin rəhbərliyinizlə iqtisadi və müdafiə qüdrəti artan Azərbaycan, bəyan etdiyiniz kimi, heç vaxt bu qədər güclü olmayıb. Nəhəng iqtisadi layihələr xalqımızın rifahını artırır, millətimizin mənəvi qüdrətini gücləndirir. Dünyanın bir sıra ölkələri qaçqınlar və məcburi köçkünlər problemi qarşısında aciz qaldığı bir zamanda Siz azərbaycanlıların dədə-baba torpaqlarına Böyük Qayıdış layihəsini gerçəkləşdirirsiniz. Xalqımız fəxr edir ki, dövlətimizin başçısı Aprel zəfərini bizlərə yaşatdı, dirçəlişimizin rəmzi olan Cocuq Mərcanlı məscidini bizlərə bəxş etdi. Bütün bunlar Ali Baş Komandanımızın rəhbərliyi ilə gələcək zəfərlərə, Böyük Qələbəmizə inamımızı artırır.
Möhtərəm cənab Prezident, işğalçı erməni rejiminin başçısı, əli Azərbaycan xalqının qanına bulaşmış, Xocalı soyqırımının təşkilatçısı öz xalqının nifrətinə tuş gəldi, ondan rəzalətlə imtina olundu. Biz qatil Sarkisyanın Xocalı soyqırımının gerçək təşkilatçısı olaraq insanlığa qarşı hərbi cinayətlərinə görə dünya ictimaiyyəti qarşısında, İnsan Haqları Məhkəməsində mühakimə olunmasını tələb edirik. Qoy bütün dünya əsl soyqırımı törədənləri tanısın, onların yalançı məzlum siması ifşa olunsun!
Müstəqilliyimizi, Sizin rəhbərliyinizlə Azərbaycanın qazandığı zəfərləri gözü götürməyənlər xaricdən və daxildən məqsədyönlü, məkrli müdaxilələr, ideoloji təzyiqlər, bədxah qaralama kampaniyaları təşkil etməyə çalışır, xüsusən gəncləri bu işlərə cəlb etmək, hətta bəzi dini kəsimləri məzhəb ayrı-seçkiliyi zəminində təxribata çəkmək istəyirlər. Zati-aliləri, mən Sizi əmin edirəm ki, xalqımızı, onun ayrılmaz tərkib hissəsi olan dindarlarımızı vətənə, dövlətə sədaqətdən, həqiqi iman, əqidə yolundan, ulu öndər Heydər Əliyevin bizlərə əmanət etdiyi dövlətçilik məfkurəsindən heç bir qüvvə döndərə bilməz, inşallah!
Hörmətli cənab Prezident, çox təqdirəlayiq haldır ki, Mehriban xanımın Birinci vitse-prezident kimi fəaliyyəti xalqımız və dövlətimiz üçün rifah və tərəqqiyə xidmət etməkdədir. Zati-aliləri, Uca Allahdan Sizə və Mehriban xanıma zəfərlər diləyirik.
Möhtərəm cənab Prezident, hər il mübarək Ramazanda iftar məclislərində Sizin bizimlə birlikdə olmağınız ulu öndərin bizə əmanət etdiyi ənənəni yaşatmağınızın, Azərbaycan dindarlarına və Şeyxülislam kimi mənim şəxsimə olan hörmət, etimadın və din-dövlət münasibətlərinin yüksək səviyyəsinin göstəricisidir. Bu gözəl ənənənin təməlini bu il 95 illik yubileyini böyük ehtiramla qeyd etdiyimiz qardaşım, ulu öndər Heydər Əliyev qoyub. Bu ulu şəxsiyyətin əzəməti, xalqımız, vətənimiz üçün önəmi zaman keçdikcə daha artıq dərəcədə gözümüzdə yüksəlir. Ulu öndər Azərbaycanın bir dövlət olaraq siyasi xəritədən silinmə, etnik separatçılıq, dini zəmində parçalanma təhlükəsi mövcud olduğu ən çətin dönəmlərdə milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etdi, Azərbaycan dövlətçiliyinin möhkəm bünövrəsini qoydu, müstəqilliyimizi yenidən bərpa və daimi etdi.
Zati-aliləri, Sizin sərəncamınızla bu il Azərbaycanda Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini dövlət səviyyəsində bayram edirik. Unutmayaq ki, Xalq Cümhuriyyətinin qaldırdığı üçrəngli bayrağı yenidən Azərbaycan üzərində - 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilən Naxçıvanda ucaldan məhz ulu öndərimiz Heydər Əliyev olub.
Allah-Təala bir milləti zülmdən xilas etmək üçün ona haqq-ədaləti bərpa edən rəhbərlər göndərər. Müstəqilliyimizin ən gərgin dönəmlərində və dünyamızın mürəkkəb dövr yaşadığı zamanda Uca Yaradan öz lütfü ilə Azərbaycan xalqına Heydər Əliyev və İlham Əliyev kimi dahi öndərlər bəxş edib. Allah-Təala Heydər Əliyevə, validəniz Zərifə xanıma və cəmi vətən şəhidlərinə rəhmət eləsin!
Biz dindarlar Uca Allahdan öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövlətindən, onun rəhbərindən əsirgəməməsini diləyirik. Hörmətli Leyla xanımın arzuladığı kimi, “Qoy günəş ölkəmizin və dünyanın üzərində daim parlasın!” Bu mübarək günlərdə Sizə və dəyərli ailənizə səadət və yeni uğurlar diləyirəm.
Zati-aliləri, bu niyyətlə Sizə bir daha “Xoş gəlmisiniz!” deyir, dəvət olunan dini konfessiyaların möhtərəm başçılarını, diplomatik nümayəndələri, bütün mötəbər qonaqları salamlayır, Allahdan hər birinizə xeyir-dualar diləyirəm. Amin!
Vəs-səlamu əleykum
və rəhmətullahi və bərəkatuhu!
* * *
Rus Pravoslav Kilsəsinin Bakı və
Azərbaycan Yeparxiyasının arxiyepiskopu ALEKSANDR çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Şeyx həzrətləri.
Hörmətli dini rəhbərlər.
Xanımlar və cənablar.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edib Azərbaycanın pravoslav icması adından Sizə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi çatdırmağı, Zati-alinizə uzun ömür, xoşbəxtlik, firavanlıq və səmərəli fəaliyyətinizdə böyük uğurlar diləməyi özüm üçün şərəf sayıram.
Azərbaycan çoxmillətli və buna görə də çoxkonfessiyalı dövlətdir. Bu, ölkəmizin daxili həyatının spesifikasıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu amili belə qiymətləndirirdi: “Çoxmillətlilik bizim sərvətimizdir”.
Çox hörmətli cənab Prezident, Siz əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində hazırda “Multikulturalizmin Azərbaycan modeli” adlanan gözəl bir bina ucaltmısınız. Siz, milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq bütün vətəndaşların Prezidenti kimi, bütün dindar insanların ehtiyaclarına, onların mənəvi dəyərlərinə, o cümlədən məbədlərə, Allah Evlərinə yüksək qayğı göstərirsiniz, dini bayramlar münasibətilə bizə təbriklərlə müraciət edirsiniz. Azərbaycanda yaşayan bütün başqa dindarlar kimi, biz pravoslavlar da dini etiqad azadlığından və bütün başqa insan haqlarından, dövlətin dəstəyindən bəhrələnirik. Qlobal əhəmiyyətli ideyalarınızla dünya miqyasında dinlərarası, sivilizasiyalararası dialoqun inkişafı işinə parlaq səhifələr yazan Zati-alinizə hədsiz minnətdarıq.
Azərbaycanın dövlət siyasəti olan multikulturalizm qlobal səviyyədə ümumbəşəri dəyərləri müdafiə edir. Dünya dindarları bunu yüksək qiymətləndirirlər. Beynəlxalq səviyyədə ksenofobiyanın kökünün kəsilməsi işində bu cür səylər biz din xadimlərinin gündəlik işinə güclü stimul verir. Xüsusən Zati-alinizin ideyaları sayəsində dünyanın müxtəlif ölkələrində, o cümlədən Rusiyada keçirilmiş beynəlxalq konfranslar belə tədbirlərə ehtiyac olduğunu və onların qlobal əhəmiyyətini göstərən əyani nümunələrdir.
Zati-müqəddəsləri Patriarx Kirill bütün postsovet məkanında çoxkonfessiyalı və çoxmillətli cəmiyyətin, qarşılıqlı hörmət, mehriban qonşuluq və həmrəylik ənənələrinin qorunub saxlanması işində bu ideyaların əhəmiyyətini xüsusi vurğulayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rus Pravoslav Kilsəsinin ali mükafatı - Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi bu cür səylərin yüksək qiymətləndirilməsi nümunəsi oldu.
Biz Qafqazın ağsaqqalı Şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə bərabər qardaş xalqlarımız arasında, o cümlədən Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin dərinləşdirilməsi üçün, xalqlarımız və dövlətlərimiz naminə, dinlərarası dialoqun yüksək səviyyəsi naminə əlimizdən gələni edirik. Zati-alinizin elan etdiyi “Multikulturalizm ili” və “İslam həmrəyliyi ili” çərçivəsində dünyanın müxtəlif guşələrində keçirilən bütün beynəlxalq forumlarda, konfranslarda fəal iştirak etmişik və Azərbaycanın multikultural həyatının gerçəkliyini qürurla təqdim etmişik.
Buraya toplaşanların
hamısına ən xoş arzularımı bildirir, işlərinizdə
uğurlar diləyirəm. Sizə sülh, əmin-amanlıq və
Ulu Tanrıdan mərhəmət diləyirəm!
* * *
Azərbaycandakı Dağ Yəhudiləri
Dini İcmasının rəhbəri Milix YEVDAYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli şeyx həzrətləri.
Əziz məclis iştirakçıları.
Azərbaycan Dağ Yəhudiləri Dini İcması adından hamınızı salamlayır və bu müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Oruc insan iradəsinin nəfs üzərindəki qələbəsidir. Xudavəndi-Aləm oruc tutub, namaz qılan bəndələrini heç vaxt tənha qoymaz. Ona görə də bu müqəddəs Ramazan ayında tutduğunuz oruclar, etdiyiniz dualar Allah-Təala dərgahında qəbul olunsun! Ürəyinizdəki bütün arzularınız çin olsun, Allah-Təala onları yerinə yetirsin! Amin Ya Rəbbim Allah!
İnsanın əldə etdiyi, müqəddəs Allah tərəfindən verilmiş bəxşişlərdən biri də sevgidir. Ancaq sevgi insanları məlakələrdən də yüksək səviyyəyə qaldıra bilər. Allah-Təala öz bəndələrinə müraciət edərək deyir ki, ey Adəm övladı, hamı səni özündən ötrü istəyir, mən isə səni səndən ötrü istəyirəm. Ona görə də bu müqəddəs Ramazan ayında Allah-Təaladan hamınıza sevgi diləyirəm. Allah-Təala bizim dövlətimizi, vətənimizi qorusun. Möhtərəm Prezident, Siz bütün dünyaya bəyan etdiniz ki, dini və mədəni müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət yaratmaq mümkündür və o, yaşamağa qadirdir. Belə bir cəmiyyət Azərbaycan Respublikasıdır.
Ümumiyyətlə, bizə xas olan xüsusiyyətlərdən biri də əziz günlərdə dünyasını dəyişənlərimizin ruhunu şad etmək üçün onları yad etməkdir. Ona görə də möhtərəm Prezident, mən bir məqama toxunmaq istərdim. Müsahibələrinizin birində müxbirin “İlləri geriyə çəkmək mümkün olsaydı, Siz hansı illərə qayıdardınız” sualının cavabında bildirdiniz ki, atalı-analı illərimə qayıdardım.
Bəli, torpaq da anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar.
Ona görə də vaxt
keçir, zaman tələsir, hər şey dəyişir. Dəyişməyən
isə xəyalların şirinliyi, arzuların ülviliyi və
nağıla çevrilmiş xatirələrdir.
Nağıl danışardı nənəm gecələr,
Nağılla dolardı sinəm gecələr.
Nağıllı günlərim qayıdan deyil,
Qayıdıb yanğımı soyudan deyil.
Nağıl kimi gəlir mənə bu dünya,
Diz nənəmdən ola, baş məndən ola,
Dinləmək həvəsi kaş məndən ola.
Şirin nağıllara biz qulaq asıb,
Nağıla dönmüşük özümüz indi,
Nağıl kimi gəlir mənə bu dünya.
Möhtərəm Prezident, bugünkü uğurlarınız təməli ulu öndər tərəfindən qoyulmuş və Sizin müdrik daxili və xarici siyasətinizlə, ulu öndər arzularının sevgi ilə, böyük məhəbbətlə bəslədiyi arzuların reallığıdır. Ona görə də Sizin aprelin 11-də qazandığınız möhtəşəm qələbə Azərbaycan xalqının Sizə olan inamının təzahürüdür.
Hər eldən, obadan Sizə var salam,
Hamının qəlbində
Sizədir inam.
Humanist Prezident, mehriban insan,
Dərin minnətdarıq Prezident Sizə!
Azərbaycanda yəhudilər
əsrlər boyu bu xalqla qardaşlaşmış, dinc və əmin-amanlıq
şəraitində yaşamışlar. Biz də bu
günlər Azərbaycanın ictimai-siyasi həyatında fəal
iştirak edirik. Mən bir məqama toxunmaq istərdim ki,
2015-ci ilin ortalarından bugünə qədər Amerikanın
Los-Anceles şəhərində 4,5 milyon nüsxə ilə
çap olunan “Jewish Journal” qəzetində bizim icmanın 28 məqaləsi
dərc olunmuşdur. Həmin məqalələr
Azərbaycanın bugünkü həqiqətlərindən,
qazandığı uğurlardan, Azərbaycan neftinin alman
faşizminə qarşı müharibədəki rolundan, Azərbaycanda
yaşayan yəhudilərdən, onların mentalitetindən, mətbəxindən,
ümumiyyətlə, hər sahədən bəhs edir. Bu məqalələr Almaniyada fəaliyyət
göstərən “Adassa” nəşriyyatı tərəfindən
kitab şəklində ingilis dilində çap olunaraq “Amazon”
şirkəti tərəfindən bütün dünyaya
yayılmışdır.
Mənim müəllif kimi həmin
kitabdan aldığım 200 nüsxə qısa bir zamanda
respublikada paylanmışdır.
Möhtərəm Prezident, biz bu
gün ulu öndərimizin arzularının çin
olduğunu görürük. Allah-Təaladan
arzu edirik ki, Sizin müdrik rəhbərliyinizlə yaxın
vaxtlarda Qarabağ məsələsi də həll olunsun və
belə məclisləri, belə xoş süfrələri
Qarabağ torpağında təşkil edək.
Vətən oğulları verib əl-ələ,
Ulu öndərini yad edəcəkdir.
Azad Azərbaycan cənnətə
dönüb,
Heydərin ruhunu şad edəcəkdir.
Bu müqəddəs bayram
münasibətilə hamınızı bir daha səmimi-qəlbdən
təbrik edir, hamınıza İbrahim Peyğəmbər
ömrü arzulayıram. Hamınızın
suyu sərin, çörəyi isti, gözü
işıqlı, dizi taqətli olsun. Allah
amanında. Çox sağ olun.
* * *
Katolik Kilsəsinin Azərbaycandakı
yepiskopu Vladimir FEKETE
çıxış edərək dedi:
- Zati-aliləri cənab Prezident
İlham Əliyev.
Möhtərəm
Şeyxülislam Allahşükür Paşazadə.
Hörmətli xanımlar və
cənablar.
Çox şadam ki, bu il
biz müqəddəs Ramazan ayı münasibətilə bir
yerə toplaşmışıq. Bu müqəddəs
ayda görüşümüz bizim dinlərarası əməkdaşlığımızın
qənaətbəxş səviyyədə olmasını təsdiq
etmək üçün gözəl bir fürsətdir.
Hörmətli cənab
Prezident, Siz əsası Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulmuş müdrik dini tolerantlıq siyasətinin davam etdirilməsinin
qarantısınız. Azərbaycan katolikləri adından Sizə
dərin ehtiramımızı və minnətdarlığımızı
bildirmək istəyirəm.
Zati-müqəddəsləri
Papa Fransisk cənab Prezident İlham Əliyev tərəfindən
“Multikulturalizm ili” elan edilmiş 2016-cı ildə Azərbaycanda
səfərdə olarkən bütün dünyada
multikulturalizm ideyalarının təbliğində Azərbaycanın
rolunu yüksək qiymətləndirib. Papa Fransiskin həmin
tarixi səfər zamanı söylədiyi “Biz hamımız
qardaşıq” kəlamı bütün dünyaya bir
ismarıc oldu ki, Azərbaycan ta qədimdən Şərq ilə
Qərb arasında körpü rolu oynayır, multikulturalizm isə
Azərbaycan xalqının ənənəvi həyat tərzidir.
Zati-müqəddəsləri
Papa Fransiskin Heydər məscidində Zati-alinizlə, habelə
Azərbaycanın dini konfessiyalarının rəhbərləri
və dindarlarla görüşləri zamanı söylədiyi
nitqlər bütün dünyaya əyani şəkildə
nümayiş etdirdi ki, Azərbaycan və onun lideri qlobal səviyyədə
dinlərarası dialoqun tərəfdarıdır.
Hörmətli cənab
Prezident, keçən ilin dekabr ayında Papa Fransisk məni Azərbaycan
Respublikasında Katolik Kilsəsinin birinci Yepiskopu təyin edib. Azərbaycandakı
bütün başqa dindarlar kimi biz katoliklər də burada
dini etiqad azadlığından və digər insan
haqlarından, dövlət dəstəyindən bəhrələnirik.
Azərbaycan mənim yeni vətənim olub.
Buna görə qürur duyaraq qeyd etməliyəm
ki, bu addım Azərbaycana beynəlxalq səviyyədə
verilən əhəmiyyəti nümayiş etdirir.
Papanın rəsmi səfəri
şübhəsiz ki, həm Vatikan ilə Azərbaycan
Respublikası arasında dövlətlərarası münasibətlərin,
həm də dinlərarası əlaqələrin
inkişafına, o cümlədən Roma Katolik Kilsəsi ilə
bizim Vahid Yaradanın ideallarının təntənəsi
naminə yorulmadan çalışan möhtərəm
Şeyxülislam Allahşükür Paşazadənin
başçılıq etdiyi tarixi dini mərkəz - Qafqaz
Müsəlmanları İdarəsi arasında əməkdaşlığa
yeni təkan verib. Əminəm ki, 2017-ci ilin dekabr ayında
Bakı Konfransının yekunlarına əsasən Qafqaz
Müsəlmanları İdarəsi yanında
yaradılmış, daimi fəaliyyətdə olan Bakı Beynəlxalq
Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi
bütün bəşəriyyətin rifahı naminə dinlərarası
dialoqun inkişafı işinə sanballı töhfə verəcək.
Mərkəzin Məşvərət
Şurasının tərkibinə mən də daxil
edilmişəm. Buna görə möhtərəm
Şeyxülislam Paşazadəyə hədsiz minnətdaram.
Biz səmimi-qəlbdən arzu edirik ki, Vatikan ilə
Azərbaycan arasında qarşılıqlı hörmətə
əsaslanan münasibətlər bundan sonra da davam və
inkişaf etsin.
Hörmətli cənab
Prezident.
Hörmətli
Şeyxülislam.
Ulu Tanrıdan diləyim budur
ki, daim Sizi öz himayəsində saxlasın. İcazə
verin, Sizə səmimi-qəlbdən möhkəm
cansağlığı, Ulu Tanrının Sizə
yardımçı olmasını, bütün müsəlman
qardaşlara, bütün dindarlara xoş güzəran, tərəqqi
və firavanlıq diləyim.
Təşəkkür edirəm.
* * *
Dövlət
başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin
nitqi
- Hörmətli şeyx həzrətləri.
Hörmətli din xadimləri.
Xanımlar və cənablar.
Hər il
olduğu kimi, biz bu il də mübarək Ramazan ayında iftar
məclisində görüşürük. Bu
gözəl ənənə yaşayır və
yaşamalıdır. Bu, Azərbaycanda
dövlət-din əlaqələrinin nə qədər
yüksək səviyyədə olmasından xəbər
verir. Dövlət-din münasibətlərinin
formalaşmasının təşəbbüskarı ulu
öndər Heydər Əliyev olmuşdur. Bütün sahələrdə olduğu kimi, ulu
öndər Azərbaycanın inkişaf konsepsiyasının
müəllifidir. İnkişaf istiqamətlərini
müəyyən edərkən o, çox böyük
uzaqgörənlik göstərmişdir. Bu
gün Azərbaycanın uğurlu inkişafı məhz bu
konsepsiyanın icrası nəticəsində mümkün
olmuşdur. O cümlədən dövlət-din
münasibətlərinin qurulması, yaradılması
işində Heydər Əliyevin böyük xidmətləri
olmuşdur. O, hakimiyyətə gələnə qədər
Azərbaycanda bu münasibətlər tənzimlənmirdi və
böyük boşluq yaranmışdı. Biz
keçən ay ulu öndərin anadan olmasının 95-ci
ildönümünü qeyd edərkən, əziz xatirəsinə
hörmətimizi ifadə edərkən onun xalq
qarşısında gördüyü böyük xidmətlər
haqqında danışmışıq, onun fəaliyyətini
yada salmışıq. Bu gün də
şeyx həzrətlərinin təşkil etdiyi iftar məclisində
ulu öndərin dövlət-din münasibətlərinin tənzimlənməsində
gördüyü işlər və oynadığı rol
haqqında danışırıq və bu, təbiidir.
Şeyx həzrətlərinin
bu məsələlərin uğurla həlli işində fəaliyyətini
mən çox yüksək qiymətləndirirəm. Dövlət-din
münasibətlərinin inkişafı şeyx həzrətlərinin
böyük əməyi sayəsində mümkün
olmuşdur və bu gün bu əlaqələr nümunəvidir.
Şeyx həzrətləri nəinki Azərbaycanda,
eyni zamanda, Qafqazda, postsovet məkanında, Avropada, ümumiyyətlə,
dünyada çox böyük hörmətə malik olan bir
din xadimidir. Şeyx həzrətlərinin
uğurlu fəaliyyəti Azərbaycanı dünyada öz
milli dəyərlərinə sadiq, eyni zamanda, çox
açıq, çox tolerant, müasir dövlət kimi təqdim
edir. Azərbaycanda dövlət-din münasibətlərinin
bu yüksək səviyyədə olmasında şeyx həzrətlərinin
çox böyük xidməti var. Mən bilirəm ki,
keçən il Azərbaycanda “İslam həmrəyliyi
ili” qeyd olunan zaman şeyx həzrətləri bir çox
ölkələrdə Azərbaycan həqiqətləri
haqqında danışmış, çıxış
etmiş, beynəlxalq konfranslarda iştirak etmiş və
ölkəmizin reallıqlarını dünya ictimaiyyətinə
çatdırmışdır.
Azərbaycanda bütün
dinlərin nümayəndələri bir ailə kimi
yaşayır.
Bugünkü iftar məclisimizdə səslənən
fikirlər, ənənəvi dinlərin rəhbərlərinin
çıxışları bir daha bunu göstərir. Azərbaycanda həm dövlət-din əlaqələri,
həm dinlərarası əlaqələr nümunəvi
xarakter daşıyır. Bilirəm ki, bu məsələlərlə
bağlı Azərbaycan modeli bu gün artıq dünyada bir
çox yerlərdə öyrənilir. Bu,
bizim uğurlu inkişafımız üçün
lazımdır. Bu, dövlət siyasətimizin
təzahürüdür. Eyni zamanda, bu, cəmiyyətimizin
vəziyyətini, cəmiyyətdə mövcud olan
ab-havanı əks etdirir.
Azərbaycanda dinlərarası
məsələlərlə bağlı çox ciddi
düşünülmüş dövlət siyasəti
aparılır və bu siyasət Azərbaycan xalqı tərəfindən
dəstəklənir. Azərbaycanda bu münasibətlərin tənzimlənməsi
ölkəmizin uğurlu inkişafını təmin edir.
Azərbaycanda mövcud olan milli həmrəylik,
vətəndaş birliyi, sabitlik məhz bu münasibətlərin
əsasında qurulubdur. Azərbaycan
xalqı öz milli dəyərlərinə sadiqdir və Azərbaycan
dövləti milli dəyərlər üzərində
qurulubdur. Eyni zamanda, Azərbaycan dünya
miqyasında dinlərarası, millətlərarası
münasibətlərin qurulmasında artıq nümunəvi
ölkə kimi tanınır. Biz həm
dünyaya Azərbaycandan çox ciddi və müsbət
siqnal göndəririk, həm də ölkəmizin uğurlu
inkişafı üçün bu münasibətlərin
yüksək səviyyədə olması çox önəmlidir.
Bizim amalımız birdir, bizim niyyətimiz
birdir. Biz istəyirik ki, ölkəmiz daha
da güclənsin, daha da sürətlə inkişaf etsin.
İstəyirik ki, Azərbaycan xalqı daha
yaxşı yaşasın, rifah, sülh, əmin-amanlıq
şəraitində yaşasın. Nəinki
bunu istəyirik, öz praktiki addımlarımızla bunu təmin
edirik.
Bir neçə gün bundan
əvvəl mən Azərbaycanda fəaliyyət göstərən
müsəlman ölkələrinin səfirləri ilə
görüşmüşəm. Ramazan ayında bu
görüşlər ənənəvi xarakter
daşıyır. Görüş
zamanı müsəlman ölkələri ilə bizim əlaqələrimiz
haqqında danışmışam. Bu əlaqələr
yüksək səviyyədədir. Azərbaycan
müsəlman aləmində çox böyük dəstəyə,
çox böyük hörmətə malik olan bir ölkədir.
Müsəlman ölkələri beynəlxalq təşkilatlarda
Azərbaycanı daim dəstəkləyirlər və
yaxşı bilirlər ki, Azərbaycan da öz növbəsində
bütün beynəlxalq təşkilatlarda müsəlman
ölkələrini dəstəkləyir. Azərbaycan
dünyada İslam mədəniyyətinin təbliği
işində çox fəal və uğurlu rol oynayır.
Biz dünyanın müxtəlif ölkələrində
İslam mədəniyyətinin təqdimatı ilə
bağlı bir çox tədbirlər keçirmişik,
keçiririk və keçirəcəyik. Sərgilər,
mədəni proqramlar, təqdimatlar, konfranslar - bütün bu
addımlar bir məqsədi güdür ki, dünyaya İslam
mədəniyyətini, İslam dəyərlərini olduğu
kimi təqdim edək, bəzi hallarda İslam dini ilə
bağlı təhrif edilmiş və yanlış fikirlərə
qarşı öz səsimizi ucaldaq və real həqiqətləri
çatdıraq. Bilirəm ki, bu sahədə
apardığımız fəaliyyət müsəlman aləmində
çox böyük hörmətlə qarşılanır.
Bizim bu fəaliyyətimiz bir daha onu göstərir
ki, Azərbaycan həm İslam mədəniyyətinin təbliğinə,
həm İslam ölkələri arasındakı həmrəylik
meyillərinə çox güclü töhfə verir.
İslam Əməkdaşlıq
Təşkilatı Azərbaycanda dini məsələlərin
həllinə çox yüksək qiymət verir. İslam Əməkdaşlıq
Təşkilatı ölkəmizi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı daim dəstəkləyir. Bir
çox qətnamələr qəbul edilmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı tarixi həqiqətlər, real vəziyyət və
ədalətli mövqe nümayiş etdirilir. Azərbaycanın haqq səsi dəstəklənir və
bu dəstəyə görə biz İslam Əməkdaşlıq
Təşkilatına minnətdarıq.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq
norma və prinsiplər əsasında həll
olunmalıdır. Dağlıq Qarabağ bizim
tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri
bütün dünyaya çatdırırıq. Bir çox elmi əsərlər, kitablar nəşr
edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri
çatdırmalıyıq və çatdırırıq.
Dağlıq Qarabağın tarixən Azərbaycan
xalqına məxsus olması artıq heç kimdə
şübhə doğurmur. Hüquqi
nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın
ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda
mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm
ki, tanımayacaq. Bu amillər, həm tarixi
faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq
təşkilatların qərar və qətnamələri nəinki
bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münaqişənin
həli üçün əsas yaradır, hüquqi baza
yaradır və biz yorulmaz fəaliyyət nəticəsində
buna nail olmuşuq. Əminəm ki, biz
ardıcıl siyasət aparmaqla istədiyimizə nail
olacağıq, ölkəmizin ərazi
bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik
Şurasının qətnamələri, digər təşkilatların
qərar və qətnamələri, bizim iqtisadi
gücümüz, hərbi gücümüz və bölgədə
mövcud olan real vəziyyət bunu deməyə əsas verir.
Mənim illər ərzində
dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən
ali kürsüsündən - BMT
kürsüsündən Ermənistanın əvvəlki
kriminal rejimini ifşa etmişəm. Onları
öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham
etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm.
Ermənistanın əvvəlki hakimiyyətini
qaniçən, kriminal, quldur rejim adlandırmışam.
Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti
erməni xalqı deyir. Nəhayət, indi erməni
xalqı anlayıb ki, onlara 20 il ərzində
kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki,
ancaq öz maraqlarını güdür, o rejim ki, onun
yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində
Ermənistan bu acınacaqlı vəziyyətə
düşüb. Mən dəfələrlə demişdim ki,
Ermənistanda iqtisadi böhran, demoqrafik böhran
yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik
tərk edir, Ermənistanda inkişaf üçün heç
bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan
Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat
dalanına çevirib. Nəyə görə?
Ona görə ki, Ermənistan
torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib
və deyir. Bu, bir daha onu göstərir ki,
bu münaqişədə Azərbaycan öz istədiyinə
nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək.
Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi
əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və
münaqişənin tezliklə həll olunması
üçün ciddi işlər görəcək və
imitasiya naminə yox, real danışıqlar prosesinə start
veriləcək. Beləliklə, məsələ
öz həllini tapa bilər və Qafqaza sülh gələ
bilər. Biz bunu istəyirik, biz
münaqişənin həllini tələb edirik, bizim buna
haqqımız çatır. Ümid edirik
ki, bu məsələ danışıqlar yolu ilə tezliklə
öz həllini tapa bilər.
Azərbaycanda din dövlətdən
ayrıdır. Ancaq dövlət dindarlara daim dəstək,
dayaq olur. Bizim bütün tarixi məscidlərimiz
dövlət tərəfindən əsaslı şəkildə
bərpa edilibdir. Şeyx həzrətləri
qeyd etdiyi kimi, indi Təzəpir məscidinin ətrafı təmizlənir.
Onun ətrafı böyük bir ictimai zonaya
çevriləcək, orada böyük park salınır.
Çünki vaxtilə Təzəpir məscidinin
ətrafındakı binalar onun əzəmətini gizlədirdi.
İndi artıq məscidin bir hissəsi
açılıb, böyük park salınır. Digər hissənin açılması gözlənilir
və beləliklə, Azərbaycanda gözəl bir
memarlıq ansamblı yaradılır.
Bibiheybət məscidi bizim qədim
tarixi məscidimizdir. “İmamzadə” tarixi-dini kompleksi,
Şamaxı Cümə məscidi, Əjdərbəy məscidi
dövlət tərəfindən əsaslı şəkildə
təmir edilib. Ölkəmizin ən
böyük məscidi olan Heydər məscidi dövlət
hesabına tikilib ki, bu, memarlığına görə bir əsərdir.
Eyni zamanda, keçən il Cocuq Mərcanlıda
Şuşa məscidinin bənzəri olan məscid tikilib. Uzun fasilədən sonra işğaldan azad edilmiş
Cocuq Mərcanlı kəndində azan səsi eşidilir.
Şamaxı məscidi ilə eyni vaxtda inşa edilmiş, ən
qədim məscidlərimizdən biri olan Şamaxı rayonunun
Dəmirçi kəndindəki məscid keçən il əsaslı şəkildə təmir
edilmişdir. Bu il Hacı Cavad məscidinin
yeni binası tikildi və şeyx həzrətləri qeyd
etdiyi kimi, prezident seçkilərindən sonra mənim getdiyim
birinci yer məhz Hacı Cavad məscidinin yeni binasının
açılışı olmuşdur və bu, təsadüfi
deyil. Çünki mən oraya seçkilərdən
əvvəl də, seçkilərdən bir ay sonra da gedə
bilərdim. Məhz seçkilərdən
sonra birinci tədbir - yenidən tikilmiş Hacı Cavad məscidinin
açılışı hesab edirəm ki, böyük məna
daşıyır. Hesab edirəm ki,
dindarlar və bütün Azərbaycan vətəndaşları
bunu çox gözəl başa düşürlər.
Eyni zamanda, XIX əsrdə
inşa edilmiş və Heydər Əliyev Fondu tərəfindən
əsaslı təmir olunmuş İmam Hüseyn məscidi də
açılışa hazırdır. Yəni, bu
istiqamətdə həm dövlət, - əlbəttə ki, əsas
yükü dövlət öz üzərinə
götürüb, - həm də ictimai qurumlar öz töhfəsini
verirlər və bu, bizim borcumuzdur. Bizim
tarixi abidələrimiz, dini abidələrimiz milli sərvətimizdir.
Bütün başqa dinlərin məbədləri
bizim üçün əzizdir, bizim sərvətimizdir.
Azərbaycanda bütün dinlərin tarixi-dini
abidələri qorunur, bərpa edilir, tikilir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda dini
siyasət çox düşünülmüş şəkildə
aparılır və Azərbaycan xalqının maraqlarına
cavab verir.
“İslam həmrəyliyi
ili” ərzində bir çox tədbirlər
keçirilmişdir. Onların arasında əlbəttə ki,
şeyx həzrətlərinin təşkil etdiyi tədbirləri
mən xüsusilə qeyd etmək istərdim. Qeyd etdiyim kimi, xarici ölkələrdə bir
çox önəmli konfranslar keçirilmişdir. Yekun tədbir keçən ilin sonunda - dekabr
ayında Bakıda keçirilmiş böyük konfrans idi.
Hesab edirəm ki, konfransa dünyanın
aparıcı dini liderlərinin və dövlət xadimlərinin
göndərdikləri təbriklər bu tədbirin önəmini
qeyd etməklə yanaşı, eyni zamanda, Azərbaycana
hörmətin təzahürü idi. Biz
bunu belə qəbul edirik. Bu konfransı keçirərkən
biz bir daha gördük ki, belə tədbirlərin
keçirilməsinə nə qədər ehtiyac var.
Çünki bu gün deyə bilərəm ki, Azərbaycan
bu tədbirlərin dünya səviyyəsində, belə
mötəbər səviyyədə keçirilməsi ilə
ümumbəşəri dəyərlərə çox
böyük töhfə verir. Mən hesab edirəm
ki, bizim bu sahədəki nadir rolumuz böyük qiymətə
layiqdir və yüksək qiymətləndirilir. Hesab edirəm ki, biz gələcəkdə bu istiqamətdə
öz fəaliyyətimizi davam etdirməliyik.
Konfransdan sonra şeyx həzrətləri
ilə söhbət əsnasında belə qərara gəldik
ki, bu kimi tədbirlər Azərbaycanda ənənəvi olaraq
keçirilməlidir. “İslam həmrəyliyi ili” artıq
başa çatıb. Ancaq biz elə etməliyik
ki, bu məsələ daim diqqət mərkəzində olsun.
Bunu etmək üçün xüsusi tədbirlər
planı hazırlanıb və icra ediləcək. Yəni, bu gün Azərbaycanın bu sahədə
apardığı işlərə dünyada yenə də
böyük ehtiyac var.
Təsadüfi deyil ki, bizim təşəbbüsümüzlə
on il bundan əvvəl başlanan “Bakı
Prosesi” dünyada yeganə genişmiqyaslı əməkdaşlıq
formatıdır. Bu on il ərzində buna
oxşar təşəbbüs heç kim tərəfindən
irəli sürülməmişdir. “Bakı
Prosesi” sırf Azərbaycan təşəbbüsüdür.
Bu il biz “Bakı Prosesi”nin on illiyini qeyd edəcəyik.
Bu təşəbbüs BMT və digər
mötəbər beynəlxalq təşkilatlar tərəfindən
dəstəklənir. “Bakı Prosesi”
artıq dünya gündəliyinin önəmli hissəsidir və
bu illər ərzində görün biz Azərbaycanda nə qədər
böyük tədbirlər keçirmişik - dünya dini
liderlərinin zirvə görüşü, BMT Sivilizasiyalar
Alyansının Qlobal Forumu, Bakı humanitar forumları, mədəniyyətlərarası
dialoq forumları. Yəni, bütün
bunları biz ona görə edirik ki, buna böyük ehtiyac
var. Biz istəyirik ki, nəinki Azərbaycanda, dünyada dinlərarası
münasibətlər yüksək səviyyədə tənzimlənsin.
Biz ölkə daxilində
bütün bu məqsədlərə
çatmışıq. Bu gün Azərbaycanda dini, milli zəmində
heç bir problem, heç bir anlaşılmazlıq yoxdur.
Ancaq biz istəyirik ki, dünyada da olmasın və
bundan sonra da öz töhfəmizi verməyə hazırıq.
Bu gün dünyada Azərbaycan multikulturalizmin mərkəzi
kimi artıq özünü təsdiqləyib. Bu, həm dövlət siyasətidir, həm cəmiyyətdən
gələn sifarişdir. Bu, böyük sərvətdir,
xüsusilə indiki zəmanədə. İndiki
şəraitdə biz görürük ki, dünyanın
müxtəlif yerlərində dini məzhəb zəminində
qan tökülür, müharibələr alovlanır,
böyük faciələr yaşanır. Biz
əlbəttə ki, bu sahədə gördüyümüz
işləri daha yüksək qiymətləndirməliyik və
elə etməliyik ki, həm Azərbaycanda, həm
yaşadığımız bölgədə vəziyyət
müsbət istiqamətdə inkişaf etsin. Biz adada yaşamırıq, biz bu bölgədə
yaşayırıq və yaşayacağıq. Ona görə biz həm ölkə daxilində bu məsələləri
daim diqqət mərkəzində saxlayırıq və hesab
edirəm ki, beynəlxalq təşəbbüslərlə
bölgədə və dünyada dinlərarası münasibətlərin
yüksək səviyyədə tənzimlənməsi
işinə öz töhfəmizi veririk.
Keçənilki məclisdən
ötən dövr ərzində bir neçə önəmli
hadisəni qeyd etmək istərdim. Bu hadisələr,
doğrudan da, tarixi xarakter daşıyır. Onlardan biri Azərbaycanı Avrasiyanın nəqliyyat
mərkəzinə çevirməyimizdir. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun
açılışı Bakıda təntənəli şəkildə
qeyd edildi. Bu il isə biz Xəzər dənizinin
ən böyük ticarət limanının
açılışını qeyd etdik. Beləliklə,
ölkə qarşısında nəqliyyat sahəsində
duran məsələlərin böyük hissəsini həll
etmiş olduq. Bu tarixi layihələr bundan
sonra uzun illər Azərbaycanın uğurlu
inkişafını təmin edəcək.
Keçən ay Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsindən bir
gün sonra “Cənub qaz dəhlizi”nin rəsmi
açılışı oldu. Bu da
böyük tarixi nailiyyətdir, tarixi layihədir. Bu layihə bundan sonra onilliklər ərzində Azərbaycan
xalqına xidmət edəcək.
Bir neçə gündən
sonra Türkiyənin Əskişəhər şəhərində
TANAP-ın rəsmi açılışı olacaq. Bu da
böyük tarixi nailiyyətdir. Yəni, biz hər il böyük uğurlara imza ataraq ölkəmizi
gücləndiririk və möhkəmləndiririk. Əminəm ki, bundan sonra da Azərbaycan inamla və
uğurla inkişaf edəcək.
Fürsətdən istifadə
edərək, qarşıdan gələn mübarək Ramazan
bayramı münasibətilə Sizi və bütün
dünya müsəlmanlarını təbrik edirəm. Sağ olun.
* * *
Şeyxülislam Allahşükür PAŞAZADƏ bir daha minnətdarlıq
edərək dedi:
- Cənab Prezident, mən Sizə minnətdarlığımı
bildirirəm. Təkcə öz adımdan deyil,
burada iştirak edən din xadimlərinin, dini konfessiya rəhbərlərinin
adından və əziz qonaqlarımız adından Sizə
öz minnətdarlığımı bildirirəm. Xüsusən deyə bilərəm ki, din-dövlət
münasibətlərində nəyə nail olmuşuqsa, Azərbaycan
nəyə nail olubsa Sizin qayğınızla, zəfərlərinizlə,
ulu öndərin tövsiyələri ilə buna gəlib
çatmışıq. Bu gün əgər bir şeyxülislam
kimi məni dünyada tanıyırlarsa, mənə ehtiram bəsləyirlərsə
bunda başda Siz olmaqla hamının böyük zəhməti
var. Yəni, Azərbaycan xalqının böyük zəhməti
var. Yəni, bu işdə hamı - həm din xadimləri, həm
qeyriləri bizə yardımçı olublar və indi də
yardımçı olmaqdadırlar.
Bu gün bu məclisdə
diplomatlar, xarici dövlətlərin nümayəndələri
iştirak edirlər. İnanın, bu şəkildə
görüş, ünsiyyət, din-dövlət, xalq-rəhbər
vəhdəti, dindarlarla Prezident arasında olan münasibət
dünyanın heç bir yerində yoxdur. Bu da öz bəhrəsini, öz bərəkətini
verir. Biz bunun qədrini bilməliyik. Ona görə də Azərbaycan inkişaf edir və
edəcək. Allah-Təala Azərbaycanın
sərvətlərini bərəkətli edəcək. Allah-Təala həmişə Azərbaycan
xalqını qoruyacaq. İnşallah, ulu
öndərimizin müəyyənləşdirdiyi inkişaf
yolu ilə irəliləyən Azərbaycana Prezidentimiz
İlham Əliyev həzrətlərinin rəhbərliyi ilə
həmişə zəfərlər nəsib olacaq.
Cənab Prezident, mənə bu qədər
böyük önəm verdiyinizə görə Sizə bir
daha təşəkkür edirəm, bir daha “Çox sağ olun” deyirəm.
* * *
Sonra iftar süfrəsi
açıldı.
Azərbaycan.-
2018.- 7 iyun.- S.1-4.