Lələtəpədən Xankəndiyə doğru!

 

Ali Baş Komandan İlham Əliyevin hücum əmrini Azərbaycan Ordusunun qələbə ilə başa çatdırmağa tam hazır olması 100-cü ildönümə ən böyük töhfədir

 

...Gözəl bir yaz səhəri açılır. Hava bir az isti olsa da, səhərin təmiz mehi və ətrafdakı rəngarənglik insan beyninə sakitlik gətirir.Yaz çiçəkləri, xüsusən də al-qırmızı lalələr göz oxşayır. Quşların səs-səsə verib ötüşməsi də bu mənzərəyə öz çalarını qatır. Təbiətin yaratdığı füsunkarlığa tamaşa edə-edə hərbi təyinatlı avtomobillə yüksəkliyə qalxırıq. O yüksəkliyə ki, iki ildən çoxdur burada üçrəngli bayrağımız dalğalanır.

Getdiyimiz bu yol zəfərə gedən yoldur...

Lələtəpəyə gedən yoldur...

Ayaq basdığımız torpaq isə başımızı uca edən qürur rəmzimizdir...

 

Şəhid qanı ilə yoğrulan torpaq

 

Əlbəttə, müharibədə əldə olunan hər bir zəfər müəyyən itkilərin hesabına başa gəlir. Aprel döyüşlərində qələbə uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan igid oğullar Azərbaycanın şərəf salnaməsinə yeni səhifələr yazdılar.

Üzərində durduğumuz yüksəklik şəhid qanı ilə yoğrulan Vətən torpağı, müqəddəsləşən Lələtəpə zirvəsidir. Hərb tariximizin qəhrəmanlıq salnaməsinə öz şərəfli imzalarını ataraq ölümsüzlüyə qovuşan igid oğullar iki il öncə bu məkanda qəhrəmancasına savaşaraq bu torpağı bizə miras qoydular. Onların bəzisi bu yüksəklik uğrunda canından keçərək həm Lələtəpəni, həm də şəhidlik zirvəsini fəth etdi. Onlar xalqımızın qəhrəmanlıq dastanını qanları ilə yazdılar. Ona görə də əzəli torpaqlarımıza göz dikənlər bilməlidirlər ki, xalqımızın igid övladları, qüdrətli Milli Ordu ayağa qalxıb tezliklə öz torpaqlarını azad edəcək, şəhidlərimizin müqəddəs ruhları qarşısında öz vicdan borclarını verməklə zəfər marşını çalacaqlar.

İndi bu yüksəkliyə aprel döyüşlərində böyük hərbi şücaət göstərmiş Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi nəzarət edir.

 

Cocuq Mərcanlı məscidindən səslənən azan səsi

 

Hərbçilərimiz Lələtəpə yüksəkliyindən həm də Cəbrayıl rayonunun işğaldan azad olunaraq yenidən bərpa edilən Cocuq Mərcanlı kəndində sabitliyi təmin edirlər. 26 ildən sonra öz yurd-yuvalarına köçən cocuq mərcanlılılar bu gün Azərbaycan əsgərinə güvənərək xoşbəxt həyat sürürlər.

Bu həm də o yüksəklikdir ki, işğaldan azad edilənə qədər ermənilər Horadiz şəhəri başda olmaqla Füzuli rayonunun bütün yaşayış məntəqələrini, o cümlədən Azərbaycan Ordusunun mövqelərini açıq-aydın müşahidə edir, istənilən yerə atəş zərbələri endirə bilirdilər.

Artıq belə bir təhlükə yoxdur. Lələtəpədə dalğalanan üçrəngli bayrağımız hər bir azərbaycanlıda qürur hissi yaradır. Cocuq Mərcanlı məscidindən səslənən azan səsi isə şəhidlərimizin ölməz ruhunu şad edir.

 

Müasir kazarma, anbar, mətbəx, sanitariya qovşağı

 

İlkin müşahidələrimiz göstərir ki, səngərlərimizlə düşmən postu arasında məsafə çox qısadır. Ancaq buna baxmayaraq, səngərlər effektiv müdafiə sistemi, yüksək səviyyəli müdafiə qurğuları ilə təmin edilib. Bu strateji yüksəklikdə belə bir müdafiə sisteminin yaradılması düşmənin hərəkət imkanlarını xeyli məhdudlaşdırır, istənilən təxribatlara adekvat cavab vermək imkanı yaradır. Şəxsi heyətin sosial yaşayış şəraiti isə müasir tələblərə cavab verir.

Qarşımızda çöhrəsi nurlu və hər zaman istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan məğrur Azərbaycan əsgəri dayanıb. Bizi qarşılayan bölmə komandirinin şəxsi heyətlə üzrə müavini, zabit Samir Qubadovla görüşüb öncə buradakı mini əsgər kazarması ilə tanış oluruq.

Həqiqətən, burada əsgərlər üçün yaradılmış şərait son vaxtlar daha da yaxşılaşıb. Postdan qayıdan əsgərlər dincəlir, istirahətlərini səmərəli keçirirlər. Əsgərlərin növbəlilik əsasında dincəldikləri hərbi kazarma normal şəraiti olan yataqxananı xatırladır. Şəxsi heyətin yüksək səliqə-sahmanı, yataq dəstlərinin təmizliyi xoş təəssürat doğurur.

Burada anbar, mətbəx, sanitariya qovşağı da mövcuddur. Məhz bu yüksəklikdə yaradılan şərait Azərbaycan əsgərinin əhvali-ruhiyyəsini və döyüş əzmini daim yüksəldir.

 

Yüksək döyüş ruhlu məğrur Azərbaycan əsgəri

 

Kazarma ilə tanışlıqdan sonra bayıra çıxıb postlara tərəf hərəkət edirik. Döyüş tapşırığını yerinə yetirən 19 yaşlı əsgər İxtiyar Behbudov 11 aydır hərbi xidmətdədir. Aprel döyüşlərinin iştirakçısı olmasa da, burada xidmət etməyi özünə şərəf bilir: “Özünüzgörürsünüz ki, ön xətdəyik. Lələtəpə istiqamətində xidmət keçmək qürurvericidir. Çünki bu yüksəkliyin düşməndən geri alınmasında hərbi hissəmizin qəhrəman hərbçiləri canlarından keçiblər. Biz də hər an onlar kimi qəhrəmanlıq göstərməyə hazırıq”.

Digər postda ayıq-sayıq dayanan döyüş növbətçisi Elçin Abdullayev də 11 aydır bu hərbi hissədə xidmət edir. Deyir ki, gələcəkdə burada xidmət keçdiyini fəxarət hissi ilə söyləyəcək: “Biz artıq özümüzü mübariz əsgər kimi hiss edirik. Həm də ona görə ki, qalib ordunun əsgərləriyik, hər zaman döyüşə hazırıq”.

Digər döyüş növbətçisi Nihad Abdullayev əslən Laçın rayonundandır. Hərbi xidmətini başa vurmasına 7 ay qalır. Ancaq Nihad bu müddət ərzində ürəyində olan ən böyük arzusunun gerçəkləşməsini istəyir: “Hər gün postda dayananda diqqətlə baxıram. Çünki qarşımızdakı torpaqlar da bizim doğma yurdlarımızdır. İstəyirəm ki, buradan əzizlərimə şad xəbəri şəxsən özüm çatdırım. İllərdir Vətən həsrəti ilə alışıb yanan valideynlərimə zəng edib deyim ki, Ali Baş Komandan İlham Əliyevin hücum əmrini yerinə yetiririk, tezliklə Laçın torpağına ayaq basacağam. Bu mənim üçün, valideynlərim üçün həyatda ən şad xəbər olar”.

 

Ön xətdə xidmət məsuliyyəti daha da artırır

 

Postlardan geri dönüb istirahətdə olan heyətlə çay süfrəsi ətrafında əyləşib söhbət edirik. Lələtəpədə əsgər çayı içməyin ayrı ləzzəti var.

16 ildir hərbi xidmətdə olan zabit Samir Qubadov deyir ki, hərbi hissənin komandanlığı şəxsi heyətin döyüş və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində bütün zəruri tədbirləri həyata keçirir. Çünki ordunun gücü xidmət edən şəxsi heyətin ruh yüksəkliyindən asılıdır: “Bundan başqa, hər bir Azərbaycan əsgəri Qarabağı şanlı tarixə malik olan keçmişimizin bir parçası, canımızdan ayrılmış bir parça kimi anlamalıdır. Ona görə də bizlər tarixi torpaqlarımıza qovuşmaq üçün canımız, qanımız bahasına fədakarlıq göstərməliyik”.

Əsgərlərdən Elnur Adıgözəlov, Ehtiram Cəfərov, Əfsər Atamoğlanov, Kənan Xasaylı qəhrəman hərbi hissənin əsgərləri olduqları üçün qürur duyurlar. Aprel döyüşlərinin iştirakçısı və qəhrəmanlarından olan şəxslərin hərbi hissədə qulluq etməsi onlar üçün ikiqat fəxrdir: “Bizi sevindirən, qürurlandıran odur ki, ordumuzun şanlı zəfərində böyük payı olan hərbçilər bu gün hərbi hissəmizdə xidmət edirlər. Onlar əsl qəhrəmanlıq göstəriblər və Ali Baş Komandan İlham Əliyev həmin hərbçiləri mükafatlandırıb. Bizburada hər zaman döyüşə hazırıq və nə zaman hücum əmri verilərsə, önümüzdə qorxa-qorxa dayanan erməni əsgərini hara qədər lazımdısa qova bilərik”.

 

4 Milli Qəhrəmanı olan hərbi hissə

 

Lələtəpədən qürursevinc hissi ilə “N” saylı hərbi hissəyə qayıdırıq. O hərbi hissə ki, aprel döyüşlərində böyük şücaət göstərərək adını hərb tariximizə qızıl hərflərlə yazdırıb.

Hərbi hissənin ərazisinə daxil olarkən bəlli olur ki, şəxsi heyət təlimdədir. Səhər saatlarında həyəcan siqnalı ilə qaldırılan hərbi hissə əməliyyat təyinatı istiqamətində təlim hərəkəti edib. Yəni komandanlıq tərəfindən hərbi hissənin həyəcan siqnalı ilə ərazini hansı müddətdə tərk etməsi, şəxsi heyətin buna necə hazır olması yoxlanılır.

Öncə onu vurğulayaq ki, aprel döyüşlərində düşmənə qalib gələn hərbi hissə öz qəhrəmanları ilə öyünür. Aprel döyüşlərində 16 hərbçisi şəhid olan hissənin 4 milli qəhrəmanı var. Bundan başqa, 9 hərbçi “Azərbaycan bayrağı” ordeni, 4 hərbçi “Vətən uğrunda”, 26 hərbçi isə “İgidliyə görə” medalları ilə təltif olunub.

 

Kazarmalarda səliqə-sahman, əsgərlərin yaradıcılıq nümunələri

 

Hərbi hissənin ərazisində qərargah, kazarmalar, yeməkxana, tibb məntəqəsi, hərbi hissəyə təşrif buyuranlar üçün qonaq otaqları və hamam kompleksi mövcuddur. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün idman şəhərciyi də salınıb. Qərargahın binasında Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğısını, hərbçilərlə görüşlərini əks etdirən və alayın aprel döyüşlərində şəhid olmuş igidlərinin, eyni zamanda Azərbaycanın bütün milli qəhrəmanlarının fotolarından ibarət guşə yaradılıb.

Ön cəbhədəki hərbi hissənin əsgər kazarmalarında səliqə-sahmana, təmizliyə söz ola bilməz. Burada hərbi qulluqçuların istirahəti üçün hər cür şərait var. Əsgərlərin şəxsi bacarığının üzə çıxarılması məqsədilə yaradılan guşələrdə onların yaradıcılıq nümunələri, divar qəzeti, hərbi qaydalar haqqında stendlər asılıb.

 

Çoxçeşidli, keyfiyyətli bol əsgər yeməyi

 

Nahara az qalır. Şəxsi heyətin bir qismi hərbi hissədə olmasa da, yeməkxanada hazırlıq işləri görülür.

Digər hərbi hissələrdə olduğu kimi, burada da aşpazlar, yeməkxana və mətbəx işçiləri mülki şəxslərdir. Yeni sistem hazırlanan yeməklərin və görülən işlərin keyfiyyətinə müsbət təsir göstərib. Bu, əlbəttə ki, yeməklərin daha dadlı, keyfiyyətli olması deməkdir.

Yeməkxanada səliqə-sahmana və təmizliyə tam riayət edilir. Bütün avadanlıqla təchiz edilmiş yeməkxanada mətbəx, təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları yaradılıb. Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən xörəklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir.

Yeməkxananın rəisi Elməddin Nəsirov deyir ki, burada 3 növbədə ümumilikdə 33 nəfər mülki şəxs çalışır. İşçilərin çoxu qadınlardır.

Şəxsi heyətin qida rasionu da zəngindir. Səhər yeməyində hər gün şirin çay, yağ, pendir və meyvə cemi dəyişməzdir. Lakin bunlarla yanaşı, həftənin müxtəlif günlərində əsgərlərə südlü düyü, südlü vermişel, südlü sıyıq, qayğanaqsoyutma yumurta verilir. Nahar yeməyi də bir neçə çeşidlidir. Müxtəlif cür sulu xörəklər - küftə, borş, eləcə də noxud, lobya və mərci şorbası bişirilir. Bundan başqa, qovrulmuş ətlə makaron, çəkilmiş mal əti ilə qarabaşaq, düyü, həmçinin qazan kotleti, arpa sıyığı, soyuq qəlyanaltı da var.

Şam yeməyində isə qiyməli qarabaşaq, bütöv arpa, makaron, bulğur sıyığı, kartof püresi ilə balıq konservi və qızardılmış balıq olur. Həmçinin hərbçilər mövsümi tərəvəz, kələm, vineqred, vitaminli salatlar, eləcə də subir nəfər üçün nəzərdə tutulmuş 200 qramlıq alma şirəsi ilə də təmin edilirlər.

Bir qədər sonra hərbi hissədə olan zabit və gizirlər, əsgərlər növbə ilə yeməkxanaya daxil olub nahar edirlər. Naharını bitirən bir neçə əsgərlə etdiyimiz söhbətdən bəlli olur ki, şəxsi heyət onlar üçün bişirilən bol çeşidli yeməklərdən çox razıdır.

11 aydır burada xidmət edən əsgərlərdən İlkin Həsənovun, Elmir İsrafilovun və cəmi 5 aydır xidmətə gəlmiş Əlləz Əlləzovun sözlərindən belə aydın olur ki, artıq gənclər hərbi xidmətdə heç bir narahatlıq hissi keçirmirlər. Əsgər Ə.Əlləzov deyir: “İndi ordumuzda vəziyyət dəyişib. Bizdən xeyli öncə xidmət edənlər hərbidən danışanda deyirdilər ki, sizgedib kartof soyarsınız, qab yuyarsınız. Amma bu gün Azərbaycan əsgəri qab yumur, yemək bişirmir. Əsgər ancaq dərslərdə döyüş tapşırıqlarını öyrənir. Bu da bizə əlavə stimul verir”.

 

Azərbaycan əsgəri Ali Baş Komandanına qələbə raportu verməyə hazırdır

 

Hərbi hissədə həm apardığımız müşahidələrə, həm də gözlə gördüyümüz reallıqlara əsasən deyə bilərik ki, düşmənlə üzbəüz təmas xəttindəki hərbi hissədə özünü göstərən əhvali-ruhiyyə və hərbi quruculuq prosesi böyük qürur hissi doğurur. Bir daha əmin olursan ki, Vətən torpağı etibarlı əllərdədir.

Bununla yanaşı, ordunun əldə etdiyi uğurların arxasında mütəmadi keçirilən döyüş hazırlığı dərsləri və təlimlər dayanır. Bütün bunlar mürəkkəb əməliyyat şəraitində zabit və əsgərlərin təcrübi bacarığının və mənəvi-psixoloji dözümlüyünün formalaşmasına yardımçı olur.

Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan Ordusu yenilməz ordudur və istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, ordumuz onu məhv edə bilməsin! Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir və Azərbaycan əsgəri Ali Baş Komandanına qələbə raportu verməyə hazırdır.

 

(Yazı Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirikmövzusunda elan olunmuş  müsabiqəyə təqdim edilir.)

                            

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.-7 iyun.- S.1; 5.